Paradiqma 1983-cü ilin noyabrında jurnalist və psixiatr İrena Brejnanın Londonda Tarkovski ilə müsahibəsini təqdim edir.
Brejna: Sovet İttifaqında məşhur olmağın, şübhəsiz ki, müəyyən üstünlükləri var. Bəs bunun mənfi tərəfləri də olurmu?
Tarkovski: Məşhur olmaq, tanınmaq kimi məsələlər məni heç maraqlandırmır. Öz şöhrətim barədə heç vaxt düşünməmişəm. Şöhrət mənim üçün mənasızdır.
Brejna: Sanki şöhrət sizi narahat edir. İnsanlarla ünsiyyətdən qaçmırsınız, amma demək olar ki, heç müsahibə vermirsiniz.
Tarkovski: Şöhrətlərindən yararlanmaq üçün jurnalistlərlə görüşən insanlar var. Mən onlardan deyiləm. Əksinə, müsahibələri heç sevmirəm. Verdiyim müsahibələrdən sonra dərc olunan yazıların heç birindən razı qalmamışam. Məni təriflədikləri üçün yox, danışdıqlarımızdan tamamilə fərqli şeylər yazdıqları üçün. Şöhrətimə görə diqqət mərkəzində olan bir insan kimi görünmək məni həmişə narahat edir. Hətta qəzəbləndirir.
Brejna: Demək istəyirsiniz ki, söhbətimizə heç də ürəkaçan bir məqamdan başlamamışıq?
Tarkovski: Həmişə belə olur. Buna nə etmək olar ki? Üstəlik, söhbətə başlamaq nə deməkdir? Sizinlə mənim aramızda belə bir şeydən söhbət gedə bilməz. Ortada sadəcə sizin mənimlə görüşmək istəyiniz var. Mən də var gücümlə buna müqavimət göstərirəm.
Brejna: Bizi bir-birimizə bağlayan heç bir şeyin olmadığını deməklə yanılırsınız. Filmləriniz var. Bu müsahibə də sizinlə danışmaq üçün bir fürsətdir. Sizi tanımaq istəyirəm. Amma sizə çatmaq olduqca çətindir.
Tarkovski: Təəssüf ki, bütün çətinlikləri dəf edə bildiniz. Digər jurnalistlər kimi bu maneələrə ilişib geri də dönə bilərdiniz. Amma gəldiniz.
Brejna: Bəli, sizi bir qala kimi mühasirəyə aldım. İndi buradayam, amma necə danışacağımı bilmirəm.
Tarkovski: Sadəcə, təbii danışın, bu kifayətdir.
Brejna: Filmlərinizi duyğularımın dərinliklərində hiss edirəm. Hadisələrə baxışınız da mənə yad deyil. Ancaq bir qadın kimi filmlərinizdə özümü görə bilmirəm. Əsərlərinizdə qadın ənənəvi rol oynayır. Siz yalnız kişinin dünyasını əks etdirirsiniz. Kişinin baxış bucağından qadın isə bir tapmacadır. Filmlərinizdə sevən, kişini anlayan və bütün varlığı yalnız kişi ilə münasibətində məna qazanan qadın obrazı var.
Tarkovski: Bu barədə heç düşünməmişəm. Yəni qadının daxili dünyası haqqında. Qadına özünəməxsus daxili dünya vermək çox çətindir. Üstəlik, bunu etməyə də çalışmıram. Qadının daxili dünyası var, amma məncə, bu dünya onun birlikdə yaşadığı kişidən ayrılmazdır. Mənə görə, qadının tək yaşaması heç də təbii deyil.
Brejna: Bəs tək yaşayan kişi? Bu, təbiidirmi?
Tarkovski: Tək yaşayan kişi, tək olmayan kişidən daha təbii görünür. Buna görə də filmlərimdə qadın ya ümumiyyətlə yoxdur, ya da yalnız kişinin tənhalığı ilə əlaqədar olaraq mövcuddur. Qadın cəmi iki filmimdə var: “Güzgü”də və “Solaris”də. Orada da qadın, təbii ki, kişidən asılı olduğu üçün mövcuddur. Siz qadının bu rolunu qəbul etmirsiniz?
