Hara çatdığını bilməyən dənizçi: Kolumb mirasının paradoksları

Hara çatdığını bilməyən dənizçi: Kolumb mirasının paradoksları

Kristofor Kolumb haqqında, demək olar ki, hər kəs onun Amerikanı kəşf etdiyini bilir. Lakin bu sadə ifadənin arxasında elə bir ömür gizlənir ki, insan onu oxuduqca tək bir fərdin belə bir taleyi yaşamasının mümkünlüyünə şübhə etməyə başlayır. Bu müstəsna taleyin real bir həyat hekayəsi, yoxsa əfsanə ilə gerçəkliyin qovuşduğu bir möcüzə olması isə böyük sual doğurur.

Kolumbun hətta doğum tarixi belə mübahisə mövzusudur. Tarixçilərin böyük əksəriyyəti 1451-ci ili qeyd etsə də, bəzi tədqiqatçılar 1450-ci, hətta 1446-cı il fərziyyələrini irəli sürürlər. Onun doğulduğu yer isə indiki İtaliyanın Genuya şəhəri hesab olunur. Atası Domeniko Kolumb yun toxuculuğu və ticarəti ilə məşğul olan bir sənətkardı. Beləliklə, Kristofor həyata varlı bir ailənin övladı kimi deyil, sıradan bir toxucunun oğlu olaraq qədəm qoydu.

Lakin dənizçinin mənşəyi ilə bağlı ən maraqlı iddia bəzi tarixçilərin onun əslən İspaniyadan qovulmuş yəhudi ailəsinə mənsub olması barədə irəli sürdükləri fərziyyədir. Bu nəzəriyyəyə əsasən, ailə öz real kimliyini gizlətmək məqsədilə katolik adları qəbul etmişdi. Hazırda aparılan genetik tədqiqatlar bu fərziyyəni nə tam təsdiq, nə də tam rədd etdiyi üçün bu məsələ hələ də sirr olaraq qalır.

Kolumbun ana dili barəsində də fərqli bir mübahisə mövcuddur. O, italyan dilini deyil, Kastiliya ispan dilini birinci dil kimi öyrənmişdi. Hətta şəxsi qeydlərini və məktublarını da italyan dilində deyil, ispan dilində qələmə alırdı. Bu fakt onun çox erkən yaşlardan etibarən başqa bir mühitə tam uyğunlaşdığını göstərir.

Kolumb ilk dəfə 14 yaşında gəmiyə addım atdı. O, Genuya tacirlərinin sifarişi ilə Aralıq dənizinin müxtəlif limanlarına səfərlər etdi. Bu ilk illərdə o, sadəcə sıradan bir işçi kimi fəaliyyət göstərmir, həm də ciddi bir müşahidəçi rolunda çıxış edirdi. Küləyin istiqamətini, dalğaların ritmini və ulduzların mövqeyini o, öz zehninə dərindən həkk edirdi.

1476-cı ildə dənizçinin həyatında dramatik bir hadisə baş verdi. Fransız korsarları Kolumbun içində olduğu ticarət gəmisini batırdılar. O, bir taxta parçasına yapışaraq saatlarla üzdü və nəhayət, Portuqaliyanın Laquş şəhəri yaxınlığındakı sahilə çıxmağı bacardı. Bu qəza onu ruhdan salmadı, əksinə, o, Portuqaliyada qalmaq qərarına gəldi. Lissabon o dövrdə dünyanın dənizçilik paytaxtı hesab olunurdu və kəşfiyyat səfərlərinin ürəyi məhz bu şəhərdə döyünürdü.

Portuqaliyada qaldığı müddətdə Kolumb savadını daha da artırdı. O, latın dilini, astronomiyanı və kartoqrafiyanı dərindən öyrəndi. Burada Felipa Moniz adlı zadəgan bir qadınla ailə həyatı qurdu. Qayınanasının ona təqdim etdiyi dənizçilik xəritələri və gündəliklər isə gələcəyin böyük planlarının təməlini qoydu.

Kolumbun əsas ideyası kifayət qədər sadə görünürdü: Yer kürəsi yuvarlaq olduğu üçün qərb istiqamətində irəliləməklə şərqdə yerləşən Hindistana çatmaq mümkündür. Bu düşüncə elmi baxımdan doğru olsa da, Kolumb öz hesablamalarında böyük bir yanlışlığa yol vermişdi. O, Yer kürəsinin miqyasını real ölçülərindən xeyli kiçik hesab edirdi. Əgər Amerika qitəsi onun hərəkət marşrutunun üzərində qərar tutmasaydı, Kolumb və heyəti açıq dənizdə qidasız və susuz qalaraq məhv olardılar.

O, ilkin olaraq Portuqaliya kralı II Joana müraciət etdi. Kral bu məqsədlə öz mütəxəssislərindən ibarət xüsusi bir komissiya yaratdı. Komissiya üzvləri Kolumbun hesablamalarının yanlış olduğunu (bu doğruydu) müəyyən edərək layihəni rədd etdilər. Kolumb daha sonra Kastiliya kraliçası I İzabellaya müraciət etsə də, ilk görüşdə rədd cavabı aldı. Onun ikinci cəhdi də uğursuzluqla nəticələndi. Bir neçə il ərzində o, müxtəlif saray komissiyaları qarşısında öz ideyasını dəfələrlə müdafiə etdi, lakin hər dəfə rədd cavabı ilə qarşılaşdı.

