Dörd-beş nəfəri çıxmaqla, heç kimin ədəbiyyat dərdi yoxdur

Dörd-beş nəfəri çıxmaqla, heç kimin ədəbiyyat dərdi yoxdur

Paradiqma Vüqar Vanın yazıçı Rəşad Səfər ilə söhbətini təqdim edir.

Vüqar Van: Rəşad, salam.

Söhbətimizi razılaşdırandan sonra internetdə axtardım, gördüm, axırıncı müsahibəmi üç il qabaq vermişəm. Nadir istisna hallarını çıxsaq, (bu müddətdə üç-dörd sayta müsahibə verməkdən imtina etmişəm) üç ildir müsahibə verməməyimin əsas səbəbi budur ki, müsahibə alan yoxdur. Açığı, bu vəziyyətdən çox razıyam, danışmaqdan, müsahibə verməkdən heç xoşum gəlmir. Mənə elə gəlir, müsahibə söhbət olmayan söhbətdir, nəsə saxta bir hadisədir. Kiminsə müsahibəsini oxuyanda, ya dinləyəndə, dayanıb suallara mən nə cavab verərdim deyə düşünürəm, bəzən heç cavab tapa bilmirəm, əsasən mənasız cavablar ağlıma gəlir. Bu mənada müsahibənin təlaşı, həyəcanı məni çox narahat edir, çaşıb nəsə deməkdən, sonra pərt olmaqdan qorxuram.

Yazıçıların müsahibələrini oxumağı da sevmirəm, bilmirəm, həyat və ədəbiyyat haqqında, öz yaradıcılıqları barəsində nəyi həqiqətən deyirlər, nəyi yalan danışırlar? Sevimli müəlliflərimin bioqrafiyalarını, məktublarını, varsa gündəliklərini oxumaq daha maraqlıdır, nəinki müsahibələrini.

Bəzi yazıçılar isə müsahibəyə yaradıcılığın bir növü kimi baxırlar.
Sənin bu fikirlərə münasibətin necədir? Bildiyim qədərilə, sənin də çox müsahibən yoxdur. Ümumiyyətlə, müsahibə haqqında nə dünüşürsən?

Rəşad Səfər: Salam, Vüqar.

Yox, mən yaxşı müsahibələri oxumağı xoşlayıram. Bəyəndiyim yazıçıların müsahibələrini mütəmadi axtarıram, oxuyuram, baxıram. Çox kömək edir. Həm motivasiya, həm yaradıcılıq mətbəxi baxımından. Məsələn, elə təkcə “Paris Revyu” jurnalının müsahibələri yazı-pozu adamları üçün nə qədər böyük mənbədir, dərslik kimidir.

Müsahibənin necə alınmağı birinci növbədə müsahibə götürəndən asılıdır. Qarşısındakını danışdıra bilmirsənsə, kim olursa, olsun, fərli söhbət alınmayacaq. Təbii ki, müsahibin də səviyyəsi, dünya görüşü vacibdir.

O ki qaldı müsahibələrdə həqiqəti bilib-bilməməyimizə, guya nəyin həqiqət olduğunu bilirik, bunu da bilək? Ümumiyyətlə, bizə bunu bilmək vacibdirmi? Məncə, yox, söhbət maraqlı alınıbsa, yaxşı alınıbsa, oxu, həzz al, faydalan, keç də. Sənin dediyin həqiqət şübhəsi elə bioqrafiyalara, məktublara, gündəliklərə də aiddir. Yazıçı şüurlu, ya qeyri-şüurlu şəkildə, həmişə reallığa nəyisə əlavə edir, nəyisə çıxarır, nələrisə bir-birinə qarışdırır. Gerçəkliyin harda olduğunu heç vaxt dəqiq bilmirik.

Düz deyirsən, mənim də müsahibəm azdır. Təxminən on beş ildir dərc olunuram, cəmi üç-dörd müsahibə olub, o da yazıçı dostlarla söhbət formatında. Yaxşısı da budur. Yoxsa, “salam-sağol, filankəs sənin haqqında nəsə dedi, sən nə cavab verərsən” tipli söhbətlər vaxt itkisidir.

V.V: Motivasiya baxımından köməyilə razıyam, amma dərslik məsələsinə yenə şübhəli yanaşıram. Özün deyirsən, yaxşı müsahibədirsə, oxu, həzz al, keç. Məncə, bu çox yaxşı tərif oldu. Çünki müsahibə əsasən anlıq məsələdir. Cavablar haqqında uzun düşünməyə vaxt yoxdur, bilmirsən, sualdan yayınmaq üçün belə dedi, həqiqətən belə fikirləşir, yoxsa qarşısındakını doladı, yaxud, allah bilir, başqa hansı səbəblər. Ona görə müsahibədə deyilən sözə də çox etibar etmirəm. Həqiqət, yoxsa yalan deyəndə daha çox bunu nəzərdə tuturdum: etibar.

