Bu gün Qərbi Avropanın və Şimali Amerikanın böyük şəhərlərində tənhalıq o qədər geniş yayılıb ki, bu anlayış artıq onun saysız-hesabsız növlərini əhatə edir. Yaşlı təqaüdçülər park skamyalarında tək-tənha otururlar. Pəncərələrinin arxasından xarici aləmi seyr edən yaşlı milyonçuların da tənhalıq çəkdiyi deyilir. Bəziləri izdihamın içində belə özünü tənha hiss edir, bəziləri isə tək qalmamaq üçün daim kiminsə axtarışında olur. Özümüzü “tək qala bilmək böyük insanlara xas bir üstünlükdür” deyə ovutmağa çalışırıq. Ancaq yanılmıramsa, Pikassonun tənhalığı bu kateqoriyaların heç birinə aid deyil. Onun tənhalığı bir dəlinin tənhalığına bənzəyir: Dəli ona qarşı çıxan heç kimin olmadığını gördükdə istədiyi hər şeyi edə biləcəyini düşünür.
Pikasso 1881-ci ildə Malaqada dünyaya gəlib. Bu şəhərdən Atlas dağlarını görmək, cənub-şərqdən külək əsəndə isə səhranın qoxusunu duymaq mümkündür. Pikasso orta təbəqəyə mənsub bir ailədə böyüyüb. Həm ata, həm də ana tərəfdən əcdadları bir neçə nəsildir ki, Malaqada yaşayırdılar. 1900-cü ildə, on doqquz yaşında ilk dəfə İspaniyadan ayrılaraq bir neçə ay Parisdə qalıb. 1904-cü ildə isə birdəfəlik Parisə köçüb. 1904–1934-cü illər arasında istirahət etmək və ya rəsm çəkmək üçün təxminən altı dəfə İspaniyaya qayıdıb. 1934-cü ildə, əlli üç yaşına çatdıqdan sonra isə bu ölkəyə bir daha ayaq basmayıb. Beləliklə, ömrünün böyük bir hissəsini könüllü sürgündə keçirib.
Sürgünün insana təsiri hər zaman eyni olmur. Zaman keçdikcə ya özünüzü getdikcə daha çox sürgündə hiss edirsiniz, ya da yaşadığınız ölkə sizi yavaş-yavaş özünə çəkir. Pikasso Fransanı həqiqətən mənimsəmişdi, Fransa da onu qəbul etmişdi. Dostları fransız idi, özü fransızca danışır, sonralar hətta bu dildə yazmağa da başlayırdı. Fransız vətənpərvərliyini də bölüşürdü. (1870, 1914 və 1940-cı illərdə almanların Fransa torpaqlarını üç dəfə işğal etməsi vətənpərvərliyi fransız ziyalılarının həyatında ingilis ziyalılarının həyatındakından daha mühüm bir amilə çevirmişdi.) Fransa da Pikassonun istedadını tanımış, ona şöhrət qazandırmış və 1945-ci ildə bu şöhrətin bütün dünyaya yayılmasına şərait yaratmışdı. Bütün bunlara baxmayaraq, mən Pikassonun özünü getdikcə daha çox sürgündə hiss etdiyinə inanıram.
Fransa onun daxilindəki dərin ehtiyacları ödəyə bilmirdi. Pikasso tək qalmışdı. Bu gün Qərbi Avropanın və Şimali Amerikanın böyük şəhərlərində tənhalıq o qədər geniş yayılıb ki, bu anlayış artıq onun saysız-hesabsız növlərini əhatə edir. Yaşlı təqaüdçülər park skamyalarında tək-tənha otururlar. Pəncərələrinin arxasından xarici aləmi seyr edən yaşlı milyonçuların da tənhalıq çəkdiyi deyilir. Bəziləri izdihamın içində belə özünü tənha hiss edir, bəziləri isə tək qalmamaq üçün daim kiminsə axtarışında olur. Özümüzü «tək qala bilmək böyük insanlara xas bir üstünlükdür» deyə ovutmağa çalışırıq. Ancaq yanılmıramsa, Pikassonun tənhalığı bu kateqoriyaların heç birinə aid deyil. Onun tənhalığı bir dəlinin tənhalığına bənzəyir: Dəli ona qarşı çıxan heç kimin olmadığını gördükdə istədiyi hər şeyi edə biləcəyini düşünür. Əslində, bu, ziddiyyətli görünsə də, insanın yalnız özünə yetməsindən doğan tənhalıqdır. Bu, mütləq şəkildə insana birbaşa əzab verən tənhalıq deyil. Əksinə, insanı durmadan fəaliyyətə sövq edən, ona rahatlıq və dinclik verməyən bir tənhalıqdır. Ruhi xəstəxanaların ən dəhşətli cəhəti orada qalan insanların təbii şəkildə yata bilməməsidir. Bəlkə də bu bənzətmədən istifadə etməklə səhv etmişəm. Çünki bununla Pikassonun dəli olduğuna dair kobud qənaəti daha da gücləndirmiş oluram. Pikasso dəli deyildi. Bununla belə, demək istədiklərimi bu qədər aydın ifadə edə biləcək başqa bir müqayisə tapa bilmirəm. Bunun səbəbini anlamaq üçün Pikassonun sürgündə nədən məhrum qaldığına nəzər salmaq lazımdır: uşaqlığının və gəncliyinin İspaniyasından.
