Eduardo Qaleano: Beynimdə milçəklər kimi vızıldayan bəzi sualları sizinlə bölüşmək istəyirəm

Eduardo Qaleano: Beynimdə milçəklər kimi vızıldayan bəzi sualları sizinlə bölüşmək istəyirəm

Yaratdığım narahatlığa görə məni bağışlayın.

Ədalət həqiqətən ədalətlidirmi? Görəsən, dünyada ədalət tərsinəmi işləyir? Corc Buşa ayaqqabı atan iraqlı jurnalist üç il həbs cəzasına məhkum edildi. Məgər o, cəzaya deyil, əksinə, bu hərəkətinə görə bir medala layiq deyildimi?

Terrorçu kimdir: ayaqqabı atan, yoxsa insanları ayaqqabıları altında əzən? İraq müharibəsinə yalanlar əsasında başlayan, saysız-hesabsız insanın ölümünə səbəb olan, işgəncələrə haqq qazandıran və onların tətbiqini əmr edən şəxs əsl terrorçu deyilmi?

Torpaqlarını müdafiə etdiklərinə görə terrorçuluqda ittiham olunan Braziliyanın torpaqsız kəndliləri, Çilinin mapuçe xalqı, Qvatemalanın kekçi yerliləri və Meksikanın Atenco bölgəsində yaşayan yerli əhali doğrudanmı cinayətkardır? Əgər torpaq müqəddəsdirsə, onu qoruyan insanlar da müqəddəs sayılmalı deyilmi? Qanunlarda belə yazılmasa belə, torpağını müdafiə etmək insanın haqqı deyilmi?

Forin Polisi jurnalının məlumatına görə, dünyanın ən təhlükəli yerlərindən biri Somalidir. Bəs əsl quldurlar kimlərdir? Aclıq ucbatından gəmilərə hücum edən dəniz quldurları, yoxsa illərdir bütün dünyanı talayan, bu əməllərinə görə milyonlarla dollar mükafat alan Uoll-Strit möhtəkirləri? Dünya niyə onu qarət edənləri mükafatlandırır?

Ədalətin tərəzisi niyə həmişə bir gözünü yumur? Dünyanın ən böyük şirkətlərindən biri olan “Uoll-Mart” işçilərinin həmkarlar ittifaqında birləşməsinə icazə vermir. “Makdonalds” da eyni siyasəti yürüdür. Beynəlxalq hüququ pozan bu şirkətlər niyə cəzalandırılmır? Məgər bunun səbəbi müasir dünyada əməyin getdikcə dəyərsizləşməsi, işçi hüquqlarının isə əvvəlkindən də az əhəmiyyət daşımasıdır?

Kim haqlıdır, kim haqsızdır? Əgər həqiqətən beynəlxalq ədalət deyilən bir şey varsa, güclülər niyə heç vaxt mühakimə olunmurlar? Onlar doğrudanmı heç bir cinayət törətməyiblər, yoxsa məhkəmələrə də, həbsxanalara da özləri nəzarət etdikləri üçün onlara heç kim toxuna bilmir?

BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan beş dövlət niyə toxunulmaz sayılır? Bu hüquq onlara ilahi qüvvə tərəfindənmi verilib? Müharibəni özünə qazanc mənbəyinə çevirənlər dünyada sülhü necə qoruya bilərlər? Əsas fəaliyyəti silah istehsal etmək olan bu beş dövlətin dünya sülhünə cavabdeh olması nə dərəcədə ədalətlidir?

Narkotik alveri də mütəşəkkil cinayətkarlığın bir növü deyilmi? Hər yerdə xırda qayda pozuntularına və etiraz edənlərə qarşı ölüm hökmü tələb edildiyi halda, dünyanın əsl sahiblərinə, böyük güc və sərvət yiyələrinə qarşı niyə heç kim cəza tələb etmir? Halbuki onlara qarşı daha sərt tədbirlər görülməlidir. Nədənsə hay-küy raketlərlə kütləvi qırğın törədənlərə qarşı deyil, bıçaqla adam öldürən qatillərə qarşı qaldırılır.

Təəccüblüdür: Əgər özlərini asayişin qoruyucusu hesab edənlər insan öldürməyə bu qədər meyillidirlərsə, niyə sosial ədalətsizliyin özünə qarşı ölüm hökmü tələb etmirlər? Hər dəqiqə dünyada hərbi xərclərə üç milyon dollar sərf olunduğu, eyni zamanda müalicəsi mümkün olan xəstəliklərdən və aclıqdan on beş uşağın öldüyü bir dünya ədalətli sayıla bilərmi? Beynəlxalq ictimaiyyət adlandırılan bu birlik başdan-başa kimə qarşı silahlanır? Yoxsulluğa qarşı, yoxsa yoxsul insanlara?

