Zamanı bir qədər geri çevirsək, çətinliklərə baxmayaraq, yaradıcılığından və fəaliyyətindən geri qalmayan başqa bir məşhur şəxsiyyətlə qarşılaşarıq: Leonardo da Vinçi (1452–1519). O, İntibah dövründə İtaliyanın Toskana bölgəsində yerləşən Vinçi şəhərində anadan olub. Kiçik yaşlarından hər şeyə maraq göstərir, gördüyü hər şeyi və ətrafındakı insanları daim sorğulayırdı. İlk sənətkarlıq təhsilini 1466-cı ildə Andrea del Verrokkyonun emalatxanasında alıb. Burada heykəltəraşlıq, rəssamlıq, metal emalı və bir sıra başqa sənət sahələrini öyrənib. Sonralar öz emalatxanasını açaraq rəsm və digər əsərləri üçün sifarişlər qəbul etməyə başlayıb. İntibah dövrünün ən məşhur sənət nümunələrindən sayılan “Mona Liza” və “Sonuncu şam yeməyi” kimi əsərləri də məhz bu yaradıcılıq yolunun bəhrəsidir.
Leonardo daha çox rəssam kimi tanınsa da, əslində, əsl İntibah insanı idi. Riyaziyyat və təbiət elmləri sahəsindəki biliklərindən istifadə edərək ikiölçülü təsvirlərində xətti perspektiv üsulunu inkişaf etdirmişdi. Onun bu sahədəki yenilikləri sonrakı dövrlərdə incəsənətin müxtəlif istiqamətlərində bir sıra mühüm nailiyyətlərin əsasını qoyacaqdı. Sonrakı illərdə Leonardo vaxtının böyük hissəsini mühəndisliyə həsr etdi. Arno çayının məcrasını dəyişdirmək layihəsi üzərində çalışdı. Eynşteyn kimi, o da öz qeyri-adi zəkasını və bacarıqlarını fərqli maraq sahələrində sınayırdı.
Eynşteynlə Leonardo arasındakı başqa bir oxşarlıq da hər ikisinin öyrənmə ilə bağlı çətinliklər yaşaması idi. Eynşteyn uşaqlıqda yaşıdlarına nisbətən gec danışmağa başlamış, sonrakı illərdə isə fikirlərini yazılı şəkildə ifadə etməkdə çətinlik çəkməsi ilə tanınmışdı. Ancaq bu çətinliklər onun heyrətamiz kəşflər etməsinə mane olmadı. O, həmçinin “Təxəyyül bilikdən daha vacibdir” və “İnsanların bir-birinə aşiq olmasına cazibə qüvvəsi səbəb olmur” kimi məşhur ifadələri ilə də yadda qalıb.
Leonardo da Vinçinin də disleksiyalı olduğu ehtimal edilir. Disleksiya oxumağı və yazmağı öyrənməyi çətinləşdirən bir vəziyyətdir. Lakin bu, insanın anadangəlmə intellektual qabiliyyətləri haqqında heç nə demir. XV əsrdə, disleksiya haqqında biliklərin olduqca məhdud olduğu bir dövrdə isə bu vəziyyət, xüsusilə də ibtidai təhsil alan uşaqlar üçün ciddi çətinliklər yarada bilərdi. Bəs disleksiya Leonardonun fəaliyyətinə mane oldumu? Əsla! Hətta bu xüsusiyyət onun həyat və yaradıcılığı ilə bağlı diqqətçəkən məqamlardan birinə çevrilib.
Leonardonun bu günə qədər gəlib çatmış əlyazma qeydlərinin əksəriyyəti güzgü yazısı ilə yazılıb. O, sözləri sağdan sola yazırdı. Yazdıqlarını isə yalnız güzgüdəki əksinə baxmaqla adi qaydada oxumaq mümkün idi. Bu qeyri-adi yazı üsuluna disleksiyalı insanlarda da rast gəlinir. Lakin onların əksəriyyəti yazını bu şəkildə yazdıqlarının fərqində olmur. Görünür, Leonardonun yaradıcılığındakı bu xüsusiyyət onun gələcək nəsillərə şah əsərlər kimi yadigar qalacaq nümunələr yaratmasına heç bir maneə törətməyib.
Eynşteyn kimi, Leonardo da öz əsərləri ilə dünyaya təsir göstərib. Fəaliyyət göstərdikləri sahələr bir-birindən xeyli fərqlənsə də, onların yaradıcılıqları arasında müəyyən oxşarlıqlar da var idi. Leonardo karyerasının müxtəlif dövrlərində ixtiralarla məşğul olub, binaların, maşınların, uçuş aparatlarının, kanalların və bir çox başqa qurğuların layihələrini hazırlayıb. Eynşteyn də ixtiraçılıq sahəsində bir sıra işlər görüb. O, digər layihələri ilə yanaşı, səssiz işləyən soyuducu hazırlamaq üzərində çalışıb, fırlanan kompas və təyyarələr üçün xüsusi giroskopik kompas da daxil olmaqla, müxtəlif ixtiralarına patent alıb.
Bütün bu oxşarlıqlar istər-istəməz bir neçə sual doğurur: Görəsən, bütün dahilər həm də ixtiraçıdırmı? Onları yeni əsərlər yaratmağa sövq edən məhz qeyri-adi zəkalarıdırmı?
Mənbə: Sintiya Fillips “Eynşteyn haqqında bilmədiyiniz 101 şey”