Nəhayət, 1492-ci ilin yanvarında İspaniya ordusu Qərnatəni (Granadanı) fəth edərək 700 illik mavr hökmranlığına son qoydu. Kraliça İzabella bu böyük qələbənin sevincini yaşayırdı. Kolumb yenidən onun hüzuruna çıxdı və bu dəfə onun üçün uğur qapıları açıldı.

Kolumb sadə bir fəaliyyət icazəsi ilə kifayətlənmək niyyətində deyildi. O, danışıqlar masasında qətiyyətli mövqe nümayiş etdirərək saray əyanlarını heyrətə salan şərtlər irəli sürdü. Dənizçi kəşf edəcəyi torpaqların Admiral titulu ilə idarəçisi olmağı, həmin ərazilərin vitse-kralı (canişini) təyin edilməyi və əldə olunacaq bütün sərvətlərdən özünə xüsusi pay ayrılmasını tələb edirdi. Sadə bir sənətkar ailəsindən çıxmış şəxsin belə tələblərlə çıxış etməsi o dövrün qaydaları çərçivəsində inanılmaz bir cəsarət nümunəsi idi. Kral sarayı ilkin olaraq bu şərtləri qəbul etmədiyi üçün Kolumb oradan uzaqlaşdı. Lakin yolda ikən onu geri çağırdılar və İspaniya tərəfi onun şərtləri ilə razılaşdı.

1492-ci il avqustun 3-də “Santa Mariya”, “Pinta” və “Ninya” adlı üç gəmi Palos limanından lövbər götürərək yola düşdü. Gəmilərdə ümumilikdə 90 nəfərlik heyət var idi. Açıq dənizə doğru irəlilədikcə dənizçilərin narahatlığı daha da artırdı, çünki onlar xəritəsi olmayan, naməlum bir üfüqlə üz-üzə qalmışdılar.

Oktyabr ayının əvvəllərində heyətin əhval-ruhiyyəsi tamamilə korlanmışdı. Bəzi tarixi rəvayətlərə görə, matroslar gəmidə üsyan qaldırmaq həddinə çatmışdılar. Kolumb onlardan cəmi üç gün möhlət istədi. Oktyabrın 12-nə keçən gecə, saat ikidə “Pinta” gəmisindəki matroslardan biri — Rodriqo de Triana — “Torpaq! Torpaq!” deyə qışqırdı. Kolumb sonradan özünün hələ gecə saat birdə uzaqdan bir işıq gördüyünü iddia etdi. Bu iddia vəd olunmuş mükafatı mənimsəmək üçün uydurulmuş bir yalana bənzəyirdi, chünki gənc Rodriqo həmin mükafatı heç vaxt ala bilmədi və onu Kolumb özünə götürdü. Kasıb Rodriqo isə ömrünün sonuna qədər bu haqsızlığın ağrısını yaşamağa məcbur oldu.

Kolumb indiki Baham adalarının bir hissəsi olan San-Salvador adasına ayaq basdı. O, Asiya qitəsinə çatdığına tam əmin idi. Yerli əhalini gördükdə, Hindistanda olduğunu zənn etdiyi üçün onları “hindlilər” adlandırdı. Bu yanlış adlandırma əsrlər boyu qorunub saxlanıldı və bu gün də Amerikanın yerli xalqları müxtəlif dillərdə “hindli” olaraq adlandırılmaqda davam edir.

O, Kuba adaları ətrafında üzdü və bu gün ərazisində Haiti ilə Dominikan Respublikasının yerləşdiyi Hispaniola adasını kəşf etdi. Səfər zamanı “Santa Mariya” gəmisi qayalıqlara çırpılaraq batdı. Kolumb heyətin bir hissəsini adada qoymağa məcbur oldu və orada La-Navidad qalasının əsasını qoydu. Bu məntəqə Avropanın Yeni Dünyadakı ilk daimi məskəni idi. 1493-cü ilin martında Kolumb İspaniyaya geri döndü. Onu ölkədə bir qəhrəman kimi qarşıladılar. Kral sarayında böyük heyrət və sevinclə qəbul olunmasına baxmayaraq, o, hələ də Hindistana çatdığına inanmaqda davam edirdi.

Kolumb ümumilikdə dörd böyük dəniz səyahəti həyata keçirdi. İkinci səfərə o, 17 gəmi və 1200 nəfərlik geniş bir heyətlə yollandı. Lakin məhz bu səyahətdən etibarən onun bir idarəçi kimi çox zəif xüsusiyyətlərə malik olduğu bəlli oldu. O, müstəmləkəçilər arasında baş verən münaqişələri tənzimləyə bilmir, yerli əhaliyə qarşı törədilən görünməmiş qəddarlıqlara göz yumur, bəzən isə bu zorakılıqlara birbaşa özü əmr verirdi.

