Roman adı altında əhvalatçılıq: Nəsrimizdə janr sərhədləri necə itir?

Roman adı altında əhvalatçılıq: Nəsrimizdə janr sərhədləri necə itir?

Paradiqma Cavid Ramazanovun “Folklor və modern arasında” yazısını təqdim edir.




Azərbaycan nəsrində, dəqiqləşdirsək, romançılıqda folklor damarı həmişə güclü olub. Cəmiyyət kimi modernizasiya mərhələsi keçmədiyimizdən xalq yaradıcılığına məxsus elementlər ədəbi estetikada özünə möhkəm yer edib.



Romançılıqdan danışırıqsa, ənənədə özünü folklor elementi kimi göstərən əsas nüans əhvalatçılıqdır. Əslində romançılıqla əhvalatçılıq tamam fərqli janrlardır, sadəcə müəyyən şərtlər yerli yazıçıların romançılıq adıyla əhvalatçılığa aludə olmasına gətirib çıxarıb.

Əhvalatçılıq nədir və romançılıqdan nə ilə fərqlənir? Roman adıyla əhvalatçılıq niyə problemlidir? Gəlin aydınlaşdırmağa çalışaq.

Əhvalatçılıq və romançılıq

Xalq yaradıcılığında əhvalatçılığın mahiyyəti bundan ibarətdir ki, dünyagörmüş bir adam həyatda başına gələnləri, gördüklərini, eşitdiklərini dinləyicilərinə çatdırır. Əsasən iki məqsədlə: əyləncə, yaxud ibrət dərsi üçün. Əhvalatı hamı danışa bilər, bəli – əsl əhvalatçının fərqi isə üslubunun koloritindədir. Bu kolorit onun söhbətlərinə duz-məzə qatır.

Əhvalatçılıq tarixən kənd-kəsəkdə özünə daha çox yer tapıb. Adamlar əkin-biçin işlərini görüb qurtardıqdan sonra yığışıblar əhvalatçının başına. Şəhərdə sakinlər əsasən təcrid halında yaşadıqlarından əhvalatçılıq burada geniş qol-qanad aça bilməzdi. Şəhərləşmə prosesi başqa bir ədəbi janrın  – romançılığın ortaya çıxmasıyla nəticələnib, romanı təcrid halında oxumaq mümkündür, ona görə.

Romanla əhvalatın təməl fərqi bununla yekunlaşmır. Əhvalata şifahi ton hakim olur, romana yazılı; əhvalat forma və struktura o qədər də əhəmiyyət vermir; obrazların davranışlarının psixoloji həllini açmır. Bunlar romanın öhdəlikləridir. Modern roman cəmiyyətin keçdiyi industrial və texnoloji mürəkkəbliyi öz strukturunda, formasında, eləcə də mövzularında əks etdirir. Bu proseslər müəyyən insan xarakterləri yaratdığından onun ümdə vəzifələrindən biri bu xarakterlərin psixologiyasını açmaqdır. Əhvalatda təsvirsiz, yüyrək dil şərtdir, necə deyərlər, nağıl dili yüyrək olar. Struktur və forma mürəkkəbliyi isə romanın dil və üslubunun da mürəkkəbliyinə gətirib çıxarır.

Və nəhayət, əhvalatçı ilə romançının həyat tərzləri də bir-birindən seçilir: əhvalatçı xalq arasında xeyir-şər adamı olduğu halda, romançı fərddir.

Şəhər romanı, kənd romanı

Urbanizasiya yolu keçmiş istənilən cəmiyyətdə əhvalatçılıq ənənəsi ya tarixə qarışıb, ya qarışmaqdadır. Əhvalatçılığın mahiyyəti barədə yazılmış fundamental əsərlərdən biri olan “Əhvalatçı” (The Storyteller) essesində Valter Benyamin də əhvalatçılığın məhz şəhərləşmə və romanın yüksəlişi ilə tənəzzülə başladığını qeyd edir.

Modern cəmiyyətlərdə bu anlayışlar çoxdan oturuşub. Bu gün əgər sən nəsr yolu keçmiş bir cəmiyyətdə roman adıyla əhvalatçılıqla məşğul olsan, o dəqiqə deyəcəklər ki, əhvalatçısan. Bir yazıçı folklor əhvalatını götürüb roman janrının standartlarında işləyə bilər, sintez romançılıqda geniş yayılmış praktikadır, düzdür – amma söhbət roman qəlibi içində əhvalatçılıqdan gedir, eksperimentdən yox.

