Misirdə fövqəladə tarixi kəşf: 1600 illik mumiyanın içindən Homerin “İliada” dastanı tapıldı

Misirdə fövqəladə tarixi kəşf: 1600 illik mumiyanın içindən Homerin “İliada” dastanı tapıldı

Paradiqma.az xəbər verir ki, Misirin Minya əyalətində yerləşən qədim Oksirinxos nekropolunda arxeologiya dünyasını heyrətə gətirən misilsiz bir kəşfə imza atılmışdır.

2026-cı ilin aprel ayı arxeologiya dünyasında misilsiz bir kəşflə yadda qaldı. Elm aləmində böyük maraqla qarşılanan bu qeyri-adi tapıntı tədqiqatçılar tərəfindən arxeologiya tarixində bir ilk kimi qiymətləndirilir.

Bu mühüm tarixi kəşf Barselona Universiteti ilə Qədim Yaxın Şərq Tədqiqatları İnstitutunun birgə formalaşdırdığı İspan-Misir arxeoloji qrupu tərəfindən gerçəkləşdirilmişdir. Tədqiqatlar zamanı Roma dövrünə aid olduğu müəyyən edilən 65 nömrəli məzarda təxminən 1600 illik bir mumiya aşkarlanmışdır. Arxeoloqlar apardıqları araşdırma nəticəsində mumiyanın qarın boşluğunda, sarğıların tam altında qədim yunan dilində yazılmış papirus tapmışdırlar.

Hərtərəfli tədqiqatlar nəticəsində bu papirus parçasının qədim yunan şairi Homerin məşhur “İliada” dastanına aid olduğu müəyyənləşdirilmişdir. Mətndə dastanın, xüsusilə İkinci Kitabında yer alan və Troya müharibəsində iştirak edən yunan gəmilərinin siyahısını əks etdirən “Gəmilərin kataloqu” hissəsi yer alır. Mütəxəssislər klassik ədəbi mətnin bilərəkdən mumiyalama prosesinə daxil edilməsi halı ilə ilk dəfədir qarşılaşırlar. Adətən bu cür proseslərdə cəsədi o biri dünyada qorumaq məqsədilə sehrli və ya dini mətnlərdən istifadə edildiyi məlumdur. Qədim kahinlərin insan cəsədinə qoruyucu dualar əvəzinə niyə məhz epik yunan dastanını yerləşdirməsi isə hələlik elm dünyası üçün böyük bir sirr olaraq qalır.

Bununla yanaşı, eyni qazıntı sahəsində qızıl və mis dilləri olan başqa mumiyalar da aşkarlanmışdır. (Qədim inanca görə, bu metal dillərin ölülərin axirət dünyasında yeraltı tanrısı Osiris ilə maneəsiz danışa bilməsi üçün qoyulduğuna inanılır). Əldə edilən bütün bu nadir tapıntılar qədim Misirdə yunan mədəniyyətinin və ədəbiyyatının nə qədər dərin kök saldığını bir daha sübut edir.

Paradiqma

Paradiqma