Paradiqma Pol Vesternin “Asudə vaxtın dəyəri” adlı yazısını təqdim edir.
Çalışqanlığın həddindən artıq ucaldılmasına qarşı çıxan Bertran Rassel adi bir insanın iş saatlarının xeyli azaldılmasının vacibliyini müdafiə edirdi. Pol Vesternin fikrincə, “asudəlik” anlayışına layiq olduğu dəyər verilmirdi.
Bertran Rassel 1932-ci ildə çapdan çıxan “Asudə vaxta tərif” adlı essesində çalışqanlığın olduğundan artıq fəzilət kimi təqdim edildiyini yazır, insanın öz maraqlarına vaxt ayırmasını isə mədəni həyatın zəruri şərtlərindən biri hesab edirdi. Rassel istehsalatda mexanikləşmənin elə bir səviyyəyə çatdığına inanırdı ki, onun fikrincə, cəmiyyətə faydalı olmaq üçün həftədə iyirmi saatdan artıq işləməyə ehtiyac yox idi. İşsizlərin sayı olduqca çox olsa da, işləyənlərin də həddindən artıq yükləndiyini müşahidə edirdi. Bu gün keçmişlə müqayisədə daha səmərəli istehsal vasitələrinə malik olmağımıza baxmayaraq, asudə vaxtın hamı arasında ədalətli bölüşdürülməsindən hələ də xeyli uzağıq.
Rasselə görə, işləməyi insanın borcu hesab etmək qul əxlaqının tərkib hissəsi idi. Hakim təbəqə bu düşüncədən istifadə edərək gücsüz insanları öz maraqlarına uyğun yaşamağa sövq edirdi. Belə bir sistem isə ağalara başqalarının əməyindən faydalanaraq vaxtlarını istədikləri kimi keçirmək imkanı verirdi. Rassel başqalarının zəhməti hesabına əldə edilən asudə vaxtı tərifə layiq hesab etmirdi. Bununla belə, hakim təbəqənin özünə ayırdığı boş vaxtın kiçik bir hissəsi də sivilizasiyanın inkişafına sərf olunurdu. Rassel yazırdı:
“Tənbəllik sivilizasiyanın təməlidir. Keçmişdə azsaylı insanların kef çəkməsi, rahat yaşaması çoxlu insanın zəhməti hesabına mümkün olurdu. Əməyin dəyəri işləməyin özündən deyil, onun insana qazandırdığı asudə vaxtın gözəlliyindən qaynaqlanırdı. Halbuki müasir texnologiyaların köməyi ilə asudə vaxtı cəmiyyətə zərər vurmadan, hamı arasında ədalətlə bölüşdürmək mümkündür”.
Birinci Dünya müharibəsi illərində cəmiyyətin rifahını qorumaqla daha az işçi qüvvəsi hesabına da böyük həcmdə məhsul istehsal etməyin mümkünlüyü Rasselə aydın oldu. Sülh dövründə isə fəzilət sayılan çalışqanlıq düşüncəsi cəmiyyətin bir hissəsinin həddindən artıq işləməsinə, digər hissəsinin isə işsiz qalmasına səbəb olurdu. Halbuki hər kəsin cəmiyyət qarşısında müəyyən qədər əmək öhdəliyi vardı. Gündə cəmi dörd saat işləməklə həm cəmiyyətin ehtiyaclarını ödəmək, həm də hər kəsə mədəni həyatın imkanlarından yararlanmaq fürsəti vermək mümkün olardı.
İnsanların asudə vaxtlarını necə keçirəcəklərini bilmədikləri doğrudursa, bunun səbəbi yaşadığımız sivilizasiyanın yaratdığı məhdudiyyətlərdir. Rassel bu problemin həlli üçün iki yol təklif edirdi. İlk növbədə, zövq almağın insan rifahının ayrılmaz hissəsi olduğunu qəbul etməyi öyrənməliyik. Əgər işləmək fəzilət sayılırsa, əməyin bəhrəsindən zövq almaq da bu fəziləti tarazlayan başqa bir fəzilət olmalıdır. İkincisi, təhsilə daha geniş yer ayırmalıyıq. Çünki insanlar yalnız təhsil sayəsində asudə vaxtlarını daha mənalı və yaradıcı şəkildə necə keçirəcəklərini öyrənə bilərlər. Rasselin qulların rəqsini yenidən canlandırmaq təklifi aristokratik, özünü başqalarından üstün tutan bir yanaşma kimi görünə bilərdi. Bununla belə, bu fikir insanların istirahət vaxtlarında, o cümlədən cəmiyyətə faydalı fəaliyyətlərlə məşğul olmaqla daha fəal həyat sürə biləcəkləri düşüncəsinə zidd deyildi. İnsanlar öz həyatları və yaradıcılıqları vasitəsilə nələrə qadir olduqlarını gördükcə daha xoşbəxt yaşayacaqdılar.
