“İnsan həyata göz açan kimi özünü hansı dünyanın içində tapacağını əvvəlcədən bilməlidir. Çünki bizim sivil dünyamız əslində böyük bir maskarad kimidir. Burada cəngavərlərə, əsgərlərə, alimlərə, hüquqşünaslara, din xadimlərinə, filosoflara və daha neçə-neçə insana rast gəlirik. Ancaq bu insanların çoxu göründükləri kimi deyillər. Onlar sadəcə müəyyən bir obraz yaradır, özlərini başqa cür göstərirlər. Bu görüntünün arxasında isə, çox vaxt, şəxsi maraq və qazanc hərisliyi dayanır. Məsələn, biri hüquqşünas obrazına girərək başqasını məğlub etməyə çalışır, digəri öz məqsədinə çatmaq üçün vətənpərvərlikdən və xalqın mənafeyindən danışır, bir başqası isə dinə və ya hansısa təlimə bağlılıq pərdəsi arxasında gizlənir. Qadınlar isə, nisbətən, başqa maskalara üstünlük verirlər: əxlaqlı, evcanlı və itaətkar görünməyə çalışırlar. Bundan başqa, hər yerdə rast gəlinən, konkret bir xarakteri ifadə etməyən ümumi maskalar da var. İnsanların göstərdiyi nəzakət, guya səmimi duyğu paylaşımı və üzə gülən dostluq da bu maskalardandır.”
Pessimizm fəlsəfəsi
Şopenhauerə görə, dünyanın əsasında iradə adlandırdığı, heç bir ağıl və məntiqə tabe olmayan kor bir qüvvə dayanır. Bu düşüncədən isə təbii olaraq pessimizm, yəni bədbinlik fəlsəfəsi yaranır. Ancaq pessimizm sadəcə insanın xarakterindən, əhvalından və ya həyata münasibətindən doğan şəxsi bir baxış deyil.
Şopenhauer hesab edir ki, dünyanı olduğu kimi müşahidə etdikdə gəlinəcək ən məntiqli nəticə məhz budur: Dünya yaxşılıqdan çox şərin, xoşbəxtlikdən çox əzabın hökm sürdüyü bir yerdir. Şər dünyanın ötəri və təsadüfi xüsusiyyəti deyil, onun mahiyyətində dayanan, dəyişməyən və həyatın gedişini müəyyənləşdirən əsas qüvvədir. Buna görə də insan həyatının hər tərəfində ağrı, iztirab və bədbəxtliklə qarşılaşır.
Şopenhauerə görə, insanların dünyanın həqiqi mahiyyətini görməsinə mane olan iki əsas amil var: ilahiyyatçıların yaratdığı yanlış təsəvvürlər və müasir dövrün həyata hakim olan nikbin baxışı.
İlahiyyatçılar dünyanın və insan həyatının ilahi bir məqsədə uyğun yaradıldığını, hər şeyin arxasında mütləq yaxşılığa xidmət edən bir planın dayandığını iddia edirlər. Lakin Şopenhauer hesab edir ki, bu düşüncələr həyatın gerçək mənzərəsinə deyil, inanca, ümidlərə və xoş arzulara əsaslanır. Çünki ətrafımıza baxdıqda insan həyatının nə qədər əzab, ağrı və bədbəxtliklə dolu olduğunu görürük. Nikbin filosoflar isə insan həyatının sadəcə yaşamaq və mövcudluğunu davam etdirməkdən ibarət olmadığını, onun müəyyən bir mənası, son məqsədi və uğrunda mübarizə aparmağa dəyər bir məramı olduğunu söyləyirlər. Ancaq Şopenhauer bu fikirləri də əsassız hesab edir. Onun qənaətinə görə, nə təbiətdə, nə də insan həyatında bu iddiaları təsdiqləyən inandırıcı bir dəlil var.
Nikbin filosofların dünyada yaxşılığın, xoşbəxtliyin və müsbət dəyərlərin şərdən və pislikdən üstün olduğunu söyləmələri Şopenhauerə görə, insanı ovutmaqdan başqa bir işə yaramayan xoş sözlərdir. Onun fəlsəfəsində summum bonum, yəni ali və mütləq xeyir anlayışının gerçəkləşməsi mümkün deyil. Çünki ən yüksək xoşbəxtliyi bütün arzu və istəklərin tamamilə təmin olunması kimi başa düşsək belə, qarşımıza başqa bir problem çıxır: insanın istəkləri heç vaxt bitmir. Arzular zaman kimi sonsuzdur; biri həyata keçən kimi digəri yaranır. Buna görə də insanın bütün istəklərindən birdəfəlik qurtulması mümkün deyil.
