“Yenidən bərpa olunan bir uçurum”: Sözlərin arasındakı sükut bizə nə deyir?

“Yenidən bərpa olunan bir uçurum”: Sözlərin arasındakı sükut bizə nə deyir?

Paradiqma.az Meqqi Millnerin “Son Hədd” essesini təqdim edir.

Ömrünü poeziya oxumağa və öyrətməyə həsr edəndə dilin ən xırda, ən gizli detalları belə insan üçün dərin mənalar qazanmağa başlayır. Məhz buna görə də poeziyaşünaslıq həm son dərəcə texniki — məsələn, “troxey” və ya “parataxis” kimi anlayışlarla dolu — həm də yarı-mənəvi bir sahədir. Burada sintaksis “əzab çəkə”, bir bənd isə “canlı şəkildə nəfəs ala” bilər. Mən şeirin “lal arzuları” və ya onun “qaçaq istəkləri” kimi ən qeyri-rasional ideyalarını ifadə etmək üçün mütəmadi olaraq rasionalist terminologiyaya müraciət edirəm. 

Hətta dilin mövcud olmaması — sözlərin arasındakı və ya ətrafındakı boşluqlar belə — müəyyən simvollar kimi qəbul edilməyə başlayır. Mən bu mətni vebsaytda dərc olunmaq üçün nəsr formasında yazıram; bu isə o deməkdir ki, sətirlərim yalnız kağızın rəqəmsal bənzəri olan “veb-səhifənin” sağ kənarına çatanda bitəcək. Şeirdə isə vəziyyət tam başqadır; orada dilin harada dayanacağına səhifənin diktəsi yox, sətrin öz məntiqi qərar verir.

Şairlər sətirləri metrik vahidin sonunu müəyyənləşdirmək, bir ifadənin mənasını mürəkkəbləşdirmək və ya zənginləşdirmək, nitq qəliblərini vurğulamaq, yaxud mütaliənin tempinə, axınına və emosional təsirinə müdaxilə etmək üçün istənilən səbəbdən bölə bilərlər. Şairlərin sətirləri bölmə üsulları fərqlidir: məsələn, Çarlz Olson bunu nəfəs dərə bilmək üçün, Con Hollander isə cümlənin quruluşuna müdaxilə etmək üçün edir. Bəzən sətir sonu bir cümlənin və ya ifadənin bitdiyi yerə təsadüf edir, bəzən isə yox. Hər bir vəziyyətdə sətir bölgüsü nitqin bərpasından öncə bir fasilə, anlıq bir sükut mühiti formalaşdırır.

Tələbəlik illərimdə mütaliə etdiyim və təfəkkürümdə inqilab edən 1979-cu il tarixli essesində Deniz Levertov sətir bölgüsünü bir növ durğu işarəsi kimi xarakterizə edir. Ənənəvi durğu işarələri ifadələrin daha asan başa düşülməsinə xidmət etdiyi halda, Levertov üçün sətir qırılması düşüncənin eniş-yoxuşlarını, yəni qavrayışın şüur həddini keçərkən yaratdığı o kəsik-kəsik ritmi canlandırır. O, bu məntiqdən kənar əks-ritmin tətbiqinin şeiri “bəyanatdan çox nəğməyə, yerişdən çox rəqsə” yaxınlaşdırdığını müdafiə edir.

Əgər bu mülahizələr bir qədər qeyri-adi səslənirsə, Levertov dərhal konkretliyə qayıdaraq sətir sonu qırılmasını “müddət etibarilə təxminən vergülün yarısı” kimi kəmiyyətlə ifadə edir. (Burada şair yenidən “mistik” obrazından çıxıb “texnikə” çevrilir.) Başqaları da oxşar ölçmələr aparmağa çalışıblar; dilşünaslar Debora Koul və Mizuki Miyaşitaya görə, Yapon haikularındakı sətirlərarası fasilələr bir və ya üç “mora” (dilşünaslıq terminidir, “vuruş” deməkdir) uzunluğundadır. Nikolson Beykerin “The Anthologist” əsərinin eyniadlı qəhrəmanı isə ingilis nəzmindəki sətir sonu dayanıqlığını musiqidəki dördlük pauzaya — yəni “danışmadan ayağını yerə vurduğun o məqama” bənzədir.

Sözün qısası, sətir bölgüsü (müddətindən asılı olmayaraq) notasiyanın yoxluğu deyil, spesifik və əks-səda doğuran bir boşluğun notasiyasıdır. Heç bir sabit funksiyaya malik olmadığı üçün bu, mənim nəzərimdə durğu işarələrinin ən sirli və qeyri-sabit formasıdır; o, sanki bütün tire, iki nöqtə və mötərizə növlərinin vahid bir strukturda birləşməsidir.

Allen Qrosman kimi tədqiqatçıların sətir bölgüsünü sonluq və itki simptomu, bir qırılma ritualı və ya “dünyanın qavranılması naminə ondan qoparılan bir parça” kimi xarakterizə etmələri olduqca təsirlidir. Şair Emili Skillinqs isə özünün dahiyanə “Cənnət” (“Heaven”) şeirində sətir qırılmasını “bütün ömrüm boyu / qərq olacağım / yenidən bərpa olunan bir uçurum” kimi adlandırır.

Akademik bir yanaşma nümayiş etdirsəydim, tənqidçilər tərəfindən rəğbətlə qarşılanan bir şairin qələmindən çıxmış, hansısa mühüm intizar və ya qeyri-müəyyənlik hissi yaradan maraqlı bir sətir bölgüsü nümunəsi ilə sözümü tamamlayardım.

Amma indi mənim üçün məntiqdən daha çox hissiyat və gizli qalan məqamlar önəmlidir. Buna görə də, sizi bu sətirləri yazdıqdan cəmi bir neçə il sonra vəfat etmiş dostum Nik Qomes-Hollun artıq fəaliyyət göstərməyən “Tumblr” hesabından götürülmüş bir neçə misra ilə sizi tanış olmağa dəvət edirəm:

          yer isinir, mənim gölməçələrim buxarlanıb itir.

           mən hələ də buradayam; sən də həmçinin buradasan.

Bu sətirləri hər oxuyanda qəribə hisslər keçirirəm. Hər dəfə bu misralara qayıdanda içimi bir titrəmə bürüyür. Görün, ikinci misra birincidəki o itki hissini həm mənaca, həm də forma baxımından necə kompensasiya etməyə çalışır. Natiq yoxa çıxmadığına dair bizi əmin etməyə cəhd edir. O, əslində heç vaxt getməyib; sadəcə sözlərin arxasındakı, altındakı və ya arasındakı o sonsuz sferada gözləyirdi.

mənbə: Granta
İngilis dilindən tərcümə etdi: İbrahim Aziz

Paradiqma

Paradiqma