Paradiqma.az İbrahim Azizin Anadolu Universitetinin professoru, filosof və müasir rəqqas Demet Kurtoğlu Taşdelen ilə müsahibəsini təqdim edir.
Klassik tərifləri bir kənara qoysaq, fəlsəfə sizin üçün nə deməkdir? Hər kəs həyata və fəlsəfəyə öz pəncərəsindən baxır; bu baxımdan, öz həyatınızda fəlsəfənin yerini və vacibliyini ən yaxşı izah edən əsas amil nədir?
Fəlsəfə mənə həyatla münasibətlərimi dönə-dönə yenidən qurmağa imkan verən bir təfəkkür forması aşılayır. Bunun sayəsində bəzən əlimdəki mətni dərindən təhlil edir, bəzən etimoloji biliklərimi gücləndirərək kontekstə hakim olur, bəzən özümlə və digər insanlarla olan münasibətlərimə yenidən nəzər salmağın zəruriliyini dərk edir, bəzən isə hər hansı bir vəziyyətdəki problemi daha aydın şəkildə üzə çıxara bilirəm. Fəlsəfə bütün bunları və daha artığını həyata keçirməyimə zəmin yaradır.
Lakin bütün bunlardan daha çox, mən məhz fəlsəfə vasitəsilə mövcud olduğumu hiss etdiyim anları dəyərli sayıram. Mənim “Fəlsəfə ilə var olmaq” adlandırdığım bir tədris kursum mövcuddur. İllər öncə bu dərsin adını müəyyənləşdirərkən böyük həyəcan keçirdiyimi xatırlayıram. Fəlsəfə ilə var olduğumuzu dərindən hiss etdiyimiz dərslər təşkil edə bilməyi çox istəmişdim. Bu; özünəməxsus manifesti olan, nəzəriyyə ilə təcrübənin birləşdiyi, hətta təcrübənin daha ön planda olduğu, fəlsəfə sayəsində insanın daxili dəyişikliyini hədəf alan və mətnlərlə həyat arasında əlaqələr qurduğumuz bir dərsdir.
Mütaliə prosesindən əlavə, dərsin həyati əhəmiyyət kəsb edən tapşırıqları da mövcuddur. Mən istər magistr, istərsə də doktorluq dissertasiyamı hazırlayarkən daim fəlsəfə ilə həyatın vəhdət təşkil etdiyi mövzulara üstünlük vermişdim. Bu vəziyyətin həyatımdakı əhəmiyyətini dərk etməyimə məhz “Fəlsəfə ilə var olmaq” dərsi vəsilə oldu. Buna görə də illər ərzində yaşadığım təcrübələr mənə göstərdi ki, fəlsəfə ilə əlaqəmdəki ən vacib məqam bir filosofun artıq “fəlsəfə ilə varam” deyə biləcəyi səviyyəyə çatmasıdır. Əslində, bu dediklərimin performativ fəlsəfə haqqındakı fikirlərimlə nə qədər oxşar olduğunu yəqin ki hiss edirsiniz. Mən həmişə bu xətt üzrə, bu yolla düşünürəm; bu düşüncə tərzini təkcə nəzəriyyədə buraxmıram, hərəkətin, təcrübənin və yaşayışın içinə qataraq onu yaşatmağa çalışıram.

Sizin incəsənət dərslərinizdə iştirak etmiş və bu zövqlü təcrübədən bəhrələnmiş biri kimi, bu sualı ünvanlamağı özümə mənəvi borc hesab edirəm: İncəsənət və fəlsəfə arasındakı münasibət barədə nələri düşünürsünüz? Sizcə, bu qarşılıqlı əlaqənin bizdə bilavasitə oyatdığı hər hansı bir duyğu mövcuddurmu?
