“Futbolu mən icad etmədim, lakin onu mən gözəlləşdirdim”: Bir “Kral” hekayəsi

“Futbolu mən icad etmədim, lakin onu mən gözəlləşdirdim”: Bir “Kral” hekayəsi

Paradiqma Onur Yeşilyurtun “Pele” haqqında yazısını təqdim edir.

Edson Arantes du Nasimentu, yəni hamımızın tanıdığı adıyla Pele, 23 oktyabr 1940-cı ildə Braziliyanın kiçik Tres-Korasoyns qəsəbəsində dünyaya göz açmışdı. Kasıb bir ailənin övladı olaraq doğulan Pele uşaqlığını ayaqqabı boyayaraq və qəzet kağızları ilə doldurulmuş corablardan düzəldilən toplarla küçələrdə qaçaraq keçirmişdi. Onun bir gün “futbolun kralı” olacağını, üç Dünya Kubokunu başı üzərinə qaldıracağını və milyonlarla insana ilham verəcəyini heç kim təxmin edə bilməzdi. Pele sadəcə istedadı ilə deyil, təvazökar başlanğıcından zirvəyə doğru irəliləyən hekayəsi ilə də futbol tarixinin ən ikonik simalarından birinə çevrilmişdi.

Pelenin peşəkar karyerası 1956-cı ildə, hələ 15 yaşında ikən “Santos” klubu ilə başladığı zaman əsl sıçrayış yaratmışdı. “Santos”da 18 mövsüm boyunca forma geyindiyi dövrdə klub üçün çıxdığı 659 rəsmi matçda 643 qola imza atmışdı; yoldaşlıq oyunları ilə birlikdə bu rəqəm minləri keçmişdi. Hər iki ayağı ilə ustalıqla oynayan, başla qollar vuran və “drible da vaca” kimi özünəməxsus fəndləri ilə rəqiblərini ovsunlayan Pele 1962 və 1963-cü illərdə Libertadores Kuboku çempionluqlarını qazanmışdı. Ardından Qitələrarası Kubokda Avropanın nəhəng komandalarını (Benfika və Milan) diz çökdürmüşdü. Karyerasının ən unudulmaz anlarından biri 19 noyabr 1969-cu ildə “Marakana” stadionunda “Vasku da Qama”nın qapısına vurduğu penalti ilə mininci qoluna çatması idi. O gün stadion sözün əsl mənasında coşmuşdu və Braziliya hökuməti onu “milli sərvət” elan edərək xaricə transferinə qadağa qoymuşdu.

Milli komandadakı sərgüzəşti isə tam bir dastan idi. 1957-ci ildə, 16 yaşında ilk dəfə Braziliya formasını geyinən Pele, 1958-ci il Dünya Kubokunda sadəcə 17 yaşında ikən İsveçə qarşı finalda iki qol vurmuşdu. Bunlardan biri, havada dönərək vurduğu zərbə ilə hələ də futbol tarixinin ən ikonik qollarından biri olaraq xatırlanmaqdadır. Braziliya ilk dəfə dünya çempionu olarkən Pele turnirin ən gənc çempionu tituluna sahib çıxmışdı. 1962-ci ildə zədə səbəbindən məhdud müddət oynamasına rəğmən komanda yenə də kuboku əldə etmişdi. 1966-cı ildə İngiltərədə məruz qaldığı sərt qayda pozuntularından sonra bir müddət Dünya Kubokuna dönmək istəməsə də, 1970-ci il Meksika Dünya Kubokunda möhtəşəm bir qayıdış nümayiş etdirmişdi. 

Jairzinyo, Rivelino və Karlos Alberto kimi ulduzlarla dolu Braziliya heyəti turnirdə dominantlıq edərkən Pele Çexoslovakiyaya topu sinəsi ilə ram edərək vurduğu qol, Qordon Benksə qarşı etdiyi əfsanəvi baş zərbəsi və Uruqvaya qarşı məşhur “aldadıcı zərbə”si ilə yaddaşlara həkk olunmuşdu. Finalda da qol ötürməsi edərək Braziliyanın 4-1 hesablı zəfərinə öz töhfəsini vermişdi. Beləliklə, o, üç Dünya Kubokunu qazanan yeganə futbolçu olaraq tarixə düşmüşdü. Milli forma ilə çıxdığı 92 matçda 77 qol vurmuşdu; bu rekord uzun illər boyu qırılmamışdı.