1500-cü ildə İspaniya krallığına onun fəaliyyəti barədə çoxsaylı şikayətlər daxil oldu. Bunun nəticəsində Kolumb və qardaşları zəncirlənərək İspaniyaya gətirildilər. Kraliça İzabella sonradan onu azadlığa buraxsa da, canişinlik titulunu ona geri qaytarmadı. Bu qərar dənizçiyə vurulan ağır bir zərbə oldu. Dördüncü və sonuncu səfərindən qayıdan Kolumb artıq xəstə, yorğun və məyus vəziyyətdə idi. O, 1506-cı il mayın 20-də Valyadolid şəhərində dünyasını dəyişdi. Onun hətta ölüm ayağında belə Hindistana çatdığına inandığı iddia edilsə də, bəzi tədqiqatçılar bu fərziyyəyə şübhə ilə yanaşırlar.

Kolumb öz sağlığında “Amerika” adını heç vaxt eşitməmişdi. Yeni qitəyə bu adı verən şəxs Kolumb deyil, ondan sonra buralara səyahət edən florentiyalı dənizçi Ameriqo Vespuççi olmuşdur. Vespuççi 1502-ci ildə bu torpaqların Asiyanın bir hissəsi olmadığını, tamamilə fərqli bir qitə təşkil etdiyini dərk etdi. Alman kartoqrafı Martin Valdsemüller 1507-ci ildə nəşr etdiyi xəritədə bu yeni əraziləri dənizçinin şərəfinə (Ameriqo adına görə) Amerika adlandırdı. Kolumb isə öz kəşfinin real miqyasını heç vaxt başa düşə bilmədi.

O, Şimali Amerika torpaqlarına heç vaxt ayaq basmamışdı. Kolumbun həyata keçirdiyi dörd səyahətin hamısı Karib adaları, Mərkəzi Amerika sahilləri və Cənubi Amerikanın shimal hissələrini əhatə edirdi. Onun indiki ABŞ ərazisinə çatmaq imkanı heç vaxt olmamışdı.

O, özünü “Xristos daşıyan” bir şəxs kimi qəbul edirdi. Onun adı olan “Kristofor” kəlməsi latın dilindən tərcümədə məhz “Xristosu daşıyan” mənasını verir. Səyyah bu adı özü üçün ilahi bir rəmz hesab edirdi. O, öz məktublarında özünü Tanrının seçilmiş bir elçisi kimi təsvir etməkdən çəkinmirdi.

Ölümündən sonra onun cənazəsi dörd dəfə fərqli yerlərə köçürüldü. O, ilkin olaraq İspaniyada dəfn edilsə də, sonradan qalıqları Hispaniola adasına, daha sonra Kubaya və nəhayət, yenidən İspaniyanın Sevilya şəhərinə daşındı. 2006-cı ildə keçirilən DNT analizləri onun bədən qalıqlarının bir hissəsinin Sevilyada, digər qisminin isə Dominikan Respublikasında olduğunu üzə çıxardı. Beləliklə, o, ölümündən sonra belə iki fərqli dünya arasında bölünmüş vəziyyətdə qaldı.

Hazırda Kolumbun qoyub getdiyi irsə iki fərqli baxış bucağı mövcuddur. Bir tərəfdən, o, bəşəriyyət tarixinin gedişatını tamamilə dəyişdirmişdir. Onun səfərləri Avropanın Yeni Dünyaya genişlənməsinin, müasir qlobal ticarətin və sivilizasiyaların böyük qovuşmasının başlanğıcı oldu. Digər tərəfdən isə, onun bu torpaqlara gəlişi yerli xalqlar üçün fəlakətin başlanğıcı idi. Avropadan gələn yoluxucu xəstəliklər, köləlik zənciri və məcburi din dəyişdirmə kimi amillər ucbatından Kolumbun açdığı yol milyonlarla insanın həyatını məhv etdi. Bu səbəbdən də bu gün bir çox ölkədə oktyabrın 12-si fərqli şəkildə qeyd olunur. Cəmiyyətlərin bir qismi bu tarixdə bir qəhrəmanı yad etdiyi halda, digər qismi onu soyqırımın simvolu kimi anır.

Kristofor Kolumb tam mənası ilə mükəmməl bir insan deyildi. O, kifayət qədər cəsur, lakin eyni zamanda tamahkar bir şəxsiyyət idi. Uzaqgörənliyə sahib olsa da, öz səhvlərini qəbul etmək istəmirdi. O, dünya tarixini büsbütün dəyişdirsə də, bu böyük dəyişikliyin real mahiyyətini heç vaxt dərk edə bilmədi. Bəlkə də onun həyatının ən böyük ironiyası elə bəşər tarixinin bu ən məşhur dənizçisinin öz ölüm günündə belə, əslində hara gedib çatdığını dəqiq bilməməsində gizlənir.

Mənbələr: William D. Phillips Jr. və Carla Rahn Phillips, “The Worlds of Christopher Columbus”; Bartolomé de Las Casas, “Historia de las Indias”; Felipe Fernández-Armesto, “Columbus”

Paradiqma

Paradiqma