Bəli, pandemiya dövründə, xüsusən də evdə keçirdiyim vaxtdan daha səmərəli istifadə etmək məqsədilə hər kəs üçün açıq olan ödənişsiz onlayn dərslərə başlamışdım. Sonradan bu dərsləri vaxtaşırı keçməyə davam etdim. Sizinlə də elə həmin dərs qruplarının birində tanış olmuşduq. Həmin dərslərdə sənətlə fəlsəfə arasındakı əlaqəni başa düşməyə çalışırdıq. Mən bu əlaqə haqqında düşünməyi çox sevirəm, amma o əlaqəni canlı şəkildə yaşamaq mənim üçün tam başqa bir zövqdür. Performativ fəlsəfə də elə mənə bu imkanı verən bir sahədir.
Yəni, bu dərslərdə fəlsəfə ilə məşğul olduğumuz qədər, performans tipli işlər yaratdığımızı da görürəm. Elə buna görə də performativ fəlsəfəni həm fəlsəfəni, həm də sənəti bir yerdə yaşadığımız bir yol kimi qəbul edirəm. Axın, coşqu, yenilik, yaradıcılıq, manifest, keçid mərhələsi və hüdudların aşılması kimi məfhumlar bu mürəkkəb münasibətin məndə oyatdığı bilavasitə duyğulardır.
O biri tərəfdən, fəlsəfə ilə sənətin bir-birini inkişaf etdirdiyini görsək də, mən bu əlaqənin tarix boyu daha çox qeyri-bərabər şəkildə qurulduğunu düşünürəm: fəlsəfə sənəti həmişə nəzəriyyələr daxilinə salıb kənardan izah etməyə çalışıb, sənət isə öz yolunu təcrübə, hissiyyat və yaradıcılıq üzərində qurub. Elə bil sənətkar yaradıb, filosof isə yaradılanın nə olduğunu sorğulayıb onun üzərində bir növ ağalıq etmək istəyib (bax: Fransua Larüel).
Lakin mənə görə, bu kəskin fərq müasir dövrdə getdikcə qeyri-müəyyən xarakter alır. Fəlsəfə sadəcə nəzəriyyələr irəli sürən bir məşğuliyyət olmaqdan uzaqlaşaraq cismani, emosional və təcrübi proseslərlə vəhdət təşkil edən bir təfəkkür praktikasına çevrilir. Bu transformasiya nəticəsində fəlsəfə incəsənət barədə düşünməklə məhdudlaşmır, bəzən elə incəsənətin öz dili ilə düşünməyə başlayır. Beləliklə, incəsənət ilə fəlsəfə arasındakı münasibət artıq kənardan qurulan məsafəli bir əlaqə kimi deyil, bir-birini qarşılıqlı şəkildə dəyişdirən və müştərək fəaliyyət göstərən bir qarşılıqlı təsir müstəvisi kimi qəbul edilə bilər.
Təbii ki, mən performativ fəlsəfə sahəsi ilə illərdir yaxından məşğul olduğum üçün bu fikirləri irəli sürürəm, lakin bu məsələdə tək olmadığıma əminəm. Xüsusilə Merlo-Pontinin “bədən-subyekt” və “xiazm” (chiasm) konseptləri vasitəsilə bədən və dünya arasındakı fərqi aradan qaldıraraq qavrayışın mahiyyətini bu vəhdət daxilində nəzərdən keçirməyə başlaması, həmçinin Delözün “orqansız bədən” anlayışı ilə bədəni sabit bir subyekt statusundan çıxarıb onu axınların, oluşların və çoxluqların kəsişdiyi bir müstəvi kimi dəyərləndirməsi sayəsində, fəlsəfi təfəkkürdə bədənin həlledici rol oynadığı yeni sahələrin açıldığını və bunun fəlsəfə ilə məşğul olmaq metodlarına da sirayət etdiyini qeyd edə bilərik.
Hər iki filosofun sənətə təkcə araşdırılacaq bir mövzu kimi deyil, düşüncənin genişləndiyi bir sahə kimi baxması mənə görə fəlsəfə ilə sənət arasındakı sərhədləri içəridən dəyişdirir. Yeri gəlmişkən, sənətlə fəlsəfə arasındakı bu əlaqənin tarixini daha da uzaqlara aparmaq olar. Mən sadəcə müasir adlar vasitəsilə bu vəziyyətin necə aydın şəkildə üzə çıxdığını göstərmək istədim.

