Öz klinikasında kütləvi qətliam törədən “Ölüm həkimi”

Öz klinikasında kütləvi qətliam törədən “Ölüm həkimi”

Paradiqma.az İbrahim Azizin “Ölüm həkimi” adlı yazısını təqdim edir.

Həyatımızın ən kövrək, özümüzü ən çarəsiz hiss etdiyimiz anlarında biz, əksər hallarda, ağxalatlı xilaskarlara sığınırıq. Onlara sadəcə bədənimizi deyil, həm də varlığımızı və gələcəyimizi etibar edirik. Bəs bu qeyd-şərtsiz, mütləq etibar, əslində, bizim ən böyük korluğumuzdursa? Haqqında bəhs edəcəyim bu xarizmatik ağsaqqal dünya tarixinə “Ölüm həkimi” ləqəbi ilə həkk olunub. Harold Şipmanın hekayəsi qaranlıq küçələrdə deyil, xəstəxanaların işıqlı dəhlizlərində gəzişən dəhşətin anatomiyasıdır.

Bəs hər şeyin başlandığı o ilk köklərə, ailə adlanan o mürəkkəb instituta qayıtsaq necə? Bir uşağın gələcəyini onun daxili təbiəti, yoxsa üzərinə düşən qaranlıq kölgələr müəyyənləşdirir? Bəlkə də Haroldun cinayətlərinin arxasındakı əsl sirr xəstəxana palatalarında deyil, anasının o dominant, nəfəskəsən hakimiyyətində gizlənmişdi. İradəsi daim əzilən, eqosu avtoritar bir fiqur tərəfindən boğulan uşaq, böyüdükdə öz gücünü necə sübut etmək istəyər?

Orta gəlirli bir ailənin ortancıl övladı olaraq dünyaya göz açan Haroldun anası kifayət qədər dominant və avtoritar qadın idi. Zülmkar və hökmlü bir ananın kölgəsində böyümək sadəcə psixoloji travma deyil, fərdin daxilindəki mərhəmət toxumlarının kökündən çürüməsidir. Anasının ağciyər xərçəngindən müalicə aldığı müddətdə qəbul etdiyi dərmanların təsirini müşahidə etmək fürsəti tapan Harold, ölümün qaçılmaz reallığı və ağrıkəsicilərin insan bədəni üzərindəki o qəribə gücü ilə ilk dəfə məhz bu zaman yaxından tanış oldu. O, anasının vəfatından dərhal sonra Lids Universitetində tibb təhsili almağa başladı.

Şipmanın tənəzzülünü anlamaq üçün insan ruhunun ən amansız zəncirinə – asılılığa nəzər salmaq mütləqdir. Asılılıq cəmiyyətin təsnif etdiyi kimi sadəcə bir “vərdiş” deyil, insan təbiətinin qaçılmaz qaranlığıdır. Şipmanın ağrıkəsicilərə aludəçiliyi, bəlkə də, daha qorxunc bir ehtiyacın – mütləq hakimiyyət ehtirasının xəbərçisi idi. O qorxuducu dünyadan tamamilə xilas olmaq böyük bir illüziyadır; çünki ən sadə, ən zərərsiz görünən ehtiyaclar belə zamanla cildini dəyişir, formasını aşır və fərdin azad iradəsini səssizcə işğal edir.

İnsanın öz asılılığının, öz tənəzzülünün fərqində olması ona heç bir qurtuluş vəd etmir; belə olan təqdirdə şüur, yalnız məhvin sürətini izləyən çarəsiz bir tamaşaçıya çevrilir. Bəlkə də, heç nədən asılı olmayan, tamamilə müstəqil insan ümumiyyətlə mövcud deyil. Sizin də, mənim də, hamımızın bağlandığı və qopa bilmədiyi görünməz zəncirlər var. Bizi bütöv bir məhvdən, Şipman kimi əxlaqi və insani iflasdan qoruyan yeganə faktor bizim xəyali “paklığımız” deyil; bu, sadəcə ruhumuzda gəzdirdiyimiz o qaranlıq ehtirasların dərəcəsi və ölçüsüdür. Fərqindəlik bizi xilas etmir; bizi xilas edən yeganə amil uçuruma hansı dozada sürükləndiyimizdir.

