Hindistanın indiyədək ən böyük kino layihələrindən biri sayılan “Ramayana: Rise of a Legend” filmi noyabrın 5-də dünya kinoteatrlarında nümayişə çıxıb.
Paradiqma xəbər verir ki, nəhəng istehsal miqyası, beynəlxalq yaradıcı heyəti və süni intellekt texnologiyalarından istifadəsi ilə diqqət çəkən film Böyük Britaniya və İrlandiya prokatında ilk həftəsonundan liderliyə yüksəlib.
Hindistan kinosu son illərdə beynəlxalq auditoriyaya çıxmaq istiqamətində ciddi addımlar atır. Bu prosesin ən iddialı nümunələrindən biri rejissor Niteş Tivarinin ekranlaşdırdığı “Ramayana: Rise of a Legend” filmidir. Hindistanın qədim epik irsinə əsaslanan ekran əsəri noyabrın 5-dən etibarən beynəlxalq kinoteatrlarda nümayiş olunmağa başlayıb.
Filmin süjetinin mərkəzində Hindistanın qədim ədəbiyyatının ən mühüm nümunələrindən biri hesab edilən “Ramayana” dastanı dayanır. Valmikiyə aid edilən bu epik əsər şahzadə Ramanın həyatından, həyat yoldaşı Sitanın taleyindən və Lənkə hökmdarı Ravanla qarşıdurmasından bəhs edir. Əsər əsrlər boyu Hindistanın mədəniyyətinə, dini təsəvvürlərinə, ədəbiyyatına və incəsənətinə təsir göstərib.
Filmdə Rama obrazını Ranbir Kapur, Sita obrazını Sai Pallavi, Ravana obrazını isə Yaş canlandırır. Ekran əsərinin aktyor heyətində, həmçinin Sanni Deol və Ravi Dubey yer alırlar.

Layihənin rejissoru “Dangal” filmi ilə beynəlxalq şöhrət qazanan Niteş Tivaridir. Filmin prodüseri isə tanınmış vizual effektlər studiyası DNEG-in rəhbəri Namit Malxotradır. Musiqi kompozisiyalarının hazırlanmasında iki məşhur bəstəkarın – Hans Zimmer və AR Rəhmanın iştirakı da layihənin diqqətçəkən xüsusiyyətlərindəndir.
“Ramayana: Rise of a Legend” təkcə mövzusu ilə deyil, istehsal miqyası ilə də fərqlənir. “Screen Daily” nəşrinin məlumatına görə, filmin iki hissədən ibarət layihəsi üçün nəzərdə tutulan ümumi büdcənin təxminən 420 milyon dollar olduğu bildirilir. Bu göstərici onu Hindistan kino tarixinin ən bahalı layihələrindən birinə çevirir.
Filmin vizual effektləri “Dune”, “Interstellar” və “Inception” kimi məşhur ekran əsərlərində çalışmış, çoxsaylı Oskar mükafatlarına layiq görülmüş DNEG studiyası tərəfindən hazırlanıb. Ekran əsərinin IMAX və digər böyük formatlarda nümayişi də onun beynəlxalq auditoriya üçün nəzərdə tutulan iddialı istehsal olduğunu göstərir.
Layihə iki hissədən ibarət olacaq. “Ramayana: Rise of a Legend” dastanın ilk hissəsini təşkil edir. Davam filminin isə 2028-ci ilin oktyabrında nümayişi planlaşdırılır.
Mənbə
Sony Pictures – filmin rəsmi təqdimatı: https://www.sonypictures.co.uk/index.php/movies/ramayana-rise-legend
