Paradiqma Cavid Fərzəlinin Günel Mehriyə ithaf etdiyi şeirini təqdim edir.
Səhər qapısı bəyaz bir səs doğularsan,
Saat əqrəblərinin gümüşü soyuğunda
Alatoranın ovucları oyanar qurğuşun yuxusundan…
Hər şey yerli-yerində,
Stulun söykənəcəyində çiyinləri baharlı pencək,
Masada həsrətlə dolu bardaq.
Sənubər ağacının altında
Navalçadan köhnə günəş düşər
Məxmər kölgələrin üstünə…
Günahkar küləklər dolanar boynuna,
Taleyin yaxasında əllərin düymə-düymə qatil doğular,
Çiyinlərini körpə yağışlar içər…
Havada ovular dünənin tozu,
Hər şey yerli-yerində,
Düzülər ipək ayrılıqlara
Balıq dilsizliyi,
Saralmış divarların göy üzü…
Kağız barmaqlarını kor hərflər xatırlayar,
Solmuş aynalar su içər rəsmlərin gözündən…
Payıza bürünmüş gecələrdə ay işığının da əli-ayağı buz kəsər,
Küçə işıqlarının da.
Yenə bir səhərin gözlərinə dönərsən,
Şəkillərində yenə, yenidən doğularsan
Əli-ətəyi uzun yepyeni bir günlə,
Küçələrin ürəyi yaralı mövsümləriylə…
Cavid Fərzəli