Elə burdan növbəti suala da keçmək üçün fürsət yarandı. Biz roman, hekayə oxuyarkən hər şeyin uydurma olduğunu bilsək də, yenə müəllifə inanmaq istəyirik. Nə üçün? Etibarlılıq, inandırıcılıq sənin üçün nə deməkdir?

R.S: Yəqin ki, bu sualın cavabı “niyə yazırıq, niyə oxuyuruq” suallarının cavabı ilə əlaqəlidir. Bədii mətni, xüsusilə romanı yazma və oxuma aktının arxasında hansı qüvvə dayanır? Bizi nə məcbur edir bu yorucu prosesə? Mən ona inanıram ki, insan içində olduğu dünya ilə heç cür razılaşmadığı, axıra qədər qane ola bilmədiyi üçün sənətlə, söhbətimizə uyğun – romanla, hekayəylə məşğul olur. İstər müəllif, istər oxucu kimi. Dünyanın absurdluğunu, mənasızlığını həzm eləmək çətindir. Hamı narazıdır. Hə, hamı narazılığını eyni cür ifadə eləmir. Biri müharibə edir, biri inqilabçı olur, biri diktator olur. Biri maarifçi, biri peyğəmbər, biri qatil olur və sair və ilaxır. Yazıçı da narazılığını roman, hekayə şəklində yeni dünya qurmaqla ifadə edir. Oxucu da eyni məqsədlə o romanı, o hekayəni oxuyur, bir növ etiraz edir. Nəyə bağlamaq istəyirəm söhbəti? Yazıçının da, oxucunun da tanıdığı bir dünya var: içində olduğumuz dünya. Paralel hansı dünya yaradırıqsa, yaradaq, yenə bu dünyanın parametrlərindən istifadə edirik. Başqa yolu da yoxdur. Aşıq gördüyünü çağırar. Müəlliflə oxucu burda səssiz razılaşır. Bir halda ki, bu dünyadan yorulub başqa dünyaya keçirik, gəl sən məni həmin paralel dünyanın varlığına inandır, mənim də tanıdığım ölçülərdən, elementlərdən istifadə elə, mən də gözümü yumub inanmağa çalışım. Şüurlu oxucu, yaxşı oxucu belə davranmalıdır. Uydurma olduğunu bilə-bilə ayrıca reallıq kimi oxumalıdır. Romanın inandırıcılığı nədir, kimin üçün inandırıcı olan mətnlərə yaxşı deyirik, bu, artıq başqa mövzudur.

V.V: Danışılası mövzular, verilməli suallar və cavablar çoxdur. Ona görə müqəddiməni çox uzatmadan keçək sənin yaradıcılığına. İnandırıcılıq, etibar məsələsinə cavabın çox yaxşı, çox gözəl. Bəs sənin öz romanların nə dərəcədə inandırıcıdır?

Sonuncu romanın “Cənubda ən uzun gün”ə tutulan iradlardan bəziləri də bu istiqamətdəydi. Yəni romanın müxtəlif səhnələri inandırıcı deyil, belə şeylər həyatda ola bilməz. Yaxud ola bilər, amma Rəşad adamı inandıra bilmir.

Bu nəylə bağlıdır?

R.S: İcazə ver, əvvəlcə bir şeyi də dəqiqləşdirim. Mən romanda gerçəklik, inandırıcılıq deyəndə reallığın olduğu kimi, yaxud hadisələrin reallığa tam uyğun formada yazılmasını nəzərdə tutmuram. Sevdiyim tənqidçilərdən Yan Vatın dediyi kimi, məsələ romanda gerçəyin yazılması yox, hadisələrin, sujetin gerçəkçi tərzdə verilməsidir. Kim ki, bir roman haqqında söhbətə “həyatda belə şey olmur” arqumenti ilə başlayır, ordan sürətlə uzaqlaşmaq lazımdır. Yenə təcrübəsiz oxucu desə, anlamaq olar. Amma yazıçı, tənqidçi belə danışırsa, heç nə, müzakirə etməyə yer qalmır. Birdəfəlik anlamaq lazımdır ki, ən səmimi görünən, birinci şəxsin dilindən yazılmış avtobioqrafik romandakı təhkiyəçi belə uydurmadır. Zaman, məkan, dil, obrazlar – hamısı mətnin özünəməxsusdur, muxtardır.

