Paradiqma Cavid Fərzəlinin Aydan Abdullayevaya ithaf etdiyi şeirini təqdim edir.

Sən bir mərcan daşısan.
Sapsarı tənhalığa bürünürsən,
Dəniz sənə bənzər bir sahil doğur
Küçələrin gözlərində.
Əllərin narıncı sabahlar böyüdür,
Sənsə, balaca bir ay işığının içində yaşayırsan.
Gümüşü gecənin boynundan asılırsan,
Gözlərin uzaqların ipindən yapışır uşaq kimi.
Gecənin qucağını yırğalayır yorğun qaranlıqlar.
Divarların ürəyində həsrətin rəsmləri düzülür,
Kölgənə sığınan quşlar qanadlarını qoparır,
Məxməri ayrılıqlar məktubların qanını içir,
Hər səhər günəş qırışdırır zamanın üzünü,
Göy üzü həbsxanadır mərcan buludlara,
Qapqara kitablar taleyini bıçaqlayır…
Payızın dağılmış evində
Xatirələr it sümüyüdür
Gəmirir pəncərələrin gözlərini.
Şəklinin quruyan budaqlarına bahar gəlməz daha!
Tanrı da taleyin tərəfində olur.
Sularla barışır yelkənli sabahlar,
Dalğaların beli bükülür qarşında.
Küsmə qəddar güzgülərdən…
Güzgülər daşların ovuclarında suların yaddaşıdır.