Şopenhauerə görə, bütün arzularımızın gerçəkləşdiyini və artıq heç nəyə ehtiyac duymadığımızı təsəvvür etsək, qarşımıza tamamilə başqa bir vəziyyət çıxar: insanın heç bir istək duymadığı, heç nəyə can atmadığı, heç bir məqsəd güdmədiyi fəaliyyətsizlik halı. Ancaq belə bir həyat xoşbəxtlik deyil, dözülməz sıxıntı olardı. Elə buna görə də insanı ən çox narahat edən hallardan biri hərəkətsizliyə və təcridə məhkum edilməsidir. Məhbuslar üçün ən ağır cəzalardan birinin təkadamlıq kameraya salınması da təsadüfi deyil.
Şopenhauerə görə, müasir insanın ən böyük yanılğılarından biri yalnız dünyanın həqiqi üzünü gizlətməsi deyil, həm də özünü olduğundan fərqli göstərməsidir. O, cəmiyyəti böyük bir maskarada bənzədir:
“Bizim sivil dünyamız cəngavərlərin, din xadimlərinin, əsgərlərin, alimlərin, hüquqşünasların, filosofların və daha neçə-neçə insanın iştirak etdiyi böyük bir maskarad deyilmi? Ancaq bu insanlar göründükləri kimi deyillər. Onların hər biri özünə bir maska seçib və həmin maskanın arxasında, çox vaxt, şəxsi mənfəət güdən bir insan gizlənir. Biri başqasını məhkəmədə məğlub etmək üçün hüquqşünas maskası taxır. Digəri öz maraqlarını həyata keçirmək üçün vətənpərvərlikdən və xalqın rifahından danışır. Bir başqası isə dinə və ya hansısa təlimə bağlılığını özünə sipər edir.”
Şopenhauerə görə, bütün bu şər və iztirabların kökündə insanın varoluşundakı ilkin yanlışlıq dayanır. O, bunu dini düşüncədəki “ilk günah” anlayışına bənzədir. Ancaq burada söhbət dini mənada günahdan deyil, insanın varlığının öz mahiyyətindən doğan bir problemdən gedir. Şopenhauerin fikrincə, dünyanın əsasında nə ağıl, nə də müəyyən bir məqsəd dayanır. Hər şeyin təməlində kor və irrasional bir qüvvə — yaşamaq iradəsi var. İnsan da həmin iradənin özünü insan varlığında göstərməsinin, başqa sözlə, maddi dünyada təcəssüm etməsinin nəticəsidir. Deməli, insanın yaşamaq istəyi və bu istəyin doğurduğu bitib-tükənməyən arzular qaçılmaz olaraq əzab və bədbəxtlik yaradır.
Başqa sözlə, iradə təbiətdə müxtəlif formalarda üzə çıxır və gördüyümüz bütün varlıqlar onun fərqli təzahürləridir. Şopenhauer bu prosesi izah etmək üçün fərdiləşmə prinsipi anlayışından istifadə edir. İnsan da öz bədəni və cinsi istəkləri ilə iradənin həmin təzahürlərindən biridir.
Şopenhauer hesab edirdi ki, insanın cinsi istəyi də digər arzuları kimi heç vaxt tamamilə təmin olunmur. Buna görə də fiziki eşq insan həyatında daim özünü təkrarlayan, tükənməyən bir istəkdir. İnsan eşqdən vaz keçə bilmir, bu duyğu onu yenidən özünə çəkir. Eşqin həm insanı özünə cəlb etməsi, həm də bəzən onda ikrah və narahatlıq doğurması da Şopenhauerə görə, bu ziddiyyətin göstəricisidir.
Şopenhauerə görə, sevgidə, hətta bir-birinə dəlicəsinə aşiq olan iki insanın münasibətində belə, əsas rol oynayan onların şəxsi hissləri deyil, yaşamaq iradəsidir. Çünki bu iradənin başlıca məqsədi fərdin xoşbəxtliyi deyil, canlı növünün davam etməsidir. Başqa sözlə, iradə ayrı-ayrı insanların taleyindən çox, bütün bir növün mövcudluğunu qorumağa yönəlib. Buna görə də insanın sevgidə çəkdiyi əzablar belə, nəticə etibarilə, növün davamına xidmət edir.
