Paradiqma Alana Qohun yazısını təqdim edir.
Bu esseni bakalavr təhsilim zamanı keçdiyim ilk və yeganə fəlsəfə dərsi — özü də “Din fəlsəfəsi” dərsi — üçün yazmışam. Bizdən özümüz üçün əhəmiyyətli olan hər hansı bir mövzu seçib onu rasional və fəlsəfi baxımdan təhlil etmək tələb olunurdu. Mövzu seçimi üzərində uzun müddət düşündüm. Dörd il ərzində yazdığım müxtəlif tapşırıqlardan da başa düşdüyüm kimi, tədqiqat sualını özümüzün müəyyənləşdirməsi işin ən çətin tərəfi idi. Nəhayət, uzun müddətdir haqqında düşündüyüm və öz içimdə götür-qoy etdiyim bir məsələ olduğu üçün xoşbəxtlik haqqında yazmağa qərar verdim. Bu esseni yazmaq mövzu ilə bağlı düşüncələrimi daha da aydınlaşdırmağa kömək etdi. İndi isə onları bu sual üzərində düşünən hər kəslə bölüşmək istəyirəm.
Bu essedə xoşbəxtliyin nə olduğunu və ona necə nail olmağın mümkünlüyünü araşdırmaq istəyirəm. Buddist ailədə böyümüş bir aqnostik kimi, uzun müddətdir məni düşündürən bu mövzuya məntiqi və fəlsəfi əsaslarla yanaşmağa çalışacağam. Həyatımda uzun müddət özümü xoşbəxt hiss edə bilmədiyim dövrlər olub və zaman keçdikcə xoşbəxtliyin nə olduğu sualı məni getdikcə daha çox düşündürməyə başlayıb. Elə bilirdim ki, məndə nəsə çatışmır və bu bədbəxtlikdən qurtulmağın bir yolunu tapmalıyam. Üstəlik, yaşıdlarımla müqayisədə bu hissləri daha tez-tez yaşadığımı düşünürdüm.
Beynimi isə daim eyni suallar məşğul edirdi: Əsl xoşbəxtlik nədir? Xoşbəxtlik insanın həyatda çatmağa çalışmalı olduğu yeganə, yaxud ən ali məqsəddirmi? Xoşbəxtlik zehnin ideal vəziyyətidirmi? Əgər belədirsə, ona çatmağın ən yaxşı yolu hansıdır? İnsan bədbəxtlik, kədər və ya mənfi hesab olunan digər hissləri yaşayarkən də mənalı və dolğun həyat sürə bilərmi? Və ən əsası, dünyadakı pisliklərdən və haqsızlıqlardan xəbərdar olduğumuz halda necə xoşbəxt ola bilərik?
Bu essedə əsas suala aşağıdakı müddəalar əsasında cavab axtaracağam:
- Xoşbəxtlik ümumi rifah halıdır.
- İnsan özünə bənzər həssaslıqlara malik insanlarla bağ qurmaqla həyat keyfiyyətini yüksəldə bilər.
- İnsan özünə bənzər həssaslıqlara malik insanlarla bağ qurmaqla xoşbəxtliyini artıra bilər.
Bu arqument yalnız o halda əsaslı sayıla bilər ki, müddəaların hər birinin rasional şəkildə əsaslandırılmasının mümkün olduğunu göstərək. Bu müddəaları aydınlaşdırmaqla yanaşı, xoşbəxtliyin mənası ilə bağlı digər suallara da cavab verməyə çalışacağam.
Birinci müddəada xoşbəxtliyin təbiətini və mahiyyətini müəyyənləşdirməyə yönələn ümumi bir fikir irəli sürürəm. Bir çox filosof xoşbəxtliyi müxtəlif cür tərif edib və mən də bu yanaşmaların bəzilərindən öz mövqeyimi formalaşdırarkən istifadə edirəm. Burada “ümumi rifah” dedikdə fərdin həyatını yaxşılaşdıran hər şeyi nəzərdə tuturam. Bu, psixoloji, fizioloji və ya davranışla bağlı hər hansı vəziyyət ola bilər. Beləliklə, xoşbəxtliyə dair bu yanaşma onu həm həyatdan məmnunluğu, həm də həzzi və emosional vəziyyətləri özündə birləşdirən daha geniş bir anlayış kimi nəzərdən keçirir.