Brejna: Ən azı, özümü həmin qadın obrazında görə bilmirəm.
Tarkovski: Birlikdə yaşadığınız kişinin həyatını sizinkindən asılı etməsini gözləyirsiniz?
Brejna: Qətiyyən. Mən öz dünyamı yaşayım, kişi də öz dünyasını.
Tarkovski: Bu mümkün deyil. Qadın və kişi öz dünyalarını ayrı-ayrılıqda yaşayırsa, onları bir-birinə bağlayan heç nə qalmaz. Qadının və kişinin daxili dünyaları ortaq bir dünya yaratmalıdır. Bu baş verməsə, onların birliyi bədbəxtliyə, uyğunsuzluğa və nəticədə məhvə məhkum olar. Bir qadının öz kişisini dəyişdirməyə çalışması mənə çox qəribə gəlir. Əsas məsələ onun neçə kişinin həyat yoldaşı olması deyil, burada söhbət bir prinsipdən gedir. Qadın bu münasibətləri, bu evlilikləri sanki bir xəstəlik kimi yaşayır. Yəni bir xəstəliyə tutulur, sonra başqasına, ardınca da daha birinə. Sevgi o qədər bütöv bir duyğudur ki, onu ikinci dəfə yaşamaq mümkün deyil. Heç bir şəraitdə bu mümkün deyil. Qadın həmin duyğunu təkrar yaşaya bilirsə, deməli, sevgi onun üçün heç bir məna daşımır.
Brejna: Qadının təbiətini bildiyinizə əminsiniz?
Tarkovski: Bu barədə mənim də bir fikrim var, necə ki, sizin də öz fikriniz var.
Brejna: Amma mən bir qadın olaraq özümü dərindən tanıya bilirəm.
Tarkovski: İnsanın mühakimə yürütməkdə ən çox çətinlik çəkdiyi məsələ elə özüdür. Öz dünyasını qorumağa çalışan qadınlara təəccüblənirəm. Məncə, qadın olmağın mənası, qadına xas sevgi qabiliyyəti onun fədakarlığında üzə çıxır. Qadının böyüklüyü də bundadır. Belə qadınlara hörmət edirəm. Hətta belə qadınlar tanıyıram.
Brejna: Nə deyəcəyimi bilmirəm. Sizin fikrinizcə, qadının varlığı yalnız kişiyə olan sevgisi ilə məna qazanır.
Tarkovski: Mən belə bir şey dedimmi? Biz sadəcə qadınla kişi arasındakı münasibətdən danışırdıq. Hələ bu məsələni aydınlaşdırmamışıq, siz isə məni aqressiv olmaqda ittiham edirsiniz.
Brejna: Kifayət qədər danışdınız. Bunu özünüz də bilirsiniz.
Tarkovski: Mən yalnız onu dedim ki, sevən insan artıq öz daxili dünyasını öz daxilində saxlaya bilməz. Sevdiyi insanla qovuşacaq, çünki onun dünyası başqa bir bütövlük yaradacaq.
Qadını bu münasibətdən kənarlaşdırsaq, münasibətin özünü də dağıtmış olarıq. Qadın da dərhal ayağa qalxıb beş dəqiqə sonra yeni həyata başlaya bilməz. Çünki qadının daxili dünyası onun kişiyə qarşı duyğularından asılıdır. Məncə, qadının daxili dünyası bütövlükdə kişiyə olan hissləri ilə bağlı olmalıdır. Qadın sevginin rəmzidir. Sevgi isə insanın sahib olduğu ən böyük dəyərdir. Burada “dəyər” sözünü həm obyektiv, həm də mücərrəd mənada, bütün duyğuları əhatə edən anlamda işlədirəm. Həyata mənasını verən qadındır. Xilaskarı dünyaya gətirən Məryəmin sevginin rəmzi olması təsadüf deyil. Qadınlarla bu barədə danışanda, sanki onların ləyaqətini əllərindən almaq istəyirmişəm kimi hiss etdiklərini görürəm. Məncə, həmin qadınlar unudurlar ki, həqiqi ləyaqəti yalnız özlərini kişilərinə bütövlükdə həsr etdikdə əldə edə bilərlər. Həqiqətən sevən qadın sizin verdiyiniz sualları verməz.