İnsanı bir fərd kimi formalaşdıran müəyyən qəliblər və xarakterik xüsusiyyətlər mövcuddur; bəs sizcə, insanı birbaşa izah edən bu xasiyyətlər dəyişə bilər? Bu dərketmə səviyyəsinə nail olmaq üçün fəlsəfi təfəkkür kifayət edirmi? Yaşadığı şərtlər əlverişli olmasa belə, insan yenə də müqavimət göstərməlidir?
Bu sualın cavabı fəlsəfi təfəkkür dedikdə nəyi nəzərdə tutduğumuzdan asılı olaraq fərqlənir. Əvvəlki suallardan birində fəlsəfə ilə olan münasibətimi şərh edərkən mən məhz transformasiya və dönüşüm məqamlarını vurğulamışdım. Əgər fəlsəfi düşünmək həqiqi bir təfəkkür prosesidirsə, o, fərddə mütləq müəyyən dəyişikliklərə səbəb olacaq. Mənim “Değme Noktası. Yaşama Dokunan Konuşmalar” adlı bir kitabım mövcuddur. Həmin kitabda yer alan məqalələrimdən biri “Anlamaq dönüşməkdir” adlanır. Mən məhz bu məqamı ifadə etmək istəyirəm. Yəni bir insan bir şeyi (bir mətni, bir hadisəni…) doğrudan da başa düşübsə, deməli, o artıq dəyişib.
Anlamaq deyəndə, təbii ki, söhbət təkcə kitablardan oxunan nəzəri biliklərdən getmir. Anlamağın müxtəlif üsulları və ya mərhələləri mövcud ola bilər. Bəzən məntiqlə düşünərək anlayırıq, bəzən hisslərimiz bizə yol göstərir, bəzən isə müşahidə və duyğularımız köməyimizə çatır. Anlamaq prosesi tək bir müstəviyə sığmayacaq qədər çoxşaxəlidir. İnsan həm özünü, həm də ətrafındakıları və həyatı başa düşməyə, onlara bir məna verməyə çalışırsa, deməli, o, artıq dəyişməyə və yenilənməyə başlamışdır.
Növbəti mərhələ isə məhz cəsarət amili ilə bağlıdır. Yəni bir insanın özünü inkişaf etdirməsinə mane olan bəzi xüsusiyyətləri varsa və o, bunları bilsə də, özü ilə üzləşməkdən qorxub dəyişməkdən qaçırsa, o zaman nə qədər istəsə də xasiyyətini dəyişə bilməz. İnsan mahiyyət etibarilə dəyişmə potensialı olan bir varlıq olsa da, bu prosesi hər zaman həyata keçirə bilmir. Bunun səbəbi isə əksər hallarda mövcud şərait deyil, məhz fərdin öz-özünə yaratdığı maneələrdir. Çünki məsuliyyəti başqalarının və ya əlverişsiz şərtlərin üzərinə yıxmaq hər zaman daha asan bir yoldur.
Belə olanda insan məsuliyyəti öz üzərinə götürmür. Amma belə olanda heç bir inkişaf da mümkün olmur. Fərd özünü var etmə prosesində daxili inkişafına nail ola bilmir. Mən bu mövzuda daha çox ekzistensialistlərin düşüncə tərzini mənimsəyirəm və hətta bunu belə ifadə edirəm: insan şərtlərinə rəğmən, amma şərtləriylə birlikdə var olur. Yəni insanın içində olduğu şərtlər onun irəliləyə bilməsi üçün bir növ xammal vəzifəsini yerinə yetirirlər.
Bir qadın olaraq, müasir dövrdə qadınların həm fəlsəfə müstəvisində, həm də digər fəaliyyət sahələrindəki statusunu necə qiymətləndirirsiniz? Fəlsəfə tarixində qadınların kifayət qədər az təmsil olunması faktını şərh etmək istəsəniz, bu mənzərəni necə ümumiləşdirərdiniz?