Həzz amilinin bu anlayışa daxil edilməsi çox vaxt tənqid olunan həzzçilik (hedonizm) nəzəriyyəsi ilə əlaqəlidir. Bu nəzəriyyəyə görə, yaşantılardan alınan həzzin iztiraba nisbəti xoşbəxtliyin əsas müəyyənedici amilidir. Həzzçiliyin müxtəlif formaları mövcuddur; mən isə Ceremi Bentam və Con Stüart Millin müdafiə etdiyi yanaşma üzərində dayanacağam.
“Motivasion həzzçilik” adlandırılan bu nəzəriyyəyə görə, insan davranışlarını hərəkətə gətirən əsas qüvvə həzz axtarışı və iztirabdan qaçmaq istəyidir. Bentam xoşbəxtliyi ali xeyir hesab edir və onu yalnız iztirabın yoxluğu ilə mümkün olan bir həzz kimi izah edirdi. Lakin onun həzzlərin keyfiyyəti məsələsinə kifayət qədər əhəmiyyət verməməsi tələbəsi Con Stüart Millin məşhur sualı verməsinə səbəb olmuşdu: “Məmnun qalmış bir axmaq, məmnun qalmamış Sokratdan daha yaxşı yaşayırmı?”
Mill Bentamın əsas fikri ilə razılaşsa da, həzzləri “yüksək” və “aşağı” olmaqla iki yerə ayırır və zehni həzzlərin cismani həzzlərdən qat-qat dəyərli olduğunu müdafiə edirdi. Məncə, həzz xoşbəxtliyin tərkib hissələrindən biridir. Ancaq xoşbəxtliyi yalnız həzz anlayışına endirmək düzgün olmaz.
Həyatdan məmnunluq və emosional hallar haqqında fikirlərim həyata münasibət və yaşamağın emosional tərəfi ilə bağlıdır. Həyatdan məmnunluq nəzəriyyəsi həyatın ayrı-ayrı məqamlarını deyil, bütövlükdə necə yaşandığını qiymətləndirir. Bu yanaşma yalnız emosional vəziyyətləri deyil, həm də insanın həyatının mənası və prioritetləri üzərində düşünməsini nəzərdə tutur. Məsələn, dərin melanxoliya yaşayan, lakin sənət vasitəsilə özünü ifadə edən və bununla da həyatına məna qatan bir sənətkarı təsəvvür edək. O, emosional baxımdan çətinlik çəkə bilər, amma həyatından ümumən razıdırsa, həyatdan məmnunluq nəzəriyyəsinə görə onun “xoşbəxt” olduğunu söyləmək mümkündür. Başqa sözlə, rifah yalnız müsbət hisslərdən ibarət deyil; insanın həyatına verdiyi məna və ümumilikdə həmin həyatdan duyduğu məmnunluq da rifahın mühüm tərkib hissəsidir.
Buddist ailədə böyümüş biri kimi, buddist təlimlərinin xoşbəxtlik haqqında təsəvvürümə necə təsir etdiyini də nəzərdən keçirmək istəyirəm. Buddizmdə xoşbəxtlik sakit və saflaşmış zehin halından qaynaqlanır; bu isə insanın sərvətə, həzzə və maddi mülklərə bağlılığın azaldığı bir həyat sürməsi ilə əlaqələndirilir. Bu yanaşmanı aşağıdakı təlimlər ümumiləşdirir:
“Qəzəb içində olanlar arasında qəzəbsiz yaşamaq xoşbəxtlikdir. Sıxıntılı olanlar arasında təsirlənmədən yaşamaq xoşbəxtlikdir. Həris olanlar arasında həirssiz yaşamaq xoşbəxtlikdir. Mülkiyyətsiz yaşamaq, işıq saçan tanrılar kimi xoşbəxt bir həyatdır.” [Dhammapada, 201]
“Tam sükunətdən daha böyük bir xoşbəxtlik yoxdur.” [Dhammapada, 203]
Bu təlimlər göstərir ki, insan indiki anı qəbul etməyi və yaşadığı emosional vəziyyətlərə mənfi mühakimələr yükləməməyi öyrənməklə xoşbəxtliyə yaxınlaşa bilər. Həzz arzusundan uzaqlaşmaq müəyyən zehni intizam tələb edir; ancaq qəbul etməyi bacarmaq xoşbəxtliyə çatmağın əsas şərtlərindən biridir. Bu fikirləri bir araya gətirdikdə belə bir nəticəyə gəlirəm: xoşbəxtlik yalnız yüksək səviyyəli həzzləri artırmaqdan ibarət deyil, iztirabı da həyatın bir hissəsi kimi qəbul etməyi tələb edir. Çünki emosional təcrübələr insanın həyatdan məmnunluğunu gücləndirə bilər. Başqa sözlə, insan iztirab yaşasa belə, həyatının müsbət tərəflərindən məmnunluq və minnətdarlıq duymaq iqtidarındadır. Birinci müddəanın mənim üçün ən ağlabatan ifadəsi məhz budur.
