Paradiqma Adil Əsgərovun “Tale hara aparsa” şeirini təqdim edir.
Bəlkə də görsəm səni tanımaram, düzü mən
Yüz il keçər hardasa o ayrılıq günündən
Həmin gün Ay tutuldu, bir də günəş doğmadı
İndi səni xatırladan hər şey mənə doğmadı
Sən gedəndən pişiyimiz bir tikə də yemədi
Aparmışdım baytara, o da nəsə bilmədi
Hərdən qapıya çıxıb gəlməyini yoxlayır
Hərdən də çarpayının sən tərəfin qoxlayır
Arxasıyca gedirəm, tale hara aparsa
Yaddaşımın ən ucundan bir gün səni taparsam
Əlimdən də bir şey gəlməz, birdən əgər darıxsam
Sənə xəbər göndərərəm, məni xatırlayarsan
Duyğularım didərgindi, arzularım tüfeyli
elə mənasız adamam, sənin dediyin kimi
Çox incitdim, bağışla, məni belə bilməzdim
Sənin yerində olsam bu adamı sevməzdim