Mən zamanında kişi filosof və sənətkarların qadına münasibətinin bu dərəcə bəsit və ibtidai olmasına etirazımı bildirən bir tvit paylaşmışdım. Əfsus ki, bu məsələ gec-tez sənətkar və mütəfəkkirlərin ortaya qoyduqları yaradıcılıq nümunələri ilə onların qadınlar haqqındakı şəxsi qənaətlərini bir-birindən fərqləndirməyimizin zəruriliyi nöqtəsinə gəlir. Mən də buna bənzər reaksiyalarla üzləşmişdim. Hesab edirəm ki, hətta bu mövzunun hansı müstəvidə müzakirə olunacağı belə, hələ də hakim kişi iradəsinə həvalə edilmişdir.
Mövzu, tarixi şəxsiyyətlərin ərsəyə gətirdikləri “qiymətli” əsərləri və təbii ki, həmin simaların nüfuzunu qorumaq naminə məhz bu müstəviyə çəkilir. Mən bu şəxsiyyətlərin hər birinin sözügedən prizmadan yenidən qiymətləndirilməsinin zəruriliyinə, mütəfəkkirin qənaətləri və dünyagörüşü ilə yaratdıqlarının bir-birindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməyəcəyinə inananlardan biriyəm. Nəticə etibarilə, fəlsəfə tarixinin ən qədim dövrlərinə nəzər salsaq belə, qadınlara qarşı ayrı-seçkilikdən uzaq mövqe nümayiş etdirən filosoflara rast gəlirik. Bu isə o deməkdir ki, hər bir filosof yaşadığı dövrün hakim normalarını mənimsəmək məcburiyyətində deyil. Hətta mənə görə, məhz bu dominant normalara qarşı çıxan və onlara müqavimət göstərən şəxslər həqiqi filosof və ya sənətkar hesab olunmalıdırlar.
Vaxtilə rast gəldiyim bir mətn Karla Lonzi tərəfindən 1970-ci ildə qələmə alınmışdı. “Hegelin üzünə tüpürək” başlığını daşıyan bu əsər, elə adından etibarən olduqca kəskin və sarsıdıcı bir etirazı ifadə edir. Müəllifin əsas iddiası ondan ibarətdir ki, qadın məsələsini ağa-qul dialektikasının sinfi çərçivəsi daxilində nəzərdən keçirmək tarixi bir xətadır. Belə ki, bu yanaşma insanlıq tarixinin en fundamental bərabərsizliklərindən biri olan kişinin qadın üzərindəki üstün statusuna göz yuman bir fəlsəfi ənənəyə əsaslanır.
Məhz bu səbəbdən sözügedən problem yalnız kişilərin fərdi təcrübəsi və dünyagörüşü prizmasından araşdırılır; nəticədə ortaya çıxan perspektiv isə mahiyyət etibarilə yalnız kişilər üçün əhəmiyyət kəsb edən bir məna çərçivəsi formalaşdırır. Hesab edirəm ki, Hegelin “düzgün” yozulması mübahisəsini bir kənara qoysaq, burada əslində qadınların irəli sürdüyü bu etirazın mahiyyəti mütləq nəzərə alınmalıdır. Mən bu mətni sadəcə bir filosofun fəlsəfi sisteminə yönəlmiş nəzəri bir tənqid kimi deyil, əksinə, tarix boyu repressiyaya məruz qalmış bir təcrübənin təzahürü və özünüifadə cəhdi kimi dəyərləndirməyi daha məqsədəuyğun hesab edirəm.
