Paradiqma Aydın Cavadın “Forvard” hekayəsini təqdim edir.
Böyük uğurların bir addımlığında ikən birdən-birə karyerasını bitirməyə qərar verən Forvard, hər kəsi təəccübləndirmişdi. Sosial medialarda sürətlə yayılan bu xəbər onu tanıyanları şoka salmış, həm də qəzəbləndirmişdi. Xüsusilə klub azarkeşləri gün ərzində onun sosial media hesablarına, bir açıqlama verəcəyi ümidiylə tez-tez baxırdı. Bundan əlavə bəziləri ona şəxsidə mesajlar yazır, bəziləri də köhnə paylaşımlarının altına bu haqda suallar ünvanlayırdılar. Böyük hərflərlə yazılan “SƏNƏ EHTİYACIMIZ VAR” VƏ “SƏNİ SEVİRİK, BİZİ BURAXMA” rəyləri mindən çox bəyənmə toplamışdı. Bu qədər sevginin səbəbi Forvardın dəfələrlə klubu son dəqiqələrdə məğlubiyyətdən xilas etməsi, gözəl oyunu ilə azarkeşlərin zövqünü oxşaması idi. O meydanda olanda həmişə bir ümid olur.
Klubun çox zəif oynadığı oyunlarda belə bir anda diqqətdən yayınıb qol vura bilərdi. Necə ki bunlardan birini kubok oyununda əsas liqada çıxış edən böyük klublardan birinə qarşı etmişdi. Hesabda 1-0 geridə idilər və ön xəttə top ona gəlib çatmadığı üçün, mərkəzə qədər qayıdıb komanda yoldaşından top istədi. Topu alaraq bir-iki pasla biraz önə gəlməyi bacardı. Rəqib oyunçular bu qədər uzaq məsafədən zərbə vuracağını düşünmədikləri üçün çox üzərinə getmədilər və pas seçimlərini bağlamaqla məşğul oldular. Forvard bu fürsətin bir daha ələ düşməyəcəyini anlayıb, təxminən 35 metrdən qapını nişan almağa çalışdı. Zərbə bir az yüsəkdən getsə də qapıya çatana yaxın aşağı enməyə başladı. Qapıçı topun qapının üstündən keçəcəyini düşündüyü üçün ilk anda reaksiya üçün hazırlaşmadı. Topun sürətlə aşağı endiyini görəndən sonra verdiyi reaksiya isə komandasını qoldan xilas etmədi. Forvard formasını çıxarıb azarkeşlərə tərəf qaçdı. Az qala hər kəs meydana axışacaqdı.
Hesab sadəcə 1-1 olmuşdu amma, o kluba qol vurmaq, həm də belə qol vurmaq azarkeşləri özündən çıxarmışdı. Oyunun sonunda 1-3 hesabı ilə məğlub olsalar da, bu məğlubiyyət heç kimi narahat etməmişdi. Hamı qələbə nəğmələri oxuya-oxuya stadionlan ayrılmışdı. Hekayələrində qolun videosunu paylaşmaq üçün bir-birlərindən kimin çəkə bildiyini soruşurdular. Həmin gün onların kefini heç nə poza bilməzdi.

Transfer mövsümündə hər sezon adı böyük klublarla yanaşı çəkilsə də, hər sezonun əvvəli öz klubunun forması ilə ilk oyuna çıxardı və azarkeşlər onun heç vaxt klubu tərk etməyəcəyini, onları əsas liqaya çıxarmamış klubdan getməyəcəyini düşünərdi. Bəziləri isə bu xəbərlərin sadəcə uydurma olduğunu deyərdi. Futbolun ən inkişaf etdiyi ölkələrdən birinin aşağı liqasında oynamasına baxmayaraq, Forvard sezonun elə ilk oyununda nəsə qeyri-adi bir şey edib mütləq gündəmə gələrdi. Bu səbəbdən onun gələcəkdə böyük futbolçu olacağına heç kimin şübhəsi olmazdı.
Məktəb yaşlarında hər il keçirilən ənənəvi həvəskar futbol liqasında davamlı oynayardı. Amma bir gün məşqçisi ona bu liqada oynamağı qadağan etdi. Oyunların birində sağ ayağında yüngül ağrılar hiss etmiş, bu səbəbdən də tərkibində olduğu klubun məşqlərində iştirak edə bilməmişdi. Liqada bir daha oynamayacağını sinif yoldaşlarına dediyi gün, təkcə komanda üzvləri yox, sinifin bütün oğlanları ondan incimişdi. Komanda onun sayəsində qrupdan birinci çıxmışdı və heç bir oyunda məğlub olmamışdılar.