Mən də yazanda sujetin, hadisələrin gerçəkçi tərzdə verilməsinə ciddi diqqət edirəm. Romanı özündən əvvəlki epik mətnlərdən fərqləndirən də budur. Əks halda o mətn roman deyil. Bilirsən, bizdə ədəbi meyarlara uyğun, obyektiv tənqid olmadığına görə, hamı sadəcə öz fikrini deyir. Biri deyir, çox inandırıcı atmosferi vardı, biri deyir, həyatda belə şeylər olmur. Biri deyir, bibimin qaynı oğlu öləndə anası belə reaksiya vermirdi, sən romanda səhv yazmısan. Necə reaksiya verim bu cür fikirlərə? Əlbəttə, bu romanda qüsurlar da var. Fərqindəyəm. Hər şey mükəmməl olsaydı, bir kitabla yaradıcılığı bitirərdik. Amma roman anlayışımın şərtlərinə cavab verməsəydi, qətiyyən nəşr etdirməzdim.

V.V: Razıyam, üstəlik, hadisələrin səbəb və nəticələrini yazanda təkcə ən doğru bildiyin şeyləri yazmaq bəs eləmir, bəzən inanmadığın şeyi də yaza bilməlisən. Həmin hadisənin səbəb və nəticəsi olmayan bir tapıntı tapmalısan yəni. Ustalıqla oxucunu inanmadığın şeyə də inandırmalısan.

Deyirsən ki, kitabım (“Cənubda ən uzun gün”) roman anlayışımın şərtlərinə cavab verməsəydi, onu nəşr etdirməzdim.

Ümumiyyətlə, sənin roman anlayışın necədir? Öz romançılığını, öz üslubunu necə görürsən?

R.S: Sənətdə hansısa düsturla danışmaq çətindir, hətta mümkün deyil. Əks halda, sənət olmazdı. Amma sevdiyim, yaxşı hesab etdiyim bütün romanların oxşar cəhətləri var. Həmin romanlar məndə müəyyən bir roman anlayışını formalaşdırıb. Nədir o cəhətlər? Biri, elə bayaq danışdığımız inandırıcılıq məsələsi. İkincisi, tamamlıq, bütövlük duyğusu. Yəni, bir romanı oxuyanda o realmın bütövlüyünü hiss edirsən. Beşinci səhifə ilə yüzüncü, yüz əllinci səhifə arasında üzvi bağ olur. Üçüncüsü, müəllif öz həqiqətini bağıra-bağıra gözümüzə soxmur. Həqiqət məsələsini oxucuya havalə edir. Hətta ictimai düşüncələrində çox marginal, mütləq həqiqəti tapdığına inanan yazıçı belə, romana gələndə başqa insan olmalıdır. Ki, bunun da tarixdə Dostoyevski kimi nümunələri var.

Dördüncüsü və məncə ən vacib cəhətlərdən biri: romanın əsas teması, mərkəzi mövzusu müvəqqəti, lokal məsələlər olmamalıdır. Forması, sujeti nə olursa, olsun, yazıçının həşir-nəşir olduğu dərdlər iki min il öncə də, indi də, yüz il sonra da aktual olmalıdır. O mərkəzi mövzu qədim yunana da, orta əsr insanına da, avropalıya, amerikalıya, asiyalıya da yad olmamalıdır. Yəni çox təməl mövzular. Ölüm, sevgi, ailə, valideyn-övlad münasibətləri kimi, tanrıya münasibət kimi və sairə və ilaxır.

Beşincisi, həm kanon daxilində qalmağa çalışmalıdır. Yəni özündən əvvəlki ənənədən radikal dərəcədə uzaqlaşmamalıdır, onlarla arasında bir əlaqə olmalıdır. Amma həm də müəyyən qədər kənara çıxmağa, sərhədi genişləndirməyə çalışmalıdır. Öz yerini, səsini müəyyənləşdirməlidir.

Altıncısı, təkcə əhvalata, mövzuya, sujetə köklənməməlidir. Forma üzərində, dil-üslub məsələsində də baş sındırmalıdır. Çünki çox vaxt üslubun pis olmağı, ümumiyyətlə, bu haqda heç düşünməmək əvvəl saydıqlarımın hamısını faydasız edə bilər. Həm də üslub, forma müəllifin öz səsini tapması üçün çox vacibdir.

Bu saydıqlarımı artırmaq da olar. Demək istədiyim odur ki, bunları indiyə qədər yaxşı roman dediyim hər romanda hiss etmişəm. “Don Kixot”da da, Balzakın, Tolstoyun, Henri Ceymsin romanlarında da, Coysun, Kafkanın, Markesin, Lyosanın romanlarında da. Qalan hər şey dəyişə bilir, dəyişir də. Dəyişənləri çıxaranda əldə nə qalırsa, yaxşı romanın minimal şərtləri mənimçün bunlardır.

