İtirilmiş səmimiyyət – İbrahim Aziz

İtirilmiş səmimiyyət – İbrahim Aziz

Paradiqma İbrahim Azizin “İtirilmiş səmimiyyət” yazısını təqdim edir.

Mən burada müəyyən şeylər axtarıram. Əslində, hamımız nə isə axtarırıq və biz onun adını bəzən qoyur, bəzən isə qoymuruq. Bu, çox vaxt bilmədiyimiz bir şey, üstəlik, əskikliyini hiss etdiyimiz bir məfhum olur. Axtardığımız şeyləri isə məhz suallar verərək tapmaq ehtimalımız daha yüksəkdir.

Bu səmimiyyət məhz kiminlə yaranır? O, ailədən olan bir fərdləmi yaranır? Bəs ailə daxilindən olmayan şəxslərlə bu dinamika necə işləyir? Biz səmimiyyətin formalaşan bir fenomen olduğunun fərqindəyik. Biz bu prosesi necə seçirik və bunun reallıqda hansı əhəmiyyəti var? O, sanki tamamilə təsadüfi şəkildə yaranır. Bəs təsadüfi olmayan bir səmimiyyət forması necə ola bilər? Ümumiyyətlə, bu, ola bilərmi? Səmimiyyət kəlməsi, hətta öz adı ilə belə təsadüf düşüncəsinə zidd görünür.

Səmimiyyət struktur olaraq ikitərəfli bir mexanizmdir.Tərəflərdən sadəcə biri səmimi olduqda, bu hal öz mövcudluğunu nə qədər davam etdirə bilər? Səmimiyyəti hər hansı bir meyarla ölçmək qeyri-mümkündür. Lakin necə olur ki, kimlərsə daha səmimi olurlar? Bəlkə də, səmimiyyətin özü də fərdi bir hissdir. O da digər duyğular kimi, insandan insana malik olduğu güc və yaratdığı təsir baxımından dəyişiklik göstərir. 

Əgər bu doğrudan da belədirsə, onun təbiətindəki dəyişkənlik müəyyən dərəcədə başa düşüləndir. Lakin səmimiyyəti digər emosional göstəricilərdən fərqləndirən təməl faktoru müəyyən etmək mütləqdir. Biz münasibətlərimizdə, gerçək olduğunu düşündüyümüz və ya sadəcə inandığımız bütün əlaqələrdə ilk növbədə məhz onu axtarırıq.

Səmimiyyət dəyişərək ölürmü? O, sadəcə linqvistik bir yığımdan ibarət deyil. Lakin bu amil spesifik bir fərdə də aid edilmir, əslində, qarşılıqlı münasibətlər zəminində daha aydın şəkildə təzahür edir. Bizim hər kəsdə axtardığımız səmimiyyət eyni dərəcəyə malik deyil, o, heç eyni təbiətdən də deyil. Deməli, səmimiyyətin özü də fərqli növlərə təsnif edilə bilir. Onun hətta özünəməxsus bir iyerarxiyası da mövcud ola bilər. Lakin bu məqam mənim üçün heç bir əhəmiyyət kəsb etmir.

Səmimiyyət əslində necə yoxa çıxır? Yəqin ki, bu proses müəyyən mənada planlı şəkildə baş verir. Buna qarşımızdakının hərəkətlərimi təsir edir, yoxsa o, məhz öz addımlarımızın nəticəsində dəyişikliyə uğrayır? Mən düşünürəm… Axı hansımız səhv hərəkətlərə yol vermirik ki? Bəlkə də, səmimiyyətin meyarlarını dəyişən, yaxud da onun özəyini zədələyən məqamları dərk edib bir-birindən ayırmalıyıq.

Əgər biz səmimiyyəti itirə biliriksə, deməli, onu əlimizdən alan müəyyən qüvvələr mövcuddur. Onun məhz hansımızdan qoparılmasının əslində heç bir əhəmiyyəti yoxdur. Səmimiyyət öz təbiəti etibarilə mürəkkəbliyi sevmir. Daxilində bulanıqlıq gəzdirən hər bir şey gec-tez öz ziyanını çəkir. Bəs səmimi olmaq nə dərəcədə vacibdir və səmimiyyətin mövcud olmadığı bir zəmində dostluq, sevgi, yaxud da hər hansı başqa bir münasibət qurula bilərmi?

Biz keçmişdə yaşanmış səmimiyyətlərdən ötəri gileylənirik. Məgər mövcud zamana aid səmimiyyət faktoru daha az dəyərə malikdir? Zamanın səmimiyyətin dəyəri üzərində hər hansı bir təsiri ola bilərmi? Dəyərə malik olan məfhum özünün malik olduğu eyni gücü qoruyub saxlamağı necə bacarır? Səmimiyyət məhz bunun üçün yetərli ola bilər.

Səmimiyyət ya mövcuddur, ya da yoxdur, onun üçün hər hansı bir üçüncü halın ehtimalı belə yoxdur. Əslində səmimiyyət, başqa bir fərdə duyulan dəyərin üstüörtülü şəkildə təqdim edilməsi kimidir. Yəqin ki, səmimiyyətin özünün də, eynilə digər məfhumlar kimi, müəyyən bir ömrü var. O, əksəriyyətimizin daxilində insanın öz həyatından daha uzunömürlü olmur. Zamanla zəifləyən, yaxud da öz gücünü tamamilə itirən səmimiyyətə hansı adı vermək olar? Bəlkə də, bu yetimlik vəziyyəti məhz ona yaraşır. Əgər dəyişməkdə olan zaman və daim yenilənən dünya halı bizim səmimiyyətimizi dəyişir, yaxud da onu yox edirsə, bunun üzərinə bu qədər dərindən düşünməyin nə dərəcədə doğru olduğunu bilmirəm. Yenə də, düşünməyin özü olduqca gözəldir. Bu hiss, eynilə səmimiyyətin özü kimidir.

İbrahim Aziz

İbrahim Aziz