1975-ci ildə “Santos”dan ayrılaraq “Nyu York Kosmos”a transfer olan Pelenin əsas məqsədi Amerikada futbolu populyarlaşdırmaq idi. O, bu işdə də müvəffəqiyyət qazanmışdı; 64 matçda 37 qola imza atmış və Frants Bekkenbauer, Karlos Alberto kimi simaları komandaya cəlb etmişdi. 1977-ci ildə çempionluq yaşayaraq karyerasını başa vurmuşdu. Karyerası boyunca 1.363 matçda 1.279 qol (Ginnesin Dünya Rekordu) qeyd edən Pele bir matçda beş qol vurmağı altı dəfə, het-triki isə 92 dəfə reallaşdırmışdı. FİFA tərəfindən “Əsrin Oyunçusu”, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən isə “Əsrin İdmançısı” seçilmişdi.

Futboldan kənar da çox dolğun bir həyatı var idi. UNİCEF-in Xoşməramlı səfiri olaraq kasıb uşaqlara dəstək göstərmiş, 1995-1998-ci illər aralığında Braziliyanın idman naziri vəzifəsində çalışmış və idmanı daha əlçatan etmək üçün mühüm işlər həyata keçirmişdi. Nigeriyada vətəndaş müharibəsi zamanı onun bir oyununu izləmək üçün atəşkəs elan edilməsi kimi hadisələr onun meydandan kənardakı xarizmasını da nümayiş etdirirdi.

Şəxsi həyatı isə karyerası qədər rəngarəng və zaman-zaman mübahisəli keçmişdi. O, 1966-cı ildə Rozemeri dus Reis Çolbi ilə ailə həyatı qurmuşdu; bu evlilikdən üç övladı (Keli, Cennifer və Edinyo) dünyaya gəlmişdi. Onlar 1982-ci ildə boşanmışdılar. 1994-cü ildə ikinci həyat yoldaşı Assiriya Lemos Seyşas ilə evlənmiş və 1996-cı ildə əkizləri Coşua ilə Seleste doğulmuşdu. Bu evlilik 2008-ci ildə sona çatmışdı. 2016-cı ildə 75 yaşında ikən Marsiya Aoki ilə üçüncü dəfə ailə həyatı qurmuşdu. Pelenin ümumilikdə yeddi övladı var idi. Nikahdankənar münasibətlərindən doğulan uşaqlarından biri olan Sandra Regina Maçado atalığı uzun illər qəbul edilmədiyi üçün Pele ilə məhkəməlik olmuşdu; lakin bu fakt DNT testi ilə sübut edildikdən sonra Pele vəsiyyətnaməsində ona da pay ayırmışdı.

Pele 29 dekabr 2022-ci ildə 82 yaşında sıx bağırsaq xərçəngi səbəbindən həyatla vidalaşdı. Onun ölümü dünya miqyasında böyük bir hüzn yaratmışdı; “Santos”un “Vila Belmiro” stadionunda keçirilən mərasimlə minlərlə insan onu son mənzilə yola salmışdı.

Pele sadəcə bir futbolçu deyildi. O, yoxsulluqdan çıxaraq zirvəyə yüksələn, futbola sənət qatan və milyonlarla insana ilham verən əsl bir əfsanə idi. “Futbolu mən icad etmədim, lakin onu mən gözəlləşdirdim” sözü ilə xülasə etdiyi kimi, o, yaşıl meydanlara sadəcə istedad deyil, ehtiras və zəriflik də gətirmişdi. Bu gün belə yeni nəsil oyunçular onun adını çəkərkən gözləri parlayır. Pele bu dünyadan köçsə də, qazandığı üç Dünya Kuboku, minlərlə qolu və unudulmaz xatirələri yaşıl meydanların ən parlaq ulduzu olaraq sonsuza qədər yaşamağa davam edəcəkdir. O, doğrudan da, “O Rei – Kral” idi.

Onur Yeşilyurt

Onur Yeşilyurt