V.V: Bəs bu saydıqlarının fonunda Azərbaycan romançılığını necə qiymətləndirirsən?

Sən öz romanlarınla bizim romançılığımıza nə qatmısan?

R.S: Böyük romançılıq ənənəmiz yoxdur, amma day o qədər də yetim deyilik. Bəzi yazıçılarımızın bəzi romanları üzümüzü ağardır müəyyən qədər. İsmayıl Şıxlının, İsa Hüseynovun, Sabir Əhmədlinin romanlarını oxuyanda bayaq sadaladıqlarımı müxtəlif dərəcədə hiss etmək olur. Sadəcə, ardıcıllıq, stabillik yoxdur. Sanki hamının bir atımlıq barıtı var, bir-iki romandan sonra tükənir. Ona görə də böyük ənənə dediyimiz şey yaranmır. Bizdən əvvəlki nəsillərdən İsi Məlikzadə, Əkrəm Əylisli, Mövlud Süleymanlı, Seymur Baycan, Həmid Herisçi kimi çox maraqlı, oxucuya toxuna bilən nasirlər var. Amma onlar da ardıcıl olaraq roman üzərində dayanmadılar, qısa mətnlərdə daha uğurlu oldular.

Mən ədəbiyyatımıza nəsə qatdığımı hələ ki deyə bilmərəm. Zaman göstərəcək. Amma nə eləmək istədiyim özümə aydındır: Dünyadakı romançılıq ənənəsini öz miqyasımda davam etdirmək. Doğru bildiklərimi ədəbiyyatımıza gətirmək, bizdə olanları daha da genişləndirmək, üstünə qoymaq. Ədəbiyyatla, romanla ciddi, ardıcıl, hay-küyə, tələsik şöhrətə, intiriqalara uymadan məşğul olmağın mümkünlüyünü özümə də, başqalarına da göstərmək. Sonrası necə olacaq, bilmirəm. Öz üzərimə düşəni etməyə çalışıram. Nəticəni hamımız birlikdə görərik.

V.V: Rəşad, Azərbaycan tarix boyu konfliktlərlə dolu bir yer olub, dalaşmaq da coğrafiyamızın bir parçasıdır, üstəlik, dava-dalaş zonasındayıq. Bu mənada Azərbaycan ədəbiyyatı da konfliktlərə meylli ədəbiyyatdır. Kimə baxırsan dalaşır, biri hökumətlə, biri xalqla, biri özünə əks cəbhə seçdiyi hansısa yazıçı qrupuyla, çox oxuyanlar az oxuyanlarla, az oxuyanlar çox oxuyanlarla, şairlər yazıçılarla, yazıçılar şairlərlə, esseistlər ədəbiyyatşünaslarla, publisistlər esseistlərlə, hətta bizdə sevdiyin müəlliflərə görə səninlə dava edə biləcək adamlar mövcuddur ki, filankəsi niyə sevirsən? Hamı hamıyla dalaşır, bir sözlə. Bu, nəinki bizim ədəbiyyatda, elə dünya ədəbiyyatında da görünən, bilinən şeydir. Böyük yazıçıların da çox ciddi konfliktləri olub.

Amma sən bir az konfliktsiz görünürsən, sanki sənin heç kimlə, heç nəylə problemin yoxdur. Niyə konfliktlərə girmirsən? Hələ də oğuz elində bir qəhrəmanlıq göstərib ad qazanmamısan.

Və sualın davamı. Ədəbiyyatda dava lazımdırmı? Bu sözün hərfi mənasında da ola bilər, estetik prinsiplərə görə də. Lazımdırsa, niyə lazımdır və sən niyə etmirsən? Lazım deyilsə, niyə lazım deyil?

