HƏYAT NECƏ YARANDI? – ALAN VUDS VƏ TED QRANT

HƏYAT NECƏ YARANDI? – ALAN VUDS VƏ TED QRANT

Mikrobiologiyanın banisi hesab edilən fransız alimi Lui Paster çoxsaylı təcrübələrdən sonra həyatın öz-özünə yarandığına dair nəzəriyyəni təkzib etdi. Onun qənaətinə görə, “Həyat yalnız həyatdan yarana bilər”.

Pasterin kəşfləri öz-özünə yaranma nəzəriyyəsinin ənənəvi izahına ciddi zərbə vurdu. Darvinin təkamül nəzəriyyəsinin qələbəsindən sonra isə “həyat qüvvəsi” ideyasını müdafiə edənlər həyatın mənşəyi məsələsinə yeni cür yanaşmağa başladılar. Nəticədə onların idealist mövqeyi bu hadisəni materializm əsasında izah etməyin mümkün olmadığı iddiasına gətirib çıxardı…

Canlı, hiss edən və düşünən varlıqların cansız maddələrdən necə yarandığı qədər böyük əhəmiyyət daşıyan başqa bir məsələ yoxdur. Bu sual qədim zamanlardan bəri insanları düşündürüb və ona müxtəlif cavablar verilib.

1-ci nəzəriyyə: Bütün canlıları, o cümlədən insanı Tanrı yaradıb.

2-ci nəzəriyyə: Həyat cansız maddələrdən öz-özünə yaranıb. Necə ki, sürfələr çürümüş ətdən, peyin böcəkləri isə peyin qalağından əmələ gəlir (Aristotel).

3-cü nəzəriyyə: Həyat Yerə düşən meteorit vasitəsilə kosmosdan gəlib, sonra isə inkişaf edib.

Cansız maddədən canlı maddənin yaranması fikri nisbətən yeni dövrlərdə ortaya çıxıb. Həyatın öz-özünə, sanki heç nədən meydana gəldiyini irəli sürən nəzəriyyə isə çox qədim tarixə malikdir. Bu düşüncəyə Qədim Misir, Çin, Hindistan və Babil mənbələrində rast gəlinir. Qədim Yunanıstanda da belə təsəvvürlər mövcud olub. Oparin yazır: “Sürfələrin peyindən və çürümüş ətdən, bitlərin insan tərindən, işıldaquşların ölülərin yandırıldığı tonqalların qığılcımlarından yarandığına inanılırdı. Qurbağaların və siçanların isə torpağın rütubətindən və şehdən meydana gəldiyi düşünülürdü… O dövrdə insanlar üçün öz-özünə yaranma açıq-aşkar görünən, təcrübə ilə sübut olunduğu düşünülən bir həqiqət idi. Bunun nəzəri izahı isə ikinci dərəcəli əhəmiyyət daşıyırdı” [8]. Bu təsəvvürlərin böyük hissəsi dini əfsanə və rəvayətlərlə bağlı idi. İlk yunan filosofları isə məsələyə, əksinə, materialist mövqedən yanaşırdılar.

Öz-özünə yaranma fikrinə fövqəltəbii məna verən Platonun idealist fəlsəfəsi oldu. Sonralar Aristotel də bu yanaşmanı müdafiə etdi. Bu görüşə görə, maddənin özündə həyat yoxdur, həyat ona kənardan verilir. Yunan və Roma fəlsəfəsindən gələn bu düşüncə ilk xristian kilsəsi tərəfindən mənimsənildi və həyatın mənşəyini mistik şəkildə izah etmək üçün daha da işlənib hazırlandı. Müqəddəs Avqustin öz-özünə yaranmanı ilahi iradənin təzahürü hesab edirdi. Onun fikrincə, hərəkətsiz maddəni “yaradıcı ruh” canlandırırdı. Leninin də qeyd etdiyi kimi, sxolastiklər və ruhanilər Aristotelin canlı deyil, ölü fikirlərini mənimsəmişdilər. Bu yanaşmanı sonralar Foma Akvinalı Katolik kilsəsinin təliminə uyğun şəkildə inkişaf etdirdi. Şərq kilsələri də oxşar mövqeni müdafiə edirdi. Rostov yepiskopu Dimitri 1708-ci ildə Nuhun öz-özünə yarana bilən heyvanları gəmisinə götürmədiyini bildirmişdi. Onun sözlərinə görə, “Onların hamısı Tufan zamanı məhv oldular, Tufandan sonra isə bu mənşələrdən yenidən meydana gəldilər”. XIX əsrin ortalarına qədər Qərb cəmiyyətlərində hakim olan inanc məhz bu idi.

Böyük alim T. H. Haksli 1868-ci ildə Edinburqda oxuduğu mühazirədə həyatın ortaq fiziki əsasının olduğunu ilk dəfə açıq şəkildə bəyan etdi. Bu əsas protoplazma idi. Haksli bütün canlılarda protoplazmanın funksiyası, quruluşu və tərkibi baxımından eyni olduğunu vurğulayırdı. Funksional baxımdan bütün orqanizmlər hərəkət edir, böyüyür, inkişaf edir, maddələr mübadiləsi aparır və çoxalırlar. Quruluş baxımından isə nüvəli hüceyrələrdən ibarətdirlər. Tərkiblərindəki zülallar karbon, hidrogen, oksigen və azotdan təşkil olunmuş kimyəvi birləşmələrdir. Bütün bunlar həyatın təməlində duran ümumi birliyi aydın şəkildə göstərir.

