Məmləkətdən, yetim qalan həqiqətdən

Məmləkətdən, yetim qalan həqiqətdən

Paradiqma azərbaycanlı şair Zaman Piriyevin şeirlərini təqdim edir.

Utanıram

Ətəyimə daş yığıram.
Utanc daşı.
Məzlumların göz yaşından
suvarılan ağacların kölgəsində
təsbehimi çevirirəm,
zikr deyə.
Bu günümə şükür deyib,
İçi qanlı ovucumla
üz-gözümü məsh edirəm.
Şükür deyə.
Hər tokülən damla qanda,
əllərimin susqunluğu,
ürəyimin soyuqluğu şərikdirsə,
sütrə tutub yönəldiyim ağaclardan
dar ağacı qurulubsa,
həqiqəti şarlatanlar asıblarsa
təsbehimin ipindən,
utanıram özümdən.

Öləziyən atəşimi körükləmir qəzəblərim.
Üsyan etmir əsəblərim.
Yerdə kiçik “allahların” savaşında,
qurban gedir bəşəriyyət,
Böyük Allah adına.
Çatır-çatır məmləkətlər yanır hər gün.
Bu atəşin istisində qızınırsa,
şeytanların buz tək soyuq baxışları.
Utanıram özümdən.

“Sus” deyirsə, vicdanıma dilim, ölüb!
“Kəs” deyirsə, həqiqətin pöhrələyən
qollarını,
əlim ölüb!
Bu ölülər məmləkəti dirisinə məzar olub,
birisinə bazar olub,
alıb satır ölüsünü, dirisini,
Qibtə edib dirilərə yaşayıram ölü kimi.
Məmləkətdən, yetim qalan həqiqətdən,
Ölülərdən, dirilərdən utanıram.

Sırayla düzülüb qara kölgələr,
Hər yerdən zülmətin qoxusu gəlir.
Minbərdə heykəl var, tüstüsüz oddan,
Danışır cənnətin ağaclarından.
Şeytanın oradan qovulmağından.
Ağzından od çıxır, yandırır məni.
Lap utandırır məni.
Utanıram…

Mürgüləyən şəhər

Mürgülüyən şəhərə keşik çəkir gözlərim.
İşıqlar sönür bir-bir,
qaranlığa gömülür sızıldayan yaralar.
İşıldaböcək kimi gəzir damarlarımda
son gedişin ağrısı.
Yatağım səliqəsiz.
Xəyallarım qarışıq.
Bu gecənin sancısı qəfil tutub, İlahi!
Pəncərələr kilidli,
dəmir barmaqlıqların içində əzab çəkir.
İntihara cəhd edir.
Ayrılıq acısını gecə çəkir başına.
Əvvəl gözləri ölür.
Sonra soyuq əlləri boşalıb düşür yana.
İki damla yaş kimi süzülür pəncərəmdən
gecənin göz yaşları.
Səadətin yolunda daş qoyulub, qara daş.
Ya bu elçi daşıdır,
ya baş daşı, bilmirəm.
May ayıdır,
sevgimin ayaqları üşüyür.
Sığınır gələcəyə.
Orda hələ duman var,
boy atmayan güman var.
Keçmişə dönüb baxır,
Ağlayır siluetlər.
Bu gecənin sahibi!
Təkcə odur xəbərdar.
Demək hələ ümid var.

Anti-poeziya ünsürü

Həyat gözləntidir,
beşikdən qəbrə kimi.
Ən sonuncu səbrə kimi
dişini sıxmaqdır.
İlmə-ilmə hördüyün,
dünya gözüylə gördüyün.
arzulardan qurduğun
son yuvanı yıxmaqdır.
Öz acığına sarılmaqdır yalana.
Öz acığına ölənlərin ruhuna
badə qaldırmaqdır.
Badə nə badə?
Nəbadə öləsən haa!
Mənim ruhani şeirim!
Səni dəfn etməyə gəlməz
nə bir molla, nə keşiş.
Çalış ki, aparatdan
son göstəriş gəlməmiş
get, gir torpaq altına.
Həyat budur da..!

Dostum!
Sən arada proletar şairləri oxu!
Görəcəksən bu günkü yalanların çoxu
o zaman həqiqət imiş.
Yəni o gün doğru,
bu gün yalan.
Bir az da sən faydalan.
Həyat budur da..!

Üz maskası edən qadından,
maskalanmış kişi daha
seksidir.
Həə, bəs nə bilmişdin?!
O gün “Kapital”, bu gün “Din”
çörək ağacıdır,
bir azca acıdır, neynək.
Əsas odur əlində
daş kimi arqument var.
Burda incə moment var!
Tutsan onu, yaşadın.
Köhnə qurdlar, təzə qurdlar,
Bir azca baməzə qurdlar
kef eləyir şəhərdə.
Tarix budur e, student qərdeş!

Həyat gözləntidir deyən
neçə şair yaşayır?
O zaman məni də yaz
ölülər cərgəsinə.
Yaz, mirzə, yaz!
Bu şair bir vaxtlar
bu şəhərdə darıxıb
sevdiyi adam üçün.
Sonra darıxmaqdan ölüb.
Darıxmaqdan ölən
neçə şair yaşayır
ədəbiyyat portalında?

Bu binanın dalında,
balaca bir dükan var.
Gir ordan soruş, barı,
nisyə dəftərlərində
kimsəsiz məzarların
neçə çörək borcu var?
Sil hamısın, sil başdan.
Al pendirdən, lavaşdan
apar qəbir üstünə.
Axtar dəqiq “google”da
“Həyat gözləntidir” deyən
şairin məzarını.
Denən, şair gözləmə!
Al ye, pendir, lavaşdan,
amma bir az yavaşdan
ağla, kirisin dərdin.

Kaş ki, sən də görərdin,
bu şəhərdə acların
mitinqi var sabaha.
Psevdo millətçilər,
virtual qeybətçilər
danışacaqlar yəqin,
ürəyində bir daha.
Ən yaxşısı sən uyu!
Ölülər yaxşı duyur
dirilərdən min dəfə.
Gələrəm danışarsan
mənə olub bitəni.
Sonuncu yarmarkada
neçəyə satdılar, bəs
bu zavallı vətəni.

Paradiqma

Paradiqma