R.S: Dava yaxşı şeydir, amma sənət müstəvisində, estetik müstəvidə olanda. Fikirlərin konfliktindən başqa yeni fikirlər yaranır. Bəs bizdəki davalar nədir? Heç nə. Cahil cəsarəti ilə hamı ağzına gələni danışır. Təxminən iyirmi ildir mühiti yaxından izləyirəm, xeyli adamla şəxsi tanışlığım var, səni əmin edirəm, dörd-beş nəfəri çıxmaqla, heç kimin ədəbiyyat dərdi yoxdur. Arada sosial şəbəkələrə girirəm, adamın ürəyi bulanır. Elə mövzularda elə davalar gedir, elə arqumentlər deyilir ki, görürsən, ən yaxşısı uzaq durmaqdır. Çünki palçıqlı yerdə necə addım atırsan at, yenə üstün-başın bulaşır. Bilirsən, sən dediyin davalar nəyə bənzəyir? Elə bil, dünyadan xəbərsiz, təhsilsiz, taraz fiziki gücü də olmayan, burnundan su axan yeddi-səkkiz uşaq küçədə dalaşır. Mövzu da budur ki, Rembo döyər, yoxsa Van Dam. Bu ona cırmaq atır, o bunun köynəyini dartıb cırır, biri də gəlib kiminsə dalından təpik vurur. Deyirsən, mən də bu söhbətlərin içində olum? Çox istəyərəm, sanballı müzakirələr getsin, fikir cəbhələri yaransın. O cür mübahisələrdə sərtlik də olar. 2000-ci illərdə başlamış alternativ ədəbiyyat söhbətləri, AYO-nun ortalığı qarışdırması maraqlı idi, faydalı idi. Özüm də daha sonra o cəbhədə oldum. Amma o söhbətlər də sonda başqa yerlərə gedib çıxdı. Əksəriyyəti öz tənqid elədiklərinə çevrildilər. Hamını nəzərdə tutmuram, əlbəttə, istisnalar var.

Bir fikir deyirsən, elə reaksiya gəlir ki, görürsən, adam hələ hüsnxətt dəftərində hərfləri sıralayır. Nəinki dava etməyə, heç söhbəti sakit davam etdirməyə də həvəs qalmır. Sən dediyin konfliktlər ancaq qısa müddətdə tanınmağa, çoxlu “layk” yığmağa, özünü kiməsə sübut etməyə xidmət edir, başqa heç nə. Yenə 24-25 yaşına qədər hardasa qəbul etmək olar, amma ondan yuxarısı üçün ayıbdır.

2011-2016-ci illər arası mütəmadi məqalələr yazırdım. Demək olar, ayda iki-üç yazı. Mədəni, siyasi, ictimai tənqidlərim olurdu. Sonra ədəbi mühit, saytlar, jurnallar darmadağın edildi. Söz, fikir azadlığı deyilən şeyin kökünü qurutdular. Yazı-pozu əhli də hərə bir yerə didərgin düşdü. Məndə də nə əvvəlki həvəs qaldı, nə enerji. Açığı, həm də, lazım olanı deyə bilmirsənsə, deməyə qorxursunsa, ətrafında dolanmaq, mızıldanmaq mənasızdır.

V.V: Qayıdaq onda romana. Bir dəfə səninlə şəxsi söhbətlərimizdə “Cənubda ən uzun gün”ü müzakirə edəndə Malkolm Laurinin “Vulkanın altında” romanını xatırlatdın. Mən də gedib həmin kitabı tapdım, əlli-altmış səhifə oxudum, amma qurtara bilmədim, nə elədimsə getmədi. Başa düşmürdüm, başa düşməkdən əlavə nəsə çatmırdı mənə, insafən müxtəlif vaxtlarda bir neçə dəfə təkrar cəhdlər də etdim, yenə alınmadı. Tam oxumadığıma görə sənin romanınla o kitab arasında hansı formada, necə əlaqə var, dəqiq fikrim yoxdur. Amma, deyəsən, orda da qəhrəman səfirdir, orda da bir ölüm hadisəsi var.

Adının çəkilməyini istəməyən bir digər şahmatçı dostumuz “Cənubda ən uzun gün”ü Tomas Mannın “Venesiyada ölüm”ünə bənzədir.

Mən müəyyən qədər səfirin küçədə gəzib həyatını xatırladığı səhnələri Sorrentinonun “Möhtəşəm gözəllik” filminə bənzədirəm.

Siyahını bir az da uzatmaq olar, amma bütün bu əsərləri birləşdirən ortaq cəhət, sən də razılaşarsan ki, kiminsə küçədə gəzib həyatını xatırlamağı, yaxud şəhər təsvirləri deyil, estetikadır. Sənin romanın Tomas Mannın, Laurinin, Sorrentinonun məzmununa iddia edir, amma onlarla yanaşı durmaq üçün o səviyyədə estetikası çatmır. Yəni o məzmuna iddia edirsənsə, estetik prinsiplərin də, sənətkarlığın da Tomas Mann səviyyəsində olmalıdır, məncə.

İndi istəyirsənsə, suallarımı konkretləşdirim.

“Cənubda ən uzun gün”ü yazanda kimlərdən və necə təsirlənmisən?

Mənim iddialarım (məzmun oxşarlığı, amma estetik axsaqlıq) nə dərəcədə doğrudur?

Ümumiyyətlə, ədəbiyyatda təsirlənmələrə, imitasiyalara necə baxırsan?

