Əyilən çinarlar və ümidsiz sabahlar – Ayaz Arabaçının şeirləri

Əyilən çinarlar və ümidsiz sabahlar – Ayaz Arabaçının şeirləri
Ayaqlar altında tapdaq olmuşuq,
Başa çıxartmışıq hər cənabları.
İtirib başını dəyirmançılar,
Tərsinə fırlanır pər cənabları.

Bizimki mahnıdan, şeirdən keçib,
Dağları-düzləri seyirdən keçib.
Xeyri Allah kəsib, xeyirdən keçib,
Əyləşib məqamda şər cənabları.

Asılıb qalmışıq bir tükə, bax-bax,
Hər addım həyəcan, təhlükə, bax-bax,
O bizik dözürük hər yükə, bax-bax,
Dözməz heç ən yekə nər cənabları.

Sayım bircə-bircə, bil də, üşən də...
Vətən, bir ləkəyik könül şüşəndə..
Səndən şirin-şirin söhbət düşəndə,
Basır üzümüzü tər cənabları.

Gözünə illərin dumanı çöksün,
Köksünü qarğalar-quzğunlar söksün,
Başına haranın külünü töksün,
İgid cənabları, ər cənabları.

Göy boyda günahıq, yer boyda eyib,
Bir div hamımızın haqqını yeyib,
Cütləyib atırıq bəxtə-bəxt deyib,
Düşür yek üzünə zər cənabları.

***

Yox, ola bilmirəm heç cürə azad,
Deyirsən keçəcək bu qanlı təzad..
Həkim nə xəstəlik, nə ağrı, nə zad,
Bir qara sevdadır dönür başımda.

Nə vaxtdı ərimir qəlbimin donu,
Leyləklər özüylə apardı onu,
Unutmaq deyil ki, bu dərdin sonu,
Bir qara sevdadır dönür başımda.

Nə olsun gülüzlü ilk bahar gəlir,
Arzu kor görünür, ümid kar gəlir,
Dümağ sevdalara içim dar gəlir,
Bir qara sevdadır dönür başımda..

Müftə sevincmi var, qəfil qapasan?
Dəli köhlənini minib çapasan,
Dərd deyil, aptekdən dərman tapasan,
Bir qara sevdadır dönür başımda.

Sonunda nə qalar bu qədər hissdən?
Təmizdi yüz faiz tərkibi misdən,
Baxışı dumandan, göz yaşı sisdən,
Bir qara sevdadır dönür başımda..

***

Arxa çıxır, dayaq durur, güc verir,
Hər tərəfdən şər, anası qəhbəyə.
Bu həyatdı, oğulsansa sinəni,
Axıracan gər, anası qəhbəyə...

Sinəmizə çökən qansız pis çöküb,
Gözümüzə duman gəlib, sis çöküb,
Gör necə də tülkü kimi diz çöküb,
Çinar boylu nər, anası qəhbəyə...

Ancaq bizdə çaqqal-çuqqal bəbirdi.
Heç kim baxmır son mənzili qəbirdi,
Dar məqamda "sə-bir"di ki, "sə-bir"di,
Nə deyəsən zər anası qəhbəyə...

Biz neynəyək, nə imkan var nə əldə?
Sınamışıq neçə dəfə dueldə.
Milyon dəfə yendirilib bu eldə,
Min ər oğlu ər, anası qəhbəyə.

Xəyalların dadı-tamı olmayıb,
Arzuların evi-damı olmayıb.
Heç bir eşşək iş adamı olmayıb,
Heç nə düşmür tər anası qəhbəyə.

Ər oğulun qeyrətində çat olmaz,
Şah şah olsa hər düdüyə mat olmaz.
Dürlü-dürlü söz deməknən at olmaz,
Bəllidi ki, xər anası qəhbəyə...

Ayaz, könlün çinarlardan boy yesin,
Hər süfrədən şadlıq dadsın, toy yesin,
Gedib harda nə pox yeyir, qoy yesin,
Fikir vermə hər anası qəhbəyə!!!
Paradiqma

Paradiqma