Elm, uğurlu təsadüflər və şizofreniyanın müalicəsində yeni dövr

Elm, uğurlu təsadüflər və şizofreniyanın müalicəsində yeni dövr

Paradiqma.az Ceremi Hollun “Şizofreniyanın müalicə tarixindəki durğunluğa son qoyan və beyin elmində yeni bir mərhələnin başlanğıcı sayılan kəşflər” haqqında yazısını təqdim edir.

Şizofreniya üçün dərman müalicələri 70 il ərzində demək olar ki, dəyişməz qalsa da, təsadüflər və yaradıcı zəkanın qovuşması insanlara yeni ümidlər vəd edir.

Psixiatrların şizofreniyadan əziyyət çəkən pasiyentlərinə kömək məqsədilə istifadə etdikləri dərman müalicələri 70 ildən artıq bir müddət ərzində demək olar ki, heç bir dəyişikliyə məruz qalmayıb; belə ki, bu dərmanların hər biri beyində eyni mexanizm vasitəsilə təsir göstərir və eyni çatışmazlıqlara, eləcə də məhdudiyyətlərə malikdir. Bu vəziyyətin təcrübədə özünü necə büruzə verdiyini tam anlamaq üçün Qaretin nümunəsinə nəzər salın.

Ailəsi Cənubi Uelsdəki psixoz mərkəzimizə ilk dəfə müraciət edərkən Qaret iyirmi yaşına təzəcə girmişdi. O, sərbəst geyimli və diqqəti bir qədər dağınıq bir gənc idi. Ailəsi onun əvvəlcə dərslərdən geri qalmasından, ardınca isə ümumiyyətlə kollecə getməkdən imtina etməsindən ciddi şəkildə narahat olmuşdu. Qaret otağında təkbaşına daha çox vaxt keçirməyə başlamışdı və artıq dostları ilə görüşmürdü. Sonradan valideynləri, agentlər tərəfindən izlənməsinin qarşısını almaq üçün, divarlarını alminium təbəqə ilə üzlədiyini gördülər. Qaret onların həm özü, həm də ailəsi haqqında danışdıqlarını və onları qaçırmaq üçün planlar qurduqlarını eşitdiyini bildirirdi.

Qaretdə sayıqlamalar (yanlış inanclar) və hallüsinasiyalar (yanlış qavrayışlar, o cümlədən səslər eşitmək) daxil olmaqla, psixozun səciyyəvi simptomları özünü büruzə verirdi. Nəticə etibarilə, ona sosial təcrid və düşüncə qabiliyyətinin pozulması kimi digər əlamətlərlə müşayiət olunan psixotik simptomların xarakterik olduğu şizofreniya diaqnozu təyin edildi. Xəstəlikdən əziyyət çəkən şəxslərin getdikcə daha çox özünə qapanaraq cəmiyyətdən təcrid olunması onların iş və sosial həyatlarına birbaşa təsir göstərdiyindən, bu simptomlar fəaliyyət qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.

İlkin psixoz mütəxəssisləri Qaretə psixotik simptomlarının müalicəsi məqsədilə antipsixotik preparatlar təklif etdilər. Beyindəki o 70 illik tanış təsir mexanizminə əsaslanan bu müalicə Qaretin psixotik simptomlarının azaldılmasında səmərəli oldu. Amma müalicə onun insanlardan uzaqlaşması kimi digər problemlərinə kömək etmədi. Vəziyyəti daha da qəlizləşdirən isə o idi ki, bu növ preparatların qəbulu zamanı tez-tez müşahidə edildiyi kimi, Qaretdə ciddi çəki artımı və hormonal dəyişikliklər kimi ağır yan təsirlər özünü büruzə verdi.

Qaretə verilən növ antipsixotik dərmanlar ilk dəfə 1950-ci illərdə kəşf edilmişdir. Bu dərmanlar əvvəlcə allergiya əleyhinə olan antihistaminlərdən düzəldilmişdi. Həkimlər əvvəl bu dərmanların xəstələri əməliyyatdan qabaq sakitləşdirdiyini gördülər, sonra isə daha maraqlı bir şeyi – onların sayıqlama və hallüsinasiya kimi psixoz əlamətlərini də azaltdığını başa düşdülər. Bu kəşf, psixiatriya xəstəxanalarında uzun müddət həbs (stasionar saxlanılma) şəraitində qalan xəstələrin sayının azalmasına verdiyi töhfə də daxil olmaqla, ümumilikdə tibb sahəsində böyük və müsbət dəyişikliklərə yol açdı.

