“The Devil Wears Prada 2” filmi kassa gəlirləri ilə sənaye rekordlarını alt-üst edib

“The Devil Wears Prada 2” filmi kassa gəlirləri ilə sənaye rekordlarını alt-üst edib

“Variety” nəşrinin məlumatına əsasən, “Şeytan Prada geyinir 2” (The Devil Wears Prada 2) filmi açılış həftəsonunda qlobal miqyasda 233,6 milyon dollar gəlir əldə edərək sənaye proqnozlarını üstələyib. Şimali Amerikada 77 milyon dollar qazanan bu ekran işi 2006-cı ildə yayımlanan orijinal filmin 27,5 milyon dollarlıq debütünü əhəmiyyətli dərəcədə geridə qoyub. Beynəlxalq auditoriyanın bilet satışları isə həftəsonu gəlirlərinə daha 156,6 milyon dollar əlavə edib.

Disney şirkətinin tərkibində fəaliyyət göstərən “20th Century Studios” tərəfindən ərsəyə gətirilən bu layihə Meril Strip, Enn Heteuey, Emili Blant və Stenli Tuççini yenidən bir yerə gətirib. Rejissor Devid Frankel tərəfindən lentə alınan sözügedən davam filminin büdcəsi təxminən 100 milyon dollar təşkil edib. Rejissorun sözlərinə görə, istehsal xərclərinin böyük bir hissəsi birbaşa ulduz aktyor heyətinin maaşlarına sərf edilib. Lakin bu yüksək məbləğ özünü qısa zamanda doğruldub və film cəmi 24 saat ərzində gəlirli vəziyyətə yüksəlib.

Eyni zamanda, yeni ekran işi ABŞ kassa gəlirləri reytinqində Maykl Ceksonun həyatından bəhs edən “Maykl” bioqrafik filmini zirvədən endirib. Hazırda bu layihə “Super Mario Galaxy” filmindən sonra 2026-cı ilin ən böyük ikinci qlobal açılışı hesab olunur. Kassa analitikləri komediya-dram janrında olan filmlərin bu cür nəhəng kassa gəlirləri əldə etməsinin olduqca nadir hadisə olduğunu xüsusi vurğulayırlar.

Yeni ekran işinin böyük maraqla qarşılanması 2006-cı ildə çəkilmiş orijinal filmə olan diqqəti də artırıb. Belə ki, məlumatlara görə, ötən ayla müqayisədə ilk filmin rəqəmsal platformalardakı (Disney+ və Hulu) izlənmə nisbəti 428% yüksəlib. Qısa zamanda nümayiş etdirdiyi bu uğur sayəsində ikinci hissənin yaxın həftələrdə ilk filmin qlobal miqyasda topladığı 326 milyon dollarlıq ümumi gəlirini asanlıqla geridə qoyacağı gözlənilir.

Paradiqma

Paradiqma