ABŞ-nin Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları beyin qocalmasının sirrini aça biləcək mühüm bir kəşfə imza atıblar.
Siçanlar üzərində aparılan yeni tədqiqat zamanı xüsusi bir zülalın səviyyəsinin azaldılması ilə yaddaşın və neyron əlaqələrinin bərpa edildiyi məlum olub.
Yaşlanma prosesi xüsusilə öyrənmə və yaddaşa cavabdeh olan beyin bölgəsinə – hipokampa ciddi ziyan vurur. Uzun illərdir ki, alimlər bu tənəzzülün qarşısını almağın yollarını axtarırlar. Yeni araşdırma zamanı tədqiqatçılar gənc və yaşlı siçanların hipokampındakı gen və zülal dəyişikliklərini izləyiblər. Nəticədə gənc və qoca heyvanlar arasında ardıcıl olaraq fərqlənən yeganə zülalın “FTL1” olduğu aşkarlanıb.
Müşahidələr göstərib ki, yaşlı siçanlarda FTL1 zülalının səviyyəsi daha yüksəkdir. Eyni zamanda, bu heyvanların beyin hüceyrələri arasında əlaqələr zəifləyib və koqnitiv (idrak) testlərdə daha zəif nəticələr göstəriblər. Laboratoriya şəraitində gənc siçanlarda FTL1 səviyyəsi süni şəkildə artırıldıqda onların beyinləri yaşlı heyvanların beyni kimi fəaliyyət göstərməyə başlayıb.
Lakin tədqiqatın ən təəccüblü nəticəsi qoca siçanlarda bu zülalın səviyyəsi azaldıldıqda qeydə alınıb. FTL1 səviyyəsi aşağı salındıqdan sonra yaşlı heyvanların beynində hüceyrələrarası əlaqələr yenidən artıb və yaddaş testlərində uğurlu nəticələr əldə ediblər.
Layihənin aparıcı müəllifi, UCSF Bakar Yaşlanma Araşdırmaları İnstitutunun direktor müavini Saul Villeda bu barədə deyib: “Bu, sadəcə simptomların gecikdirilməsi və ya qarşısının alınması deyil, sözün əsl mənasında qocalma əlamətlərinin geriyə qaytarılmasıdır. Biz qocalığın ən pis fəsadlarını yüngülləşdirmək üçün yeni imkanlar görürük”.
Əlavə sınaqlar sübut edib ki, FTL1 zülalı beyin hüceyrələrinin enerjidən necə istifadə etdiyinə də təsir göstərir. Zülalın səviyyəsinin yüksək olması hüceyrə metabolizmini yavaşladır. Alimlər ümid edirlər ki, bu kəşf gələcəkdə insanlarda FTL1 zülalını hədəf alan və beyin qocalmasının təsirlərinə qarşı mübarizə aparan yeni müalicə üsullarına yol açacaq.
Mənbə: Bu xəbər Nature Aging elmi jurnalında dərc edilmiş “Targeting iron-associated protein Ftl1 in the brain of old mice improves age-related cognitive impairment” adlı məqaləyə əsaslanır və elmi xəbərlər portalı olan ScienceDaily tərəfindən yayımlanmışdır. Tədqiqat San-Fransisko Kaliforniya Universitetinin (UCSF) alimləri tərəfindən aparılıb.