“Dofaminin qarşısını alan antipsixotik dərmanlar nə insanın cəmiyyətdən uzaqlaşmasını dayandırır, nə də onun düşünmə qabiliyyətinə kömək edir”.

Sonradan məlum oldu ki, antipsixotik preparatlar beyindəki dopamin adlı kimyəvi maddənin müəyyən bir qrup reseptorlarını bloklayaraq təsir göstərir. İndiyədək məlum olan bütün antipsixotiklər beyində həm mükafatlandırma, həm də assosiativ öyrənmə proseslərində iştirak edən bir sistem olan dopamin yolu siqnallarını dəyişdirməyin eyni fundamental mexanizmi vasitəsilə təsir göstəriblər. Dofaminin qarşısını alan bu dərmanlar sayıqlama və hallüsinasiya kimi ağır psixoz əlamətlərini azaltmaqda çox təsirlidir.


Lakin bu dofamini bloklayan antipsixotik dərmanların həm də ciddi məhdudiyyətləri var. Qaret”in timsalında şahid olduğumuz kimi, bu dərmanlar nə şizofreniyada rast gəlinən və bəzən “neqativ simptomlar” kimi xarakterizə edilən sosial qapanmaya, nə də idrak proseslərindəki axsamalara hər hansı müsbət təsir göstərir. Bundan əlavə, həmin preparatlar kəskin yan təsirlərin yaranmasına yol açır. İlkin dövrlərdə tətbiq olunan müalicə üsullarının “Parkinson” xəstəliyinə xas əzələ sərtliyi və digər qeyri-adi hərəkət pozuntularına yol açdığı müəyyən edilmişdi. 1990-cı illərdə isə bu cür hərəkət məhdudiyyətləri yaratma riski daha aşağı olan yeni nəsil dofamin blokatorları istifadəyə verildi. Təəssüf ki, bu preparatlar da Qaretin üzləşdiyi problemlərdən — kəskin çəki artımından, həmçinin qandakı piy və şəkər balansının pozulmasına yol açan ağır yan təsirlərdən azad deyildi.

Mən bu yan təsirlərin pasiyentlərimin həyatına necə mənfi təsir etdiyinin şəxsən şahidi olmuşam. Çox vaxt xəstələrin bu dərmanları uzun müddət içmək istəməməsi tamamilə normaldır, lakin bu, xəstəliyin qayıtması riskini çoxaldır.

Psixiatriya sahəsi şizofreniya kimi psixotik pozuntuların müalicəsində daha genişmiqyaslı səmərə verən və yan təsirləri minimuma endirən yeni üsulların tətbiqinə böyük ehtiyac duyur. Bununla belə, həm beynin hədsiz mürəkkəb quruluşu, həm də şizofreniyaya yol açan səbəblərin hələ də tam dərk edilməməsi bu istiqamətdəki tərəqqini ləngidir. Vəzifə o qədər çətin olub ki, iri əczaçılıq şirkətləri psixi sağlamlıq sahəsini böyük ölçüdə tərk edərək təbabətin daha asan idarə olunan və gəlirli sahələrinə yönəliblər. Yaranmış bu vəziyyət həm xəstələr və onların ailə üzvləri, həm də tibbi heyət üçün olduqca məyusedici bir mənzərə ortaya çıxarıb.

Məhz bu səbəbdən, tamamilə fərqli bir fəaliyyət mexanizminə söykənən yeni nəsil antipsixotik preparatın ərsəyə gəlməsi və artıq pasiyentlərin istifadəsinə verilməsi məni olduqca həyəcanlandırır. Bu müalicə dofamin sistemini hədəf almır, əvəzində beyindəki digər bir kimyəvi sistemin – geniş spektrli neyromodulyator funksiyalara malik (yəni digər beyin sistemlərinin həssaslığına təsir göstərən) xolinergik sistemin – siqnallarını tənzimləyir.

Xolinergik sistem nəinki şizofreniya, uzun müddətdir ki, məhz Altsheymer xəstəliyinin müalicəsində əsas hədəf kimi diqqət mərkəzindədir. Xolinergik siqnal ötürülməsinin zəifləməsi Altsheymer xəstəliyinə xas olan bir xüsusiyyətdir və bu halın yaddaş itkisi ilə yanaşı digər idrak pozuntularına da rəvac verdiyi qəbul edilir. Məhz bu amili nəzərə alan tədqiqatçılar xolinergik siqnalları stimullaşdırmaq məqsədilə, aralarında Ksanomelinin də olduğu müxtəlif preparatlar ərsəyə gətiriblər.