Brejna: Məncə, insan həm sevə, həm də eyni zamanda öz daxili dünyasını qoruya bilər. Hətta bunu etməyə məcburdur. Qadın öz yolunu kişinin yolu kimi seçərsə, uduzar. Əliboş qalar. Bu, çox qədim, lap qədim bir tələdir. Mən də bəzən sevginin içində bütövləşməyə meyilli bir qadınam.
Tarkovski: Yaxşı ki, beləsiniz. Bu duyğunuzla fəxr edə bilərsiniz. Amma düşünməyin ki, mən qadından bunu zorla tələb edirəm. Güc tətbiq etməklə sevgi qazanmaq mümkün deyil. Buna görə də mənim fikirlərim heç kim üçün təhlükə yaratmır.
Brejna: Deməli, sevgi ya var, ya da yoxdur.
Tarkovski: Bəli, ya var, ya da yoxdur. Sevgi yoxdursa, deməli, heç nə də yoxdur… İnsan yavaş-yavaş ölümə doğru gedir. Mən sadəcə öz düşüncələrimi bölüşürəm. Əlbəttə, hər kəsin öz dünyasını yaşadığı, münasibətlərin soyuduğu, eqoistləşdiyi hallar da var. Bəlkə də belə münasibətlər daha asandır. Onların daha az problemi olur. Feminizm hərəkatı da bu istiqamətdədir. Doğrudan da, bu və buna bənzər məsələləri müzakirə etdiyim qadınların heç biri qadın olmağın fövqəladəliyini dərk etməyib. Bu vəziyyət məni həmişə təəccübləndirib. Çünki qadının daxili dünyası kişinin daxili dünyasından çox fərqlidir. Məncə, qadın məhz bu xüsusiyyətinə görə kişidən asılı olmadan yaşaya bilməz. Kişisiz yaşamağa başladıqda, orqanik həyatını itirir. Cəmiyyətdə istədiyi mövqeyə yüksələ, kişinin gördüyü işi də görə bilər. Amma bunlar onu qadın etməyə kifayət edərmi? Heç vaxt kifayət etməz.
Feministlərin nəyi hədəflədiyini anlayıram: artıq məsuliyyətlərini daşımaq istəmirlər. Həmişə əzilən tərəf olduqlarını və bərabər hüquqlar əldə etməklə bu vəziyyətdən qurtulacaqlarını düşünürlər. Anlamadıqları məqam isə budur: İnsan — qadın da, kişi də — ürəkdən müstəqil olmaq istəyirsə, onsuz da müstəqildir, azaddır. O, azadlığı öz seçimi ilə əldə edir, azadlıqsevər bir ölkədə yaşadığı üçün yox.
Fərdin azadlığı yaşadığı ölkənin nə dərəcədə azad olmasından deyil, öz seçimindən asılıdır. İnsanların həyata keçirə bilmədikləri arzularına görə başqalarını günahlandırmaları məni həmişə qəzəbləndirir. Müstəqil olmadığını deyən insanlara o qədər əsəbiləşirəm ki… Müstəqil olmaq istəyirsənsə, müstəqil ol. Sənə mane olan kimdir? Xoşbəxt olmaq istəyirsənsə, xoşbəxt ol. Bədbəxtsənsə, xoşbəxt ol.
Qadının uzun müddət dünya siyasətinin mühüm hadisələrindən kənarda saxlanıldığı şübhəsizdir. Bu, əlbəttə, ədalətsizlikdir. Amma qadın bir gün ictimai həyatın bütün sahələrində iştirak etməyə başlayanda nələrin baş verəcəyini bilmirəm. Buna qarşı olmadığımı xüsusilə vurğulamaq istəyirəm. Qadının ictimai həyata tam şəkildə qatılmasının tərəfdarıyam. Ancaq mənə elə gəlir ki, qadın bu vəziyyətdə özünün istədiyi mövqeyi tapa bilməyəcək.
