Elm fəlsəfəsi və sübutlara əsaslanan siyasət sahəsində yarım əsrlik tədqiqatlarına görə filosof Nensi Kartrayt 2026-cı il üzrə BBVA Fondunun “Biliyin Üfüqləri” (Frontiers of Knowledge) mükafatına humanitar elmlər kateqoriyasında layiq görülüb. Mükafatın məbləği 400 min avrodur.
Mükafat komitəsi Kartraytın fəlsəfə vasitəsilə elmi rasionallığın möhkəmləndirilməsinə və sübutlara əsaslanan dövlət siyasətinin formalaşmasına verdiyi töhfəni xüsusi qeyd edib. Komitənin sədri, Meksika Milli Muxtar Universitetinin professoru Atoşa Aliseda bildirib ki, Kartraytın tədqiqatları “fəlsəfədən elm metodologiyasının dərindən anlaşılmasına istiqamətlənmiş” mühüm nailiyyəti əks etdirir.
Kartrayt hazırda Böyük Britaniyanın Durham Universitetində fəlsəfə professoru, Kaliforniya Universitetinin San-Dieqo kampusunun (UC San Diego) fəxri professoru, eyni zamanda Oksford Universitetində qonaq professor vəzifəsini icra edir.
Onun ən məşhur əsərlərindən biri olan “Fizika qanunları necə yalan danışır” (1989) kitabında Kartrayt irəli sürür ki, fundamental fizika qanunları reallığı birbaşa deyil, yalnız yüksək dərəcədə ideallaşdırılmış və sadələşdirilmiş modellər vasitəsilə təsvir edir. 1999-cu ildə nəşr olunan “Rəngarəng dünya” kitabında isə tədqiqatçı bütün hadisələri vahid nəzəriyyə ilə izah etməyin mümkünsüz olduğunu əsaslandıraraq elmi biliklərin “yamaq-yamaq”, yəni müxtəlif sahələrə məxsus qanun və prinsiplərdən ibarət bir quruluş şəklində təşkil olunduğunu müdafiə edir.
Kartraytın son illərdəki tədqiqatları əsasən sübutların siyasətdə tətbiqinə yönəlib. O vurğulayır ki, müəyyən bir siyasi qərarın bir kontekstdə uğurlu nəticə verməsi onun başqa şəraitdə də eyni nəticəni verəcəyi mənasına gəlmir. Effektiv siyasətin formalaşdırılması üçün müxtəlif növ sübutların, metodların və ekspert biliklərinin birləşdirilməsi zəruridir.
BBVA Fondu tərəfindən 2008-ci ildən etibarən hər il təqdim olunan “Biliyin Üfüqləri” mükafatı səkkiz kateqoriya üzrə — əsas elmlər, biotibb, ətraf mühit elmləri, sosial elmlər, iqtisadiyyat, humanitar elmlər, musiqi və opera sahələrində fərqlənən alimləri mükafatlandıran nüfuzlu beynəlxalq mükafatdır. Bu günədək mükafat laureatlarının 34-ü Nobel mükafatına da layiq görülüb.