Ənənəvi futbol çempionatı hər il dərslərin başladığı vaxtdan başlayar və sezonun bitməyinə yaxın bitərdi. Uşaqlar tətil aylarında tez-tez toplaşıb çempionata hazırlaşardı. Forvard isə bu hazırlıqlara qatılmazdı, çünki buna ehtiyacı yox idi. Bəzən, əgər komandanın hazırlığı onun boş vaxtlarına uyğun gələrsə, stadiona gələr və onlara xüsusi məşqlər keçərdi. Bu baxımdan, onun ayda bir dəfə keçdiyi məşq, komandanın bir aylıq məşqindən daha faydalı olardı. Liqada heç vaxt bombardirlik cədvəli tutulmazdı, hətta bir dəfə yoldaşları zarafatyana “mükafatı almaq üçün yarışmanın bitməyinə gərək yoxdur” deyib, təşkilatçılara mükafatın ona öncədən verilməsi üçün müraciət edəcəklərini əlavə etmişdilər, o qətiyyən belə bir şey etməmələri barəsində yoldaşlarına xəbərdarlıq etmişdi. Bu sezon onların qatıldığı dördüncü sezon idi və üç çempionluqları var idi. İndiyə qədər heç bir sinif bunu bacarmamışdı. Forvard davam etsəydi, çox da çətinlik çəkmədən yeni rekorda sahib olacaqdılar.
Yoldaşlarının ondan uzaqlaşması onu xeyli təsirləndirmişdi. Görüşüb bərabər məktəbə getdikləri, dərs bitəndən sonra bəzən bir yerdə oturub saatlarla söhbət etdikəri, maraqlarını bölüşdükləri dostları artıq onun üçün əlçatmaz idi. Bir neçə dəfə onların hər biri ilə təklikdə söhbət etməyə cəhd etsə də, ondan sonra komandanın kapitanı olan Z, “ onunla söhbət etməyin, əgər sizə yaxınlaşıb danışmaq istəsə qulaqlarınızı tutun, mahnı oxuyun və yanından gedin” dediyinə görə, bu istəyinə nail ola bilməmişdi. Bir müddətdən sonra həm Forvard məktəbə tək gedib gəlməyə öyrəşmişdi, həm də yoldaşları ondan uzaqlaşmağa. Bu uzaqlıq onların arasında elə böyük sədd yaratmışdı ki, bir az böyüyəndən sonra sözdə “barışdıq” desələr də, heç vaxt əvvəlki kimi dostlaşa bilməmişdilər.
Forvard məktəbdə olanları valideynlərinə deməmişdi, amma onlar vəziyyətin fərqində idi. Hər gün məktəbə getməyə can atan uşaqları, indi cürbəcür bəhanələrlə məktəbdən yayınmağa çalışırdı. Bunun belə davam edə bilməyəcəyini anlayan ailəsi, çıxış yolunu onun məktəbini dəyişdirməkdə gördülər. Çox keçmədi ki, özləri də yeni məktəbə yaxın olan məhəllələrdən birinə köçdülər.
Məktəb və liseyi bitirəndən sonra, sadəcə futbolla məşğul olmaq istədiyi üçün universitetə imtahan vermədi. Tez bir zamanda özünü maksimum inkişaf etdirib, klubun əsas heyətinə seçilməyi hədəfləyirdi. Həm də klubda çox güclü rəqabətin olduğu bir vaxtda. Yeni transferlər və klubun məktəbindən gələn gənclər məşqçiləri çətin vəziyyətə salmışdı. Forvard isə qətiyyən narahat deyildi. Gec tez əlinə düşəcək şansı gözləyirdi. Əsas komandaya qoşulandan sonra, boyunun hündürlüyünü və fiziki gücünü üstünlüyə çevirmək üçün məşqlərdə hava toplarına üstünlük verdi, baş zərbələrinin dəqiqliyini artırdı. Bu dəqiqlik sayəsində ona əsas heyətdə ehtiyac yarandı. Debütünü isə liqanın beşinci turunda etdi. İlk dəfə adı iştirak ərizəsinə salındı və oyuna ehtiyatlardan başladı.
İlk hissəni məğlub bitirən klub, ikinci hissəyə də eyni heyətlə çıxdı. Baş məşqçinin göstərişləri əsasında qısa paslarla müdafiəni yarmağa çalışan komandanın cəhdləri bir nəticə vermirdi və tez-tez əks hücumda yaxalanırdılar. Belə əks hücumların birində az qala ikinci top qapıdan keçəcəkdi, amma zərbə dirəkdən qayıtdı. Hər an ikinci qolu buraxa bilərdilər, taktikanı dəyişmək lazım idi. Bu an baş məşqçi Forvardın məşqdəki baş zərbələrini xatırladı və ona isinməyə başlamasını söylədi. Ümid cinah ötürmələri və baş zərbələrinə qalmışdı.

