“Kitabları unutma”: Səssiz bir həyatdan qalan son ismarıc

“Kitabları unutma”: Səssiz bir həyatdan qalan son ismarıc

Paradiqma Rəşad Səfərin “Gecikmiş elegiya” adlı yazısını təqdim edir. 

Mabudu son dəfə 2024-cü ilin payızında gördüm. Yazıçı dostlarla Qaxa səfər etmişdik. Həmişəki kimi, getməzdən qabaq zəng edib soruşdum, Bakıdan nə istəyirsən, gətirək? Həmişəki kimi, dedi, təzə çıxan kitablardan, öz kitablarınızdan gətirin, məndəkiləri oxuyub qurtarmışam, vermişəm burdakı yoldaşlara. Bir neçə gün ərzində Mabudçün kitab sovqatı topladım.

Əvvəllər Qaxa, Şəkiyə səfərlərimdə tez-tez oturduğum yolkənarı bir balıq restoranı var. Restoran deyəndə ki, köhnə, bəlkə də, sovet dövründən qalmış, sadəcə, fasadı arabir mavi emulsiya ilə təzələnən yeməkxanadan gedir söhbət. Ala-qaranlıq, divarları kirli, sentyabrdan etibarən spirallı daş plitəylə qızdırılan, amma yenə də gödəkçə ilə otura bildiyin “kabinet”lərində masa örtüklərindən qab-qaşıqlara, pərdələrə qədər hər şey bayırdakı zamandan xəbərsizdir.

Yeməkxanaya çatana qədər dostların başını dəng elədim ki, əla yerdir, balıqları təzə, dadlı, qiymətləri də çox münasib. Ölkədəki başqa hər şey kimi, yemək məkanlarının da insanı gec-tez məyus etmək qabiliyyətini unutmuşdum. Sinəmi qabağa verib dostları gətirdiyim məkan da istisna olmadı. Yeməkləri dadsız, turşuları, salatları köhnə, hesab da gözlədiyimdən qat-qat yüksək çıxdı. Reallığa təslim olub kefimizi pozmadıq. Yola düşməzdən əvvəl dostlardan üzr istədim. Yeməkxanadan çıxaçıxda Mabudun sualına cavab yazdım: az qalıb, çatırıq.

Həmin gün görüşmək fürsəti olmadı. Səhər görüşəcəyimiz yeri və saatı vədələşdik. Günortadan sonra, vədələşdiyimiz vaxtda – dağ soyuğunun qəfil hiss olunduğu saatlarda küçənin tinində dayanıb bizi gözləyirdi. Əynində görməyə öyrəşdiyim damalı qalın köynəyinin əvəzinə qara uzunboğaz sviter vardı. Əlində də sellofan paketdə, iki “kola” butulkasına doldurulmuş gürcü çaxırı. Dedi, evdə oturmağa səbrim çatmadı, bayaqdan gəzişirdim, yolüstü girib çaxır aldım ki, gedəcəyimiz yerdə birdən olmaz, sonra axtarmayaq. Əslində, elə getdiyimiz yer də köhnə gürcü kafesi idi, orda da tapa bilərdik gürcü çaxırını.

Ürəyini soruşduq, dedi, yaxşıdır, hər gün xeyli piyada gəzirəm, siqaret çəkmirəm, içkini də tamam azaltmışam, arada dostlar gələndən-gələnə, o da bir az çaxır. Özümə baxıram deyə hələ ki, salamatam. İllər əvvəl ürəyində ciddi problem yaranmışdı. Arteriya damarları sıradan çıxmışdı, özünün təbirincə desəm, “cırılmışdı”. Xoşbəxtlikdən, sağ qalmışdı. Həyatın verdiyi fürsəti fövtə verməməkçün özünə diqqət edirdi.

Nimdaş gürcü kafesi bizi məyus eləmədi. Yedik-içdik, uzun-uzadı söhbətlər etdik. Söhbət ədəbiyyata gələndə Mabud sakitcə dinləyirdi. Hiss etdirməməyə çalışdığı şirin ləhcəsi ilə arabir söhbətə müdaxilə edib oxuduğu yazılardan, kitablardan danışır, sonra yenə susurdu.

Mabudu ilk dəfə 2018-ci ilin payızında, Bakıda, “28 May” metrosu yaxınlığındakı bir kafedə görmüşdüm. İlk tanışlığımız idi. Ürəyini yoxlatdırmağa gəlmişdi. Söhbət boyunca tez-tez Bakının tıxacından, insanların çoxluğundan, havasından şikayətləndi. Dedi, saatları sayıram, müayinə qurtarsın, tez çıxım gedim Qaxa, Bakıya dözə bilmirəm. Təzəcə nəşr olunmuş ilk kitabım “Adalar və Gəmilər”dən bir neçə nüsxə istədi. Üstünə başqa kitablardan da qoysan, pis olmaz, rayonda tapmaq olmur, ehtiyac yaranır, dedi.