Başlanğıcda onun həyatı cəmiyyətin qəbul etdiyi normalar çərçivəsində, müəyyən bir nizamla irəliləyirdi. O, cəmi 19 yaşında ikən ailə həyatı qurdu. Evləndikləri zaman həyat yoldaşının 17 yaşı var idi və o, artıq beş aylıq hamilə idi. Harold 28 yaşına çatdıqda iki övlad atası olmuşdu və universiteti bitirdikdən sonra Yorkşirdə yerləşən Todmordendə təcrübə keçmək şansı qazanmışdı. Əslində, bir çox şeyin qaydasında getdiyi Haroldun həyatı “Petidin” adlı ağrıkəsiciyə olan aludəçiliyi ucbatından tamamilə alt-üst oldu. Asılılığının qarşısını ala bilməyən Harold öz adına yüksək dozalı reseptlər yazmağa başlayanda həmkarları vəziyyətdən duyuq düşdülər və bu hal onun vəzifəsini itirməsi ilə nəticələndi.

Lakin o, kənara itələnmədi. Reabilitasiya mərkəzində uzun müddət müalicə aldıqdan sonra karyerasına qaldığı yerdən “Donneybrook” Sağlamlıq Mərkəzində (Donneybrook Medical Centre) davam etdi. Çalışdığı bu müəssisədə həm həmkarları ilə münasibətləri çox yaxşı idi, həm də burada 20 il boyunca aktiv fəaliyyət göstərdi. Məhz bu illər ərzində o, öz səssiz qətliam ssenarisini icra etməyə başladı.

O, qurbanlarını aradan qaldırmaq üçün tamamilə tibbi və səssiz bir metod seçmişdi. Şipman xəstələrini evlərində və ya öz klinikasında ziyarət edərkən onlara ölümcül dozada ağrıkəsici (əsasən diamorfin və ya morfin) inyeksiya edirdi. İş o yerə çatmışdı ki, o, bir dəfəyə 360 insanı öldürməyə bəs edəcək qədər – düz 12.000 milliqram morfin sifariş etmişdi. Qətl prosesindən sonra xəstələrin tibbi tarixçələrini ustalıqla saxtalaşdıraraq, onların ürək tutması, insult və ya qocalıq kimi təbii səbəblərdən vəfat etdiyini göstərən saxta ölüm şəhadətnamələri imzalayırdı.

Zamanla hər şeyin bu qədər “qüsursuz” irəliləməsi belə, şübhə doğurmağa məhkumdur. Onun davranışlarından ilk şübhələnənlərdən biri də dəfn xidməti əməkdaşı idi. Haroldun xəstələrinin ölümlə nəticələnən müalicələrində ciddi artım müşahidə olunurdu və bu vəziyyət kifayət qədər diqqətçəkici idi. Ölüm səbəbləri isə bir-birinə çox bənzəyirdi.

Hətta qurbanların vəfat etdikləri andakı bədən vəziyyətləri belə eyni olacaq qədər qəribə bir mənzərə yaranmışdı. Əlbəttə ki, cəsədlərin həddindən artıq dinc və sakit görünüşü bu “təbii ölüm” iddiaları ilə qətiyyən üst-üstə düşmürdü. Harold, yəqin ki, bu vəziyyətdən təşvişə düşdüyü üçün dəfn xidməti əməkdaşını dərhal proseslərdən uzaqlaşdırdı, ancaq bu, onun etdiklərini gizlətməyə kifayət etməyəcəkdi.

Şübhə toxumları böyüməyə davam edirdi. Haroldun həmkarlarından biri, doktor Suzan But və digər bir neçə həkim onun xəstələrinin böyük əksəriyyətinin vəfat etdiyini fərq edərək vəziyyəti məhkəmə-tibbi ekspertinə bildirdilər. Ardınca hadisə barədə polisə məlumat verildi. Cəmiyyətin avtoritetə olan kor inancı və sistemin boşluqları bu nöqtədə yenidən özünü büruzə verdi: aparılan təhqiqat zamanı Haroldun bu ölümlərə səbəb ola biləcəyinə dair heç bir dəlilə rast gəlinmədi və istintaq bağlandı. Lakin əslində vəziyyət göründüyündən qat-qat ciddi idi… İstintaq zamanı Haroldun keçmişdə yol verdiyi hüquq pozuntuları, nədənsə, diqqətdən kənarda qalmışdı.

