Bəstəkar Elmir Mirzəyevin yeni monoqrafiyası ictimaiyyətə təqdim olunmuşdur

Bəstəkar Elmir Mirzəyevin yeni monoqrafiyası ictimaiyyətə təqdim olunmuşdur

Aprelin 20-də Azərbaycan Milli Konservatoriyasının Bakı zalında bəstəkar, kulturoloq və publisist Elmir Mirzəyevin “Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər” (Zwischen Moderne und Archaik. Transregionale Spannungen in der Musikkultur Aserbaidschans im 20. Jahrhundert) adlı monoqrafiyasının təqdimat mərasimi keçirilmişdir.

Paradiqma.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə kitabın əsas ideya xəttini iştirakçıların diqqətinə çatdırmış və bu əsərin Azərbaycan musiqişünaslıq elmi üçün daşıdığı böyük əhəmiyyəti xüsusilə vurğulamışdır.

Kitabda əsas tədqiqat obyekti kimi çıxış edən XX əsr Azərbaycan musiqi mədəniyyəti fərqli elmi sahələrin qovuşduğu multidissiplinar bir yanaşma çərçivəsində geniş şəkildə araşdırılmışdır. Nəşrdə XIX və XX əsrlər boyunca üç nəhəng imperiyanın periferiyasında qərarlaşan Azərbaycanın coğrafi determinizm zəminində yaranmış bənzərsiz mədəniyyətindəki transregional faktorlar, həmçinin müxtəlif geokültür təsirlərdən qaynaqlanan “modern” və “arxaik” istiqamətlər arasındakı mürəkkəb qarşılıqlı münasibətlər sistemli bir tərzdə elmi təhlilə cəlb olunmuşdur.

Ötən ilin payız aylarında Almaniyanın Bielefeld şəhərində fəaliyyət göstərən nüfuzlu “transcript Verlag” akademik nəşriyyatında nəşr olunan bu əsər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə ithaf edilmişdir. Berlin Humboldt Universitetinin Slavistika və Macarşünaslıq İnstitutunun rəhbəri, professor, doktor Susanne Frankın elmi rəhbərliyi altında ərsəyə gətirilən bu kitabın Almaniyada çap edilməsi Azərbaycan mədəni irsinin almandilli məkanda təbliğ edilməsi işinə mühüm elmi və mədəni töhfə kimi dəyərləndirilir.

Paradiqma

Paradiqma