R.S: Sualları çox nataraz verdin, məcburam, uzun danışım yenə. Əvvəla, söhbətlərdə konkret hansısa kitabdan təsirləndiyimi adətən demirəm, çünki həqiqətən bilmirəm. Hansısa konkret bir romandan təsirləndiyimi desəm, yanlış olar, oxuduğum bütün böyük, yaxşı romanlardan təsirlənmişəm.

Amma bir məsələ də var ki, hansısa romanı yazanda bizim texniki dəstəyimiz, müəllimimiz başqa romanlardır. Dara düşəndə onlardan kömək istəyirik. Hələ yazmağa başlamazdan əvvəl oxşar məzmunda, üslubda romanları oxuyuruq ki, görək bu problemi kim necə həll edib. Mən də romanı yazma prosesində Laurinin həmin romanını yenidən oxudum. Orda da romanın böyük hissəsi Meksikadakı ingilis konsulunun bir günündən bəhs edir. Oxşar elementlər var. Şəxsi söhbətimizdə xatırlatmağımın səbəbi bu idi. Hər iki romanı oxuyanlar anlayacaq oxşar elementləri. Amma “Vulkanın altında” xeyli mürəkkəb romandır. Simvolizm çoxdur. Dili, strukturu, sujeti fərqlidir.

Şahmatçı dostunun “Venesiyada ölüm” bənzətməsi maraqlı gəldi. O romanı yalnız bircə dəfə, o da on yeddi il əvvəl oxumuşam. Romanı yazmazdan əvvəl də, yazanda da heç ağlımda olmayıb. Amma “bütün oxuduqlarımdan təsirlənmişəm” prinsipi ilə şahmatçı dostunun fikrini qəbul etmək olar.

“Hansısa romanın məzmununa iddialısansa, estetik gücünə də iddialı olmalısan” hökmünü anlamadım, doğrusu. Modernist romanların xüsusiyyətlərindən biridir bütün hekayəti qısa müddətə, bir günə, bir neçə saata sığışdırmaq. Həm də qəhrəmanı küçələrdə, şəhərdə gəzdirərək, ya da bir evin içində oturdaraq daxili aləmini, düşüncələrini üzə çıxarmaq. Herman Broxun, Ceyms Coysun, Virciniya Vulfun, Folknerin, başqa nə qədər yazıçının belə romanları var. İndi belə bir istiqamətdə nəsə yazmaq üçün mütləq Coys, Herman Brox estetikasında yazmalıyam? Nəyə gücüm çatır, onu yazmağa çalışıram.

O ki qaldı təsirlənmə və imitasiya məsələsinə, Andre Jidin “Ədəbiyyatda təsirlənmə” adlı yaxşı məqaləsi var. Daha doğrusu, hansısa konfransda çıxışıdır, sonra məqalə kimi dərc olunub. Deyir, təsirlənməkdən yalnız zəif, boş yazıçılar qorxar. Geniş izah edir fikrini, istəyənlər tapıb oxuya bilər.

Ədəbiyyat, yaradıcılıq başdan-ayağa təsir məsələsidir. Heç kim sıfır nöqtəsində heç nə yaratmır. Müəllif oxuduqlarının, baxdıqlarının, gördüklərinin və öz fərdi təcrübəsinin cəmidir. Bütün Qərb ədəbiyyatı təsir üzərində qurulub. Tolstoyu Homersiz, Dostoyevskini Dikkensiz, Şekspirsiz, Servantessiz, Svevonu Coyssuz, Prustsuz təsəvvür etmək mümkün deyil. Klassik rəssamlıq emalatxanalarında şəyird özü yeni əsər yaradana qədər illərlə ustadın rəsmlərini təkrar edirdi. Yeni yaratdığında da ustadlarının təsiri açıq görünürdü.

Elə Şərqdə də vəziyyət oxşardır. Divan ədəbiyyatında ustad sayılmaqdan ötrü böyüklərin yazdıqları qəlibdə, strukturda “mürəttəb divan”ın olmalıydı. “Xəmsə”n olmalıydı. Başqa şairin eyni məzmunda eyni adlı əsərini yenidən yazmalıydın. Şəyirdlər ustadların şeirlərinə nəzirələr yaza-yaza öz üslublarını tapırdılar.