Bununla belə, etiraf etməliyik ki, Rasselin əmək yükünün hamı arasında bərabər bölüşdürülməsi ilə bağlı düşüncələri həyata keçirilməsi çətin, hətta ümidsiz bir utopiya təsiri bağışlayır. Rasselə görə, bu utopiyanın gerçəkləşməsi bütövlükdə “istehsalın elmi əsaslarla təşkilindən” asılı idi. Bu ifadənin hansı mənanı daşımasından asılı olmayaraq, belə bir dəyişiklik bir gecədə baş verə bilməzdi. Bəs Rasselin asudə vaxta həsr etdiyi essesini yazmasından ötən 66 il ərzində həyatımıza daha çox dəyər verməyi bacarmışıqmı? Əlbəttə, bu istiqamətdə müəyyən irəliləyişlər var. Uşaqlarımız artıq məktəbdə daha çox vaxt keçirir, iş günlərimiz isə qısalıb. Lakin bu, iş saatlarının mümkün olan ən aşağı həddə endirildiyi demək deyil. Bir tərəfdə həddindən artıq işləyənlər, digər tərəfdə isə işsiz qalanlar var. Üstəlik, bu insanların çoxu öz istəyi ilə deyil, məcburən işləmirlər və maddi imkansızlıq üzündən asudə vaxtlarından da zövq ala bilmirlər. Beləliklə, Rasselin diqqət çəkdiyi əsas bərabərsizlik bu gün də aradan qalxmayıb.
İqtisadiyyatın böyüməsi ilə işçi qüvvəsinə tələbatın artacağına və bunun da işsizliyin azalmasına gətirib çıxaracağına inanılır. Hamının həddindən artıq işlədiyi bir cəmiyyət quruluşunun nə dərəcədə arzuolunan olduğunu bir kənara qoyaq. Əslində, özümüzə verməli olduğumuz əsas sual budur: görüləsi işlərin çoxalması daha çox işçiyə ehtiyac yaranması deməkdirmi? Texnologiya inkişaf etdikcə işçi qüvvəsinə olan tələbat getdikcə daha çox avtomatlaşdırılmış sistemlər vasitəsilə ödənilir. İnsan əməyinin hələ də vacib olduğu düşüncəsi isə xidmət sahəsində süni şəkildə yeni iş yerlərinin yaradılmasına səbəb olub. Bu işlərin bəziləri mənasızdır. Məsələn, gecə-gündüz fəaliyyət göstərən məkanlarda xidmət göstərmək. Bəziləri isə evlərdə xidmət işləri görmək kimi heç bir perspektiv vəd etməyən məşğuliyyətlərdir. Əgər bu cür lazımsız işlər insanların səmərəli əməyinin müqabilində onlara bir qədər də olsa istirahət etmək imkanı versəydi, bu, itkidən çox qazanc olardı. Bu gün insanlar daha az işləməyin yollarını axtarırlar. Mən də onlardan biriyəm. Həftədə bir əlavə istirahət günü götürməklə düşünmək və yazmaq üçün özümə vaxt ayırıram. Ancaq belə bir imkana sahib olmaq hələ də imtiyaz hesab olunur. Çünki bir çox insan dolanışığını təmin etmək üçün əlavə saatlar işləməyə, yaxud aşağı maaşlı yarımştat işlərdə çalışmağa məcburdur.
1932-ci ildə xəyal edilən ədalətli vaxt bölgüsü bu gün artıq reallığa çevrilməli idi. Lakin indi də uzun saatlar işləməyin insana bir növ fəzilət qazandırdığına inananlar var. Biz belə düşünənlərə çalışqanlığın fəzilət sayılmasının əsassız bir inancdan başqa bir şey olmadığını xatırlatmağa davam etməliyik. Ədalətli bölgünü təmin etmək bizim borcumuzdur. Uzun saatlarla işləməyə duyulan bu inadkar heyranlığa son qoyulmalıdır. Çünki həmin düşüncə sistemli işsizliyin əsas səbəblərindən biridir. İnsanlar “dünyanın nizamı belədir” deyərək bu vəziyyətlə barışıblar. Halbuki bu, tamamilə cəfəngiyyatdır. Həftədə iyirmi saat işləmək cəmiyyətin bütün ehtiyaclarını ödəməyə, eyni zamanda hər birimizə öz həyatımıza vaxt ayırmaq imkanı yaratmağa kifayət edər.
Tərcümə: İbrahim Aziz
Mənbə: PhilosophyNow