Mikrobiologiyanın banisi hesab edilən fransız alimi Lui Paster çoxsaylı təcrübələrdən sonra həyatın öz-özünə yarandığına dair nəzəriyyəni təkzib etdi. Onun qənaətinə görə, “Həyat yalnız həyatdan yarana bilər”. Pasterin kəşfləri öz-özünə yaranma nəzəriyyəsinin ənənəvi izahına ciddi zərbə vurdu. Darvinin təkamül nəzəriyyəsinin qələbəsi vitalistləri, yəni həyatın xüsusi bir “qüvvə” sayəsində meydana gəldiyini düşünənləri, həyatın mənşəyi məsələsinə yeni cür yanaşmağa məcbur etdi. Nəticədə onların idealist mövqeyi bu hadisəni materializm əsasında izah etməyin mümkün olmadığı iddiasına gətirib çıxardı.

1907-ci ildə isveçli kimyaçı Svante Arrenius “Yaranmaqda olan aləmlər” adlı kitabında panspermiya nəzəriyyəsini irəli sürdü. Onun fikrincə, həyat Yer üzündə öz-özünə yaranmayıbsa, deməli, başqa planetlərdən buraya gəlib. Arrenius həyat sporlarının digər planetlərə həyat “əkmək” üçün kosmosda səyahət etdiyini düşünürdü. Ancaq bu sporlar meteoritlə birlikdə Yer atmosferinə daxil olarkən yanıb məhv olmalı idi. Bu tənqidlərə cavab olaraq Arrenius həyatın ölməz olduğunu və başlanğıcının olmadığını iddia etdi. Lakin faktlar onun nəzəriyyəsini təsdiqləmirdi. Kosmosdakı ultrabənövşəyi şüaların bakteriya sporlarını qısa müddətdə məhv etdiyi sübut olunmuşdu. Məsələn, 1966-cı ildə dözümlülüklərinə görə seçilmiş mikroorqanizmlər “Gemini-9” kosmik kapsuluna yerləşdirilərək kosmik radiasiyaya məruz qoyuldu. Onlar cəmi altı saat davam gətirə bildilər.

Daha sonralar Fred Hoyl həyatın Yerə kometlərin quyruğunda gəldiyini irəli sürdü. Frensis Krik və Lesli Orgel isə bu fikri daha da inkişaf etdirərək Yer kürəsinin kosmosdan gələn ağıllı varlıqlar tərəfindən qəsdən həyatla “mayalandırılmış” ola biləcəyini iddia etdilər! Ancaq belə nəzəriyyələr əslində heç nəyi izah etmir. Həyatın Yerə başqa planetlərdən gəldiyini qəbul etsək belə, onun necə yarandığı sualı yenə cavabsız qalır. Beləliklə, problem sadəcə bir addım geriyə, həyatın mənşəyi hesab edilən başqa planetə daşınmış olur.

Həyatın mənşəyini məntiqli şəkildə izah etmək üçün kosmosda səyahət etməyə ehtiyac yoxdur. Həyat təxminən üç milyard yarım il əvvəl, planetimizin özündə, xüsusi şəraitdə baş verən təbii proseslər nəticəsində meydana gəlib. Bu prosesləri indi təkrarlamaq mümkün deyil. Çünki həmin şəraitdə yarana biləcək ilkin orqanizmlər indiki canlıların mövcudluğu səbəbindən qısa müddətdə məhv olardı. Həyat yalnız heç bir canlı orqanizmin olmadığı və oksigenin çox az olduğu bir planetdə yarana bilərdi. Çünki oksigen həyatın yaranması üçün zəruri olan kimyəvi maddələrlə birləşərək onları parçalayardı. Həyatın yarandığı dövrdə Yer atmosferi əsasən metan, ammonyak və su buxarından ibarət idi. Laboratoriya təcrübələri göstərib ki, su, ammonyak, metan və hidrogen qarışığı ultrabənövşəyi şüalara məruz qaldıqda iki sadə amin turşusu və az miqdarda daha mürəkkəb amin turşuları əmələ gəlir.

1960-cı illərin sonlarında kosmosdakı qaz buludlarında mürəkkəb molekullar aşkar edildi. Bu da Yer kürəsinin yaranmasının ən erkən mərhələlərində həyatın, yaxud həyata bənzər bir şeyin meydana gəlməsi üçün lazım olan elementlərin artıq amin turşuları şəklində mövcud ola biləcəyini göstərirdi. Daha yeni təcrübələr isə bütün canlıların əsasını təşkil edən zülalların və nuklein turşularının Yer kürəsinin ilkin dövründə mövcud olmuş kimyəvi mühitdə baş verən adi fiziki və kimyəvi dəyişikliklər nəticəsində yarana biləcəyini şübhəyə yer qoymadan sübut edib.

Bernala görə, həyatın birliyi onun tarixinin bir hissəsidir və bu birlik həyatın mənşəyində də mövcuddur. Bütün bioloji hadisələr fizika qanunlarına uyğun şəkildə baş verir: canlılar yaranır, inkişaf edir və ölürlər. Biokimya Yer üzündəki bütün canlıların kimyəvi baxımdan eyni olduğunu sübut edib. Növlər arasında böyük fərqlər olsa da, fermentlərin, kofermentlərin və nuklein turşularının əsas mexanizmi bütün canlılarda eynidir. Hətta ən mürəkkəb strukturlar da eyni hissəciklərin öz-özünə birləşməsi nəticəsində yaranır.

Mənbə: “Ağlın üsyanı” – Alan Vuds və Ted Qrant

Tərcümə: İbrahim Aziz

Paradiqma

Paradiqma