Brejna: Mən də sizin fikrinizlə razıyam. Kişi mühakimələri dünyaya hakim olduğu müddətdə qadın öz yerini tapa bilməyəcək… Kişinin uğuru meyar olaraq qaldığı müddətdə…
Tarkovski: Yanılırsınız. Məni yüksək vəzifə sahibi olan qadından daha çox narahat edən heç nə yoxdur. Bunu kişi olaraq öz hüquqlarımın məhdudlaşdırıldığını düşündüyüm üçün demirəm. Sadəcə, belə bir vəziyyət mənə heç də təbii görünmür. Məncə, belə qadın gözardı etməli olduğu bir yola sapıb. Onu bu yola yalnız kişilərlə yanlış rəqabət aparmaq istəyi sürükləmiş ola bilər… Bağışlayın, adınız nədir?
Brejna: İrena.
Tarkovski: İrena, qulaq asın. Siz qadın təbiətinizdən razı olmadığınızı deyirsiniz.
Brejna: Məni yanlış anlayırsınız.
Tarkovski: İndiyədək mövcud olan qadın-kişi münasibətlərindən fərqli yeni münasibətlər yarana bilməz. Çünki dünyamız iki cins üzərində qurulub; istəsək də, istəməsək də. Bəlkə də hansısa planetdə bircinsli, yaxud beşcinsli bir dünya var və belə bir quruluş həmin planetdə həyatın davam etməsi üçün zəruridir. Bəlkə də orada həm fiziki, həm də duyğusal sevgi üçün beş varlığın bir araya gəlməsi lazımdır. Amma Yer üzündə iki varlığa ehtiyac var. Bu həqiqət həmişə unudulur. Niyə unudulduğunu bilmirəm. Hüquqdan, mövqedən, müstəqillikdən danışırıq, amma qadının qadın, kişinin isə kişi olmasından heç danışmırıq.
Brejna: Əvvəla, qadını kişidən asılı vəziyyətə salmağınızı anlamıram. Üstəlik, qadını sevgi, fədakarlıq kimi anlayışlarla kişiyə bağlamaq istəyirsiniz. Halbuki mənə elə gəlir ki, sevgi və fədakarlığa əslində özünüz susamısınız, amma sanki bu duyğuları yaşamaq qabiliyyətiniz yoxdur.
Tarkovski: Bilmirəm. Ola bilər. Bu barədə qəti fikir söyləmək mənim üçün çətindir. Həm də sizin qurduğunuz cümlələri qurmaq mənə çox çətin gəlir. Bəlkə də sizin şəxsiyyətiniz mənimkindən tamamilə fərqlidir. Özünüzdən gözləntiləriniz də başqadır. Görünür, siz mənim “Güzgü” filmimdəki ana deyilsiniz. “Güzgü” filmində mən öz anamdan bəhs edirəm. Bu, gerçəkliyə əsaslanan, laqeyd münasibətlə danışılan bir hekayədir. Bəlkə də haqlısınız, özünüzü bu filmdə görə bilməmisiniz.
Brejna: “Stalker” və “Solaris” filmlərində bəşəriyyətin problemlərinə ümumi baxışınız, bu məsələləri kino vasitəsilə araşdırmağınız məni çox təsirləndirib. Bu müsahibəni aparmağımın səbəbi də budur. “Solaris” filmində sevgini də qeyri-adi incəliklə təsvir edirsiniz. Amma Hari üçün yeganə güc sevgidir. Yaralandığı yeganə yer də yenə sevgidir.
Tarkovski: Siz yaralanmaq istəmirsiniz. Heç bir yarası açılmamış insan olaraq qalmağa üstünlük verirsiniz.
Brejna: Bir anlıq özünüzü qadının yerində təsəvvür edin. Əsrlər boyu yalnız başqaları üçün yaşamağa öyrədilmisiniz. Heç vaxt özünüz ola bilməmisiniz. Bu, böyük yük deyilmi?