Burada qaçılmaz bir sual ortaya çıxır: Utopiyalar həqiqətən mövcud ola bilərmi? Əgər belə bir dünya mümkün olsaydı, xoşbəxtliyin nə olduğunu soruşmağa ehtiyac qalmazdı. Çünki yalnız xoşbəxtliyi tanıyacağımız bir dünyada onu başqa bir hisslə müqayisə etmək mümkün olmazdı. Təsəvvür et ki, bütün həyatını Disneylenddə keçirirsən — özünü “dünyanın ən xoşbəxt yeri” kimi təqdim edən, sonsuz xoşbəxtlik mənzərələri ilə dolu bir məkanda. Əgər ömrün boyu yalnız belə bir həyat yaşamısansa, xoşbəxtlik haqqında təsəvvürün necə formalaşa bilər?
Bəlkə də məhz buna görə real dünyada ağrı və kədər yaşadığımız halda xoşbəxtliyi axtarır və onu hər birimiz fərqli yollarla həyatımızın əsas məqsədlərindən biri hesab edirik. Məncə, həm xoşbəxtliyi, həm də bədbəxtliyi yaşamaq vacibdir. Çünki hansı vəziyyətə üstünlük verdiyimizi — yəni xoşbəxtliyin dəyərini — yalnız onun əksini də tanıdığımız zaman tam anlaya bilərik. Buna görə də insan pis günlərin ardınca daha yaxşı günlərin gələcəyini bilərək öz həyatından məmnun qala bilirsə, “rifah” anlayışı mənfi hissləri də özündə ehtiva edə bilər.
Artıq birinci müddəanın əsaslarını müəyyənləşdirdiyimizə görə, gəlin ikinci müddəaya keçək və onun nə üçün ağlabatan olduğunu izah edək. İkinci müddəa belədir: İnsan özünə bənzər həssaslıqlara malik insanlarla bağ qurmaqla həyat keyfiyyətini yüksəldə bilər.
Burada demək istədiyim budur ki, başqa insanlarla mənəvi bağ qurmaq fərdin rifahını yaxşılaşdıra bilər. Eyni işdə çalışan, eyni gəliri əldə edən və eyni həyat tərzini sürən iki insan təsəvvür edək. Onların arasındakı yeganə fərq budur: A köhnə dostları ilə vaxt keçirir, sosiallaşır, yeni dostlar qazanır və cəmiyyətə könüllü xidmət göstərməklə başqalarını anlamağa vaxt ayırır. B isə müxtəlif səbəblərdən insanlarla demək olar ki, heç bir ünsiyyət qurmur, yaxın dostları və ailəsi olmadan tənha həyat sürür. Sizcə, onlardan hansı daha xoşbəxtdir? İlk baxışda çoxumuzun cavabı, böyük ehtimalla, A olacaq.
A tam ştatlı işləməsinə baxmayaraq, başqa insanlarla münasibət qurmağa vaxt ayırır. Möhkəm münasibətlər yaratmaq üçün göstərdiyi səy ona həyatın eniş-yoxuşlarını bölüşə biləcəyi bir dəstək çevrəsi qazandırır. Duyğularını və düşüncələrini rahatlıqla bölüşə bildiyi belə bir mühit onun həm fiziki, həm də zehni sağlamlığına müsbət təsir göstərir. Məşhur ifadədə deyildiyi kimi: “Heç kim bir ada deyil”.
Bəs B necə? O, bunun tam əksinə, işdən kənar vaxtını tək keçirməyə üstünlük verir, qazandığı pulu yalnız özünə xərcləyir və heç bir sosial bağ qurmur. Bu tənhalığı öz iradəsi ilə seçmiş olsa belə, uzun müddətdə belə bir həyatın darıxdırıcı, hətta mənasız görünməyə başlayacağını düşünmək çətin deyil. Onun heç bir dost və ya “ruh yoldaşı” axtarmadan uzun müddət belə yaşaya biləcəyinə inanmaq mənim üçün çətindir.
İndi isə insanın xoşbəxtliyini və rifahını artıra biləcək üç vəziyyətə nəzər salaq. Bu üç vəziyyətin ortaq bir cəhəti olduğunu görəcəyik.
