Paradiqma.az Aydın Cavadın “Görüntü” hekayəsini təqdim edir.
Onun fikri məni öldürmək idi. Tanımıram kimdi, o vaxta kimi heç vaxt heç yerdə görməmişdim. Əgər görsəydim, ki mənim yaddaşım güclüdür, mütləq xatırlayardım. Ən azından “haradansa tanış gəlir” deyə düşünərdim. Amma o məni tanıyır. Əminəm ki, bunu qəsdən etdi. Səhərdən ətrafımda fırfıra kimi fırlanırdı. Gözünü məndən ayırmırdı. Elə bil xüsusi tapşırıq almışdı. Şikayətçiyəm.
İşdən çıxanda gördüm. Dayanacağın kənarında dayanmışdı. Ortaboy, qısasaç gənc xanım idi. Maksimum 25 yaş. Yəqin ki, özünüz artıq onu görmüsünüz. Yolu piyada keçidindən keçdim, o isə maşınların arası ilə. Digər dayanacaqda durdum. O bir az aralıda idi. Başım telefona qarışdığı üçün bir neçə avtobus ötürməli oldum. Həmin vaxt fikrim onda deyildi. Bir də o yadıma gəlir ki, avtobusdan düşəndən sonra onu düşdüyüm dayanacağın yaxınlığında gördüm. Görəsən o bura niyə və necə gəlmişdi ?
Şübhələnmişdim, amma şübhəmin səbəbini dəqiqləşdirə bilmirdim. Təxmin etdiklərimdən ən inandırıcı gələn onun məndən xoşlanmağı fikri idi. Ən qəribəsi isə izlənməyim. Mərc gələrəm ki, yerimdə kim olur olsun, başına gələcəkləri nə təxmin edə, nə də haçansa ağlına gətirə bilərdi. Bu əməlli başlı plan idi və bir iki günün işi deyildi.
Əsas yoldan uzaqlaşıb evə tərəf yönəlsəm də, birdən özümdən asılı olmayaraq supermarketə girərək, qarşılığında az qala həyatımı itirəcəyim səhvə yol verdim. Əvvəl heç nəyin fərqində deyildim, sonra düşündüm ki, o arxamca gələr və onu bu labirintdə azdırıb tez burdan uzaqlaşaram. Tələsik içəri girib sola döndüm. Görünməmək üçün düz getməməyə çalışırdım.

Marketin sonuna qədər getdim. Şirniyyat vitrininin kənarında gizlənib güdməyə başladım. Tez tez başımı çevirib giriş tərəfə baxırdım, gəlmirdi. Bir də onda ayıldım ki, hamı – bütün işçilər və müştərilər mənə baxırlar. Özümü bir anlıq macəra filmlərində hiss etmişdim. Birdən kimsə barmağıyla arxadan çiynimə toxundu. O an elə bil başıma beş litr qaynar su tökdülər. Üzümü asta-asta çevirirdim ki, tam ona tərəf çevrilənə qədər nə edəcəyimi düşünmək üçün vaxt qazanım. Ondan qaçmaq üçün zaman qazanmalı idim və bunun üçün də onu vitrinin üstünə itələməyi düşündüm.
Özümü hazır hiss edən kimi tam geriyə dönüb əlimlə yaxasından tutdum. Gözlədiyimdən fərqli olaraq qarşımdakı şəxsin mağazanın mühafizəçisi olduğunu gördüm. Yanında da başqa bir mühafizəçi ilə gəlmişdi. İlk olaraq o da məni yüngülcə itələdi amma üzrxahlıq edib, bunun məndə ani refleks olduğunu birtəhər ona izah edəndən sonra sakitləşdi. Burada niyə belə davranışlar sərgilədiyimi soruşub, insanları narahat etdiyimi dedilər. Yalandan içəridə olan bir dostumla zarafatlaşdığımı deyib çıxışa doğru addımlamağa başladım. Guya mağazada gizlənirəm ki, məni tapa bilməsin. Yolüstü danışdığım yalandan utandım.
Gərək daha yaradıcı və yaşıma uyğun bir şey deyərdim. Mənə elə baxırdılar ki, elə bil dəlixanadan qaçıb girmişəm bura. Nəysə, əlimi atıb bir şokolad da götürdüm ki əliboş çıxmayım. Kassada ödəniş edib supermarketdən çıxan kimi nə görsəm yaxşıdır? Məlum şəxs çıxış qapısı ilə üzbəüz dayanıb məni gözləyir. Özü də elə durmuşdu ki, heç içəri girənə oxşamırdı. O an başa düşdüm ki məsələyə çox qeyri-ciddi yanaşmışam. Bunlar çox peşəkardırlar, hər halda belə xırda oyunlara aldanası deyillər.
