Kodlaşdırılmış əxlaq: Texnologiya nəhənglərinin filosoflara niyə ehtiyacı var?

Kodlaşdırılmış əxlaq: Texnologiya nəhənglərinin filosoflara niyə ehtiyacı var?

Paradiqma texnologiya və fəlsəfənin sərhədlərini yenidən müəyyən edən yazını təqdim edir.

Uzun əsrlər boyu “fəlsəfə” sözü ağlımızda rəflərdə saralmış qaim kitabları, qədim Yunanıstanın aqoralarında gəzişən xəyalpərəst mütəfəkkirləri və ya tənha otağında varoluşun mənasını axtaran qoca alimləri canlandırırdı. İllər uzunu bizə elə gəlirdi ki, fəlsəfə həyatın sərt və dinamik axarından uzaq, sadəcə elit zümrəyə məxsus quru bir nəzəriyyədir. Lakin bu gün mənzərə gözlənilməz şəkildə, həm də tamamilə dəyişib. Müasir dövrdə Sokratın, Kantın və ya Dekartın varisləri artıq yalnız sakit universitet auditoriyalarında deyil, Silikon Vadisinin nəhəng, səs-küylü ofislərində, mürəkkəb server otaqlarında otururlar.

Bu gün Google, Anthropic, OpenAI kimi texnologiya nəhəngləri fəlsəfə doktorlarını astronomik maaşlarla işə götürür, onları birbaşa kodlaşdırma və alqoritmik dizayn prosesinin mərkəzinə cəlb edirlər. Bəs nə baş verdi ki, sırf riyaziyyata və məntiqə əsaslanan mühəndislər dünyası birdən-birə filosoflara bu qədər böyük ehtiyac duymağa başladı? 

Bunun səbəbi bəşəriyyətin gəlib çatdığı ontoloji bir qırılma nöqtəsidir: biz artıq sadəcə hesablayan, məlumat emal edən cansız maşınlar deyil, qərar verən, mühakimə yürüdən, hətta insani emosiyaları simulyasiya edən sistemlər yaradırıq. Məsələn, bir avtopilot sisteminin qaçılmaz qəza anında piyadanı yoxsa sərnişini xilas edəcəyinə qərar verməsi riyazi və ya mühəndislik problemi deyil, tamamilə mənəvi, etik və fəlsəfi bir dilemmadır. Məhz bu ehtiyac fəlsəfəni öz tarixi, amma unudulmuş missiyasına qaytarır. Fəlsəfə nəhayət kağız üzərindən qoparaq gündəlik həyatımızın, ciblərində gəzdirdiyimiz smartfonların, rəqəmsal ünsiyyətimizin təməl arxitekturasına inteqrasiya olunur.

Bu yeni düşüncə paradiqmasının ən parlaq və diqqətçəkən simalarından biri Amanda Askelldir. Fəlsəfə üzrə doktorluq dərəcəsinə malik olan Askell hazırda “Claude” modelinin arxasındakı Anthropic şirkətində mühüm bir missiyanı icra edir. Onun fəaliyyət sahəsi tələbələrə antik dövr fəlsəfəsini öyrətmək deyil. Askellin vəzifəsi qədimdən bəri insanlığı düşündürən əxlaq fəlsəfəsini, nəyin doğru və nəyin yanlış olduğu barədə ideyaları maşın öyrənməsi dilinə tərcümə etməkdir. Bizim fərqinə varmadan, gündəlik olaraq süni intellektlə etdiyimiz o sadə söhbətlərin arxasında məhz Askellin həyata keçirdiyi bu fəlsəfi uyğunlaşdırma prosesi dayanır. Süni intellektin qərəzli bir fikrə necə reaksiya verəcəyi, hansı məqamda susacağı, dürüstlüyü necə qoruyacağı bilavasitə filosofların cızdığı etik xətlərlə müəyyənləşir. Beləliklə, yüzilliklər boyu həlli axtarılan mənəvi dilemmalar bu gün sıfır və birlərdən ibarət kod sətirlərində öz reallığını tapmağa məcbur olur.

Prosesin digər qütbündə isə Henri Şevlin kimi fenomen mütəfəkkirlər dayanır. Kembric Universitetində fəaliyyət göstərən və fəaliyyətini qlobal texnologiya mərkəzləri, o cümlədən Google və DeepMind ekosistemi ilə inteqrasiya edən Şevlin bizi daha fərqli, dərindən sarsıdan bir ekzistensial sualla üz-üzə qoyur. O, maşınların sadəcə alət olmaqdan çıxıb nə vaxt şüurlu varlıqlara çevrilə biləcəyini, ümumiyyətlə şüur dediyimiz anlayışın sərhədlərini araşdırır. Biz indiyə qədər düşüncəni yalnız insana xas bir fenomen kimi qəbul etməyə öyrəşmişdik. Lakin Şevlin süni intellektin idrak arxitekturasını, heyvan zəkasını və qeyri-insani şüur formalarını fəlsəfi müstəvidə təhlil edərək yaranmaqda olan yeni reallığın fəlsəfəsini formalaşdırır. Texnologiya nəhəngləri bu cür filosofların köməyi ilə nəinki cəmiyyətə nələrin təqdim edildiyini, hətta mənlik anlayışının rəqəmsal dövrdə necə dəyişdiyini anlamağa çalışırlar. Onun fəaliyyəti sübut edir ki, biz maşınlara düşünməyi öyrədərkən, əslində insan zehninin, öz şüurumuzun necə işlədiyini yenidən kəşf edirik.

Bütün bu möhtəşəm proseslər fəlsəfənin qətiyyən ölmədiyini, əksinə, özünün yeni bir intibah dövrünü yaşadığını təsdiqləyir. Artıq müdriklik axtarışı həyatdan qopuq quru söz yığını deyil, birbaşa insan praktikasının mərkəzində dayanan əməli fəaliyyətdir. Biz hər dəfə axtarış sisteminə bir söz yazıb nəticə gözlədikdə, hər dəfə bir alqoritm qabağımıza oxumaq üçün bir məqalə çıxardıqda, əslində arxa planda hansısa filosofun saatlarla üzərində baş sındırdığı mənəvi dəyərlər sistemi ilə səssiz bir təmasa keçirik. Qərarlarımız, baxış bucağımız, informasiya istehlakımız görünməz fəlsəfi əllər tərəfindən formalaşdırılır.

Biz çox vaxt gələcəkdən qorxuruq, robotların və süni intellektin hər şeyi ələ keçirəcəyini düşünürük. Lakin texnologiya inkişaf etdikcə aydın olur ki, bizi bu metal və kod yığınından fərqləndirən əsas xüsusiyyət hesablama sürətimiz yox, sual verə bilmək əzabı və məsuliyyətli mənəvi seçim etmək qabiliyyətimizdir. Rəqəmsal dövrdə bəşəriyyətin ən çətin və nəticəetibarilə ən böyük sınağı ən mükəmməl, ən sürətli maşını düzəltmək deyil. Əsl tarixi sınaq, o maşının bizim dağıdıcı ehtiraslarımızı və qüsurlarımızı deyil, insan övladının bu günə qədər yaratdığı ən ali, ən rasional fəlsəfi dəyərləri özündə əks etdirməsini təmin etməkdir. Bu isə o deməkdir ki, gələcəyin arxitekturasını təkcə proqramçılar deyil, həm də filosoflar inşa edəcək.

Paradiqma

Paradiqma