Ölüm hökmünün qızğın tərəfdarları ictimai təhlükəsizliyi daim təhdid edən istehlak cəmiyyətinin özünə və onun dəyərlərinə qarşı niyə ölüm hökmü tələb etmirlər? Milyonlarla insanın, xüsusilə də gənclərin və az maaş alanların düşüncəsini korşaldan, onları daim nəyəsə sahib olmağa sövq edən reklam hücumları insanları cinayətə yönəltmirmi? Gecə-gündüz beynimizə yeridilən bu fikirə nəzər salın: “Var olmaq sahib olmaq deməkdir”. Avtomobilin olsun, brend ayaqqabın olsun, sahib ol, daha çox sahib ol… Bəs heç nəyə sahib olmayanlar, məgər var sayılmırlar?

Bəs niyə ölümün özünə ölüm hökmü verilmir? Dünya sanki ölümə xidmət etmək üçün qurulub. Enerjimizi və sərvətlərimizi tükədən silah sənayesi məgər ölüm istehsal etmir?

Dünyanın sahibləri zorakılığı yalnız başqaları törədəndə cəzalandırırlar. Bu zorakılıq inhisarı, bütün çətinliklərə baxmayaraq yaşamaq uğrunda mübarizə aparan insanlar üçün dözülməz, Yer kürəsindən kənarda yaşayan varlıqlar üçün isə anlaşılmaz bir mənzərədir. Biz insanlar bir-birimizi məhv etməkdə ixtisaslaşmış yeganə heyvan növüyük. Üstəlik, təbiəti və onun bütün canlılarını da məhv etməyə qadir bir məhvetmə texnologiyası yaratmışıq.

Bu texnologiya qorxudan güc alır. Söhbət polis və hərbi sahəyə ayrılan hədsiz xərcləri haqlı göstərmək üçün daim yeni düşmənlər yaradan qorxudan gedir. Bəs biz ölüm qatarında irəlilədiyimiz halda qorxunun özünü ölümə məhkum etsəydik, necə olardı? Qorxu yaymağı peşəyə çevirənlərin qurduğu bu ümumdünya diktaturasına son qoymaq daha yaxşı olmazdımı?

Qorxu və təşviş yayanlar bizi tənhalığa məhkum edir, bir-birimizlə həmrəy olmağımıza isə mane olurlar: Qoy zəiflər bir-birini didsin, qoy hər kəs öz başının çarəsinə baxsın! Qonşun həmişə potensial təhlükədir. Ehtiyatlı ol, çox ehtiyatlı ol! Birdən nəyinsə oğurlayar, sənə təcavüz edər. Bəlkə, hansısa müsəlman bu uşaq arabasına bomba qoyub? Bəlkə, bu qadının sənə baxması heç də təsadüfi deyil? O məsum görkəmli qonşunun da sənə donuz qripi yoluxduracağına şübhə yoxdur…

Baş-ayaq çevrilmiş bu dünyada sağlam düşüncənin və ədalətin bərqərar olması üçün atılan ən kiçik addımlar belə insanlarda qorxu və təşviş yaratmaqla qarşılanır. Boliviya prezidenti Evo Morales ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən yerli xalqları öz kimliklərindən duyduqları utanc hissindən xilas etmək və ölkəni yenidən qurmaq istəyəndə dərhal təşviş təbliğatına başladılar. Əlbəttə, bu addım yeganə mümkün quruluşun məhz mövcud quruluş olduğunu iddia edənlərin ənənəvi irqçi dünyagörüşünə görə əsl fəlakət idi. Guya ölkəyə qarışıqlıq və zorakılığı gətirən Evo Morales idi, milli birlik onun ucbatından pozulacaq, ölkə parçalanacaqdı.

Ekvador prezidenti Rafael Korrea ölkənin qanunsuz hesab etdiyi borclarını ödəməyəcəyini qəti şəkildə bəyan edəndə də dünya maliyyə bazarlarında böyük təşviş yarandı. Başqa ölkələrə də pis nümunə ola biləcəyi bəhanəsi ilə Ekvadoru ağır cəzalandıracaqları ilə hədələdilər.