Gözlərini qırpmadan gözlərimə zilləmişdi. Əynində qırmızı kapyuşonlu ağ gödəkcəsi vardı. Qara idman ayaqqabılarını da geyinib, ayaqlarından birini, qaçış zolağında hakimin start fitini gözləyən yarışçılar kimi o birindən bir addım qabağa atmışdı. Göstərə bilmirəm, yoxsa göstərərdim. Sol ayağım iki yerdən sınıb. Həkim dedi ki, ciddi təhlükə yoxdur. İstəklərinə çata bilmədilər.
Qaçmağın və gizlənməyin mənasız olduğunu anlamışdım. Əgər düşdüyüm dayanacağı, yaşadığım məhəlləni tanıyırsa hər halda evimi də tanıyır deyə düşündüm. Yenidən dayanacağa gedib kartıma gediş yüklədim və gələn ilk avtobusa, nömrəsinə baxmadan mindim. Mağazadan çıxandan sonra ona tərəf heç baxmamışdım. Bir də avtobusda oturandan sonra ətrafa baxdım. Görünmürdü, əmin olmaq üçün qalxıb bütün oturanları bir bir gözdən keçirdim. Sonra rahat nəfəs alıb yerimə qayıtdım. Hara gedəcəyimi bilmirdim. Çox uzaqlaşmağın gərəksiz olduğunu düşündüm və üç dayanacaq sonra avtobusdan düşdüm. Piyada arxa yolla geri qayıdıb, məhəlləyə girəcəkdim.

Kiməsə zəng edib başıma gələnləri bölüşmək istəsəm də, sonra fikrimdən daşındım. Bəlkə də adi bir şeyi çox böyütdüyümü deyəcəkdilər və ya dəli olduğumu və s. Hava qaralmağa doğru gedirdi, şaxta da artmışdı. Evə getmək üçün yolu keçdim. Yaxınlıqda heç kim yox idi. Səssizlik və təklik – dünyanın ən xoşbəxt cütlüyü… Yenicə başqa mövzular haqqında düşünməyə başlamaq istəyirdim ki, məlum şəxs arzumu ürəyimdə qoydu. Uzaqdan mənə tərəf gəldiyini görməmək üçün həmin an nə desələr edərdim. Əsəb və qorxu bir birinə qarışdıqca, onunla aramızdakı məsafə azalırdı. Əllərini ciblərinə elə qoymuşdu ki, elə bil əlində nəsə tutub və görünməsin deyə cibində gizlədib. Silah məsələn. Ağlıma ilk bu gəldi. Bunlardan əlavə yaxınlaşandan sonra nə deyəcəyi məni həyəcanlandırırdı.
Nəsə deyəcəkdimi, yoxsa silahı çıxarıb birbaşa… Üz-üzə gəldiyimiz an “artıq lənətə gəlmiş səbəbi de və öldür məni” deyə qışqırmaq gəldi içimdən. Ilk dəfə idi ki onu bu qədər yaxından görürdüm. Əsəbi, gərgin görünmürdü. Mənimlə bir problemi olana da oxşamırdı. O an səhvliklə bayaq dediyim kimi bir problem çıxarsaydım, yəqin ki “ilk baxışdan problemlərə inanırsınız?” sualının ilk cavabı olacaqdım. Danışmırdı, mən də ağzımı açıb nəsə deməyə cürət etmirdim. Arabir cibinə tərəf baxıb, bir saniyə içində baxışımı yenidən gözlərinə dikirdim. Bir müddət sonra baxışlarında nisbətən dəyişiklik yarandı. Gözləri dolmağa başlayırdı. Kənardan baxan biri, vəziyyəti ayrılıq qərarı alan sevgililərin son görüşü şəklində dəyərləndirə bilərdi.
