Çin, dünyada ilk dəfə olaraq kommersiya məqsədli beyin implantının istifadəsini ötən günlərdə təsdiqləmişdir

Çin, dünyada ilk dəfə olaraq kommersiya məqsədli beyin implantının istifadəsini ötən günlərdə təsdiqləmişdir

Paradiqma.az Tanya Lüisin bu mövzuya dair geniş məqaləsini təqdim edir.

“Neuracle Medical Technology” şirkətinin hazırladığı invaziv beyin-kompüter interfeysinin Çində onurğa beyninin qismən zədələnməsindən əziyyət çəkən şəxslər üçün istifadəsinə icazə verilmişdir.

Dünyada bir ilk olaraq Çin onurğa beyni zədələnməsi olan insanlarda kommersiya məqsədli istifadə üçün beyin implantını təsdiqləmişdir.

Bir növ beyin-kompüter interfeysi (BCI) funksiyasını yerinə yetirən bu cihaz İlon Maskın “Neuralink” startapının əsas rəqiblərindən hesab edilən Şanxay mərkəzli “Neuracle Medical Technology” şirkəti tərəfindən ərsəyə gətirilib. Beyin implantları onilliklər boyu müxtəlif klinik sınaqlar çərçivəsində tətbiq edilsə də, bu cür cihazın xəstələrdə kütləvi istifadəsinə ilk dəfədir ki rəsmi təsdiq verilir.

Bəzən beyin-maşın interfeysi olaraq da tanınan BCI-lar insan beyninin fəaliyyətini qeydə almaq üçün nəzərdə tutulmuş xüsusi qurğulardır. “Neuracle” şirkətinə məxsus cihazlar kimi invaziv (cərrahi yolla yerləşdirilən) BCI-lar cərrahi müdaxilə ilə birbaşa beynin daxilinə və ya səthinə yerləşdirilir. Bu qurğular həmin nahiyədə neyronların yaydığı elektrik siqnallarını oxuyur. Daha sonra proqram təminatı həmin siqnalların “şifrəsini açır” və bundan sonra əldə edilən məlumatlardan, məsələn, kompüter kursorunu və yaxud protez əzanı hərəkət etdirmək üçün istifadə etmək mümkün olur.

“Neuracle” tərəfindən hazırlanmış BCI qurğusu beynin xarici qişasının səthinə yerləşdirilən və robotlaşdırılmış əlcəyi idarə edən qəpik boyda simsiz implantdan ibarətdir. Bu, onurğa beynindən zədə almış insanlar üçün xüsusi olaraq hazırlanıb, lakin yalnız qollarının yuxarı hissəsi hələ də işləyən xəstələrdə istifadəsinə icazə verilib. BCI-lar, ümumiyyətlə, iflic olmuş və ya digər fiziki məhdudiyyətləri olan insanların istifadəsi üçün yaradılır. Neuralinkin yaradıcısı Mask nə vaxtsa bu cihazları tam sağlam insanlar üçün də əlçatan edəcəyini desə də, bu hədəfə çatmaq üçün hələ çox vaxt lazımdır.

İlk yaradılan BCI cihazlarından biri (və hələ də ən yaxşılarından biri) 2000-ci illərin əvvəllərində “BrainGate” adlı tədqiqat qrupu tərəfindən ixtira edilmişdir. Bu cihaz iflic keçirmiş – bura amiotrofik lateral skleroz xəstəliyinə tutulmuş və ya insult, yaxud travma nəticəsində danışa bilməyən və gözlərini hərəkət etdirən əzələlərdən başqa bütün bədəni iflic olmuş “kilidlənmə” sindromlu xəstələr də daxildir – sınaq iştirakçılarına kompüterin siçanını idarə etməyə və virtual klaviaturada yazı yazmağa kömək edir. Həmin dövrdən etibarən digər tədqiqat qrupları tərəfindən də analoji funksiyaları yerinə yetirə bilən cihazlar hazırlanıb.

Amerika Birləşmiş Ştatlarında Maskın rəhbərlik etdiyi Neuralink şirkəti bu texnologiyanın kommersiya məqsədilə tətbiqinə hamıdan çox yaxınlaşsa da, cihazın təhlükəsizliyi ətrafında yaranan suallar hələ də tam olaraq aradan qalxmayıb. 2022-ci ildə Qida və Dərman Administrasiyası tərəfindən Neuralink şirkətinin sözügedən texnologiyanı klinik sınaqlardan keçirmək üçün etdiyi müraciət ilkin mərhələdə rədd edilmişdi. Nəhayət, növbəti ildə həmin sınaqların keçirilməsinə rəsmi icazə verilmiş və bundan sonra boyundan aşağı nahiyəsi iflic olmuş 30 yaşlı Noland Arbo Neuralink implantının tətbiq edildiyi ilk istifadəçiyə çevrilmişdi. Şirkətin açıqlamasına əsasən, 2026-cı ilin yanvar ayı etibarilə keçirilən klinik sınaqlara artıq 21 iştirakçı cəlb edilib.

“Synchron” və “Paradromics” kimi digər Amerika startapları da özlərinə məxsus BCI cihazlarını hazırlayır və hazırda davam edən sınaqlar keçirirlər.

Bu klinik sınaqların çox güclü sübutları olsa da, həmin cihazlar hələ ki sınaq mərhələsində sayılır. Çünki beyin implantlarının yerləşdirilməsi olduqca ağır, eyni zamanda infeksiya və müxtəlif problemlər yaratmaq təhlükəsi olan beyin əməliyyatı tələb edir. Bundan başqa, implantlar bəzən yerini dəyişə və ya vaxt keçdikcə siqnalların keyfiyyətini korlayan çapıqların yığılmasına gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatlarında hələ heç bir BCI cihazının satış məqsədilə istifadəsinə icazə verilməyib.

mənbə: scientificamerican
İngilis dilindən tərcümə etdi: İbrahim Aziz


Paradiqma

Paradiqma