Paradiqma.az Türkan Nağıyevanın “İtaət və illüziya arasında insan” yazısını təqdim edir.
Bəlkə də azadlıq həqiqətin yox, inancımızın yaratdığı bir illüziyadır.
Azadlıq…
Qəribədir, çoxumuz bu ifadənin mənasını dərk etmədən yaşayır, azadlığı istədiyimiz, daha doğrusu, özümüzə sərf edən yöndən mənalandırırıq. Bəzən zehnimizin, bəzən içində olduğumuzun sistemin buxovlarını qıra bilməsək də, müstəqil olduğumuzu hər vəchlə sübut eləməyə çalışırıq. Ya müqavimət göstərə bilmirik, ya da sadəcə istəmirik…
1994- cü il istehsalı olan, o zaman yayımlanması qadağan olduğu üçün çox insanın izləmədiyi “Köpək” filmi əsarəti ən acınacaqlı şəkildə vizuallaşdırır. Əsarətin sistemləşməsi təkcə rəhbərlər tərəfindən qurulmur, itaət edən insanlar vasitəsilə güclənir, güclənir, tədricən “norma” halında qəbul edilir. İnsanlar əvvəlcə qorxur və itaət edir, daha sonra isə itaət vərdişə çevrilir.
Filmdə fərdi idrakın kor kollektivlə mübarizə əsasında məğubiyyətinə kədərlənməmək mümkün deyil. Məmməd Səfanın canlandırdığı obraz düşdüyü vəziyyətdən çıxmağa can atan, var gücü ilə mübarizə aparan, lakin məğlubiyyətə düçar olan bir fərddir. “Axı siz insansınız”, “mən insanam, insan kimi yaşamaq istəyirəm. Başa düşürsən?!”… baş qəhramanın fərdi düşüncə qabiliyyətini itirən cəmiyyətə hayqırışlarını eşidirik.
Bu cəmiyyətdə təqdir olunmaq istəyirsənsə, daha çox itaət etməli, başqalarını satmalısan ki, “medal”la, kinonun vizual dili ilə desək, “xalta” ilə təltif olunasan. İt cəmiyyətinin üzvü olmaq burada ən böyük uğurdur. “Qalib”, “uğurlu” insanlar yalnız o şəxslərdir.

Film haqqında bu qənaətlərə gələrkən ağlımın bir kənarında Kazuo İşiquronun “Məni əsla tərk etmə” romanının ana xətti canlanırdı. “İnsanlıq nədir?” sualına cavab tapdığımız bu roman da “Köpək” filminin ideyasıyla səsləşir. Qaçılmaz taleyə qarşı passivlik hər iki əsərin mərkəzində duran problemdir. Bəli, biz bu cəhətdən passiv fərdlərik. Əsarət zəncirlərini qollarımızdan aça bilməyərək zəncirlərlə yaşamağı həyatın standartlarıyla uyğunlaşdırırıq.
Uyğunlaşma isə məğlubiyyətdir. Əsarət məcburiyyətdən çıxıb metamorfoz keçirərək seçimə çevrilir. Bəs nədir seçim? Məgər, azadlığımızı istəyərək, şüurlu şəkildə kimlərəsə təslim edə bilirikmi? Bu sual ətrafında düşünərkən Dino Bussatinin “Tatar Çölü” romanı yadıma düşdü. Drogonun psixoloji həbsxanasına özünü həbs etməsi fonunda azadlığın şüurlu təslimiyyətinin şahidi oluruq.
Zorakı sistem, məcburiyyət, manipulyasiya – bunlar insanların seçimlərini zorla məhdudlaşdırmağa xidmət edən anlayışlardır. Lakin mövcud məhdudiyyətlərin fonunda biz bir az zehnimizə səddlər çəkib düşüncələrimizin çərçivələrdən kənara çıxmasının qarşısını alırıq. Müqavimət bu üç əsərin obrazları tərəfindən fərqli cür mənalandırılır.
“Köpək” filminin qəhramanı zorla müqavimətə dəfələrlə cəhd edir. O, qaçmaq istəyir, vuruşur, son qaçış cəhdi ilə məğlub olur. Bəlkə daha sonra qəhramanımız yenə cəhd edəcəkdi, bəlkə də savaşı burdaca durduracaqdı, boyun əyəcək, itaət edəcəkdi. Bu məqamları düşünmək tamaşaçı öhdəliyinə buraxılıb, lakin bir həqiqət var ki, qaçış mümkünsüzdür.
“Məni əsla tərk etmə”nin qəhramanları sistemi sorğulasalar da, onu dağıtmağa çalışmırlar. Daha çox uyğunlaşma, özlərinin “insan olduqlarını sübut etmə” cəhdlərini görürük. “Tatar Çölü”nün qəhramanı isə ümumiyyətlə, müqavimət göstərməyə cəhd eləmir.
Baş qəhraman – Drogo bəzən həyatını boşuna keçirdiyini, zamanını xərclədiyini, başqa həyatın mümkünlüyünü dərk edir, lakin bu hissi qərara çevirmir, ən rahat yolu seçir: gözləmək. Çünki beynində inşa etdiyi məhbəsdən qaçmamaq və rahatlığına boyun əymək də onun məcburiyyətsiz seçimi idi.
İnsan yalnız zor qarşısında deyil, rahatlıq, qorxu və ümid qarşısında da azadlığını itirir. Hələ bu gün izlədiyim “Köpək” filmi bu ideyanı ən radikal formada göstərərək xəbərdarlıq edir: əgər insan itaət etməyə alışarsa, bir müddətdən sonra o, artıq zəncirlərini hiss etməz, hətta onları qorumağa başlayar.
İnsanlar yemək, təhlükəsizlik və sağ qalmaq, yüksəlmək uğrunda köpək kimi sadiq və itaətkar olmağa razılaşırlar. Daha dəhşətlisi isə budur ki, bu itaət mükafatlandırılır və fərd öz alçaldılmasını qəbul etməklə yanaşı, ondan qaçmamağı özü seçir.
Hansımız bu sistemdən geri qalırıq ki? Hər dövr sistemin alçaltmağın tətbiqinin insanlığın üzərində fərqli formalarda təzahürünün şahidi oluruq. Müasir dövrdə isə bu alçaltma artıq açıq zorakılıqla deyil, incə və görünməz mexanizmlərlə həyata keçirilir.
İnsanlar fiziki zəncirlərlə deyil, sosial təsdiq ehtiyacı, rəqəmsal platformaların diktə etdiyi davranışlar və normallaşdırılmış uğur meyarları ilə idarə olunurlar.
Artıq boynumuza taxılan “xaltalar” medal və ya zəncir şəklində deyil, onlar bəyənilmə ehtiyacı, qəbul olunmaq qorxusu və daim performans göstərmək məcburiyyəti kimi təzahür edir. Kapitalist mühit fərdi daim daha çox istehsal etməyə, daha çox qazanmağa və daha çox göstərməyə sövq edir. Nəticədə hər birimiz tədricən bir subyekt olduğumuzu unudub özümüzü qiymətləndirilən və istehlak olunan obyektə çeviririk.
İnsan özünü ifadə etdiyini düşünərkən əslində sistemin ona təqdim etdiyi çərçivədə hərəkət edir. Sosial şəbəkələrdə görünmək, rəqabətdə geri qalmamaq, uğur standartlarına uyğunlaşmaq üçün getdikcə daha çox uyğunlaşırıq, hətta bu uyğunlaşmanı öz seçimimiz kimi qəbul edirik. Könüllü itaət zorakı itaətdən daha ağır və kədərlidir…
