113 İl əvvəl aşkar edilmiş Məbədin sirri açıldı: Anadoluda ikinci Hekate Məbədi sənədləşdirildi

113 İl əvvəl aşkar edilmiş Məbədin sirri açıldı: Anadoluda ikinci Hekate Məbədi sənədləşdirildi

Türkiyənin İsparta vilayətinin Yalvaç rayonunda yerləşən Men Müqəddəs Ərazisində aparılan son tədqiqatlar nəticəsində, 113 il əvvəlki arxeoloji qazıntılar zamanı aşkar edilmiş və uzun illər Demeterə aid olduğu güman edilən məbədin əslində Hekateyə məxsus olduğu müəyyən edilib.

İsparta vilayətinin Yalvaç rayonunda, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Gemen dağının zirvəsində, Ay tanrısı Menə həsr olunmuş qədim müqəddəs ərazidə ilk genişmiqyaslı qazıntılar 1912–1913-cü illərdə aparılıb. Həmin qazıntılar zamanı üzə çıxarılan tikilinin qədim yunan mifologiyasında kənd təsərrüfatı, bərəkət və məhsuldarlıq ilahəsi Demeterə aid olduğu ehtimal edilsə də, bu fikir heç vaxt elmi cəhətdən təsdiqlənməyib. Buna görə də abidə uzun illər elmi ədəbiyyatda və yerli mənbələrdə sadəcə “Kiçik Məbəd” adı ilə tanınıb.

Süleyman Dəmirəl Universitetinin Təbiət və Ədəbiyyat Fakültəsinin Arxeologiya kafedrasının professoru, doktor Mehmet Özhanlının rəhbərliyi ilə aparılan son qazıntılar və tapıntıların ətraflı təhlili nəticəsində məbədin əsl mənsubiyyəti müəyyənləşdirilib. Tədqiqatçılar tikilinin Anadolunun qədim inanclarında mühüm yer tutan Hekate ilahəsinə həsr edilmiş məbəd olduğunu sənədləşdiriblər. Bu elmi nəticədən sonra əraziyə Hekate məbədi və ilahə haqqında məlumat verən xüsusi lövhə də quraşdırılıb.

Artıq 18 ildir bölgədə aparılan qazıntılara rəhbərlik edən professor Mehmet Özhanlı mövzu ilə bağlı bildirib:

“Bu il əldə etdiyimiz ən mühüm arxeoloji kəşf məhz bu böyük qayanın qarşısında yerləşən kiçik məbədlə bağlıdır. Bura hələ 1912–1913-cü illərdə qazılmış, lakin ehtimala əsasən “Demeter məbədi” kimi qiymətləndirilmişdi. Halbuki apardığımız çoxşaxəli tədqiqatlar göstərdi ki, bu tikili Anadolunun qədim yerli ilahəsi Hekateyə məxsus ibadətgahdır. Həm əvvəlki qazıntılar, həm də bizim araşdırmalarımız zamanı Hekateyə aid çoxsaylı heykəlciklər və relyeflər aşkar olunub. Bundan başqa, məbədin Ay tanrısı Men kultu ilə sıx əlaqəsi də onun Hekate məbədi olduğunu təsdiqləyən əsas dəlillərdəndir.”

Professor Özhanlı bildirib ki, indiyədək Anadoluda elmi cəhətdən dəqiq sənədləşdirilmiş yeganə Hekate məbədi Muğla vilayətindəki Laqina antik müqəddəs ərazisində yerləşirdi. Yalvaçda müəyyən edilən bu ikinci məbəd isə həm elmi araşdırmalar, həm də bölgənin turizm potensialı baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu kəşf gələcəkdə Pisidiya Antiokheyası antik şəhərinə və ümumilikdə Yalvaç bölgəsinə gələn yerli və xarici turistlərin sayının artmasına mühüm töhfə verəcək.

Qazıntı qrupunun verdiyi məlumata görə, müqəddəs ərazidə aşkar edilmiş və məbədin ilkin quruluşuna aid olan daşlar mühafizə altına alınıb. Növbəti mərhələdə həmin daşlardan və digər memarlıq elementlərindən istifadə edilməklə Hekate məbədinin qismən bərpası və ilkin görünüşünün bərpa olunması planlaşdırılır.

Paradiqma

Paradiqma