Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından biri hesab olunan Booker Prize-ın 2026-cı il üzrə uzun siyahısı (longlist) açıqlanıb. İyulun 28-də elan olunan siyahıya builki yarışın ən güclü namizədləri hesab edilən 13 roman daxil edilib. Münsiflər heyəti builki seçimi janr və üslub baxımından cəsarətli, yenilikçi və fərqli əsərlərdən ibarət “Booker Dozen” kimi xarakterizə edib.
Bu il uzun siyahıda daha əvvəl Booker Mükafatını qazanmış iki yazıçı da yer alır. Duqlas Stüart 2020-ci ildə mükafata layiq görülmüşdü və bu dəfə “John of John” romanı ilə yenidən mübarizə aparır. 2015-ci ilin qalibi Marlon Ceyms isə “The Disappearers” əsəri ilə ikinci dəfə Booker laureatı olmaq uğrunda yarışacaq. Əgər onlardan biri qalib gəlsə, mükafatı iki dəfə qazanan azsaylı yazıçılar sırasına qoşulacaq.
Uzun siyahıda Pulitzer mükafatı laureatı Elizabet Strout da “The Things We Never Say” romanı ilə yer alıb. Bundan başqa, Emma Klayn, M. Con Harrison, Kloi Aridcis, Qvendolin Rayli, Lyuk Kennard və Makenna Qudman kimi tanınmış müəlliflər də builki namizədlər arasındadır. Siyahıya həmçinin üç debüt roman müəllifi daxil edilib ki, bu da Booker Mükafatının yeni ədəbi səslərə verdiyi önəmi bir daha göstərir.
2026-cı ilin Booker uzun siyahısında ümumilikdə 10 müəllif ilk dəfə bu mükafata namizəd göstərilib. Münsiflər heyətinə tarixçi və klassik filologiya professoru Meri Bird rəhbərlik edir. Münsiflərin sözlərinə görə, builki seçim eksperimental, janr sərhədlərini aşan və müasir ədəbiyyata yeni baxış təqdim edən romanlardan formalaşıb.
İlk dəfə 1969-cu ildə təsis edilən Booker Prize hər il Böyük Britaniya və İrlandiyada ingilis dilində nəşr olunmuş ən yaxşı bədii romana təqdim edilir. Dünya ədəbiyyatının ən nüfuzlu mükafatlarından biri sayılan Booker-in qalibi 50 min funt sterlinq məbləğində pul mükafatı qazanır. Bu mükafatın laureatı olmaq müəlliflərin beynəlxalq tanınmasına və kitablarının dünya üzrə satışına əhəmiyyətli təsir göstərir.
2026-cı il Booker Mükafatının qısa siyahısı sentyabrın 22-də, qalib isə 9 noyabrda keçiriləcək rəsmi mərasimdə elan olunacaq.
