24 illik həsrətin sonu: Ay-ulduzluların qürur dolu dönüş hekayəsi

24 illik həsrətin sonu: Ay-ulduzluların qürur dolu dönüş hekayəsi

Paradiqma Onur Yeşilyurtun “Türkiyənin Dünya Kuboku Sərgüzəştləri” yazısını təqdim edir.

Futbol bir millətin xəyallarını, mübarizə ruhunu və həmrəyliyini ən güclü şəkildə əks etdirən idman növlərindən biridir. Nadir iştiraklar, unudulmaz zəfərlər və uzun intizarla dolu bu macəra məhz Türkiyə Milli Komandasının həmin ruhunun bir xülasəsi kimidir. “Ay-ulduzlular” tarix boyu cəmi iki dəfə finallara vəsiqə qazanmağı bacarsalar da, xüsusilə 2002-ci ildəki əfsanəvi çıxışları ilə dünya futboluna öz damğalarını vurdular. 2026-cı ildə isə iyirmi dörd illik həsrət sona çatdı və Türkiyə bir daha dünyanın ən böyük səhnəsinə çıxır. Bu yazı həmin çətin səyahətdən, uğurların arxasındakı fədakarlıqdan və oyunçuların apardığı mübarizədən bəhs edir.

Türkiyənin Dünya Kuboku tarixi 1950-ci illərə qədər uzanır. 1950-ci ildə seçmə mərhələni keçməsinə baxmayaraq, maddi imkansızlıqlar səbəbindən turnirə getmək mümkün olmadı. İlk gerçək iştirak 1954-cü ildə İsveçrədə keçirilən Dünya Kubokunda baş tutdu. İspaniya ilə oynanılan pley-off matçında şanslı püşk sayəsində bilet əldə edildi. Qrup mərhələsində Almaniyaya qarşı gərgin mübarizələr aparılsa da, komanda turniri elə qrupdaca başa vurdu. O dövrkü heyətdə Lefter Küçükandonyadis kimi əfsanələr yer alırdı; məhdud imkanlara rəğmən nümayiş etdirilən əzmkarlıq türk futbolunun təməl daşlarından biri idi.

Aradan qırx səkkiz il keçdi. 2002-ci il Dünya Kubokunda Şenol Günəşin rəhbərliyi altındakı Türkiyə sanki bir pəri nağılına imza atdı. Seçmə mərhələdə böyük mübarizə apararaq pley-offda Avstriyanı məğlub etdi və finallara vəsiqə qazandı. Cənubi Koreya və Yaponiyanın ortaq şəkildə təşkil etdiyi turnirdə Braziliya, Kosta Rika və Çinin yer aldığı qrupdan çıxmağı bacardılar. Sonrakı mərhələlərdə Yaponiyanı, 1/4 finalda isə Seneqalı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəldilər. Yarımfinalda Braziliyaya 1-0 hesabı ilə uduzan millilər üçüncülük matçında ev sahibi Cənubi Koreyanı 3-2 hesabı ilə məğlub edərək dünya üçüncüsü oldular. Hakan Şükürün 11-ci saniyədə vurduğu qol hələ də Dünya Kuboku tarixinin ən sürətli qolu kimi qeydiyyatdadır.

Bu uğur yalnız hesablardan ibarət deyildi, eyni zamanda meydanda böyük bir mübarizə ruhu var idi. Rüştü Rəcbər qapısında nəhəngləşərkən, müdafiə xəttində Bülent Korkmaz, Alpay Özalan, Fatih Akyel kimi adlar rəqib hücumçularına nəfəs almağa imkan vermirdi. Orta sahədə Tuqay Kərimoğlu, Emrə Belözoğlu, Yıldıray Baştürk və Həsən Şaşın yaradıcılığı hücumda Hakan Şükür, İlhan Mansız və Ümit Davalanın bitiriciliyi ilə birləşəndə ortaya möhtəşəm bir harmoniya çıxırdı. İlhan Mansızın əlavə vaxtda vurduğu “qızıl qol”lar, Ümit Davalanın məhsuldar ötürmələri, Həsən Şaşın cərimə zərbələri kimi detalların hər biri türk futbolunun ən parlaq anları idi. Bu heyət Avropanın aparıcı liqalarında çıxış edən oyunçularla zəngin olsa da, turnir boyunca uzun səyahətlər, fərqli iqlim şərtləri, gərgin oyun tempi kimi böyük fiziki və mental çətinliklərlə üzləşmişdi. Yenə də “Bizim uşaqlar” ləqəbi ilə anılan kollektiv hər matçda ürəyini ortaya qoydu və Türkiyəyə təsvirəgəlməz bir qürur yaşatdı.