Yəni demək istədiyim odur ki, bu təsirlənməni mənfi arqument kimi vermək çox əbəs söhbətdir. Müəllifi yaxşı anlamaqçün əcdadlarını müəyyən edib onları oxumaq ayrı məsələ, bu, artıq ciddi söhbətdir. İmitasiya sözü də təsirlənməni daha da mənfi göstərmək üçün istifadə olunur bizdə. Ona görə haqqında çox danışmağa dəymir. Amma bir şeyi deyim. Elə təhlükəli yazıçılar var ki, onlardan təsirlənənlər çox vaxt genişlənə bilmir, özünü tapa bilmir, yalnız imitasiya mərhələsində ilişib qalır. Məsələn, Borxes kimi, Markes kimi. Hətta Kafkanı da müəyyən qədər əlavə etmək olar bu siyahıya. Bu adamlardan çox təsirlənib o xətti davam etdirmək istəyənlərin əksəriyyəti imitasiyadan uzağa gedə bilməyiblər. Mənim də qəbul etmədiyim əsl imitasiya bax budur.

V.V: Yaxşı, çox gözəl, dediklərinin əksəriyyətiylə razıyam.

Söhbətimiz uzanır. Mənim soruşmalı olduğum və əminəm, sənin də cavab vermək istədiyin çoxlu mövzular qalır, di gəl bu suallar və cavablar bir müsahibəyə sığışmayacaq. Bəlkə, bir müddətdən sonra yenə davam edərik. O da əhvaldan, ovqatdan asılıdı.

İstəyirəm, bir az özündən danışasan. Uzun illər xarici ölkələrdə, xüsusilə Latın Amerikasında yaşamısan. Yaşadığın ölkələrdə saat fərqi, mədəniyyət fərqi, mətbəx fərqi, dostsuzluq, mühitin olmaması və sair. Bunlar sənə necə təsir edir? Özünü necə hiss edirsən xaricdə, darıxırsanmı, yoxsa Azərbaycanda olmadığına görə sevinirsənmi? Ümumiyyətlə, bir günün necə keçir, bir az gündəlik həyatından danış, mümkünsə.

R.S: Fasilələrlə on üç-on dörd il başqa ölkələrdə yaşamışam. Bunun səkkiz ildən çoxu Latın Amerikasının payına düşür. Tamamilə fərqli qitə, materik, iqlim, saat qurşağı, fərqli insanlar, fərqli mədəniyyət. Maraqlı təcrübədir. İnsanlarla bağlı, dünya ilə bağlı doqmatik düşüncələrdən uzaqlaşırsan. Müsbət təsirini çox hiss etmişəm. Həm yaradıcılıq, həm düşüncə tərzi baxımından.

Bizim ədəbi mühitdən fiziki olaraq uzaqda olmaqla çox şey itirdiyimi düşünmürəm. Hətta bu uzaqlığın müəyyən qədər üstünlüyünü görmüşəm. Amma fikrən çox uzaq da qalmamışam. Həmişə prosesləri yaxından izləmişəm. Nələr yazıldığını, mühitdə kimlərin olduğunu bilməyə çalışmışam. Yaxın bildiyim yazıçı dostlarla əlaqəmi itirməmişəm.

Dostlarsız, hə, bəzən darıxdırıcı olur. Fiziki təmasın, üz-üzə görüşməyin yaratdığı təəssürat başqadır. Ortaq keçmiş, ortaq məkanlar, ortaq duyğular, ortaq qayğılar. Belə söhbətləri əcnəbi tanışlarla paylaşmaq mümkün deyil. Bunları çıxsaq, sənətlə, ədəbiyyatla məşğul olan adamçün nə fərqi var kitabları harda oxuyursan, filmlərə harda baxırsan, yazılarını harda yazırsan? Bir yandan da, Kortasarın fikridir, səhv etmirəmsə, deyir, insan qürbətdə olanda darıxır deyə öz ölkəsi, ailəsi, dost-tanışları, keçmişi haqqında daha çox düşünür, ona görə də yazmaqçün daha çox şey tapıb çıxarır.

Gündəlik həyat tərzim də uzun illərdir eyni formada təkrarlanır. Hər gün səhər saat 7-8 arası oyanıram. Gün ərzində mütaliə, həmin vaxt yazdığım roman, esse, ya da tərcümə etdiyim mətnlər üzərində işləmək, filmə baxmaq, musiqi dinləmək, hüquqla, vəkilliklə bağlı işlərlə məşğul olmaq. Arada fasilə verib məişət işlərini də həll etməyə çalışıram. İmkan olduqca ailəmlə vaxt keçirirəm. Bakıda olanda axşamlar dostlarla görüşürəm. Xaricdə olanda həmin vaxtı ya oxumağa, ya da piyada gəzintilərə həsr edirəm.

V.V: Hər üç kitabın fərqli nəşriyyatlarda çapdan çıxıb. Sonuncu romanın da bizim “Park” Nəşriyyatında çap olundu. Roman çıxandan sonra nə redaktə, nə korrektə, nə də çapla bağlı iradlara rast gəldim. Nəşriyyatın işindən, kitabına münasibətdən razı qaldınmı? Nə gözləyirdin, nələr oldu, nələr olmadı.