Hərbi diktatorlar və korrupsioner siyasətçilər beynəlxalq bankların himayəsindən həmişə yararlanmayıblarmı? Bəs biz xalqın həm onu döyən dəyənəyin, həm də onu talayan acgözlüyün bədəlini ödəməli olduğunu sanki qaçılmaz bir tale kimi qəbul etməsinə çoxdan alışmamışıqmı?

Bəs sağlam düşüncə ilə ədalət əbədi olaraq bir-birindən ayrı qalmalıdırmı? Məgər onlar bir-birinə bağlı deyilmi? Məgər birlikdə irəliləmək üçün yaranmayıblarmı? Feministlərin “Əgər hamilə qalan kişilər olsaydı, abort çoxdan sərbəst olardı” şüarı ədalət duyğusunun və sağlam düşüncənin ifadəsi deyilmi? Abort hüququ niyə qanuniləşdirilmir? Məgər bunun səbəbi abortun pulunu ödəyə bilənlərin onsuz da bu imkandan yararlana bilməsi, bundan qazanc götürən həkimlərin isə mövcud ayrı-seçkiliyin davam etməsində maraqlı olmasıdır?

Sağlam düşüncənin və ədalətin eyni dərəcədə rədd edildiyi daha bir qalmaqallı məsələ var: Narkotik maddələr niyə qanuniləşdirilmir? Məgər narkotik asılılığı da abort kimi ictimai sağlamlıq məsələsi deyilmi? Dünyada ən çox narkotik asılısının yaşadığı ölkənin bu insanların tələbatını ödəyənləri cəzalandırmağa hansı mənəvi haqqı var? Üstəlik, narkotiklərlə mübarizəni bu qədər qabardan nəhəng media qurumları niyə dünyada istehlak olunan heroinin, demək olar ki, hamısının Əfqanıstandan gətirildiyini demirlər? Bəs onu Əfqanıstandan kim çıxarır? Məgər bu ölkə hamımızı xilas etməyə göndərilmiş məsihin vətəni tərəfindən hərbi işğala məruz qalmayıbmı?

Bəs narkotik maddələri niyə elə indi qanuniləşdirmirlər? Məgər bunun səbəbi həmin qərarın hərbi müdaxilələr üçün əlverişli bəhanələri aradan qaldıracağı və gecələr çirkli pulların yuyulması üçün camaşırxana rolunu oynayan iri bankların qazancına mane olacağıdır?

Bu gün dünya avtomobillərin daha az satılmasından narahatdır. Qlobal böhranın nəticələrindən biri də avtomobil sənayesində istehsalın azalmasıdır. Bir az sağlam düşüncəmiz və ədalət duyğumuz olsaydı, bu xəbərə kədərlənmək əvəzinə sevinməzdikmi? Avtomobillərin sayının azalması təbiətə yayılan zəhərli qazların, eləcə də yol qəzalarında həlak olan piyadaların sayının azalması demək deyilmi? Məgər bu, yaxşı xəbər deyil?

Lyuis Kerrollun yazdığına görə, Möcüzələr ölkəsində Alisa Kraliçadan ədalətin necə işlədiyini soruşanda Kraliça belə cavab verir: “Özün də görürsən”. Ardınca isə əlavə edir: “Amma məhkəmə prosesi gələn çərşənbəyədək başlamayacaq. Təbii ki, cinayət də yalnız bundan sonra törədiləcək”.

El-Salvadorda arxiyepiskop Oskar Arnulfo Romero ədalətin ilan kimi yalnız ayaqyalınları sancdığını sübut etdi. O, ölkəsindəki yoxsul insanların yeganə “günahının” dünyaya gəlmək olduğunu, sanki elə doğulduqları andan təqsirli sayıldıqlarını söylədiyi üçün güllələnərək öldürüldü.

El-Salvadorda keçirilən son seçkilərin nəticəsi bütün bu mübarizəyə göstərilən ehtiramın ifadəsi deyilmi? Ədalətsizliyin hökm sürdüyü bir ölkədə ədalətli cəmiyyət uğrunda mübarizə aparmış və bu yolda həyatını itirmiş arxiyepiskop Romeroya, eləcə də onun kimi mübarizədə həlak olmuş minlərlə insana sədaqətin göstəricisi deyilmi?

Tarixin ayrı-ayrı mərhələləri bəzən acı sonluqla başa çatır. Amma Tarixin özü heç vaxt bitmir. O, hər dəfə vidalaşarkən sanki belə deyir: “Yenidən görüşənədək!”

Mənbə: Kaosenlared

Paradiqma

Paradiqma