2002-ci ildən sonra isə uzun bir quraqlıq dövrü başladı. 2006, 2010, 2014, 2018 və 2022-ci illərin seçmə mərhələlərində pley-offlara qədər yüksələn Türkiyə həmişə hədəfdən bir addım uzaq düşdü. Qrup mərhələlərində yaşanan eniş-yoxuşlar, zədələr, formadan düşmə halları və şanssızlıqlar səbəbindən milli komanda Avropa Çempionatında (2000-ci ildə 1/4 final, 2008-ci ildə yarımfinal) və digər turnirlərdə zaman-zaman parlasa da, Dünya Kubokuna vəsiqə qazanmaq həmişə çətin oldu. Bu dövrdə gənc istedadların yetişməsi, aşağı yaş qruplarına edilən yatırımlar və baş məşqçi dəyişiklikləri kimi amillər həm ümid verdi, həm də məyusluqlar yaratdı.

Və nəhayət, 2026-cı il Dünya Kuboku həyəcanı yenidən canlandı; Vinçenzo Montellanın rəhbərliyi altındakı komanda seçmə qrupda İspaniyanın ardınca ikinci yeri tutaraq pley-offa vəsiqə qazandı. Yarımfinalda Rumıniyanı, finalda isə Kosovanı 1-0 hesabı ilə məğlub edərək iyirmi dörd il sonra finallara geri döndü. Kərəm Aktürkoğlunun qolu ilə gələn həmin zəfər milyonların göz yaşlarına və sevinc fəryadlarına səhnə oldu. Bu iştirak haqqı sadəcə bir bilet deyil; illərin gərgin əməyinin, çətinliklərin və yenidən doğuşun bəhrəsi idi.

Türkiyənin Dünya Kuboku keçmişi futbolda davamlı uğurların nadir, ancaq mümkün olduğunu göstərir. 1954-cü ildəki ilk addımlar, 2002-ci ildəki möcüzəvi üçüncülük və 2026-cı ildəki qayıdışın hər biri oyunçuların meydanda apardığı amansız mübarizə, texniki heyətin strategiyaları və azarkeşlərin dəstəyi ilə formalaşdı. İqtisadi sıxıntılar, rəqabətin şiddəti, gözlənilməz məğlubiyyətlər kimi çətinliklər heç vaxt bitmədi. Lakin əsl önəmli olan həmin mübarizə ruhu idi.

2026-cı ildə Kanada, Meksika və ABŞ-ın ev sahibliyi ilə təşkil olunacaq turnir futbol tarixində yeni bir səhifə açacaq. Yeni nəsil oyunçular 2002-ci ilin mirasını çiyinlərində daşıyaraq daha böyük xəyalların arxasınca qaçacaqlar. Türk futbolu üçün bu sadəcə bir turnir deyil, nəsillərə ilham verəcək bir hekayənin davamıdır. “Ay-ulduzlu” formanı geyinən hər bir futbolçu, həmin çətin yolda tər tökən hər kəs bu uğurların memarıdır. İndi gözlər yeni zəfərlər, yeni qəhrəmanlar və bəlkə də daha böyük bir qürur üçün 2026-cı ilə dikilib.

Onur Yeşilyurt

Onur Yeşilyurt