30 aprel: Elm ocağından tarixin yaddaşına köçən qara sükut

30 aprel: Elm ocağından tarixin yaddaşına köçən qara sükut

Paradiqma.az İbrahim Azizin “ADNA Terror” hadisəsi haqqındakı yazısını təqdim edir.

Xatırlayıram, o günlərdə hələ məktəbdə oxuyurdum və bu, ingilis dili dərsi idi. Bakının mərkəzində, Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda dəhşətli saniyələr yaşanırdı. 2009-cu ilin 30 aprel səhəri bütöv bir cəmiyyətin təqvimində qara hərflərlə yazıldı. Ön sırada oturduğum üçün müəllimimin üzündə gördüyüm o ziddiyyətli ifadə – həm sarsıdıcı qorxu, həm də övladının sağ qalmasına görə hiss etdiyi o təbii, bioloji təsəlli – əslində o gün saatlarla gözünü ekrandan ayıra bilməyən bütün xalqın keçirdiyi travmanın kiçik bir təzahürü idi.

O vaxtlar bir məktəb uşağı kimi o gün baş verənlərin faciəsini tam dərk edə bilməməyim bəlkə də izaholunandır. Çünki o vaxta qədər paytaxtın mərkəzində, bir elm ocağının dəhlizlərində ardıcıl silah səslərinin eşidilməsi, qanın kitablara və auditoriya qapılarına sıçraması Azərbaycan cəmiyyəti üçün ağlasığmaz bir ssenari idi. Silahlı şəxsin birinci mərtəbədən altıncı mərtəbəyə qədər qarşısına çıxan tələbələri, müəllimləri və texniki işçiləri hədəf alması nəticəsində 12 nəfər həyatını itirdi, 13 nəfər isə yaralandı.

Sinfimizdə, müəllimin övladının da o universitetdə təhsil aldığını söylədiyi an səs-küyün yerini alan o dərin sükut, saatlar keçdikcə bütün ölkəyə yayıldı. Müəllimimin övladı o gün, bəlkə də gəncliyin verdiyi qayğısızlıqla yatıb qalmış və universitetə getməyərək bununla da həyatını xilas etmişdi. Lakin Neft Akademiyasının dəhlizlərində olan o insanların bəxti belə gətirməmişdi. Onlar sadəcə təhsil almaq, arzusunda olduqları gələcəyi qurmaq üçün o binaya daxil olmuşdular, amma oradan yalnız xatirələri qayıtdı. Bu gün – üstündən 17 il keçməsinə baxmayaraq, o vaxt bizim sinfə çökən sükut, itirdiyimiz o insanların xatirəsi önündə cəmiyyətimizin hələ də pozulmayan ehtiram sükutudur.

İnsanın öz ölümünə doğru könüllü addım atması üçün hansı güc onu idarə etməlidir? Bəzən qaranlığın ən qatı anında, məntiqin və yaşamaq instinktinin susduğu yerdə ən ali hiss — sevgi oyanır. Savalan beşinci mərtəbədə, bəlkə də gəncliyinin ən sadə, ən sıradan günlərindən birində imtahan verirdi. Lakin bacısının telefondan gələn o qırıq və dəhşət dolu fəryadı, onun qarşısında yeni bir ekzistensial seçim qoydu: ya qapını bağlayıb öz canını qurtarmaq, ya da sevdiklərinin yaşamağı üçün öz varlığından imtina etmək.

Savalan ikinci yolu seçdi. O, təhlükəyə doğru qaça-qaça sadəcə pilləkənlərlə aşağı enmirdi, o, əslində insanlığın və var olmağın ən yüksək zirvəsinə qalxırdı. Silahsız bir gəncin, əlində ölüm saçan bir qatilin üzərinə şığıması mütləq şərə qarşı ən üsyankar etiraz idi. Terrorçu bədənləri məhv edə bilərdi, amma Savalanın o an sərgilədiyi o iradə qatilin özünü belə lərzəyə salmışdı. Yıxılmış bir gəncin üzünə vurulan o son üç güllə, əslində qatilin cəsarət qarşısında hiss etdiyi daxili məğlubiyyətin, o vahimənin etirafı idi. Savalan o gün öldü, lakin öz ölümü ilə “İnsan nədir?” sualına ən sarsılmaz cavabı verdi. Mövcudluğumuz, bəzən başqası üçün ondan tərəddüdsüz vaz keçə bildiyimiz an öz mütləq mənasını tapır.

Faciənin qan donduran anları geridə qaldıqdan sonra, meydan hüququn o soyuq və obyektiv dilinə qalır. Baş vermiş bu dəhşətlə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq qrupunun yaradılması, əslində pozulmuş ekzistensial tarazlığı hüquqi müstəvidə bərpa etmək cəhdi idi. Fərda Qədirovla əlaqəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması qəlblərə bir qədər təsəlli versə də, asayişin bu bərpası qurbana çevrilmiş həyatları geri qaytara bilməzdi. Lakin əsil mənəvi sarsıntı bu kütləvi qətlin sifarişçisinin kimliyi — erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşəndə baş verir.

Şər heç vaxt sadəcə təsadüfi bir partlayış olmur; onun həmişə dərinlərdə gizlənən səssiz bir memarı olur. 1951-ci il martın 6-da Gürcüstanın Şulaver kəndində anadan olmuş bir insanın, bəlkə də minlərlə kilometr uzaqda öz masası arxasında əyləşərək, heç vaxt üzünü görmədiyi, səsini eşitmədiyi onlarla gəncin ölüm hökmünə imza atması insan təbiətinin necə qorxunc bir zülmətə çevrilə biləcəyinin sübutudur. İndi Mardun Qumaşyan barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın elan olunması beynəlxalq ədalətin ona çatmaq istəyidir. Fərda Qədirovun ölümü səbəbindən işin ona aid hissəsinə xitam verilməsi isə sadəcə quru bir hüquqi sondur. Lakin o cild-cild cinayət işləri, qanun maddələri və beynəlxalq axtarış vərəqələri belə, bir insanın şüurunun başqalarının qanından necə qidalana bildiyini, otaqlara hopan o faciəvi sükutun fəlsəfəsini heç vaxt tam olaraq izah etməyə yetməyəcək.

İbrahim Aziz

İbrahim Aziz