Ağlamağa bəhanə ver – Zəhra Əkrəmin şeirləri

Ağlamağa bəhanə ver – Zəhra Əkrəmin şeirləri

Paradiqma Zəhra Əkrəmin şeirlərini təqdim edir.

Gəlməsəydin dünyama Günəş doğmazdı bəlkə,
Yaradan həyatıma hədiyyə etdi səni.
Bayram nəğməsi çalır dünyadakı hər ölkə,
Dodağın qonduranda yanağıma busəni.

Sən necə möcüzəsən! Heç cürə ağlım almır.
Ağlım bircə an belə səndən uzaqda qalmır.
Bu viranə həyatda sənsiz yaşamaq olmur.
Nə olar, varlığından məhrum eyləmə məni.

Röyana sarılıram, xəyalını öpürəm,
Hər gün ömür yoluma həsrətini səpirəm,
Gücüm qalmayıb artıq səpdiyimi süpürəm,
Gəl, bərabər öldürək “həsrət” adlı düşməni.

Soyuq baxışlarından yanar ruhum biçarə,
Kimsə sevməz bu eşqlə səni əsla, dübarə.
Etsən də ürəyimi, inan ki, parə-parə,
Min məlhəm əvəz etməz bir “sevirəm” kəlməni.


Necə gözəl olardı, deyilmi?!
Yastığında unudulmuş saçım,
Əllərində unudulmuş qoxum,
Sinəndə unudulmuş başım olardı…

Bir də gözlərinə sığınmış xəyalım,
Dilini qucaqlamış adım…
Bilirsən də, unutqanam.
Unutduqlarımı almaq bəhanəsiylə gələrdim,
Özümü də səndə unudardım.

Yemək bişirərdim ikimizə nəfəsin saçımda…
Səbirsizliyindən qatardım bir tutam.
Gülüşlərin tökülərdi yeməyə,
Şirin dadardı yemək.

Bu səhlənkarlığının cəzası,
Nəfəs kəsərcəsinə qucaqlanmaq olardı.
Gecənin səssizliyini pozardı qəhqəhələrimiz…
Ulduzlar axmağa tənbəllik edərkən,
Mən gözlərinə baxıb dilək tutardım…

Necə gözəl olardı, deyilmi?
Bir film açardın,
Mənsə səni izləyərdim.
Sən özəlliyimdən danışardın,
Mən gözəlliyindən susardım.

Soyunardıq üzüntüləri bütün çılpaqlığıyla…
İsinərkən ruhumuz xoşbəxtliyin nəfəsində,
Sözlərindən dərərdim al-əlvan meyvələri,
Ürəyim mürəbbə bağlayardı əllərinin şərbətindən.

Əllərin hürriyyət toxumu səpərdi
dustaq arzularıma.
Elə çirkindi ki yoxluğun!
Mən onun eybəcər üzünə baxmağa qorxarkən,
Sən qollarını sarardın boynuma, boğulardı…

Baxışların can verərdi gözlərimdəki ölü quşlara.
Və o quşlar qanad çırpardı xəyallarıma.
Sığalların öpərdi saçlarımın yarasından,
Qətli olardın ruhumun dəhlizində qaçışan əndişələrin…

Necə gözəl olardı – deyilmi…?


Ağlamağa bəhanə ver,
Ürəyimi nisgil sıxır.
Əllərimi sənsizliyim,
Boğazımı qəhər sıxır.

Nə güc varmış biləyində!
Öldürəcək təhər sıxır.
Nə yorulmur, nə dincəlmir,
Gecə sıxır, səhər sıxır.

Tikan taxır ilməyimə,
Kədər qatır gülməyimə,
Haram səpir yeməyimə,
Çaylarıma zəhər sıxır.

Tut əlimdən, apar məni,
Ürəyinin bir kəndinə.
Yoxsan deyə zalımlaşıb,
Sıxır məni, şəhər sıxır.

Ağlamağa bəhanə ver,
Bulud kimi dolmuşam mən.
Sənsiz boynum bükük qalıb,
Yaman kövrək olmuşam mən.

Gözümdə ocaq qalanıb,
Boynuma zəncir dolanıb.
Suyuma həsrət bulanıb,
Saralmışam, solmuşam mən.

Ağlamağa bəhanə ver,
Yaman kövrək olmuşam mən.

Paradiqma

Paradiqma