İlk olaraq, insan çətin anlarda, hər şeyin üst-üstə gəldiyi və özünü tamamilə çıxılmaz vəziyyətdə hiss etdiyi zaman rifahını necə yaxşılaşdıra bilər? Çoxumuzun etdiyi ilk şey telefona və ya sosial mediaya üz tutub bir dostumuzla danışmaq, yaxud yaşadığımız vəziyyəti ifadə edən yazılar axtarmaqdır. Bəs bunun arxasında hansı ehtiyac dayanır? Tək olmadığımızı anlamaq və təsəlli tapmaq.
Daha ağır depressiya hallarında — insanın heç bir müsbət duyğu hiss edə bilmədiyi, tez-tez və şiddətli şəkildə ağladığı, ciddi motivasiya itkisi yaşadığı vəziyyətlərdə — peşəkar dəstəyə, məsələn, terapiyaya ehtiyac yarana bilər. Depressiya yaşayan insanlar xoşbəxtlik hissindən məhrum olsalar belə, vəziyyətləri barədə başqaları ilə danışmaq və zehni durumlarını bölüşməklə öz rifahlarını müəyyən dərəcədə yaxşılaşdıra bilərlər.
İkinci olaraq, insanlar həqiqi dostluqlar qurmağa çalışarkən zahiri fərqlərin arxasında onları birləşdirən oxşarlıqlar axtarırlar. Bu oxşarlıqlar üzə çıxdıqda, möhkəm dostluq münasibətləri yaranır. Belə dostluq hər iki tərəfin həyat təcrübəsini zənginləşdirir və başqa cür qarşılaşmayacaqları müsbət təcrübələrin qarşılarına çıxması ehtimalını artırır. Bu cür yeniliklərə açıq olmaq və rahatlıq zonasından çıxmaqdan çəkinməmək inkişaf etməyə can atan insanlar üçün xüsusilə cəlbedicidir. Əksinə, hər şeyin əvvəlcədən müəyyən və sabit olmasını üstün tutan biri üçün bu, o qədər də cəlbedici görünməyə bilər. Belə insanlar daha çox tanıdıqları şəxslərlə münasibətlərini davam etdirməyə üstünlük verirlər. Bununla belə, onlar da tanışlıq və güvən hissinin yaratdığı müəyyən rifah halını yaşayırlar. Bu nümunə göstərir ki, insan ortaq zövqlərə və maraqlara malik olduğu şəxsləri tapmaqla müsbət təcrübələrini artıra, xoşbəxtliyinin həm əhatəsini, həm də keyfiyyətini yüksəldə bilər.
Son olaraq, nisbi və ya ifrat yoxsulluq şəraitində yaşayan insanların da sərvət və maddi bolluqdan məhrum olmalarına baxmayaraq xoşbəxt həyat sürə bilməsi mümkündür. Bəs belə vəziyyətdə insanı həyata bağlayan nədir? Məncə, bunun cavabı icma duyğusudur. İnsanlar ortaq dəyərləri bölüşdükləri şəxslərlə birlikdə yaşayır, maddi çətinliklərin öhdəsindən həmrəylik və qarşılıqlı dəstək sayəsində gəlirlər.
Bunun nümunəsi kimi Mumbaydakı Dharavi gecəqondusunu göstərmək olar. Burada çox sayda insan ağır və sağlamlıq üçün əlverişsiz şəraitdə yaşayır. Buna baxmayaraq, güclü ailə və qonşuluq münasibətləri onların həyatında mühüm dayaq rolunu oynayır və bu insanlar həmin münasibətlər sayəsində müəyyən rahatlıq və xoşbəxtlik hissini qoruya bilirlər.
Bəziləri etiraz edə bilər ki, bu insanlar daha təmiz və maddi baxımdan daha yaxşı şəraitdə yaşamadıqları üçün öz vəziyyətlərini müqayisə etmək imkanına malik deyillər. Ancaq ətraflarındakı daha firavan şəhər həyatını görsələr belə, yenə də öz həyatlarından məmnun qala bilmələri mümkündür. Mənim burada vurğulamaq istədiyim onların öz vəziyyətlərini başqalarının həyatı ilə müqayisə edib-etməməsi deyil. Əsas məsələ budur ki, ağır yaşayış şəraitinə baxmayaraq, ictimai bağlar onların rifah hissini qorumağa kömək edir.
Başqa sözlə, insanın özünü yaxın hiss etdiyi insanlarla qurduğu bağlar xoşbəxtliyin mühüm və bəlkə də əvəzolunmaz şərtlərindən biridir. Bu bağlar olmasaydı, həmin insanların yaşadığı həyat onlara rifah gətirən bir həyat kimi görünməyə bilərdi.