R.S: Nəşriyyat məsələsi yaralı yerimizdir. Azərbaycan yazıçısının alnına yazılıb hər kitabda fərqli nəşriyyatla işləmək. Çünki normal müqavilə-honorar sistemi, mağazalara paylanılma, hesabatlılıq, öz müəllifini üzə çıxarmaq ənənəsi – heç biri yoxdur. Müəllif bilmir, kitabı necə satılır, hansı mağazada var. Müəllifi adam yerinə qoyan yoxdur. Hamı fikirləşir ki, hələ sənin kitabının üstündə bizim loqomuz var, şükür elə. Ona görə də, hər dəfə deyirsən, başqa nəşriyyatı sınayım, hər dəfə də başqa cür problemlərlə üzləşirsən. O ki qaldı “Park” Nəşriyyatına, indiki vaxtda, Azərbaycan kimi ölkədə nəşriyyat işinə girişməyin özü dəlilikdir. Həm də sizin kimi. Heç bir sərmayə dəstəyi olmadan, minimal şərtlərlə. Bildiyim qədər, əsasən yerli müəllifləri nəşr edirsiniz. Bu da böyük riskdir. Nəşriyyatın özü yenidir, təbii ki, qüsurlar olacaq, maddiyyatdan əlavə, təcrübə də lazımdır. Amma şəxsən mənim kitabımın çap keyfiyyəti yaxşı idi. Kağızı, səhifələrin oxunaqlılığı, fiziki möhkəmliyi. Redaktə-korrektə prosesi də sizin heyətdən keçdi. Çox səliqəli alınıb. Razıyam bu baxımdan. Təsisçi olaraq dostum Şəhriyar del Gerani, redaktorunuz Nadir Yalçın, elə əksər işlərdə sən özün, zəhmət çəkdiniz. Video-çarxlar hazırlandı, kitabın müzakirəsi keçirildi, “Park” Yaradıcılıq Akademiyasında görüş təşkil olundu. Fikirləşirəm, əldəki şərtlərlə başqa neyləmək olar? Məncə, bir az da aktiv olmaq olar. Mənim uzun müddət Bakıda olmamağım da mane oldu daha geniş miqyaslı işlərə. Ona görə, özümü nəzərdə tutmuram. Ümumiyyətlə. Artıq neçə kitabınız nəşr olunub. O kitabların təbliğatını daha geniş apara bilərsiniz. Təcrübədə sınanmış vasitələr var. Hər bir halda sizə uğurlar!

Burda, icazənlə, sualından bir az kənara çıxmaq istəyirəm. Fürsət düşüb, qoy deyim. Yazmağa başladığım ilk gündən yaxın dəstəyini hiss etdiyim Seymur Baycana təşəkkür etmək istəyirəm. Həm mənəvi dəstək olub, həm faydalı hesab etdiyi şeyləri paylaşmaqdan çəkinməyib. Son romanda da dəyərli tövsiyələri oldu. Roman haqqında geniş yazdı. Müsbət tərəflərini dedi, tənqid də elədi. Seymur elə adamdır ki, mətnlə bağlı qərəzsizliyini bildiyimə görə tənqidləri toxunmur. Razılaşmağa məcbur deyiləm. Təsbitləri səhv də ola bilər. Amma qərəzsiz, sənətə, ədəbiyyata iman gətirmiş adamın tənqidləri də, cığallığı da məqbuldur.

V.V: İndi nə yazıb, nə oxuyursan? Planların nədir?

R.S: İl başlayandan yeni romana hazırlaşıram. Əvvəllər də beynimdə olub ideyası, amma özümü yazmağa hazır hiss etməmişəm. Böyük bir ailə romanı yazmağı düşünürəm. İkinci dünya müharibəsinin sonundan indiki dövrə qədər bir Azərbaycan ailəsinin hekayəsi. Hazırlıq mərhələsini bitirmək üzrəyəm. Yaxın aylarda yazı prosesinə başlayacam. İrəlidəki illər yəqin ki, bu romana həsr olunacaq.

Romandan başqa yaxın gələcəkdə bir esselər, bir hekayələr kitabı nəşr etdirməyi düşünürəm. Mətn olaraq hamısı hazırdır. Sadəcə, üzərində işləyib çapa hazırlamaq lazımdır. Yeni esse, məqalə qaralamaları da var, gələn aydan onları da yekunlarşdırıb dərc etdirməyi planlaşdırıram.

Paradiqma

Paradiqma