Bizdə indiyəcən bu meyarlar arasında konkret bir bölgü aparılmayıb. Ən azından mən hansısa ciddi mətnə rast gəlməmişəm. Kimsə havaxtsa şəhər romanı və kənd romanı adlı bir bölgü ortaya atıb. Belə qərara gəlinib ki, kənddən bəhs edən romanlar kənd romanlarıdır, şəhərdən bəhs edən romanlar isə şəhər romanları. Hərçənd biz təcrübədən bilirik ki, şəhərdən bəhs edən romanlar kənd estetikası və əhvalatçılıq üzərində qurula bilir, bu mətnlərdə şəhər ruhunu duymaq mümkünsüzdür.

Bizim qələm adamlarının roman adıyla əhvalatçılıq meylinə gəldikdə, zənnimcə, bunun bir neçə anlaşılan səbəbi var.

Birincisi odur ki, bizdə ədəbiyyatşünaslıq elmi istənilən səviyyədə deyil. Tənqidçilərin əksəriyyəti psevdo-sovet akademizmindən çıxmadıqlarından əsərləri lazımi meyarlar əsasında qiymətləndirə bilmirlər. Üstəlik, roman nəzəriyyəsi ilə bağlı tərcümə işi ürəkaçan səviyyədə deyil. Nəticədə bir çox qələm adamları kortəbii surətdə roman yazmağa girişir, əslində isə əhvalatçılıqla məşğul olurlar.

İkincisi, əksər azərbaycanlı qələm adamları şəhər sakini olsalar da, modern həyat tərzi yaşamırlar. Onlar fərddən daha çox icma adamlarıdır. Modern fərd deyilsənsə, modern roman yazmaq bir xeyli çətinləşir.

Üçüncüsü, icma düşüncəsi qələm adamlarını bir-birlərinin əsərləri haqqında obyektiv qiymət verməkdən çəkindirir. Onlar bunu dostluğa, yoldaşlığa, icma qanunlarına zidd hesab edirlər. Mətn yaxşı da, pis də olsa, tərifi özlərinə borc bilirlər.

Bütün bu amillərin üst-üstə gəlməsi isə bizdə modern ədəbiyyatın üzə çıxmasını ləngidir.

Burda bir məsələni bir daha vurğulayım: əhvalat yazmaqda əslində, qəbahətli heç nə yoxdur, sadəcə bizdə bu istiqamətdə yazan müəlliflər əksərən modern romanla əhvalatçılığın sərhədlərini fərqləndirə bilmirlər. Hələ üstəlik bilib-bilmədən əhvalatçılıq elementlərini modern nəsrin meyarları kimi təbliğ etməyə girişirlər. Problemli olan cəhət budur.

Yeri gəlmişkən, yazıçı Seymur Baycan bu yaxınlarda çıxan “Xarakter olmayanda” adlı yazısında məndən təkidlə onun “18.6” əsərini modern roman nöqteyi-nəzərindən qiymətləndirməyimi istəmişdi. Bu, əslində yaxşı fikirdir, çünki Seymur Baycanın nəsr yaradıcılığı əhvalatçılığın miqyasını ölçmək üçün ideal müstəvi ola bilər.

Əhvalatlar toplusu

Seymurun iki əsas romanı var: “18.6” və “Quqark”. Hər iki əsərdə özünü bariz göstərən təzahürlər hansılardır? Gəlin yaxından baxaq.

Həm “18.6”-da, həm “Quqark”-da ənənəvi modern romana xas struktur və forma nəzərə çarpmır, subsujet xətləri yoxdur, üstəgəl, müəllif qəhrəmanların psixoloji inkişaf xəttinə (emotional arc) diqqət yetirmir. Beləcə, əsərlər kompozisiya cəhətdən xeyli kasad görünür. Özünəxas keyfiyyət isə təsvirsiz, yüyrək dil və duzlu-məzəli əhvalatlardır.

“18.6”-da qəhrəman bir kafedə içi turşuyla doldurulmuş qızartma qazla araq içir, gülməli bir əhvalata şahid olur; başqa bir səhnədə balıq kababıyla çaxır içir, əcaib bir əhvalatın içinə düşür; növbətisində püre-kotlet yeyib paxlavayla çay içir, yeniyetməliyindəki sentimental bir əhvalatı yadına salır.

“Quqark” romanında qəhrəman meşədə uzanır və başına gəlmiş maraqlı əhvalatları bir-bir xatırlamağa başlayır. Kitabın əhəmiyyətli qismində qəhrəman bir əhvalatdan o birinə keçidi belə edir: mən meşədə uzanmışdım, filan əhvalat yadıma düşdü.