Burada isə yuxarıda gətirdiyim nümunələrə qarşı irəli sürülə biləcək bəzi etirazlara nəzər salmaq istəyirəm.
Stoiklər isə həzzə qarşı çıxır, ehtirası (patos) ruhun uzaq durmalı olduğu bir pozuntu halı hesab edirdilər. Onların fikrincə, insan ehtiraslarının deyil, fəzilətin rəhbər tutduğu “müdrik insan” olmağa çalışmalıdır. Ehtiras ağıla və təbiətə zidd olan irrasional impulsdur; onun tərkibinə həzz, iştaha, kədər və qorxu kimi hisslər daxildir. Stoiklər həzzi irrasional bir coşqu kimi qəbul edir və onu sevinc anlayışına qarşı qoyurdular.
Buna görə də ikinci nümunəmdə — dostluq qurmaq və bu münasibət vasitəsilə xoşbəxtliyi bölüşmək məsələsində — stoiklər dostluqdan duyulan sevinc ilə fəzilətin özünü bir-birindən ayırmağa xüsusi diqqət yetirərdilər. Başqa sözlə, dostluqdan sevinc duymaq yanlış deyil; yetər ki, bu sevinc insanı fəzilətli davranmaqdan uzaqlaşdırmasın. Bu etirazla müəyyən qədər razıyam: həyatımızdakı həzz bizi fəzilətə uyğun qərarlar verməkdən yayındırmamalıdır. Bununla belə, qeyd etmək lazımdır ki, stoiklərin həzz anlayışı ilə mənim burada müdafiə etdiyim həzz anlayışı arasında ciddi fərq var. Stoiklər üçün həzz mənfi məna daşısa da, mənim nəzərdə tutduğum həzzdə belə bir mənfi məna yoxdur; o, sadəcə insan həyatının təbii tərkib hissəsidir.
Artıq dünyadakı pisliklər və mənfiliklər haqqında məlumatlı olduğumuz halda necə xoşbəxt ola biləcəyimiz sualına qayıda bilərik. Məncə, üçüncü müddəa bu suala ağlabatan cavab verir, çünki ondan əvvəl irəli sürdüyüm iki müddəa da əsaslandırıla bilir.
Birinci müddəada xoşbəxtliyi həyatdan məmnunluğu, həzzi və emosional halları özündə birləşdirən ümumi rifah vəziyyəti kimi başa düşməyin vacibliyini irəli sürmüşdüm. Bu daha geniş yanaşma həzzçilikdən, həyatdan məmnunluq nəzəriyyəsindən və müəyyən mənada Buddizmdən gələn fikirləri özündə birləşdirir. Onun doğruluğunu qəti şəkildə sübut edə bilməsəm də, xoşbəxtliyin təbiətinə dair bu izahın ağlabatan və əsaslı olduğunu düşünürəm.
İkinci müddəada isə rifahın, bununla birlikdə xoşbəxtliyin hansı yollarla əldə edilə biləcəyini araşdırdım. Üç fərqli ssenariyə nəzər saldıq və gördük ki, insan münasibətləri həyatın eniş-yoxuşlarının öhdəsindən gəlməkdə mühüm rol oynaya bilər. Bu müddəaya qarşı müxtəlif etirazlar irəli sürmək mümkündür və mənim arqumentim bütün insan iztirablarına universal bir çarə təklif etmir. Filosoflar və mütəfəkkirlər xoşbəxtliyə aparan başqa yolları da əsrlər boyu müzakirə ediblər və bu müzakirələr, şübhəsiz ki, davam edəcək. Nəticə etibarilə, insan üçün hansı yolun daha uyğun olduğuna qərar vermək onun öz seçimidir.
Beləliklə, bu iki müddəadan belə bir nəticəyə gəlmək olar: insan başqaları ilə mənalı bağlar qurmaqla öz xoşbəxtliyini artıra bilər.
Beləliklə, əvvəldə özümə verdiyim suallara müəyyən qədər qaneedici cavab tapmış oluram. “Xoşbəxtlik” kimi ilk baxışdan sadə görünən bir anlayışın bu qədər mürəkkəb fəlsəfi təhlilə açıq olması həm çətin, həm də heyranedici görünür. Əlbəttə, bir esse bu mövzunun bütün tərəflərini əhatə etmək üçün kifayət deyil. Ancaq çoxumuzun, bəzən fərqinə belə varmadan, ardınca düşdüyü bu insani təcrübə haqqında düşünmək və onu müzakirə etmək belə, məncə, özlüyündə bir həzzdir.