Tarkovski: Kişi olaraq ayaqda qalmaq da qadın olaraq ayaqda qalmaq qədər çətindir. Bütün bədbəxtliklərin, problemlərin səbəbi başqa yerdədir. Məsələ bundadır ki, biz kütlələrin ümumi düşüncə səviyyəsinin çox aşağı olduğu bir cəmiyyətdə yaşayırıq. Bu gün gözlərimizi yumub sabah oyanmaya biləcəyimizi də bilirik. Hər hansı bir ruhi xəstənin düyməyə basmaqla planetimizdəki həyatı üç bomba vasitəsilə sona çatdıra biləcəyini də bilirik. Bütün bunlardan xəbərdarıq, amma yenə də onları unuduruq. Əqli və mənəvi maraqlarımız maddi varlığımızın o qədər əsirinə çevrilib ki… Heç vaxt ağlımıza gəlməməli olan problemlərlə məşğul oluruq. Bu qədər ictimai problemin mövcudluğu nə qədər ağılsız davrandığımızın sübutudur. Əqli və mənəvi baxımdan doyuma çatmış bir qadın heç vaxt kişinin kölgəsində qaldığını, yaxud onun əsiri olduğunu düşünə bilməz. Eyni doyuma çatmış kişi də qadına təzyiq göstərməyi ağlından belə keçirməz. Halbuki siz gətirdiyiniz nümunələrlə məni bu cür cavablar verməyə məcbur etdiniz. Belə məsələləri izah etmək heç bizi maraqlandırmamalıdır. Çünki bu problemlər bizim düşüncə qabiliyyətindən məhrum olduğumuzu göstərir. Əqli baxımdan heyrətamiz dərəcədə zəngin qadınlar da tanımışam. Belə qadınlar bu cür məsələləri heç vaxt böyütmürlər. Əksinə, elə bir ruh zənginliyinə, elə bir mənəvi gücə sahibdirlər ki, hər kişi onların qarşısında diz çökməyə hazır olar. Üstəlik, belə qadınların qarşısında diz çökmək ayıb deyil, şərəfdir. Məsələ də elə bundadır. Münasibətləri izah etməyə çalışmaq yanlış başlanğıc nöqtəsidir. Bu barədə səy göstərmək bərabərlik axtarışının deyil, narazılığımızın əlamətidir. Bunlar bir-birindən tamamilə fərqli məsələlərdir. Məncə, bu gün qadın dəhşətli vəziyyətə düşüb. Həqiqətən sevən qadın bu cür suallar verməz. Belə suallar onu heç maraqlandırmaz.
Brejna: Həqiqətən sevən qadın sevgisini yalnız bir kişiyə yönəltməz, bütün dünyaya paylayar. Nüvə müharibəsinin dünyanı təhdid etdiyini dediniz. Nüvə silahları kişilərin rəhbərlik etdiyi bir dünyada yaradılıb.
Tarkovski: Madam Küriyə verdiyi töhfəyə görə də haqqını vermək lazımdır.
Brejna: Dünyamıza hakim olan kişilərin gücüdür və buna görə də məsuliyyət daşıyırlar. Qadının öz qadınlıq instinktlərinə hakim olduğu bir dünya bəlkə də bu apokaliptik sona gəlib çatmazdı. Belə bir dünyada qadının məsuliyyətdən kənarda qalmasını, özünü sevgiyə və bir kişiyə həsr etməsini necə təsəvvür edə bilərsiniz? Kişinin dünyanı məhv etməsinə qadın sadəcə seyrçi qalsın? Kişi qadının isti sevgisi ilə planetimizi viran qoysun, qadın da buna tamaşa etsin?
Tarkovski: Bu, dəhşətli, həqiqətən də dəhşətli bir fərziyyədir. Nə demək istədiyinizi anlayıram. Amma söylədiklərinizə təəccüblənirəm. Kişilərin dünyamız haqqında eyni hissləri keçirmədiyini düşünürsünüz? Kişinin bu dünyanın sahibi olduğunu zənn edirsinizsə, yanılırsınız.
Brejna: Bəs kimdir?
Tarkovski: O.
Brejna: Haradadır o?
