Paradiqma xəbər verir ki, Amerikalı repçi və musiqi prodüseri Snup Doqqun həyat və yaradıcılıq yolundan bəhs edən bioqrafik film hazırlanır.
Universal Pictures tərəfindən ərsəyə gətiriləcək ekran işi “Snoop” adlanır. Filmin rejissoru “Hustle & Flow” və “Dolemite Is My Name” kimi ekran işlərinə imza atan Kreyq Brüer olacaq. Snup Doqq obrazını isə “Outer Banks” serialı ilə tanınan aktyor Conatan Devis canlandıracaq.
Layihənin aktyor heyətinə daha bir mühüm ad əlavə olunub. Myles Bullock Be filmdə məşhur prodüser və repçi Dr. Dreobrazını oynayacaq. Dr. Dre Snup Doqqun musiqi karyerasının formalaşmasında mühüm rol oynayan şəxslərdən biridir.
Onların əməkdaşlığı Snup Doqqun 1990-cı illərin əvvəllərində hip-hop səhnəsində tanınmağa başlamasında xüsusi əhəmiyyət daşıyıb. Filmdə bu münasibətin və əməkdaşlığın sənətçinin karyerasına təsiri də əsas mövzulardan biri olacaq.
Ekran işinin Snup Doqqun Kaliforniyanın Lonq-Biç şəhərindəki ilk illərindən başlayaraq musiqi dünyasında yüksəlişinə və sonrakı fəaliyyətinə qədər uzanan həyat hekayəsini əhatə etməsi gözlənilir. Filmdə sənətçinin musiqi kataloqundan da istifadə olunacaq.
“Snoop” Universal Pictures-in musiqi dünyasının məşhur simaları haqqında hazırladığı layihələr xəttinin növbəti nümunəsidir. Filmin prodüserləri arasında Snup Doqq, “Imagine Entertainment” şirkətindən Brayan Qreyzer və “Death Row Pictures”ın rəhbəri Sara Ramaker də yer alır.
Filmin 6 avqust 2027-ci ildə kinoteatrlarda nümayişə çıxarılması planlaşdırılır.