O səssizlikdə, gözləri yavaş yavaş dolarkən və yaşlar hərəkətə keçmək üçün bircə qırpımı gözləyərkən, telefonumun zənginə diksindim. Əlimi cibimə atdım, telefonu çıxarmadan səs düyməsinə basdım ki, səsi kəsilsin. O isə birdən-birə uzaqlaşmağa başladı. Üzü mənə tərəf, arxaya addım atırdı. Yaxınlaşmağa çalışdım, çünki yola çıxmışdı, amma cibindəki əlini tərpətdi, qorxdum. Maşınlar sürətlə yanından keçirdilər. Gec-tez biriylə toqquşacaqdı, hətta həmin maşın artıq o olan zolaqla və yüksək sürətlə gəlirdi. Bir iki dəfə qışqırdım, işə yaramadı. Maşın da siqnallayırdı. Yola çıxdım və son anda onu itələyib uzağa atdım. Maşın sürəti azaltsa da, sürücü vaxtında saxlaya bilmədi. Vurub portretimi asfalta yapışdırdı. Gerisi də bildiyiniz kimi…
“ Sizi kiminsə öldürmək istədiyini, lakin cinayət etməsin deyə bu yola əl atdığını düşünürsünüz. ”
“Nə düşünmək, mən bunu yaşamışam. Həm də “kiminsə” dediyiniz şəxs yəqin ki, artıq tərəfinizdən müəyyən olunub və ən azından ilkin dindirilmə olub.”
“ Kiminsə dediyimiz şəxs naməlum şəxsdir. Sizin olduğunuz yerlərin kamera görüntülərinə baxılıb. Marketdə və dediyiniz digər yerlərdə sizin təsvir etdiyiniz birinə rast gələn olmayıb. Ən əsası da, qəza olan ərazidə sizdən başqa heç kim olmayıb. Yolun kənarından birdən birə yola qaçmısınız və qəza baş verib. Heç olubmu ki, ağlınızdan intihar etmək kimi bir düşüncə keçsin?”
SON
“Məncə bu olmadı. Hekayə qeyri-adi bir öldürmə planı üzərində gedir, amma sonda obrazı oxucuya şizofren kimi təqdim edirsən. Səncə başına həqiqətən də belə bir hadisənin gəlməyi daha maraqlı olmazdı?”
“Məsələ budur ki, əvvəldən ssenarini bu cür qurmuşdum. “Identity” adlı bir filmi izləyəndən sonra belə bir fikir ağlıma gəldi və yazmağa başladım.”
“İzləmişəm. O da Agatha Christie-nin “And Then There Were None” romanından təsirlənib. Deməli sən də dolayısı ilə o romandan təsirlənmiş sayılırsan.”
“Oxumamışam, oxusaydım bəlkə də təsirlənərdim. Bu hekayəni beş il əvvəl yazmışam. İndi daha fərqli şeylərdən təsirlənirəm. Amma filmdəki “Antigonish” şeiri düşünürəm ki, yetmiş yaşımda da məni təsirləndirə bilər. Əsas kritik misrası da mənə görə “Bu gün də orada deyildi” misrasıdır.

“Əvvəl “Orada olmayan bir adamla qarşılaşdım” deyir, sonra da sən dediyin misranı. Həmin misranı möhtəşəm edən də fikrimcə bu misradır. Ümumilikdə isə şeir nöqtə vergülünə qədər usta işidir. Keçək sənin hekayənə. Deyək ki, ssenarini bu cür qurmusan və başqa sonluq ağlında yoxdur. Məncə bu sonluğu belə bəsit vermək usta işi deyil. Sanki oxucuya heç nə saxlamırsan. Bir az maraqlı bitirmək lazımdır. Belə bir təklifim var: “Gerisi də bildiyiniz kimi” hissəsindən sonrasını son dəqiqə xəbəri kimi yaz. İki fərqli başlıq və altında qısa, sadəcə hadisədən bəhs edən bir yazı olsun. Gerisini oxucuya burax.
“Olar, amma biz artıq hekayənin bütün sirrini oxucuya açdıq.”
“Bu da hekayəni maraqlı edən başqa detaldır.”
SON DƏQİQƏ… BİR GƏNC AVTOMOBİLİN ÖNÜNƏ QAÇDI
Təxminən 25 yaşlarında bir gənc, hərəkətdə olan avtomobilin önünə qaçdı. Sol tərəfindən zərbə alan gənci, sürücü xəstəxanaya çatdırdı. Aldığımız məlumata görə bir neçə nahiyəsində sınıqlar olsa da, həyati təhlükəsi yoxdur.
KAMERA QEYDLƏRİ YOXLANILDI
Hadisə ətrafdakı təhlükəsizlik kameraları vasitəsi ilə də qeydə alındı. Yol kənarında hərəkətsiz dayanan gəncin diqqətlə avtomobilə tərəf baxdığı, yaxınlaşan zaman isə sürətlə üstünə qaçdığı bəlli oldu. İlkin açıqlamaya görə sürücünün də sürət həddini aşma ehtimalı yüksəkdir. Hadisə ilə bağlı araşdırma davam edir.
