İntellektual görünmək arzusu, yaxud bir kitabda “Necə Yazmamaq” dərsi

İntellektual görünmək arzusu, yaxud bir kitabda “Necə Yazmamaq” dərsi

Paradiqma.az Anar Oğuzun “Necə yazmamağı öyrədən kitab” yazısını təqdim edir.

Dünən Orxan Həsəninin “Və dalğalandı yaddaş tarlası” kitabını axır ki, oxuyub bitirdim. Açığı, nə yalan deyim,  əməlli-başlı əzab çəkdim. 

Orxanın  bu kitabı mənə atamla tək qaldığımız günləri xatırlatdı.

Anamla atam tez-tez dava edirdi, axırıncı söz-söhbətdə anam iki həftəlik nənəmgilə getdi. Evdə yeməkləri atam bişirirdi. Atam mətbəx bacarıqları haqqında o qədər yüksək fikirdə idi ki, sadə görünməkdən qorxurdu, nə vaxt mətbəxə girsə bizi mütləq təəccübləndirmək istəyirdi.

Ən sadə pomidor-yumurtanı belə hazırlayanda yeməyin içinə bibər, soğan, sarımsaq, pendir əlavə edirdi. Bir dəfə lap ağını çıxarıb, qayğanağın içərisinə pendirdən, sarımsaqdan, göyərtidən əlavə xırda-xırda mandarin qabığı doğramışdı. Mən bu mənasız yeməyi yemədim. Atam da Rusiyadakı, Gürcüstandakı vaxtlarından, oradakı insanların mətbəxdə nə qədər yaradıcı olduqlarından uzun-uzadı danışdı. Ucundan tutub ucuzluğa getdi, axırda da  dedi: “Eşşək nə bilir zəfəran nədir? Sən ağzının dadını bilmirsən.”

Orxan Həsəninin “Və dalğalandı yaddaş tarlası” kitabı atamın hazırladığı,  içərisinə pendir, sarımsaq, göyərti, xırda-xırda mandarin qabığı doğranmış qayğanaqlara bənzəyir.

Orxan bəy də sadə görünməkdən qorxub, o inanmayıb ki, pomidorun içərisinə yumurta əlavə etməklə ləzzətli dad əldə edə bilər. Ona görə də üz tutub hoqqabazlığa. Əlinə nə keçibsə, tavaya atıb. Bu günə qədər oxuduğu kitablarda nə görübsə, öz kitabında istifadə edib: daxili monoloqlar, uzun-uzun şüur axışı, poetik nəsr üslubu, naturalist detallar, müəllif müdaxiləsi, 7–8 növ perspektiv, lüğət formasında təhkiyə, pyes forması və s. Xülasə, görməmişlik.

Elə bil acgöz, görməmiş bir qadın paltar mağazasına girib. Gözünə görünəni tələm-tələsik əyninə geyinib.

Orxan elə bilib ki, hər şeyi kitaba soxsa, kitab uğurlu olacaq, müəllif də savadlı, müasir, intellektual görünəcək. 

Yəqin Orxan bu kitabı yazmamışdan qabaq kimsə ona deyib ki: “Ədəbiyyatda deyilməli olan hər şey deyilib. İndi əsas məsələ nə dediyin yox, necə dediyindir.” Orxan da bu söhbəti kökündən səhv başa düşüb.

Orxan Həsəni yaxşı, müasir mövzu tapsa da, mövzunu bu forma oyunları ilə zay eləyib. Kitabda vahid bir təhkiyəçi yoxdur, hər fəsildə söz növbəsi fərqli bir obraza verilir. Amma söz növbəsinin hansı obraza verilməyindən  asılı olmayaraq danışan həmişə müəllifin özüdür. Atam əlinə keçəni tavaya doğradığı kimi Orxan da  indiyə qədər oxuduğu bütün psixoloji kitabları, fəlsəfi arqumentləri, sufi pritçalarını, “Oyal” dəftərlərinin üz qabığındakı kiçik maraqlı faktları obrazların dilindən kitaba doldurub.  Müəllif obrazların dilindən danışdığı yerdə qəfil xatırlayır ki, filan yer oxucu üçün qaranlıq qaldı, filan yerdə keçid sərt oldu və bu problemləri də belə aradan qaldırır:

“MÜƏLLİF: Cavidlə Elvin aşağı endikdən sonra qərarsızlıq içində vurnuxan Nigar və Ani küçəyə açılan pəncərədən Rüfəti gördülər. Hətta şərab şüşəsini gitara kimi tutub mahnı oxuyan Rüfət qızlara olduqca gülməli görünmüşdü. Elə bu dəm Nigar Xəyalın səsini eşitdi.”

Müəllif özü üçün hər şeyi bilən, eşidən və görən təhkiyə formasını seçib, rahatlıqla istədiyi obrazın beyninə girir, o obrazın nə düşündüyünü, nə hiss etdiyini asanlıqla oxucuya bildirir: Rüfət həyəcanlanmışdı, Aniyə əsəbiləşmişdi, Xəyal onun səhv etdiyini düşünürdü, Rəis kədərlənmişdi, Elvin xəbəri oxumaq üçün telefona gözünü dikmişdi və s.