Tarkovski: (Əli ilə yuxarını göstərir.) Görürsünüz, müsahibəmiz gəlib haraya çatdı. Səbəbləri deyil, nəticələri müzakirə edirik. Əsas məsələ budur: İnsan varlığının əsas səbəbini dərk etməyibsə, bu dünyaya niyə gəldiyini, ömrünü niyə burada yaşadığını bilmirsə, dünya da istər-istəməz bu gün içində olduğumuz vəziyyətə gəlib çıxacaq. Bəşəriyyət hələ “Maarifçilik dövrü”ndə belə, heç maraqlanmamalı olduğu məsələlərlə məşğul olmağa başladı. Maddi dünyaya üz tutdu. Bilmək, öyrənmək istəyi insana, xüsusilə də kişiyə hakim kəsildi. Üstəlik, qadın kişilər qədər elmə susamış deyil. Bəs nəticədə nə baş verdi? İnsanlar ətraflarını sanki kor kimi əlləri ilə yoxlamağa başladılar. Elə davrandılar ki, guya əllərindən başqa ətraf aləmi qavramağa imkan verən heç bir orqanları yoxdur. Bu dünya haqqında o qədər çox şey öyrəndik ki, guya ictimai harmoniya və xoşbəxtlik əldə etməli idik. Amma əksinə oldu. Yer üzündəki biliklərimiz artdıqca, bu sahədə çalışan mütəxəssislər getdikcə atalarımızdan daha az şey anladığımızı müəyyən edirlər. Biz yanlış təsəvvürlərin əsiriyik. Yer üzündəki hər şey haqqında çox şey bildiyimizə qərar verdik. Halbuki heç nə bilmirik. Dünyanın kiçik bir hissəsi haqqında bildiklərimiz bütövlükdə onu anlamağımıza kifayət etmir, çünki Yer üzünün sərhədi yoxdur. Məncə, insanın varoluş məqsədi bilmək və tanımaqdan ibarət deyil. Bunlar insanın intellektual vəzifələridir, amma onun əsas problemi deyil. Mövcudluğun başlıca problemi həyatın mənasını dərk edərək yaşamaqdır. Məsələn, atomu parçalayaraq yeni enerji mənbəyi əldə edirik. Bəs bu enerjidən necə istifadə edirik? Atom bombası yaradırıq — intihar silahı. Demək istədiyim budur ki, kəşflərdən müsbət istiqamətdə istifadə etmək qabiliyyətimiz yoxdur. Bunun səbəbi isə insanın niyə yaşadığını bilməməsidir. Alim öz həyatının mənasını kəşflər etməkdə görür. Bu, gerçəkliyə praqmatik yanaşmadır. Sənətkar sənət əsərləri yaratmaq üçün yaşayır. Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün yaşayır, həyatın yalnız bir parçasını yaşayır, bərabərsizliyi hiss edir və başqalarına həsəd aparır. Halbuki hər bir insan həyatının mənasını dərk etməli və ona uyğun yaşamalıdır. Bu baxımdan hər kəsin bərabər haqqı var: sənətkarın, fəhlənin, keşişin, kəndlinin, uşağın, itin, kişinin və qadının.
Həyatın mənasını kəşf edə bilməsək, başlayırıq hər şeyə qarışmağa, özümüzə problemlər yaratmağa. Halbuki həyatın mənasını dərk etsəydik, bu problemlər heç vaxt ortaya çıxmazdı. Mənim fikrim budur. Əslində, hər şey öz yerindədir. Sivilizasiyamızın düşdüyü çıxılmaz vəziyyət nisbətsizlikdən qaynaqlanır. İki anlayış arasında uyğunsuzluq yaranıb: maddi və əqli inkişaf. Bu vəziyyət insanın özünü təbiətdən və başqa insanlardan qorumağa qərar verməsi ilə başlayıb. Cəmiyyətimiz yanlış təməl üzərində qurulub. İnsanlar bir-biri ilə sevgi, dostluq və fikir mübadiləsi ehtiyacından irəli gələn münasibətlər qurmurlar; yalnız həyatlarını davam etdirmək üçün bir araya gəlirlər. Halbuki mən insanın başqa cür də yaşaya biləcəyinə inanıram: heyvan olmadığı, insan olduğu üçün. Qədim cəmiyyətlərdə insanların təbiətlə ahəng içində yaşadığını və ağlasığmaz nəticələr əldə etdiyini bilirik. Məsələn, sanskrit mətnlərində izlərinə rast gəlinən Şərq mədəniyyətləri əqli və maddi həyat arasında tarazlıq yaratmağı bacarmışdı. Bu mədəniyyətlərdən qalan sənədlər sivilizasiyanın qədim dövrlərdə doğru istiqamətdə inkişaf edə bildiyini də göstərir. Bəs bu sivilizasiyaların niyə yoxa çıxdığı sualı ortaya çıxa bilər. Başqa mədəniyyətlərin meydana gəlməsi, onlara düşmən münasibət bəsləməsi və inkişaflarına mane olması həmin sivilizasiyaları məhv etmiş ola bilər. Bunu bilmirik. Hər bir halda insan dərk etməlidir ki, Yer üzünə mənəvi baxımdan özünü qurmaq, daxilindəki “şər”ə qalib gəlmək üçün gəlib. O, eqoizmdən qaynaqlanan və “şər” adlandırdığımız bu duyğunu dəf etməlidir. Eqoizm insanın özünü sevmədiyinin, özünü dərk etmədiyinin və sevgi anlayışını yanlış başa düşdüyünün göstəricisidir. Bütün anlayışların və hadisələrin təhrif olunması da buradan başlayır.
