“Godzilla Minus Zero” dünya kassasında rekordlara imza atır

“Godzilla Minus Zero” dünya kassasında rekordlara imza atır

Paradiqma xəbər verir ki, Yapon rejissor Takasi Yamazakinin “Godzilla Minus Zero” filmi dünya kinoteatrlarında böyük uğur qazanaraq noyabrın ən çox müzakirə olunan ekran əsərlərindən birinə çevrilib.

Noyabrın 3-də Yaponiyada, 6-da isə Şimali Amerikada ekranlara çıxan film ilk həftəsonunda ABŞ və Kanada kinoteatrlarında təxminən 31,6 milyon dollar gəlir toplayaraq həftənin ən çox gəlir gətirən ekran əsəri olub.

Bu nəticə filmin 2023-cü ildə Oskar mükafatına layiq görülmüş “Godzilla Minus One” adlı əvvəlki ekran əsərinin Şimali Amerikadakı ilk həftəsonu gəlirini təxminən üç dəfə üstələyib. Bununla da “Godzilla Minus Zero” ABŞ-də ilk həftəsonu nəticələrinə görə birinci yerə yüksələn dördüncü qeyri-ingilisdilli film olub.

Yaponiyada da böyük maraqla qarşılanan film ilk nümayiş günündə 910 milyon yen, təxminən 5,75 milyon dollar gəlir əldə edib. Bu göstərici ölkədə canlı çəkiliş üsulu ilə hazırlanan filmlər arasında ilk nümayiş günü üzrə ən yüksək nəticə hesab olunur.

Ekran əsəri IMAX kinoteatrlarında da uğur qazanıb. Dünya üzrə bu formatda nümayişlərdən 21,3 milyon dollar gəlir əldə edən film yapon istehsalı olan ekran əsərləri arasında IMAX üzrə ən yüksək açılış nəticəsinə imza atıb.

Hadisələri İkinci Dünya müharibəsindən sonrakı Yaponiyada cərəyan edən filmdə süjet əvvəlki ekran əsərindəki hadisələrdən iki il sonra davam edir. Müharibənin dağıntılarından qurtulmağa çalışan ölkə bu dəfə daha böyük təhlükə ilə üz-üzə qalır: Qodzilla yenidən meydana çıxır. Filmin baş rollarında Ryonosuke Kamiki və Minami Hamabe çəkiliblər.

“Godzilla Minus Zero”nun uğuru Yapon kinosunun dünya miqyasında artan nüfuzunu bir daha nümayiş etdirir. Film eyni zamanda qeyri-ingilisdilli ekran əsərlərinin Hollivud istehsalları ilə rəqabət aparmaq imkanlarının genişləndiyini göstərir.

Paradiqma

Paradiqma