Paradiqma İbrahim Azizin “Estetik Diktatura” adlı yazısını təqdim edir.
Son günlər cəmiyyətdə ciddi qalmaqal və ictimai qınaq doğuran məlum reklam videosu haqqında, bir fəlsəfəçi kimi, fikirlərimi oxucularla bölüşmək istəyirəm. Modern dünyada neoliberal kapitalizmin də təkanı ilə “fast-food” mədəniyyətinin təsirindən kənarda qalan çox az şeyin olduğunu düşünürəm. Artıq növbə, sözün həqiqi mənasında, bədənlərimizə çatıb. Ətraf mühit bizə daim yetərsiz olduğumuzu, güc və status uğruna dəridən-qabıqdan çıxmalı, qarşımıza çıxan hər şeyi bu dırnaqarası “uğur” naminə qurban verməli olduğumuzu həm açıq, həm də üstüörtülü şəkildə diktə edir. Estetik müdaxilələr insanın özünə olan sevgisindin çox, bədənini bazarda (sosial həyatda, münasibətlərdə, karyerada) daha baha satmaq üçün etdiyi bir “investisiya” çevrilib. “Fast-food” necə ki gözə rəngarəng görünür, amma qidalandırıcı heç bir dəyəri yoxdur; müasir “plastik gözəllik” də eyni vizual aclığın məhsuludur.
Biz çox vaxt azadlığın sadəcə özümüzü daha gözəl etməklə və ya bədənimiz üzərində istədiyimiz hər dəyişikliyi həyata keçirməklə mümkün olacağını düşünürük. Lakin insan ilk növbədə, ağlına gələn hər düşüncənin, özünü rahat hiss etdiyi hər fikrin həqiqi azadlıqla mütləq şəkildə əlaqəli olmaya biləcəyi ehtimalını qəbullanmalıdır. Düşünürəm ki, fərdin özünü bu qədər ideallaşdırmağa çalışmasının təməlində duran ən birinci səbəb, əslində, özünü başqalarına sevdirmək, onlara qəbul etdirmək arzusudur. Məhz bu məqamda ağlıma çox fərqli bir sual gəlir: Əgər sən durmadan özünü dəyişirsənsə, deməli, artıq öz gerçəkliyini istəmirsən; özünü, yəni təbii halını istəməyən və rədd edən bir insan, yaratdığı bu “düzəltmə” şeyi necə həqiqətən sevə bilər? Başqalarının diqqətini, marağını və süni sevgisini qazanmaq ehtirası gözümüzü o qədər kor edib ki, bu yolda bir daha əvvəlki halına qaytara bilməyəcəyimiz öz təbii cisimlərimizi qurban veririk. Nə vaxta qədər özgənin təsdiqi ilə dəyərli biri olacağıq?
Yunan mifologiyasında heykəltəraş Piqmalion düzəltdiyi qüsursuz heykələ aşiq olur. Müasir insan isə həm Piqmalion, həm də heykəlin özüdür – o, öz təbii bədənini yonur, kəsir, formaya salır və sonda yaratdığı bu “heykələ” aşiq olacağına inanır. Dərk etmədiyimiz məqam odur ki, canlı heykəl olmaq reallıq hissini itirməyə gətirib çıxarır.
Məsələnin digər tərəfində isə bir sənətkar dayanır. Aktyor sadəcə bir reklam təklifi alıb və bunu öz peşəsinə uyğun olaraq, bir sənət kimi icra edib. Gəlin dürüst düşünək: bu reklam çarxında həqiqətən də hər hansı bir təhqir varmı? Qətiyyən xeyr. Çünki qəbul etmək lazımdır ki, bədəninizə etdiyiniz bu cür müdaxilələr, təbii halını qoruyan bir insanla müqayisədə sizi, istər-istəməz, süni göstərir. Bu reallığı əsaslandırmaq üçün dərin bir fikir mübadiləsinə belə ehtiyac yoxdur. Sırf sağlamlıq məqsədilə, həyati bir zərurətdən irəli gələn tibbi əməliyyatla, “özümü daha fərqli, daha fərqlənən edəcəyəm” ehtirası ilə bədəndə aparılan estetik dəyişiklikləri bir tutmaq, onları eyniləşdirmək absurddur.
Paradoksal olaraq, öz azadlığını qoruduğunu düşünənlər aktyora hücum çəkərək onu aşağılamağa, təhqir etməyə, hətta hədəfi dəyişib onun ailəsindəki xanımlara belə lağ və istehza dolu şərhlər yazmağa başladılar. Aktyorun öz şəxsi hesabında böyük təəssüf hissi ilə qeyd etdiyi bu mənzərə reallığın ən çirkin üzüdür: Öz “azadlıqlarını” müdafiə etdiklərini iddia edən xanımlar, başqa həmcinslərini bu yolda qurban verərək həmrəylik yox, aqressiya nümayiş etdirirlər. Nə feminizm, nə də fundamental insan hüquqları heç kimin söz və ifadə azadlığını boğa bilməz; buna haqqı da yoxdur. Qadın hüquqlarını qorumaq adı ilə çıxış edib, sırf fərqli cəbhədə (aktyorun ailəsində) olduğu üçün başqa qadınları təhqir etmək mənəvi iflasdır. Bu, ideologiyanın deyil, “tribalizmin” (qəbiləçiliyin) göstəricisidir. İnsan hüquqları və feminizm fərdi azadlıqların qarantı olmalıdır, fərqli düşünənləri əzən bir senzura mexanizminə çevrilməməlidir. Təzyiqlər vasitəsilə insanları susdurmağa çalışmaq, aqressiv diktə yolu ilə onları reallıqdan çəkindirmək sadəcə dərin bir özünüaldatmadır. Çünki özünü kar edərək gerçəyin səsini kəsmək mümkün deyil. Bir rəssam çirkinliyin rəsmini çəkdikdə, tamaşaçılar tablonu cırmaqla və ya rəssamın özünü ləkələməklə dünyadakı çirkinliyi yox edə bilməzlər.
Xülasə olaraq, aktyorun bütün təzyiqlərə rəğmən öz fikir və düşüncələrindən geri addım atmamasını təqdir edirəm. Əgər siz süni olduğunuzu qəbul etmirsinizsə, o zaman təbiiliyin fiziki dəyişikliklərlə heç bir əlaqəsi olmadığını məntiqi yolla əsaslandırmalısınız. Yalnız belə bir rasional isbatla aktyorun işini əsassız və yanlış çıxara bilərsiniz; məhz bu halda onun verdiyi mesaj öz əhəmiyyətini itirərdi. Əks təqdirdə, zor gücünə, təhqir və hədə-qorxu ilə insanları susdurmağa çalışaraq, həqiqətdə heç nəyi dəyişdirə bilməyəcəksiniz.