Deməli, məsələ Hegelin nə dediyi yox, bu sözlərin qadınların həyatına necə təsir etdiyi və hansı maneələri üzə çıxardığıdır. Bu tərəfdən baxanda, həmin etirazın – səhv başa düşülmə ehtimalından asılı olmayaraq – özlüyündə haqlı və yeni bir yol açan üsyan kimi qiymətli olduğuna inanıram. Hesab edirəm ki, mətndə ifadə olunan bu etiraz ruhu bu gün də qorunmalıdır. Bu proses məhz qadınların fərdi təcrübələrini prioritetləşdirəcək şəkildə davam etdirilməlidir. Qadınlar bir çox mövzuda öz yaşadıqlarına söykənərək söz deməyi bacarmalıdırlar.
Əslində, nəzəri müstəvidə bu istiqamətdə kifayət qədər ciddi irəliləyişlər müşahidə olunur. Müasir dövrdə qadın filosoflar, eləcə də artıq kişi hegemonluğunun kölgəsindən xilas olmuş qadın sənətkarlar haqqında daha çox danışılır. Bundan əlavə, həmin qadın mütəfəkkir və sənətkarların sayı hər ötən gün artmaqdadır. Hətta artıq bu sahədə olduqca nüfuzlu qadın simalar mövcuddur. Kişilər də artıq qadınların yaradıcılığını, onların fikir və işlərini öyrənməyə başlayıblar. Deməli, nəsə dəyişməyə başlayıb. Bu gedişat məni həqiqətən çox sevindirir.
Qadınlar daha cəsarətli addımlar atmalı və fəlsəfə ilə məşğul olarkən kişilərin yolunu izləmək əvəzinə, öz fərdi təcrübələrinə əsaslanaraq özünəməxsus təfəkkür metodlarını formalaşdırmalıdırlar. Bu məsələ ilə bağlı ən böyük arzum məhz budur.
Eşq haqqındakı düşüncələriniz nələrdir? Fəlsəfə tərəfdən baxsaq, iki insanı bir yerdə tutan ən vacib şey sizcə nədir?
Mənə elə gəlir ki, bu sualda bir “tələ” var. Həm eşq haqqında fikirlərim soruşulur, həm də sevgi mövzusu ancaq iki insan arasındakı münasibət kimi təqdim olunur. Beləliklə, mən bu tələyə düşərək iki insan arasındakı romantik sevgiyə əsaslanan bir cavab verməli olduğumu, yoxsa sevgi anlayışını müxtəlif növləri ilə birlikdə daha geniş bir kontekstdə dəyərləndirməli olduğumu düşünürəm. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, sualda tərif xarakterli bir təsvir verilir, yoxsa burada iki müstəqil sual qoyulur, bunu da dəqiqləşdirmək zəruridir.
Yəni sizə görə eşq iki insanı bir yerdə tuta bilməklə əlaqəlidir. Sanki iki insanı bir yerdə tutan amillərin formulunu kəşf etdikdə, eşqin mahiyyətini də tamamilə aydınlaşdıra biləcəyik. Əgər iki insanı bir yerdə saxlayan birdən çox səbəb mövcuddursa, bəlkə də bu səbəblərin hər biri sevginin fərqli bir növünü ifadə edir. Ehtimal ki, siz sualı məhz bu kontekstdə ünvanlamısınız. Belə olduğu təqdirdə, iki fərd arasındakı romantik sevgi həmin sevgi növlərindən sadəcə biri hesab olunar.

Bu barədə Rollo Mey bizə yol göstərib. O, Qərb tarixində rast gəlinən dörd sevgi növünü qeyd edir: libido (şəhvət), eros (yaratma və ya istehsal etmə instinkti), philia (dostluq) və agape/caritas (başqasının rifahına həsr edilən sevgi).
Bu fərqləri bilmək yaxşıdır, çünki adətən sevgi deyəndə hər kəsin ağlına ancaq cismani istək və romantik münasibətlər gəlir. Amma əslində yaratmaq eşqindən, fəlsəfəyə olan sevgidən, dosta duyulan dərin bağlılıqdan və ya başqa bir insana, məsələn, “qonşuna” bəslədiyin sevgidən də danışmaq olar. Meyin fikrincə, əsl sevgi bu dörd növün müxtəlif ölçülərdə birləşməsindən ortaya çıxır. Mey sanki sevginin sirrini və formulunu tapıb.