Elm dünyamızın ağılsızlığı, yanlışlıqları və getdikcə artan mənfi nəticələri qadının lazım olan anda sükanı ələ almamasından qaynaqlanmır. Bu mənfi nəticələrin səbəbi bəşəriyyətin düşüncə səviyyəsinin lazımi yüksəkliyə çatmamasıdır.
Bəşəriyyət yeni enerji mənbələri axtarmaq əvəzinə, düşüncə dəyərlərini yüksəltməyə çalışsaydı, düşüncə enerjisinin axtarışına çıxsa idi, bu gün müzakirə etdiyimiz problemlər mövcud olmazdı. O zaman insan daha ahəngdar, əqli və düşüncə yönümlü inkişafın nəzarəti altında tərəqqi edərdi. Məncə, əqli inkişaf prosesi intellektual proses kimi insanı birtərəfli düşüncəyə sürükləməz. Çünki əqli yanaşma eyni zamanda harmoniya anlayışını da özündə ehtiva edir. Bundan başqa, hər şey, siz nə qədər haqlı olsanız da, ikinci dərəcəli məsələyə çevrilir. Filmlərimdə özünüzü görə bilməmisinizsə, bu, mənim haqsız olduğum demək deyil. Mən qadının gerçəkliyini əks etdirmişəm.
Biz çox əhəmiyyətsiz məsələlərlə məşğul olur və bugünkü böhranlı dünyanı xilas etdiyimizi düşünürük. Halbuki yanılırıq. Məncə, bu cür problemlərlə məşğul olmaq təhlükəlidir. Çünki bizi əsas məsələdən — əqli səviyyədə aparmalı olduğumuz mübarizədən uzaqlaşdırır. Əqli və mənəvi mübarizə həyatın bütün sahələrində gedir. Buna görə də hər kəs bu mübarizəni anlaya bilir. Heç bir təhsil almamış, amma yüksək mənəviyyata sahib insan belə, əsas problemin nədən ibarət olduğunu dərk edə bilər.
Öz həqiqi məsuliyyətini dərk edən insanın əsas problemi olmaz. Həyatın mənasını bilərək, Yer üzündə yaşamağa görə üzərimizə düşən vəzifəni yerinə yetirərək yaşamaq istəyirik. Amma çox vaxt buna nail ola bilmirik. Hələ kifayət qədər güclü deyilik. Bu yolu seçmək və həmin yolla irəliləmək vacibdir. Əsas problemimiz həll olunmayınca, o, yaxamızdan əl çəkməyəcək. Müasir sivilizasiyanın çıxılmaz vəziyyətə düşməsi isə ən ağrılı məqamdır. Cəmiyyəti əqli baxımdan inkişaf etdirmək üçün zamana ehtiyacımız var. Amma vaxtımız yoxdur. İnsanın yaratdığı texnika artıq öz düymələri ilə işləyir. İnsanlar və siyasətçilər öz yaratdıqları sistemin əsirinə çevriliblər. Onları kompüterlər idarə edir. Kompüteri fəaliyyətdən çıxarmaq üçün düşüncə baxımından səy göstərmək lazımdır. Amma bunun üçün də kifayət qədər vaxtımız yoxdur. Yeganə ümid insanın kompüteri fəaliyyətdən çıxaracağı anda düşüncə baxımından aydınlanmasındadır.
Mənbə: Milliyet Sanat, 1 avqust 1984
Tərcümə: İbrahim Aziz
