Silviya Plat: Axmaq olsaydım, tanış olduğum kişilərdən biri ilə xoşbəxt olmazdımmı?

Silviya Plat: Axmaq olsaydım, tanış olduğum kişilərdən biri ilə xoşbəxt olmazdımmı?

Bəzən özümü çox, lap çox axmaq hiss edirəm. Amma axmaq olsaydım, tanıdığım kişilərdən biri ilə xoşbəxt olmazdımmi? Yoxsa xoşbəxt ola bilməməyim elə axmaqlığımdandır? Bunu anlamaq çox çətindir. Riçardın izlərini siləcək birinin həsrətini çəkirəm. Buna layiqəm, elə deyilmi? Birlikdə yaşaya biləcəyim, alov-alov yanan bir sevgiyə layiqəm.

İlahi, yemək bişirməyi, evi-eşiyi idarə etməyi, danışmaq, gəzmək, işləmək və karyerasında ehtirasla irəliləmək istəyən bir kişinin arzularına qanad verməyi, onun üçün yazmağı necə də çox istərdim! İçimdəki bu sevgi dolu, fədakar potensialın qanayıb quruyacağını düşünməyə dözə bilmirəm. Amma seçim etmək çox vacibdir və bu, məni bir az qorxudur. Əslində, çox qorxudur.

Bu gün rom aldım, mixək, limon və fındıq almaq üçün bazara getdim. Soyuqdəyməyə tutulduğum ilk günlərdə hazırlamalı olduğum yağlı romun reseptini də tapdım. Tezliklə hazırlayacağam. Hamiş çox darıxıb, içki içir. Nə dəhşət! Mən isə təkbaşına şeri və şərab içirəm, çünki bundan xoşum gəlir. Duzlu fıstıq və ya pendir yeyərkən duyduğum o cismani həzzi hiss edirəm: dəbdəbə, səadət, bir az da erotizm. Deyəsən, özümə bu imkanı versəm, alkoqolik ola bilərəm.

Güman edirəm ki, ən çox qorxduğum şey təxəyyülümün ölməsidir. Çöldə səma al-qırmızı, binaların damları isə qapqara olanda dünya haqqında yalnız həqiqəti, özü də heç bir dəyəri olmayan həqiqəti söyləyən o fotoqrafik zehin… Mənim bu qədər arzuladığım, bərəkətlə tumurcuqlanan və öz dünyalarını Tanrıdan da böyük yaradıcılıqla yaradan birləşdirici ruh, həmin “formaverici” qüvvədir. Heç nə etmədən otursam, dünya mənasız şəkildə, dərisi boşalmış təbil kimi döyünməyə davam edəcək. Hərəkət etməli, çalışmalı, irəliləmək üçün xəyallar qurmalıyıq. Xəyalsız həyatın yoxsulluğunu təsəvvür etmək belə dəhşətlidir. Ən betər dəlilik də elə budur: obrazlar və sayıqlamalarla dolu olmaq, sanki zəncirlərindən qurtulmaq kimi bir rahatlıq olardı.

Həmişə pilləkənlərlə yuxarı qalxan ayaq səslərinə qulaq asıram. Əgər həmin səslər mənə tərəf gəlmirsə, onlara nifrət edirəm. Niyə? Niyə işləmək və oxumaq üçün tam tənhalığa ehtiyac duymaqla yanaşı, başqalarının saysız-hesabsız əl-qol hərəkətlərinə və sözlərinə də can atıram? Niyə bu iki istəyin arasında tərəddüd etməkdənsə, heç olmasa bir müddət tənha həyat yaşayıb öz çiləmi çəkə bilmirəm? Bəli, bu Rasin məqaləsindən, bu Ronsardan, bu Sofokldan sonra yazacağam: həftənin sonuna doğru məktublar, nəsr və şeirlər… O vaxta qədər dözümlü olmalıyam.

Silviya Plat
Mənbə: Gündəliklər
Tərcümə: İbrahim Aziz

Paradiqma

Paradiqma