Hər iki romanda qəhrəman müxtəlif zümrələrə, millətlərə, irqlərə mənsub insanların arasındadır; məclislərdə kef-damaq çəkir; bir macəradan o biri macəraya atlanır. Beləcə o, başına gələn saysız-hesabsız əhvalatları bir-birinin ardınca düzüb danışır.

Hər iki romanın baş qəhrəmanları hazırlıqlı oxucu üçün tanış gəlməlidir. “18.6”-nın qəhrəmanı Henri Miller tipini, “Quqark”ın qəhrəmanı isə “лишний человек”i (artıq adam) xatırladır.

1930-larda parlamış amerikalı yazıçı Henri Millerin yaradıcılığı ədəbiyyatın hədsiz elitar olduğu dövrə tuş gəlib. Əvvəlcə ədəbsiz damğasıyla qəbul olunmayıb. Sonradan Qərb cəmiyyətində fərdi azadlıqların genişlənməsi və andeqround mədəniyyətinin yüksəlişi ilə öz təsdiqini tapıb.

Miller intellektual idi, mövzularının və üslubunun arxasında özünəməxsus  ədəbi-estetik interpretasiya dayanırdı. Onun qəhrəmanı sistemə və ictimai normalara meydan oxuyan asi intellektualdır. “Xərçəng tropiki” romanında qəhrəman məsələn, cibində beş qəpik olmayan sərgərdan yazıçıdır, bütün gün yazır, yazmadığı vaxtlarda isə şəhərə düşüb havayı içki və əyləncə axtarır. “18.6”-da “Xərçəng tropiki”ndəki Henri Miller gənc Seymur Baycana, Paris Bakıya çevrilib, sistemə və sosial normalara qarşı intellektual pritenziyalar isə yerli miqyasa keçib.

“Quqark”a gəldikdə, əsərin baş qəhrəmanı bu dəfə 19-cu əsr rus nəsrinin “лишний человек” tipidir. Artıq adamın mahiyyəti nədən ibarətdir? Bu qəhrəman tipi ağıllıdır, savadlıdır, həssasdır, böyük ideyaları var, amma düşüncə ilə əməl arasında ilişib qalıb. Rusiyada 19-cu əsrdə siyasi azadlıqlar və sağlam mühit olmadığından artıq adam öz potensialını reallaşdıra bilmirdi. Beləcə, o ya sinikləşir, ya mənasız eşq macərasına girişir, ya da dueldə ömrünü yelə verirdi. Seymur bu tipi romanına salıb, onun “лишний человек”i perspektivsiz eşq macərasına girişir, heç nə alınmır.

Seymur Baycan həm romanlarında, həm hekayələrində ordan-burdan çox obraz götürür, ancaq onları psixoloji inkişaf prosesindən keçirmir, nəticədə ya second-hand təsiri bağışlayırlar, ya da yağ kimi üzdə qalırlar. Seymur fəhmən bilir ki, qəhrəmanların taleyüklü qərarlarının arxasında hansısa psixoloji motiv dayanmalıdır. Bu psixoloji motivi o, əsasən hekayələrində absurd kimi görünən bir fəndlə ifadə edir. Məsələn, bir qəhrəman televizorda begemotun qulaqlarının balaca olduğunu görüb intihar edir; o biri pis xəbər alanda əliylə öz başını qoparır; başqası qəfildən bədbəxt limonsatan uşağı götürüb dənizə atır. Bu fəndi Seymur hardasa görüb, yaradıcılığında ucdantutma istifadə edir. Əslində isə bunun bir mənbəyi var.

Herodotun əhvalatı

Qəribə olsa da, fəndin mənbəyi Herodotun “Tarix” əsərinə gedib çıxır. Əsərdəki əhvalat Qərb ədəbiyyatşünaslığında tarixi fakt olmaqdan ziyadə ədəbi detal kimi qiymətlidir.

Herodot nəql edir ki, Fars hökmdarı Kambiz Misir fironu Psamtiki müharibədə məğlub edəndə onu sülaləsi ilə birgə əsir götürür. Ardınca fironu mənən sındırmaq üçün ailəsinin başına olmazın dəhşətlər gətirməyə başlayır. Əvvəlcə qızını meydana çıxarıb kəniz paltarında qulluqçuluğa məcbur edir. Misirlilər səhnəni görüb fəryad edirlər, firon başını aşağı salıb dinməzcə dayanır.

Sonra oğlunu edam kürsüsünə aparırlar. Gənc edam ediləndə misirlilər fəryad edir, firon yenə başını aşağı salıb dinməz dayanır.