Pikasso on yaşına qədər Malaqada yaşayıb. Sonra ailəsi İspaniyanın şimalında, Atlantik okeanı sahilində yerləşən Korunya şəhərinə köçüb. On dörd yaşında isə Barselonaya köçüblər. Bu iki şəhər iqliminə, tarixinə və ab-havasına görə bir-birindən tamamilə fərqlənir. İspaniya haqqında yazmağın çətinliklərindən biri də budur: əslində, vahid bir İspaniya yoxdur, bir neçə fərqli İspaniya var. İspaniya iqtisadi və ictimai baxımdan hələ də tam birliyə nail olmayıb. İtaliya haqqında danışarkən Romanın şimalında və cənubunda yerləşən iki fərqli bölgəni nəzərdə tuturuq. İspaniya haqqında isə ən azı altı müxtəlif İspaniyadan danışmaq lazımdır. Bu, olduqca mühüm məqamdır. Çünki İspaniyanın tarixi inkişaf baxımından Avropadan geri qaldığını göstərir. İspaniya özünəməxsus, fərqli bir ölkədir.

İspaniyanın coğrafi mövqeyi və xristian dünyasının bir hissəsi olması bizi yanıltmasın. Daha doğrusu, İspaniyanın Xaç yürüşlərindən bəri başqa heç bir ölkənin təmsil etmədiyi özünəməxsus bir xristianlıq ənənəsinin daşıyıcısı olduğunu söyləmək lazımdır. Coğrafi mövqeyinə gəlincə, məsələyə yeni prizmadan baxdıqda İspaniyanı Türkiyə ilə müqayisə etmək olar. İspaniyanın Avropa mədəniyyətinə müəyyən töhfələr verdiyi şübhəsizdir, lakin bu da yanıldıcı ola bilər. Çünki həmin töhfələr əsasən ədəbiyyat və rəssamlıqla məhdudlaşır. İctimai inkişafın müqayisəyə daha açıq sahələri ilə birbaşa bağlı olan incəsənət və elm istiqamətlərində İspaniyanın töhfəsi çox azdır. Ölkə Avropa memarlığına, musiqisinə, fəlsəfəsinə, təbabətinə, fizikasına və mühəndisliyinə cüzi töhfə verib. Hətta belə demək də mümkündür: İspan rəssamlığı və ədəbiyyatı ölkənin özündə, onun hüdudlarından kənarda olduğundan daha az təsirə malik olub. Bu rəssamlıq və ədəbiyyat, daha çox Pireneylərin o tayındakı Avropa həyat tərzini xəyal edə bilən insanlara məxsus sənət növləri idi.
İspaniya fərqlidir, çünki hələ də feodal ölkəsidir. Yetmiş il əvvəl, Pikasso uşaq olanda bu feodal quruluş indikindən də az dəyişikliyə uğramışdı. Həmin dövrdə əmək qabiliyyətli əhalinin dörddə üçündən çoxu torpaqda çalışırdı. Əmək alətləri primitiv, əmək bölgüsü isə hələ başlanğıc mərhələsində idi. Bir çox bölgələrdə istehsal yalnız ailənin və ya kəndin ehtiyaclarını ödəmək üçün həyata keçirilirdi. Torpaq sahibləri torpaqlarını icarəyə götürən kəndlilərdən müxtəlif formalarda məcburi əmək tələb edirdilər. “Kasik” sistemi sayəsində torpaq sahibləri kəndlilərin həyatı və ölümü üzərində belə hökm sahibi idilər. Bütün bunlar feodalizmin klassik əlamətləridir. Bununla belə, saf və klassik feodalizm bəlkə də yalnız nəzəri bir anlayışdır. Ötən əsrin sonlarında İspaniyada mövcud olan feodalizm isə kifayət qədər mürəkkəb və qarışıq quruluşa malik idi.