“O, Ksanomelinin mənfi təsirlərini azaltmaq üçün onu başqa bir maddə ilə birlikdə istifadə etmək fikrini irəli sürdü”.

1990-cı illərdə Altsheymer xəstəliyindən əziyyət çəkən şəxslər arasında Ksanomelin preparatı ilə aparılan genişmiqyaslı kliniki sınaqlar yaddaş və idrak funksiyalarında cüzi yaxşılaşma olduğunu üzə çıxardı. Lakin 1950-ci illərdə antipsixotiklərin kəşfi zamanı yaşanan təsadüflərə bənzər şəkildə, bu dəfə də tədqiqatçılar Ksanomelinin Altsheymer xəstələrində tez-tez müşahidə olunan psixotik və davranış pozuntuları üzərində daha kəskin və gözlənilməz müsbət təsirini müşahidə etdilər.

Tədqiqatçılar növbəti mərhələdə şizofreniyadan əziyyət çəkən 20 nəfər üzərində Ksanomelinin sınaqlarını keçirdilər və sevindirici haldır ki, nəticələr bu preparatın həmin xəstə qrupunda da psixozun müalicəsində effektiv ola biləcəyini göstərdi. Buna baxmayaraq, preparatın yol açdığı kəskin ürəkbulanma, qusma və huşun itməsi kimi yan təsirlər həm Altsheymer, həm də şizofreniya sahəsindəki irəliləyişlərin qarşısını kəsdi. Pasiyentlərin əksəriyyəti bu dərmanı qəbul etməyə sadəcə dözə bilmirdi.

Aradan bir neçə il keçdikdən sonra, psixiatriya sahəsində ixtisaslaşmış Karuna biotexnoloji startapının əməkdaşı, alim Endryu Miller Ksanomelin preparatını yenidən gündəmə gətirdi. Əslində ixtisasca mühəndis olan və psixiatriya və ya neyrologiya sahəsində hər hansı akademik bazası olmayan Miller, qarşıya qoyulan vəzifənin icrasına özünəməxsus analitik təfəkkürlə yanaşdı.

Psixoz tipli pozuntuların müalicəsində yeni və ümidverici mexanizmlər tapmaq tapşırığını öhdəsinə götürən mütəxəssis, Ksanomelin preparatının imkanlarını yenidən dəyərləndirdi. O, bu preparatın yol açdığı yan təsirləri minimuma endirmək məqsədilə, onu ikinci bir komponentlə kombinasiya etmək ideyasını irəli sürdü.

Bir çox fərqli dərman qarışıqlarını yoxladıqdan sonra, Miller və yoldaşları Trospium adlı maddəni tapdılar. Bu maddə Ksanomelinin tam əksinə işləyir, amma yalnız bədəndə təsirli olur, beyinə keçmir. Millerin irəli sürdüyü modelə görə, “Ksanomelin-Trospium” kombinasiyası beyinə nüfuz edərək psixozun müalicəsində Ksanomelinin müsbət xüsusiyyətlərini qoruyub saxlayacaq, Trospium isə kənar orqanlardakı mənfi təsirləri bloklayaraq yan təsirləri minimuma endirəcəkdi.

Bu innovativ yanaşmanı elmi ictimaiyyətə qəbul etdirmək Miller və Karuna komandası üçün heç də asan olmadı. Buna baxmayaraq, Böyük Britaniyanın “Uellkom Trast” fondunun dəstəyi sayəsində onlar 2021-ci ildə (əvvəlcə “KarXT” adı ilə tanınan) kombinə edilmiş preparatın təhlükəsizliyini, daha önəmlisi isə pasiyentlərin bu müalicəyə Ksanomelinin təkbaşına tətbiqi ilə müqayisədə daha asan uyğunlaşdıqlarını sübuta yetirdilər. Millerin fərziyyəsi özünü doğruldurmuş kimi görünürdü, lakin KarXT hələ də şizofreniyalı pasiyentlər üzərində sınaqdan keçirilməli idi.