İkimininci illərin qəzetlərini, jurnallarını, siyasi-mədəni proseslərini xatırladıq. O illərdə yazılanları yaxşı oxumuşdu, yazı-pozu əhlini də yaxından tanıyırdı. Qaxa gedən sənət adamları ilə şəxsi münasibətləri yaranmışdı və bunu tez-tez, həm də fəxrlə deyirdi. Sonradan yazmağa başlayanları da oxuyurdu, amma ikiminincilər nəslinə xüsusi rəğbəti vardı. Fikirlərini əsaslandırmaq üçün tez-tez o nəslin yazıçılarından, yazılarından sitat gətirirdi. Mabudun adını da elə ilk dəfə həmin illərdə, yanlış xatırlamıramsa, Seymur Baycanın hansısa yazısında oxumuşdum. Mabud da onlardan öyrəndiklərini, oxuduqlarını ətrafındakılara öz miqyasında, bacardığı qədər yaymağa çalışırdı.

Ürəyində problemlər yaranandan sonra işsiz qalmışdı. Bildiyim qədər, anasının vəfatından sonra tək yaşayırdı. Dediyinə görə, gündəlik həyat tərzi səhərlər piyada gəzməkdən, sonra gəlib evdə kitablardan, saytlardan nələrsə oxumaqdan, günortadan sonra yenidən piyada gəzməkdən, axşamlar bəzən yaxın bildiyi dostlarla çayxanada bir az vaxt keçirmək, sonra da yatmaqdan ibarət idi.

Hər dəfə Mabudu görəndə oxuduğum romanlardakı, hekayələrdəki nəinki böyüklük iddiası, özü ilə bağlı ümumiyyətlə heç bir iddiası olmayan, sadə həyatın içində bir günü digərindən seçilməyən, amma bütün bu yeknəsəqlikdə öz koloritini qoruyan obrazları xatırlayırdım. Hə, Mabudla uzun-uzadı söhbətlərimizdə gələcəyə dair hansısa xüsusi planının, hansısa iddiasının olduğunu eşitməmişdim. Bircə, bulanıq bir layihə vardı beynində, bir neçə dəfə demişdi mənə də: Qaxda xudmanı kitab kafesi açmaq, Bakıdan gətizdirdiyi kitabları oxutdurmaq üçün gəncləri ora yığmaq. Bir az sərmayəyə ehtiyacı vardı. Son görüşümüzdə o layihəsini də xatırlatmadı heç.

Mabudun ölümünü ötən il, ovqatımın heç də yaxşı olmadığı dekabr gecəsi eşitdim. Son illərdə hansısa qohumun, hansısa tanışın ölümünün Mabud qədər mənə təsir etdiyini xatırlamıram. Xəbəri eşidəndə yaxşı olmayan ovqatım tamam təlx oldu. Yuxuya gedənə qədər həyatın mənası haqqında o məşhur, banal, bəsit sualı özümə yenidən və dəfələrlə verməli oldum.

Tanıdığım ən mədəni insanlardandı. Bacardığı qədər faydalı olmağa çalışırdı. Əyalətlərdə belə insanların faydası düşündüyümüzdən də çox olur. Haralardasa tanımadığımız bu cür insanlar var, səssiz-səmirsiz yaşayırlar, nəyəsə yararlı olmağa, ola bilməyəndə də heç kimə zərər vurmamağa, heç kimi incitməməyə çalışırlar. Sonra da bir gün sakitcə, səssiz-səmirsiz çıxıb gedirlər. Varlıqları qədər yoxluqlarının da çox adam fərqində olmur.

Bu cür insanları böyük-böyük ədəbi-fəlsəfi cümlələrlə təsvir etmək alınmır. Uzaqdan parıltıları yoxdur, amma gözünü zilləyib diqqətlə baxanda rənglərini itirmədiklərini görürsən. Bu yazını Mabudun vəfatından az sonra yazmaq istəmişdim, bir-neçə cümlədən başqa ağlıma heç nə gəlməmişdi. İndi də, bu yazını yazdıqca, iddiasız, sadə, monoton həyat tərzi olan, amma daxili işığını itirməyən insanlar haqqında yazmağın nə qədər çətin olduğunu bir daha anladım. Səbəbi təkcə belə insanların asanlıqla yazıya gəlməyən parıltısız həyatları deyil, həm də bizim bunu yazmağa gücümüzün çatmamağıdır. Parıltısız insanları olduğu kimi yaza bilmək ayrıca ustalıq tələb edir.

Yazını yekunlaşdırandan sonra Mabudla telefon söhbətlərimizə baxdım. Mabudun yazdıqlarının, demək olar, hamısı təxminən bu məzmundadır:

  • Rəşad, salam. Qaxa gələsi olsan, əlinə keçən kitablardan gətir, əsas da öz romanını.
  • Salam, necəsən? Niyə gəlmədin Qaxa?
  • Salam, gözləyirəm, gəlin, kitablardan da gətirin.
  • Kitablardan hansılarısa tapa bildinmi?
  • Hə, çox gözəl, əsas öz kitablarınız, bir də Seymurun təzə kitabları lazımdır.
  • Lap oxunmuş olsun, problem deyil, dost-tanışdan götür. “Mənim Mübarizəm-10” varsa, onu da gətir.
  • Nə vaxt gəlirsən? Dağlara qar yağıb, dünən də Qaxa yağış yağdı, bir az soyuqdur, əynini qalın elə.
  • Kitabları unutma!
  • Salam. Yaman susqunluqdur sizlərdə. Təzə yazılar yoxdur? Eşitdim, yeni sayt açmısınız, mənə də göndər, oxuyum.

​Son söhbətimizin tarixi 18 iyun 2025-ci ili göstərir. Fərhad Yalquzağın intiharından möhkəm təsirləndiyini yazır Mabud.

Paradiqma

Paradiqma