İspaniya tarixini ətraflı təhlil edəcək qədər məlumatlı deyiləm. Bununla belə, Pikassonun doğulduğu dövrdə ölkənin hansı vəziyyətdə olduğunu qısaca izah etmək üçün bir neçə ümumi mülahizə yürütmək və bəzi nümunələr göstərmək istərdim. İnanıram ki, yalnız bu yolla onun dünyasını və ruhunu anlamaq mümkün olacaq.
İspaniyada feodalizm bir-birinə zidd iki cəhətdən mürəkkəb və özünəməxsus xarakter daşıyırdı. Bir tərəfdən, ölkədə feodalizmdən əvvəlki dövrlərdən qalan çoxsaylı izlər mövcud idi. Digər tərəfdən isə əhalinin təxminən beşdə birini təşkil edən geniş bir idarəçi orta təbəqə vardı.
Feodalizmdən əvvəlki dövrlərdən qalan bu “izlər” əsasən İspaniyanın təcrid olunmuş, gediş-gəlişi çətin olan ucqar bölgələrində qorunub saxlanmışdı. Əslində, ölkə ərazisinin böyük hissəsini belə bölgələr təşkil edirdi. Məsələn, Bask bölgəsində və Navarrada X əsrdən bəri mövcud olan, klan sisteminə əsaslanan torpaq imtiyazları qaydası hələ də qüvvədə idi. Əndəlüsün geniş, demək olar ki, becərilməmiş torpaqlarında əmək münasibətləri Orta əsrlərin feodalizmindən daha çox Qədim Romadakı köləlik sisteminə bənzəyirdi. İspaniyanın mərkəzi düzənliklərində yaşayan Kastiliya qoyunçuları və maldarları isə əsasən köçəriliyə və tayfa quruluşuna söykənən həyat tərzi sürürdülər. Lakin bu “qalıqlar” arasında bəlkə də ən mühümü adi ispan kəndlisinin şüurunda yaşamaqda davam edirdi. İspan kəndlisi necə olmuşdusa, bölgədən bölgəyə fərqli təşkilatlanma formaları ilə mövcud olan icma həyatının xatirəsini yaddaşında yaşatmışdı. Heç vaxt azalmayan, ağrı-acı ilə müşayiət olunan yoxsulluqla birləşən bu xatirə onu xüsusi mülkiyyətə nifrət etməyə və azadlıq ideyasına bağlanmağa sövq edirdi. Buradakı azadlıq anlayışının Fransa İnqilabındakı liberté ideyası ilə heç bir əlaqəsi yox idi. Söhbət kiçik bir icma daxilində yaşayan insanın özünəməxsus, ilkin və öz-özünə formalaşmış azadlığından, həmçinin ləyaqətindən gedirdi. Vətəndaş müharibəsi zamanı pulu tamamilə aradan qaldırmaq istəyən kəndli də məhz bu düşüncənin daşıyıcısı idi.
İspaniyanın orta təbəqəsi XVI əsrdə inkvizisiyanı, Cənubi Amerikadakı müstəmləkələri, İtaliyada və Şimali Avropada işğal edilmiş əraziləri idarə etmək üçün yaradılan bürokratik sistemlə birlikdə meydana gəlmişdi. Yarandığı ilk gündən bu bürokratiya istehsalla məşğul olmayan böyük bir kütlədən ibarət idi. Bu sistemin qurulmasından yüz il sonra Madriddəki Venesiya səfiri belə yazırdı:
“Bacarığı olan hər kəs dövlətin hesabına dolanır. Dövlət vəzifələrinin sayı durmadan artırılır. Təkcə Xəzinədarlıqda 40 mindən çox məmur çalışır və onların əksəriyyəti özlərinə ayrılmış maaşın iki misli qədər pul alır. Bununla belə, apardıqları hesablar o qədər dolaşıq, bəlkə də qəsdən yaradılmış bir anlaşılmazlıq içindədir ki, onlardan hər hansı bir sistem və ya nəticə çıxarmaq mümkün deyil”.