Bütün bu qaranlıq silsilənin üstü, nəhayət, 1998-ci ildə onun sonuncu qurbanı – Hayd şəhərinin 81 yaşlı sabiq bələdiyyə sədri Ketlin Qrundinin ölümü ilə açıldı. Şipman tamamilə sağlam olan Ketlini öldürdükdən sonra hədsiz təkəbbürünə məğlub olaraq, onun vəsiyyətnaməsini saxtalaşdırmış və bütün sərvətinin özünə qalmasını təmin etməyə çalışmışdı. Lakin qurbanın qızının bu kobud saxtakarlıqdan şübhələnməsi və hüquq-mühafizə orqanlarına müraciət etməsi nəticəsində cəsəd eksqumasiya edildi və toxumalarda yüksək dozada narkotik maddə aşkarlandı.

Həbs edildikdən sonra da o, cinayətlərini qətiyyətlə inkar edir, hətta 81 yaşlı sabiq bələdiyyə sədrinin tiryək aludəçisi olduğunu iddia edirdi. Buna baxmayaraq, polisin apardığı genişmiqyaslı araşdırmalar nəticəsində bütün dəlillər öz təsdiqini tapdı. Beləliklə, o, 2000-ci ildə 15 xəstənin qətlində təqsirli bilinərək, heç vaxt azadlığa buraxılmamaq şərti ilə ömürlük həbs cəzasına məhkum edildi.

Bəs insanı, həm də xilaskar andı içmiş bir həkimi bu yola itələyən nə idi? Digər tərəfdən, qaranlıqda qalan başqa bir dəhşətli ehtimalı düşünək: əgər cinayətlərinin üstü açılmasaydı, Harold bu qətlləri əl-ayağının tutduğu, yəni fiziki olaraq iynə vura bildiyi son günə qədər davam etdirəcəkdimi? İnsan həyatı üzərində qurulan bu qorxunc neqativ hegemonluq, əslində, bizim o çox öyündüyümüz humanizm rəsminin çərçivələrinin haradan qırılıb daşdığını bizə sorğulatmırmı? Belə bir amansız tabloda “qədər”dən və ya ilahi ədalətdən söz açmaq mümkündürmü?

İnsan təbiətinin qaranlığı o dar çərçivəyə sığmır, o həmişə kənara daşır və bütün etik sərhədləri darmadağın edir. Yüzlərlə insanın həyatının və ölümünün sadəcə bir fərdin mənəvi sınağı üçün var edildiyinə inanmaq nə rasionaldır, nə də əxlaqidir. Ölümün səbəbi və nəsnəsi dəyişdikdə onun dəyərinin də kəskin şəkildə dəyişdiyi bu qəddar dünyada, biz nəyin əhəmiyyətli olduğunu əslində hansı meyarlarla dəyərləndiririk? Həyatın və ölümün əhəmiyyətini obyektiv mənəviyyatla yox, tamamilə öz qorxularımızın, statuslarımızın və sosial illüziyalarımızın diktə etdiyi saxta meyarlarla dəyərləndiririk.

Aparılan rəsmi təhqiqatlara və dərin psixiatrik təhlillərə baxmayaraq, Şipmanın bu qətlləri məhz hansı motivlə törətdiyi tam aydınlaşdırılmadı. Bəzi mütəxəssislər onun sadəcə qətl törətməyə və ağrıkəsicilərə qarşı aludəçiliyi olduğunu iddia etsələr də, digərləri bunu özünü insanların həyatı üzərində mütləq hakimiyyətə sahib bir qüvvə kimi hiss etmək istəyi ilə əlaqələndirirdilər. Görünür, o, sadəcə cinayət törətmir, mənəvi deqradasiyanın ən dibinə enərək öz eqosunun diktəsi ilə “Tanrı rolu”nu mənimsəyirdi. Bəlkə də onun əsl asılılığı dərmanlar deyil, kimin yaşayıb, kimin öləcəyinə qərar verən o amansız gücün özü idi.

İbrahim Aziz

İbrahim Aziz