Daha sonra “Karuna” şirkəti şizofreniya diaqnozu qoyulmuş pasiyentlər üzərində “KarXT”nin  bir neçə genişmiqyaslı kliniki sınaqlarını həyata keçirmək üçün maliyyə dəstəyi qazandı. Bu tədqiqatlar psixotik simptomların azaldılmasında stabil və müsbət nəticələr ortaya qoydu. Heyrətamizdir ki, əvvəlki nəsil antipsixotiklərdən fərqli olaraq, “KarXT”nin şizofreniyanın sosial qapanma kimi neqativ simptomlarını aradan qaldırdığı, hətta idrak qabiliyyətinə müsbət təsir göstərdiyi sübuta yetirildi.

Lakin bəlkə də hər şeydən daha çox diqqətəlayiq olanı “KarXT”nin hərəkət dəyişiklikləri və çəki artımı kimi köhnə antipsixotikləri kölgədə qoyan yan təsirlərin heç biri ilə əlaqəli olmaması idi. “KarXT”nin özünəməxsus yan təsirləri arasında ən çox ürəkbulanma müşahidə edilsə də, sınaqlarda iştirak edən pasiyentlərin əksəriyyəti bunun dözülən olduğunu və zamanla azaldığını bildirdilər; üstəlik, dərmandan imtina dərəcəsi “plasebo” qrupu ilə eyni səviyyədə qaldı.

Həmin dövrdən etibarən proseslər sürətlə irəliləməyə başladı. Əldə olunan nəticələrə əsaslanan Karuna şirkəti ABŞ-ın “Qida və Dərman Administrasiyasına” (“FDA”) yeni preparatın qeydiyyatı üçün müraciət ünvanladı. 2024-cü ildə Karuna nəhəng əczaçılıq korporasiyası “Bristol Myers Squibb” tərəfindən alındı və elə həmin il “FDA” “KarXT”nin  şizofreniya müalicəsində tətbiqini rəsmən təsdiqlədi. “KarXT” artıq “Cobenfy” adı ilə satışa çıxarılıb.

Ümid edirik ki, yaxın zamanlarda bu dərman başqa ölkələrdə də icazə alacaq. Nəticə etibarilə, onilliklər ərzində ilk dəfə olaraq, şizofreniyalı insanları müalicə edən mənim kimi psixiatrlar pasiyentlərə yeni bioloji mexanizm əsasında fəaliyyət göstərən bir müalicə üsulu təklif etmək imkanı qazanacaqlar.

Həkimlərin və pasiyentlərin şizofreniya müalicəsində Cobenfydən nə vaxt istifadə edəcəklərinə qərar vermələri üçün zamana ehtiyac olacaq. Bir çox sual hələ də cavabsız qalır: məsələn, Cobenfynin uzunmüddətli dövrdə nə dərəcədə effektiv olduğu; hələ müəyyən edilməmiş hər hansı digər yan təsirlərinin olub-olmaması; və Cobenfynin bipolyar pozuntu kimi digər psixi sağlamlıq vəziyyətlərində faydalı olub-olmayacağı. Lakin inanıram ki, bu, psixiatriyada əlamətdar bir məqamdır – bu qədər ildən sonra ilk dəfə olaraq, psixozun müalicəsi üçün fundamental şəkildə yeni təsir mexanizminə malik bir dərman əldə edilmişdir.

Bu inkişafın, şizofreniya kimi xəstəliklərin müalicəsinə ayrılan investisiyaların artırılması da daxil olmaqla, bir çox müsbət nəticələrə yol açacağına ümid bəsləyirəm. Lakin ən önəmlisi odur ki, bir mütəxəssis kimi, Qaret və onun timsalındakı xəstələrə daha az yan təsir vəd edən, onlara daha dolğun və mənalı bir ömür sürmək imkanı tanıyan yeni bir preparatı təqdim edə bildiyim üçün böyük məmnuniyyət duyuram.

Ziddiyyətlər və bildirişlər

Ceremi Holl “Cobenfy” preparatının sahibi olan “Bristol Myers Squibb” korporasiyasının ödənişli məsləhət şurasının üzvü olmuşdur. Bununla belə, o, sözügedən şirkətin səhmdarı deyil və orada hər hansı cari maliyyə marağı mövcud deyil. Məqalədə təsvir olunan psixozdan əziyyət çəkən şəxs isə real deyil, bədiiləşdirilmiş bir obrazdır.

mənbə: psyche
İngilis dilindən tərcümə etdi: İbrahim Aziz

Paradiqma

Paradiqma