Müəllif daha sonra lüğət formasında təhkiyəyə keçir:

“AĞIR-AĞIR zərf – Yavaş-yavaş, tədricən, asta-asta, tələsmədən. Ağır addımlarla. Ağır-ağır yerimək. Ağır-ağır işləmək. Xəyal Nigarı adamların arasında görüb əvvəl-əvvəl özünü düzəltdi, sol əlini yaxasına çəkdi, bəyaz köynəyinin bəyaz düymələrini yoxladı, çiyinlərinin tozunu çırpdı, üzünə təbəssüm qondurub addımlarını ona doğru ağır-ağır sürüdü.”

“BADƏ isim [fars.] – Şərab, çaxır. Nigar Çəmənlə söhbətləşərkən dostlarının çaxır içmək təkidlərinə məhəl qoymayıb dolu qədəhdən nar şirəsi qurtumlayırdı və həm Çəmənin zarafatlarına gülürdü, həm də Rüfətin sərxoşluğuna təəssüflənirdi. Rüfətin sərxoşluğuna təəssüfləndiyindən tez-tez Çəmənin sözünü ağzında qoyub deyirdi:

— Rüfətə söylə, çox içməsin, içməsin nədir, al o badəni əlindən, yenə “Köpükləndin” ağlını çıxartmasın…

Və yenə ətrafa nəzər salırdı, bəzən gözaltı Xəyalı yoxlayırdı.”

“CUR isim – Özünə tay, bərabər; yoldaş, həmtay, bir yerdə oturub-duran yoldaşlardan hər biri. Çəmən Xəyalın onlara sarı gəldiyini görüncə Nigardan ayrılıb başladı Rüfətlə danışmağa.”

Yaxşı, biz başa düşdük ki, Orxan Həsəni bu kitabda formalizmə müraciət edib. Bəs uğurlu alınıbmı?

Yaxşı formalizm odur ki, məzmunu yox, qavrayışı dəyişir. Mövzu eyni qalır (məsələn, sevgi, ölüm, müharibə, gündəlik həyat), amma müəllif  onu elə təqdim edir ki, sən onu ilk dəfə görmüş kimi hiss edirsən. Yaxşı formalist oxucuya sübut edir ki, nə baş verdiyi vacib deyil, hər şey təqdimat formasına görə dəyişir.

Məsələn, Raymond Queneau “Üslub məşqləri” kitabında olduqca bəsit, əhəmiyyətsiz bir hadisəni (avtobusda baş verən kiçik bir mübahisəni) tam 99 fərqli üslubda təsvir edir. Bir dəfə fəlsəfi, bir dəfə jarqonla, bir dəfə riyazi düsturlarla, bir dəfə qorxu janrında… Müəllif sübut edir ki, ədəbiyyatda “nə” baş verdiyi heç bir əhəmiyyət kəsb etmir, hər şey “necə” təqdim olunmasından asılıdır.

Pis, uğursuz, alınmamış formalizm odur ki, məzmun kəsaddır, süjet zəifdir, strukturda boşluqlar var və ya müəllif hansı təhkiyə formasını seçsə də hadisəni danışa bilmir, aranı dağa, dağı arana daşıyır, axırda görür alınmır, başlayır hoqqabazlığa. Formalizm məzmunu göstərirsə sənətkarlıqdır, məzmunu örtürsə maskadır.

Son bir ayda serializm janrında yazılmış xeyli kitablar oxumuşam. Tamamilə səmimi deyirəm, nə qədər nöqsanlı, gülməli cəhətləri olsa da serializm janrında yazılmış kitablar, məsələn, Bahar Bəxtiyarqızının “Əlvida deməyə tələsmə”, Şükufə İbrahimlinin “Alın yazım” kitabı Orxanın kitabından daha səmimi, daha maraqlıdır. Orxan “intellektual ədaları”, lazımsız forma oyunları ilə serializm cərəyanının nümayəndələrindən daha maraqsız, daha məzmunsuz görünür. Başqa cürə ifadə etsək, Orxan özün nə qədər ciddi yazıçı, intellektual adam kimi göstərməyə çalışsa da ədəbiyyat yarışında serializm cərəyanının üzvlərinə uduzur. Orxanın kitabı qədim bir həqiqəti mənə əyani surətdə göstərdi. İnsan gərək başı girməyən yerə, bədənini soxmasın. Mən bu kitabdan çox qiymətli bir dərs aldım,  bu kitabın hər səhifəsindən, hər abzasından, hər cümləsindən necə yazmamağı öyrəndim. Kitabda  hər səhifə, hər abzas, hər cümlə “belə yazmaq olmaz” təbili çalırdı. Yaradıcılıq kurslarında, fakultələrində müdavimlərə necə yazmamağı əyani surətdə göstərmək üçün bu kitab dərslik kimi istifadə olunmalıdı. Necə yazmamağı öyrənmək bucağından baxsaq Orxan bəyin kitabı çox qiymətli kitabdır. Mənə necə yazmamağı öyrətdiyinə görə Orxan bəyə təşəkkürümü bildirirəm.    

Anar Oğuz

Anar Oğuz