Paradiqma Mirbağır İsmayılovun “Yanan işıqlar” adlı yazısını təqdim edir.
Ədəbiyyat insanlarının kino haqqında yazı və fikirlərinə tez-tez rast gəldiyim üçün yox, bu yazıların əksəriyyətinin ya materialın banal təsvirindən, ya da daha öncəki fikirlərin təkrar-təkrar bütün filmlərə də yaxıldığını gördüyümdəndir, yəqin, belə yazıları ciddiyə almamağı tövsiyə etmişəm hər dəfə. Maraqlı istisnaların var olduğunu və bu istisnaların ümumi mənzərəni dəyişə bilmədiyini danmadan.
Mənim buna professional iradım yoxdur və hər kəs istənilən sənət nümunəsi haqqında fikir bildirmək haqqında sahibdir. Amma ədəbiyyat insanları öz həmkarlarına qarşı da belə yolaverdi davranıb, eyni yeddi cümləni hər kəsin romanı, hər kəsin hekayəsi haqqında yazanda bir az xətrimə dəyir. Halbuki, daha çox, müəllifin xətrinə dəyməlidir. Hekayə müzakirəsi adı altında hər yazı ya bəytərifidir, ya da həcv. Ola bilərmi ki, bütün hekayələr bu qədər oxşardır, mətndə bir cümlə, bir əhval, bir qəhrəman heçmi yeni bir şey hiss etdirmir? On dəqiqə haqqında şövqlə danışacaq heçmi bir şey yoxdur? Yoxsa, satan da, alan da razıdır bundan və mənim əndişəm yersizdir? Hər kəs qoy öz yaradıcı iddiası qarşısında bir də buna cavab tapsın ki, o, dünyanı bir başqa gözlə duyub, bundan həzz almaq və aldıqlarını proyeksiya etmək üçün çıxdığı yola nə qədər sadiqdir.
Gələk, Vüqarın hekayəsinə. Məncə, Vüqara mənim, Əlinin, Həsənin, İlhamın, Orxanın “əladır, bəyəndim”, deməsi lazım deyil. O, bunu eşitmək istəyirsə, onda mənə (bizə) belə yazıçı lazım deyil. Amma əminəm ki, onun bu təsvirinin “Qəfildən qarşı binadakı mənzillərin işıqları bir cərgəylə ard-arda yandı və şair bir az qorxulu, bir az darıxdırıcı və bir az da boğucu gecədə belə bir mənzərəyə şahidlik etdiyi üçün xoşhallandı. Bu nizam, bu cərgə, bu simmetrik düzülüş uzaq keçmişindən sinif yoldaşlarıyla çəkdirdikləri kollektiv şəkli yadına saldı.” necə gözəl müşahidə və tapıntı olduğunu demək, bu təsvirin gözəl bir şeir qədər poetik olduğunu, hər kəsi məktəb illərinə, foto-çəkiliş dövrünə səyahətə apardığını, həm də sinematik bir təsəvvür yaratmaq gücündə olduğunu eşitmək, Vüqara da ləzzət edər.
Baxmayaraq ki, Vüqar hekayə boyu klassik, ya da stereotipləşmiş şair obrazını gücləndirmək və buna haqq verməklə məşğul olur. Amma inandırım, səni əziz dost, gözəl şeyləri görmək və duymaq üçün yol ancaq bu deyil, özünü itirib və tapmağın xeyli, cana ziyan vurmadan, amma ruhu daha möhkəm silkələyə biləcək yolları da var və onları axtarmağa heç ehtiyac da yoxdur, bir az dünyanı dərindən təcrübə və müşahidə etməyə başladıqda bu ağrılar və əzablar özləri səni tapacaq. İlk ağrıdaca qaçıb sərxoş olmaq istəyənin isə, həqiqət bəhrində qəvvas olması çətin işdir.
Şairlik üzməyi öyrənmək yox, suyun altında nəfəs ala bilməkdir. Elə sənin qəhrəmanın kimi, bəlkə, bütün bu dünyanın ağırlıqları altında köks ötürə bilməkdir, dənizə baxaraq. Bəzən də həsrətində olduğun yüksəkliyə qalxdıqda, onun də mənasız bir şeyə çevrilməyini duymaq və dünyanın dadının şaquli yox, üfüqi yayılaraq duymalı olduğumuza bir işarədir. Budur şairin taleyi. Ya da bütün bu hipotezləri də bir gün alt-üst edib heç nə ilə razılaşmamaqdır şairanəlik, dəlilik.
Mənim bir formulum yoxdur, heç kimin yoxdur. Amma dəqiq bildiyim bir şey var ki, yaradıcı ruh öz içinə fokuslandıqda, bu hekayənin orta mətni kimi bir qaramatla rastlaşırıq, kənara baxdıqda isə yanan binanın işıqları ilə. Hər birimizin içindəki qaranlıq eynidir, amma hər evdə yanan işıq bir ayrı yanır.
Şairlər sönmüş ulduzların sönməyindən xəbərdar olmayıb onlara şeir yazan insanlar deyildilərmi min illər öncə?
