Sistemin Zəfəri

Sistemin Zəfəri

Futbol üzrə növbəti Dünya Kuboku həyəcanı arxada qaldı. Bu dəfəki mundial həm yaşatdığı sensasiyalar, həm də meydandan kənara daşan intriqaları ilə yaddaşlara həkk olundu. Bir yanda ümidləri doğrultmayan nəhənglər, digər yanda isə sadəcə öz işini görərək, səssizcə çempionluğa addımlayanlar var idi. Bütün ziddiyyətlərinə rəğmən, bu turnir müasir futbolun reallıqlarını bütün çılpaqlığı ilə ortaya qoydu.

FİFA-nın iştirakçı sayını artırmaq cəhdi turnirdən öncə böyük müzakirə mövzusu idi. Bir çoxları haqlı olaraq bunun sadəcə iqtisadi maraqlara xidmət etdiyini, çoxlu sayda maraqsız oyunların futbolun o mistik sehrini pozacağını düşünürdü. Böyük uçurumların olacağı, zəif komandaların sadəcə say dolduracağı iddia edilirdi. Amma yaşıl meydan bəzən kağız üzərindəki hesablamaları alt-üst edir. Məsələn, Kapo-Verde kimi bir komandanın çempiondan xal alması və qapısını toxunulmaz saxlaması, eləcə də Norveçin əzmli, rəngarəng oyunu futbolun əslində hər kəs üçün olduğunu və kiçiklərin də böyük xarakter göstərə biləcəyini xatırlatdı.

Çempionatın gedişatı təəssüf ki, sönük mənzərələrlə də yadda qaldı. Braziliyanın ənənəvi sehrindən uzaq çıxışı, Almaniyanın hamını şoka salan məğlubiyyətləri və Paraqvayın futbol zövqü verməyən oyunu azarkeşlərin gözləntilərini puça çıxardı. Türkiyə millisi isə sanki turnirə deyil, sadəcə reklamlara çəkilmək üçün gəlmişdi; o məşhur Avro-2008 ruhundan əsər-əlamət belə qalmamışdı.

Futbolun sadəcə bir idman növü olmadığını, dünyanın reallıqlarını da özündə əks etdirdiyini göstərən ən bariz nümunə isə İran millisi oldu. Müharibə kölgəsində, məşq etmək imkanı belə olmadan, sadəcə oyunlara çıxmaq üçün Amerikaya gələn komanda, qlobal ədalətsizliyin kiçik bir modelini yaşıl meydana daşıdı.

Ədalət demişkən, builki mundialın ən çox müzakirə olunan, hətta cəmiyyəti sözün əsl mənasında iki yerə bölən komandası şübhəsiz ki, Argentina idi. Onların finala qədər uzanan yolu ciddi suallar doğururdu. Bir qisim bunu tarixi bir addım saysa da, böyük əksəriyyət kuluarlarda Argentinanın məqsədli şəkildə dəstəkləndiyini, Messinin xüsusi olaraq qabardıldığını iddia edirdi. Nisbətən rahat rəqiblərlə qarşılaşmalar, verilməyən cərimələr, haqsız qırmızı vərəqələr və mübahisəli penaltilər bu iddiaları daha da alovlandırırdı.

Bu fonda Kriştiano Ronaldonun portuqallarla birlikdə çətin rəqiblərlə mübarizədə kənarda qalması, onun Dünya Kuboku xəyalının yenidən puç olması tərəflər arasındakı gərginliyi zirvəyə daşıdı. Ronaldo kənarda qaldıqca, Messiyə yönələn dəstək nəzəriyyələri daha çox dillər əzbəri oldu. Və bütün bu söz-söhbətlərin, mübahisələrin fonunda finala çıxan Argentina, həmin həlledici matçı biabırçı bir məğlubiyyətlə tərk edərək bəlkə də haqqındakı tənqidlərə ən böyük cavabı meydanda almış oldu.

Bütün bu intriqaların, fərdi xaosun və tərəfkeşlik iddialarının fonunda futbola fərqli bir pəncərədən baxan komanda var idi. İspaniya müasir futbolda düzgün qurulmuş sistemin hər cür ulduzdan və təbliğatdan üstün olduğunu bir daha sübut etdi.

Diqqət edəndə görürük ki, ispanlar heyətdə rəqibi təkbaşına məhv edəcək qabarıq bir “9” və ya “11” nömrəyə sahib deyildilər. Onların silahı daha kəsərli idi: qüsursuz işləyən futbol maşını. Rəqibi topsuz qoymaq bacarığı, düzgün zamanda və məkanda tətbiq edilən presinq, müdafiəni yaran açar ötürmələr bu komandanın əsas onurğası idi. Bütün turnir ərzində qapılarında cəmi bir qol görmələri isə fantastik göstəricidir və bu sistemin həm də necə mükəmməl bir müdafiə xarakteri daşıdığını sübut edir.

İspanlar oynadıqları bütün oyunlarda, xüsusən də finalda rəqiblərinə aşkar üstünlük qurdular, bunu həm oyun gedişatında, həm də quru statistikalarda hər kəsə nümayiş etdirdilər. Bu çempionat bizə bir daha göstərdi ki, kənardakı səs-küy nə qədər böyük olursa olsun, meydanda hər zaman ən yaxşı futbol oynayan, sisteminə sadiq qalan qalib gəlir. İspaniya sadəcə bir kubok qazanmadı, həm də təmiz futbolun hələ də yaşaya bildiyini sübut etdi.

Paradiqma

Paradiqma