Şopenhauer bu fikrini cinsi istək üzərindən izah edir. İnsanda konkret bir şəxsə yönəlməyən ümumi cinsi meyl, əslində, yaşamaq iradəsinin özünü göstərməsidir. Bu meyl müəyyən bir insana yönəldikdə isə artıq həmin insanla birlikdə nəsli davam etdirmək, özündən sonrakı nəslin yaranmasına şərait yaratmaq istəyinə çevrilir. Beləliklə, insanın öz mahiyyətinə görə şəxsi ehtiyacdan ibarət olan cinsi istəyi şüurda tamam başqa cür görünür: insan qarşısındakı şəxsə dərin heyranlıq, sevgi və bağlılıq duyduğunu düşünür. Şopenhauerə görə, təbiət öz məqsədinə çatmaq üçün cinsi istəyi məhz belə bir cazibə ilə ört-basdır edir. İnsan özünü sevginin təsiri altında hiss etsə də, təbiətin arxasında dayanan məqsədi fərdlərin xoşbəxtliyi deyil, növün davamıdır.
Şopenhauer insan həyatını iki hal arasında davamlı şəkildə gedib-gələn bir mübarizəyə bənzədir: bir tərəfdə qarşılanmamış arzuların, ehtiyacların yaratdığı əzab, digər tərəfdə isə istəklər təmin olunduqdan sonra yaranan sıxıntı və boşluq hissi dayanır. İnsan nəyəsə nail olmaq üçün çalışır, ona çatana qədər əziyyət çəkir, məqsədinə çatdıqda isə bu dəfə də həyatın mənasız və yeknəsəq görünməsindən sıxılır. Şopenhauerə görə, insan düşündükcə və daha çox şey dərk etdikcə bu əzablar da dərinləşir. İnsan öz iztirablarının fərqinə vardıqca onları daha ağır yaşayır. Heyvanlarla müqayisədə insanın ehtiyac və arzuları daha çoxşaxəli, mürəkkəb və sonsuzdur. Buna görə də onun çəkdiyi əzablar da artır. Üstəlik, heç bir arzu birdəfəlik təmin edilə bilməz. İnsan bir istəyinə çatdıqdan sonra rahatlıq tapmaq əvəzinə, qarşısına yeni məqsədlər qoyur, yeni arzuların və qayğıların arxasınca düşür. Beləliklə, istək və çabalar heç vaxt bitmir. Şopenhauerin qənaətinə görə, insan həyatında əzab və bədbəxtliyin nə sonu, nə də müəyyən bir həddi var.
Belə bir dünyagörüşündə intihar da çıxış yolu sayıla bilməz. Şopenhauer insanı daim əzaba sürükləyən bu vəziyyətdən qurtulmağın başqa yollarını axtarır. Onun fikrincə, yaşamaq iradəsinin və bitib-tükənməyən arzuların yaratdığı bu dövrədən çıxış yolu sənətdə və əxlaqda gizlənir. Başqa sözlə, o, insanın əzablarını azaltmaq və iradənin hökmündən müəyyən qədər azad olmaq imkanını estetika və etika vasitəsilə izah etməyə çalışır.
Şopenhauerin nəzəriyyəsinə görə, dünyanı qavrama və anlama üsullarımız da kosmik iradədən asılıdır və onun təsiri altında formalaşır. O, elmi araşdırmanı da bu asılılığın ən aydın nümunələrindən biri hesab edir. Çünki elmin əsas məqsədlərindən biri təbiətin qanunauyğunluqlarını öyrənmək və əldə edilən biliklər vasitəsilə insanın ehtiyaclarını, istək və arzularını təmin etməsinə kömək etməkdir. Başqa sözlə, elm də çox vaxt yaşamaq iradəsinin tələblərinə xidmət edir: insan təbiəti öyrənir ki, ondan öz məqsədləri naminə istifadə edə bilsin.
Müəllif: Əhməd Cevizci
Mənbə: Fəlsəfə tarixi Say nəşriyyatı
Tərcümə: İbrahim Aziz