Oyunun bitməyinə on dəqiqə qalmış, Forvard oyuna daxil oldu. Çox vaxtı yox idi komandasını məğlubiyyətdən xilas etmək üçün. Onun oyuna daxil olması ilə bərabər məşqçi taktikanı dəyişdi. Artıq müdafiədən uzun paslarla çıxılmalı, cinahlardan cərimə meydançasına hava pasları ötürülməli idi. Rəqib tamamilə qapanmışdı. Bu onlara topla rahat oynamaq imkanı verirdi. Di gəl ki, cərimə meydançasına ötürülən heç bir top gedib Forvardın başına çatmırdı. Belə ötürmələrin sadəcə biri təhlükəli olmuşdu ki, onu da son anda Forvardı qabaqlayan müdafiəçi çıxara bilmişdi. Korner. Forvard yoldaşlarına əl işarəsi ilə çalışdıqları ev tapşırığını xatırlatdı. Hər kəs bir sıra ilə düzüldü. Ən arxalarında dayanan Forvard topun ötürülməsi ilə bərabər hərəkətləndi, hamını qabaqladı və baş zərbəsində birinci oldu. Zərbə dəqiq vurulmuşdu. Qapıçı sadəcə topu izləməklə kifayətləndi.
Hesab bərabərləşdi. Artıq artırma dəqiqələri başlamışdı. Azarkeşlər oyundan 1 xal əldə edəcəklərini düşünüb rahatlamışdılar. Amma hakimin başlama fitini verən kimi rəqib komanda toplu şəkildə hücuma çıxdı. Bir neçə pasdan sonra topu birbaşa havadan cərimə meydançasına ötürdülər və cərimə meydançası daxilində top Forvardın komanda yoldaşının əlinə dəydi. Hakim etirazlara baxmayaraq tərəddüdsüz penalti təyin etdi. Daxilindəki ümidi açığa çıxaran Forvard etiraz etməyə yanaşmadı. Qapıçının topu dəf edəcəyindən o qədər əmin idi ki, mərkəzə yaxın bir yerə gedib əks hücum üçün yerini aldı. Zərbə anında qapıçı rəqibin gözlərinə baxaraq istiqaməti müəyyən edə bildi. Topu iki cəhddə tutub tez boş bir oyunçuya atdı. Cinahdan kontra başladı. Müdafiəçi uzun hava pası ilə topu mərkəzə, Forvardın önünə atdı. Arxada bir dənə də olsun rəqib müdafiəçi yox idi, amma qapıya təxminən altmış metr məsafə vardı.
Rəqib qapıçı öz komandasından heç bir oyunçunun ona çata bilməyəcəyini anlayıb, sürətlə onun üzərinə qaçmağa başladı. Forvard aşırmaya risk etmək istəmədi, xeyli irəliləyib qapıçdan sıyrıldı. Bu an topu ayağından açdı və qapıçı onun formasından tutub çəkməyə başladı. Müdafiəçilərin ona yaxınlaşdığını sanan Forvard qapıçının əlindən qurtulmağa çalışırdı. Futbol qaydaları tamamilə unudulmuşdu. İkisi əməlli-başlı əlbəyaxa olmuşdular. Bu səbəbdən meydanda baş verənlərdən heç birinin xəbəri yox idi. Onlardan başqa bütün oyunçular hakimin ətrafına yığılmışdılar. Möhtəşəm azarkeş atmosferi səbəbindən hakimin daha öncədən çaldığı fiti onlar eşitməmişdilər. Eyni zamanda şərhçi və rejissorun da bu aqibəti yaşadığı hiss olunurdu. Kamera ancaq onların üstünə tuşlanmışdı və şərhçi təkbətək anını çox ustalıqla şərh edirdi.
Meydanın digər tərəfində olanlara isə qaranlıq qalan, hakimin niyə bu hücumun yenicə başladığı anda oyunu saxlaması idi. Çünki ofsayd yox idi, olsaydı belə, yeni qərara əsasən hakim hücumun bitməsini gözləməli idi. VAR-dan gələn qərardan sonra hakim penalti nöqtəsinə tərəf gedib penaltinin təkrarlanmasına qərar verdi. Qapıçının hər iki ayağı vuruşdan öncə qapı xəttindən çıxıbmış. Etirazlar şiddətlənərkən, iki oyunçuya birdən qırmızı kart göstərildi. Həmin oyunda məğlub olsalar da hər kəs bu oyun haqqında yazdı və yenə Forvard dünya mediasının gündəmində öz yerini aldı. Onun qapıçı ilə mübarizə apararkən çəkilən maraqlı bir fotosuna isə uzun müddət cürbəcür maraqlı caps-lər hazırlandı.

Bundan sonrakı sezonlarda qələbəli məğlubiyyətli maraqlı oyunlar keçirdi. Kubok da qazandı, komandasını ikinci liqaya qədər də yüksəltdi. Müxtəlif mükafatlar aldı. O sadəcə öz klubunun yox, həm də ümumilikdə futbol azarkeşlərinin bəyənib izlədiyi futbolçu idi. Youtube-da onun haqqında hazırlanan “qolları, bacarıqları, assistləri” videoları milyonlarla izlənmə toplayırdı. Futbolla bu qədər tez vidalaşması həm də azarkeşlərdə ona görə narahatlıq yaratmışdı ki, tez unudula bilərdi. Bəziləri onun ulduz olmaq istəmədiyi üçün bu qərarı verdiyini söyləyirdilər. Çünki son vaxtlar mütəxəssislərin bu yöndə rəyləri tez-tez eşidilirdi.
