26 aprel bazar günü axşam saat (Bakı vaxtı ilə) 21:00-da “Rams Park”da oynanılacaq Qalatasaray – Fənərbaxça derbisi liqanın çempionluq düyününü açacaq, yoxsa yeni bəhanələrin qapısını aralayacaq? Meydanda sadəcə iki əzəli rəqib üz-üzə gəlməyəcək. Qalatasaray 4 xal fərqi ilə öndədir (71 xal), Fənərbaxça isə 67 xalla onu izləyir. Aralarındakı 4 xallıq fərq bu derbini adi bir matç olmaqdan çıxarır və amansız bir ölüm-dirim savaşına çevirir.
Lider Qalatasaray hazırda xal üstünlüyünün verdiyi rahatlıqla meydanda lovğalanmaqdan qətiyyən çəkinmir. Sarı-qırmızılı azarkeşlər komandalarının “qalib” xarakterinə və ulduzlarının fərdi bacarıqlarına həddindən artıq güvənirlər. Ancaq Qalatasarayın həqiqətən də qüdrətli, yoxsa sadəcə hakimlərin güzəştləri və rəqiblərin səhvləri sayəsində zirvədə qaldığı böyük müzakirə mövzusudur. Digər tərəfdə isə mövsümün sonu yaxınlaşdıqca ənənəvi olaraq psixoloji sarsıntı yaşayan Fənərbaxça dayanır. Sarı-lacivərdlilər güclü hücum xəttinə və geniş heyətə sahib olsalar da, böyük matçlardakı qorxaq oyunları onların ən böyük bəlasıdır. Zədə polemikası isə məsələni daha da qəlizləşdirir.
Qalatasarayın derbilərdə son dövrlərdə üstünlüyü var, amma Fənərbaxça “Rams Parkda tarixi olaraq yaxşı nəticələr alırıq” deyə ümidlənir. Okan Burukun komandası evində dominantdır, Domeniko Tedeskonun Fənərbaxçası isə “bu dəfə fərqli olacaq” deyir. Əgər sabahkı matçda da xal itirilsə, Fənərbaxça yenə öz uğursuzluğunu böyük ehtimal kənar qüvvələrdə və ya hansısa “gizli sistem”də axtarmağa başlayacaq. Dörd xal geridə olan bir komandanın derbidə geri çəkilməsi, böyük ehtimalla “məğlubiyyət psixologiyasının” və natamamlıq kompleksinin növbəti təzahürü olacaq.
Qalatasaray son illərdə qurduğu hegemonluğu qoruyub saxlamaq və şanlı qələbə ənənəsini daha da möhkəmləndirmək niyyətindədir. Digər tərəfdəki Fənərbaxça isə üzərindəki qara buludları dağıtmaq, illərdir azarkeşlərinin sadiq qaldığı çempionluq həsrətinə və kabusa çevrilən uğursuzluqlar seriyasına birdəfəlik son qoymaq arzusundadır.
Mövcud xal fərqinin yaratdığı psixoloji üstünlüyə görə Qalatasaray üçün bərabərlik belə məqbul bir nəticə kimi dəyərləndirilə bilər. Ancaq sarı-lacivərdlilər üçün vəziyyət tamamilə fərqlidir, çünki bu ölüm-dirim savaşında Fənərbaxçanın meydandan mütləq qələbə ilə ayrılmaqdan başqa heç bir çarəsi qalmayıb. Məhz fərqli hədəflərin yaratdığı bu kəskin təzad səbəbindən, yaşıl meydanda hər iki komanda üçün sadəcə taktiki deyil, həm də psixoloji cəhətdən olduqca çətin və amansız bir mübarizə bizi gözləyir.