Belə-belə sülaləsinin başına min cür fəlakət gətirirlər, firon sarsılmır, di gəl, növbə sarayındakı yaşlı qulluqçuya çatanda dözmür, başını yumruqlayaraq hönkürməyə başlayır.

Kambiz təəccüblə soruşur: Ailənə işgəncə veriləndə dik dayandın, əhəmiyyətsiz qulluqçuya görə özünü niyə həlak edirsən? Öz dərdim özümə bəs idi, – firon cavab verir: bu qocanın bədbəxtliyi məni yıxdı.  

Bu məqam niyə qiymətlidir? Ona görə ki, insan psixologiyası ziddiyyətlidir, bəzən biz böyük çətinliklərə sinə gərdiyimiz halda  əhəmiyyətsiz kimi görünən bir məsələdə dizlərimizi yerə qoya bilərik. Bu psixoloji motiv fənd kimi tətbiq ediləndə hekayəyə birəbeş güc qatır.

Herodotun əhvalatındakı fəndin ədəbiyyatdakı tətbiqi iki istiqamətdədir. Əgər o, əhvalat müstəvisində qalırsa, xarakterin psixoloji inkişafına diqqət yetirilmir, çünki əhvalat detallara girməyi özünə borc bilmir. Modern nəsrdə tətbiq ediləndə isə xarakterin psixoloji inkişafı açılmalıdır, əks təqdirdə, onun əhvalat dadında qalmaq riski var.

Seymur Baycan bu fənddən dediyim kimi nəsrində yeri gəldi-gəlmədi  istifadə edir, amma xarakterin psixoloji inkişafına nəzər yetirmir.

Eksperiment, yoxsa..?

“18.6” və “Quqark”a qayıtsaq, deməliyəm ki, mən bu əsərləri maraqla oxumuşam, amma modern roman keyfiyyətlərinə görə yox, duzlu-məzəli əhvalatlarına görə.

Kimsə deyə bilər ki, axı dünya ədəbiyyatında fraqmentar roman, anti-roman, bilərəkdən səthi qəhrəman, pastiş və intertekstuallıq kimi eksperimentlər var. Bəlkə Seymur yaradıcılığında belə eksperimentlərə əl atır? İnandırıcı deyil, ona görə ki, adi gözlə də Seymurun əsərlərində ağır nəzəri-eksperiment cəhdlərindənsə, fəhmə arxalanan yanaşma görürsən. Onun tənqidi məqalələri ilə tanış olan oxucular da əhvalatçılıq elementlərini prioritet kimi qoyduğuna şahid olacaqlar. Seymur səliqəli strukturlu, forma əsaslı nəsri sevmir – bunları ütülüdür deyib rədd edir.

Eksperimentallığı, üslub oyunlarını hoqqabazlıq sayır. Modern nəsrin qaldırdığı mövzuları isə surroqat hesab edir.

Məqalələrində nəinki bu meyarlarla əsər yazmaq cəhdlərinə, bu istiqamət üzrə mütaliə edənlərə belə müxtəlif epitetlərlə hücum çəkir. Məqalələrinə istinad etsək, Seymurun ədəbi mətnlərdə görmək istədikləri nələrdir? Təsvirsiz, yüyrək dil, koloritli əhvalatlar, bir də mövzu seçimi. Seymura görə, yazıçı mütləq başına gələn əhvalatları yazmalıdır, əsas məsələ həyat fakturasıdır. Çılpaq həyat materialına görə o, Nazlı Çələbinin mətnlərini, koloritinə görə isə “Cincilim” kitabını başqalarına nümunə göstərir.

Anlayışları qarışdırmaq

Ümumiləşdirsək, Seymur Baycanın romanlarında qabarıq əhvalatçılıq damarını, tənqidi məqalələrində isə əhvalatçılığın təbliğatını görürük.

Mənim gəldiyim qənaət budur ki, Seymur bunu bilərəkdən etmir. Sadəcə nəzəri biliklərin çatışmazlığı və hökm çıxarmağa tələsməsi ziddiyyətli qərarlar verməsinə gətirib çıxardır. Modern nəsrə iddia etdiyi halda əhvalatçılığa yuvarlanır.

Bizim ədəbi mühitdə təkcə o deyil, bir çoxları bu tələyə düşürlər.

Halbuki əhvalatçılığın öz yeri, romançılığın öz yeri var.

Anlayışları qarışdırmamalıyıq.

Cavid Ramazanov

Paradiqma

Paradiqma