Paradiqma xəbər verir ki, Azərbaycanlı yazıçı Əkrəm Əylislinin “Adamlar və ağaclar” (People and Trees: A Trilogy) əsəri 2026-cı il üzrə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nüfuzlu Ədəbiyyat Mükafatına (EBRD Literature Prize) layiq görülüb.
Əsər ingilis dilinə Ketrin E. Yanq tərəfindən tərcümə olunub və ABŞ-nin Plamen Press nəşriyyatında çap edilib.
20 min avro məbləğində olan baş mükafat müəllif və tərcüməçi arasında bərabər bölünəcək. EBRD Ədəbiyyat Mükafatı bankın fəaliyyət göstərdiyi ölkələrin dillərində yazılmış, sonradan ingilis dilinə tərcümə edilərək nəşr olunmuş ən uğurlu bədii əsərlərə təqdim edilir.
İlk dəfə 1970-ci ildə Azərbaycan dilində nəşr olunan “Adamlar və ağaclar” trilogiyası Ketrin E. Yanqın tərcüməsi sayəsində ilk dəfə ingilisdilli oxucuların ixtiyarına verilib. Müstəqil münsiflər heyətinin rəyində bildirilir ki, bir-biri ilə sıx bağlı povestlərdən ibarət trilogiya hadisələrə uşaq baxış bucağından yanaşaraq ənənəvi həyat tərzinin dəyişən ritmini və cəmiyyəti ayaqda saxlayan qadınların dözümlülüyünü böyük həssaslıqla təsvir edir.
Münsiflər heyətinə ədəbiyyat tənqidçisi Dr. Maya Caqqi sədrlik edib. Heyətin tərkibində həmçinin Dr. Marek Kon, professor Çiqozi Obioma və professor Lea Ypi yer alıblar.
“Uzun müddətdir gözlənilən beynəlxalq tanınma”
Qalibin elan edilməsindən sonra çıxış edən Dr. Maya Caqqi əsərin Azərbaycan və ümumilikdə Qafqaz ədəbiyyatı üçün əhəmiyyətini xüsusi vurğulayıb:
“1937-ci ildə alman dilində nəşr olunan Qurban Səidin “Əli və Nino” əsərindən və ya fransız dilində yazan müasiri Banindən sonra Qafqazdan, xüsusilə Azərbaycandan olan heç bir yazıçı dünya ədəbiyyatında bu qədər geniş beynəlxalq şöhrət qazanmamışdı. Qalibimiz 1937-ci ildə Əkrəm Naibov adı ilə dünyaya gəlib, sonradan isə İpək Yolunun üzərində yerləşən doğma dağ kəndi — Naxçıvandakı Əylisin adını özünə ədəbi təxəllüs seçib. Məhz həmin kənd onun ecazkar “Adamlar və ağaclar” trilogiyasının hadisələrinin cərəyan etdiyi məkandır.”
Dr. Caqqi 88 yaşlı yazıçının sənətkarlığını da yüksək qiymətləndirib:
“Ketrin E. Yanqın rus dili üzərindən hazırladığı parlaq ingiliscə tərcümə sayəsində daha geniş oxucu auditoriyası bu görkəmli yazıçını kəşf etmək imkanı qazanacaq. Özünü təvazökarlıqla “başqasının ağrısını hiss etmək qabiliyyətinə malik yazıçı və humanist” adlandıran müəllifin mürəkkəb həyatı və cəsarətli yaradıcılığı mənsub olduğu cəmiyyətin üzləşdiyi çağırışları əks etdirir. Əylislinin yüksək sənətkarlığı bu trilogiyanın hər səhifəsində hiss olunur və onu yetişdirən zəngin mədəniyyətə çoxdan layiq olduğu beynəlxalq tanınmanı qazandırır.”
Qeyd edək ki, mükafatın digər iki finalçısı — Yasek Dukayın “Buz” (Ice, Ursula Fillipsin tərcüməsində, Head of Zeusnəşriyyatı) və Şadi Lyuisin “Qrinviç xəttində” (On the Greenwich Line, Ketrin Hollsun tərcüməsində, Peirene Pressnəşriyyatı) əsərlərinin müəllifləri və tərcüməçiləri isə hər biri 2 min avro məbləğində həvəsləndirici mükafata layiq görülüblər.