Eşqin bu cür növlərini fərqləndirmək məncə çox vacibdir və bu, mövzunu daha yaxşı anlamağa kömək edir. Lakin digər tərəfdən, eşqin müəyyən bir formulu mövcuddursa, bu hiss öz mahiyyətini itirməyəcəkmi? Çünki bu cür tarixi və müşahidəyə söykənən yanaşma sevgini çox qəliblərə salmaq (kateqoriyalaşdırmaq) təhlükəsini də yaradır.
İnsan bəlkə də bu qəliblərə sığmayan, amma real olan sevgilərin də var olduğunu düşünür. Halbuki biz Rollo Meyin yanaşmasını qəbul etdiyimiz təqdirdə, hətta ən qeyri-adi görünən sevgi nümunəsini belə sözügedən dörd kateqoriyaya sığışdırmaq üçün cəhd göstərməli olar və bir növ kəmiyyət nisbəti hesablamaq məcburiyyətində qala bilərik.
Buna bənzər bir yanaşmaya Kirkeqorun yaradıcılığında da rast gəlirik. O da hər bir varoluş (ekzistensial) mərhələsinə müvafiq olan fərqli sevgi növlərini qeyd edir. Estetik mərhələyə xas olan sevgi erotik, estetik və ya romantik xarakter daşıdığı halda, etik mərhələnin sevgisi nikah bağlılığı və ya etik sevgi, dini mərhələnin sevgisi isə əbədi sevgi, dini bağlılıq, sonsuzluq qarşısında duyulan məhəbbət və ya Tanrı sevgisidir. Müvafiq mərhələlərdə təzahür edən bu sevgi növləri mövzu ilə bağlı olduqca mühüm biliklər verir. Lakin biz yenə də fərqli mərhələlərin və başqa sevgi formalarının mümkünlüyü barədə sual verməkdən özümüzü saxlaya bilmirik.
Sevgini sevgi edən şeyin onun heç bir qəlibə və ya qaydaya sığmaması olduğunu düşünmək xoşuma gəlir, amma biz yenə də israrla onu hansısa çərçivəyə salıb izah etməyə çalışırıq.
Görünür, mən son vaxtlar daha çox Spinoza fəlsəfəsinə əsaslanan bir sevgi konsepsiyasına meyil edirəm. Bunun səbəbi isə həmin konsepsiyanın sevgini bir çatışmazlıq kimi deyil, məhz daxili zənginliyin və enerjinin daşması (izafiliyi) üzərində qurmağa imkan verməsidir. Spinozaya görə sevgi, xarici bir səbəblə vəhdət təşkil edən bir sevinc hissidir. Başqa sözlə, bu, varlığımızın qüdrətinin artdığı və çoxaldığı bir təcrübədir. Bu, həm estetik baxımdan mükəmməl bir yanaşma, həm də olduqca funksional bir baxış bucağıdır. Beləliklə, sevgi bizi tamamlayan bir ünsür olmaqdan çıxıb, bizi daha təsirli, daha güclü və ətraf fəaliyyətlərə daha açıq hala gətirən bir qarşılaşma formasına çevrilir.
Ehtimal ki, məhz bu səbəbdən, iki insanı bir arada tutan şeyin nə olduğundan çox, o əlaqənin tərəflərin varoluş gücünü artırıb-artırmadığına baxmaq daha yaxşı bir yanaşma ola bilər. Əgər hər hansı bir qarşılaşma daxili potensialımızı məhdudlaşdırmır, əksinə bizi zənginləşdirib inkişaf etdirirsə, orada sevginin bu və ya digər formada mövcudluğunu iddia etmək mümkündür. Sevgini müxtəlif növlərə ayıraraq təsnif etməkdənsə, adı rəsmən çəkilməsə belə, orada bir sevgi təcrübəsinin yaşandığını dərk etmək və bu prosesdən zövq alaraq onu tam mənası ilə duymaq, sevgini daha uzunömürlü edə bilər.
