Dəyərlərin bədii miqyası: Yaradıcılıq insanı əbədiyyətə qovuşdururmu?

Dəyərlərin bədii miqyası: Yaradıcılıq insanı əbədiyyətə qovuşdururmu?

Paradiqma.az Pərvin Əliyevanın “Fərdi duyğulardan ümumbəşəri dəyərlərə” adlı yazısını təqdim edir.

Həyatdan aldığımız zərbələrə şairlik iddiası, həqiqətənmi, üstün gələ bilir? İnsan həyatla bağlı duyğu və düşüncələrinin bir növ hesabatını şeir vasitəsilə verir. Düşüncələrin qabarıq ifadə olunduğu şeirlər isə insan xislətinin təbiətlə əlaqəsinə, sanki yenidən doğulan – reinkarnasiyaya uğrayan insan ömrünə işarə edir. Rəmzi müdriklikdən ibarət olan obrazlar, bəlkə də, yaradıcı insanın həyat qarşısında verdiyi hesabatın geniş sərhədlərindən xəbər verir.

Bu duyğular aləmində fəal həyat mövqeyini qorumaq isə o qədər də asan deyil. Həyat mövqeyi əslində yaşadığın ölkədə vətəndaş mövqeyinə, dünyaya biganə qalmayan bir insanlıq anlayışına çevrilir. Lakin bu mövqe idraka nüfuz edib bədii şəkildə ifadə olunanda sənətin əsl sərhədlərinin nə qədər kamilliklə və insanın mənəvi yüksəlişi ilə bağlı olduğunu aydın görmək olur.

Şeirlər bəzən düşüncənin, bəzən də hissin daha qabarıq ifadəsi kimi formalaşır. Bu fərqin müzakirəsi vacibdir. Şeirdə dəyərlərin təzahürü ilə əxlaq və tərbiyənin təzahürü arasında müəyyən fərqlər ortaya çıxır. Dəyərlər insanın cəmiyyətdəki yerini müəyyən etdiyi kimi fərd üçün də yaradıcı təkan rolunu oynayır. Yaradıcılıq prosesində dəyərləri təhlil etsək, aydın görərik ki, insan yaradıcılıq zamanı öz hüdudlarından kənara çıxır, həm özünü, həm də yaratdığı dəyəri müəyyən mənada əbədiyyətə qovuşdurur.

Poeziya da öz növbəsində individuallıqdan sosial müstəviyə, oradan isə ümumbəşəri səviyyəyə doğru inkişaf edir. Burada bizi maraqlandıran əsas məsələlərdən biri dəyərlərin strukturudur. Bu struktur çox vaxt ekzistensial xarakter daşıyır. Fərdin dəyərlərinin subyektiv olduğunu nəzərə alsaq belə, bundan çəkinmək lazım deyil. Çünki sənətin dili ilə ifadə olunan dəyər, əslində, insanla cəmiyyət arasında qurulan körpüdür.

Şairin yaratdığı bədii miqyas nə qədər onun bioqrafiyası ilə bağlıdırsa, bir o qədər də kollektiv şüurla əlaqədardır. Lakin burada maraqlı bir məqam var: kollektiv şüur tarix boyu ötürülən təcrübəyə əsaslanırsa, yaradıcı fərd dəyərləri daha çox öz daxili potensialından, öz zəkasından və özünəməxsus həqiqətindən çıxış edərək formalaşdırır. Yəni yaradıcılıq həm kollektiv yaddaşa bağlıdır, həm də fərdi şüurun məhsuludur.

Əlbəttə, poeziyada inqilabi meyillərin ifadə imkanları nə qədər genişdirsə, onların bədii formasını tapmaq bir o qədər çətin olur. Çünki böyük kütlələrə yönələn yaradıcılıq həm də səbir tələb edir. Yaradıcı insanın subyektiv şəkildə yaratdığı nümunələrin koloritini qorumaqla yanaşı həm öz şəxsiyyətini, həm də poeziyanı paralel şəkildə təqdim edə bilməsi böyük ustalıq tələb edir. Bu isə artıq təkcə ritorik çıxış deyil, əsl bədii düşüncənin yüksək səviyyədə ifadəsidir.

Poeziyada fərdi baxış, istək, maraq, daxili ahəng, universallaşmaya mane ola bilərmi? Müasir insanın getdikcə daha çox sekulyarlaşması və avtomatlaşması, şübhəsiz ki, poeziyaya da təsir göstərir. Qloballaşma və özgələşmə fonunda poeziya nə qədər universallaşırsa, bir o qədər də fərdiliyini qorumağa çalışır.

Şair üçün ətrafda görünən hər şey bəzən sadəcə bir həndəsi forma kimi qəbul olunsa da, müasir poeziyanın əsasında yenə də güclü sezgi dayanır. Fərdi mənalarla formalaşan poeziya hissiyyatı dərinləşdirir. Poeziyanı insan təbiəti üçün bir həyəcan halına çevirmək qaçılmaz olur. Qloballaşan dünyada şeir yenə də subyektin daxili aləmindən çıxaraq obyektə, yəni insana istiqamətlənir.

“Qüvvəyə bağlıdı aləmdə həyat,

Qüvvədən nəşət edir mövcudat” ( Abbas Səhhət)

Hər şey mövcudadın bitdiyi yerdə başlayır, başladığı yerdə bitir. Bircə poeziyadan başqa.

Pərvin Əliyeva

Pərvin Əliyeva