Başlanğıcda bu təbəqənin mövcudluğunu Cənubi Amerikadan gətirilən qızıl və Flaman sənayesi təmin edirdi. Sonralar İspaniya öz siyasi qüdrətini itirdikcə bu yük ölkə iqtisadiyyatının üzərinə düşdü. Halbuki İspaniya iqtisadiyyatı bu yükü daşımaq iqtidarında deyildi. Nəticədə ölkə getdikcə daha dərin yoxsulluğa sürükləndi. İqtisadi vəziyyəti düzəltmək üçünsə heç bir ciddi cəhd göstərilmirdi. Çünki orta təbəqə adlandırılan bu kəsim kapital ilə istehsal arasındakı əlaqəni anlamaqdan aciz idi. Bu əlaqəni anlamağa çalışmaq əvəzinə, əyalətə xas uzaqgörməzliyə qapılır, yalnız şəxsi əlaqələrini möhkəmləndirməklə məşğul olurdu. Ötən əsrin ortalarına doğru hətta kənd poçtalyonları belə vəzifələrini uzun bir vasitəçilər zəncirindən keçərək Madriddəki bir nazirə borclu idilər. Hökumət dəyişəndə isə həmin poçtalyonların yerini yeni hakimiyyəti “dəstəkləyən” şəxslər tuturdu.
İspaniyanın ümumi mənzərəsi, tipik tarixi gedişatı belə idi. Əlbəttə, istisnalar da vardı. Pikassonun yaşadığı dövrdə ölkənin şimalında kiçik miqyaslı kapitalist sənaye müəssisələri yaranmağa başlamışdı. Orta təbəqədən olan gənclər orduya qoşulur, İspaniyanı “müasirləşdirmək” üçün xunta planları hazırlayırdılar. Bəzi peşə sahələrində Avropanın təsiri ilə formalaşmış liberal ənənə də mövcud idi. 1873-cü ildə respublika elan edilmiş, lakin onun ömrü cəmi bir il sürmüşdü.
Vurğulamaq istədiyim məqam budur ki, Pikassonun da mənsub olduğu İspaniya orta təbəqəsinin fransız, ingilis və ya alman müasirləri ilə, eyni geyimləri geyinib, bəzən eyni kitabları oxumalarına baxmayaraq, çox az ortaq cəhəti vardı. İspaniyada orta təbəqəyə xas olan dəyərlər zərurətdən doğmamışdı. Mövcud olduqları dərəcədə belə, bu dəyərlər daha çox nəzəri şəkildə formalaşmışdı. Ölkədə uğurlu burjua inqilabı baş verməmişdi. Mütləqiyyətçi dövlət şəraitində orta təbəqənin müstəqil gücü yox idi. Buna görə də təşəbbüskarlıq, əməksevərlik, ictimai dəyərlərə meydan oxumaq, qənaətcillik və elmi maraq kimi keyfiyyətlərin formalaşması üçün heç bir əsas mövcud deyildi. Əksinə, İspaniya orta təbəqəsinin tarixi bütün bu xüsusiyyətlərin tam əksini təşviq etmişdi. İnkizisiya həm dini, həm də irqi baxımdan ən sərt ortodoksal mövqeyindən geri çəkilmirdi. Yəhudilər və mavrlar aşağı irqə mənsub insanlar hesab olunurdular. Bunun nəticəsində zorakılıq və fanatizmlə yoğrulmuş bir təkəbbür formalaşmışdı. Eyni zamanda dövlət bürokratiyası təşəbbüskarlığı boğur, hakimiyyətin təhlükəsizliyinə xələl gətirməyən tənbəlliyə yaşıl işıq yandırırdı. Zaman keçdikcə çox işləməyin insan ləyaqətini alçaltdığı düşünülməyə başlanmışdı. İspaniya orta təbəqəsinin enerjisi hadisələrə keçmişdən götürülmüş mənalar yükləyən, yeniliyin özünü və yenilikçi düşüncəni isə kənarda qoyan bir mərasimçiliyə yönəlmişdi.
Mənbə : Con Berger Pikassonun uğuru və uğursuzluğu, Metis nəşriyyatı
Tərcümə: İbrahim Aziz
