İspaniyada 850 min illik kannibalizmə dair yeni sübutlar aşkarlandı

İspaniyada 850 min illik kannibalizmə dair yeni sübutlar aşkarlandı

Paradiqma xəbər verir ki, İspaniyanın Atapuerka bölgəsində yerləşən Gran Dolina mağarasında aparılan son arxeoloji qazıntılar qədim insanların həyatına dair mühüm faktları üzə çıxarıb.

Tədqiqatçılar təxminən 850 min il əvvələ aid olan və Homo antecessor növünə mənsub 24 yeni insan fosili aşkar ediblər. 

Araşdırmalar göstərir ki, tapılan sümüklərin üzərində daş alətlərlə kəsilmə, ətin sümükdən ayrılması və sümük iliyinin çıxarılması zamanı yaranan izlər mövcuddur. Bu izlər heyvan qalıqlarında müşahidə edilən qəssablıq izləri ilə eynilik təşkil edir ki, bu da həmin insanların qida məqsədilə parçalandığını göstərən ən güclü dəlillərdən hesab olunur.

Əvvəlki qazıntılarda kannibalizmə məruz qalanların əsasən uşaq və yeniyetmələr olduğu düşünülürdü. Lakin bu il tapılan yeni fosillər arasında böyüklərə aid sümüklərin də olması alimlərə göstərib ki, bu davranış yalnız azyaşlılarla məhdudlaşmayıb. 

Tədqiqatçılar bu kannibalizmin səbəbi barədə hələ yekdil nəticəyə gəlməyiblər. Əsas ehtimallara görə, bu davranış qida çatışmazlığından deyil, qruplararası münaqişələr, ərazi uğrunda mübarizə və ya digər sosial amillərlə bağlı ola bilər. Bununla belə, alimlər bu hipotezlərin hələ tam sübut olunmadığını və araşdırmaların davam etdiyini vurğulayırlar. 

Gran Dolina mağarası uzun illərdir Avropada ən qədim insan məskənlərindən biri hesab olunur və burada aşkar edilən yeni tapıntılar erkən insanların davranışlarını anlamaq baxımından dünyanın ən mühüm paleoantropoloji kəşflərindən biri kimi qiymətləndirilir. 

Paradiqma

Paradiqma